Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın I Avrasiya konfransı keçirilir

AZƏRTAC-ın da media sponsoru olduğu və 24 ölkədən ümumilikdə 56 spikerin qatıldığı konfrans avqustun 31-dək davam edəcək

Avqustun 29-da Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Gürkan Kumbaroğlu I Avrasiya konfransının keçirilməsində məqsədin dünyanın enerji nəhənglərini Bakıda bir araya gətirmək və IAEE-də Xəzər dənizi regionuna istiqamətlənən fəaliyyətləri inkişaf etdirmək olduğunu deyib. Bildirib ki, konfransda əsas diqqət Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlərə yönəldiləcək və bu mövzu ətrafında müzakirələr aparılacaq.

“Son 10 ildə yüksək enerji qiymətləri nəticəsində Xəzər regionunun neft-qaz hasil edən ölkələri sürətli iqtisadi inkişaf təcrübəsinə malik olsalar da, hazırkı aşağı neft qiymətləri onlara təsirsiz ötüşməyib”, - deyə G.Kumbaroğlu qeyd edib.

Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov isə ölkəmizin neft hasilatı tarixindən danışıb. Bildirib ki, Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə məhz Azərbaycanda hasil edilib. XX əsrdə isə dünyada ilk dəfə olaraq dəniz yataqlarından neft yenə də Xəzər dənizində, Azərbaycanda hasil olunub. Azərbaycan neft sənayesi özünün 170 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonlarında müstəqilliyini bərpa edəndən sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanıb.

Nazir müavini dünyanın bir çox ölkələrinin iri neft şirkəti ilə imzalanan “Əsrin müqaviləsi”nin, nəhəng “Çıraq-1” platformasının, sualtı neft və qaz kəmərlərinin, Səngəçal terminalının, Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi ixrac neft-qaz kəmərlərinin inşasının, “Dədə Qorqud”, “İstiqlal” və “Qurtuluş” qazma qurğularının tikilib istifadəyə verilməsinin, “İsrafil Hüseynov” və “Süleyman Vəzirov” borudüzən gəmilərinin yenidən qurulmasının Azərbaycanın enerji sektorunun inkişafındakı əhəmiyyətini qeyd edib.

“Azərbaycanın sübut olunan təbii qaz ehtiyatı 2,6 milyard kubmetr, neft ehtiyatı isə 2 milyard ton təşkil edir ki, bu da ölkəmizi dünyanın ən iri neft regionları sırasına çıxarır. Hazırda Azərbaycanda gündəlik 82-88 milyon kubmetr qaz və 115-120 min ton neft hasil olunur. Bu da dənizdə və quruda istismar edilən yataqlardan, eləcə də xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Ümid” və digər yataqlardan alınır”, - deyə N.Abbasov bildirib.

N.Abbasov deyib ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasının yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan bütün ölkələrlə güclü tərəfdaşlıq münasibətlərinə sadiqliyini qoruyub saxlayır və “Cənub Qaz Dəhlizi” kimi nəhəng transmilli layihələrin icrasını davam etdirir. Avropa ilə Asiyanın kəsişməsində xüsusi coğrafi mövqe üstünlüklərinə malik Azərbaycan enerji resurslarının nəqli üçün tranzit imkanlarında müstəsna əhəmiyyətə malikdir. Uzunluğu 3 min 500 kilometr olan “Cənub” qaz dəhlizi təkcə maliyyə deyil, həm də texniki cəhətdən çox mürəkkəb layihə olmaqla ilkin gücünün artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz boru kəmərlərinin (TAP) həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir. “Cənub” qaz dəhlizi Avropada ən iri infrastruktur və enerji layihələrindən biridir və bu layihə enerji təhlükəsizliyi layihəsi olmaqla, uzun illər ərzində hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. Enerji təhlükəsizliyi indi ölkələrin milli təhlükəsizliyinin ən mühüm elementlərindən biridir. “Cənub” qaz dəhlizi nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsi baxımından olduqca mühüm layihədir. Xəzər regionundan Avropaya qaz təchizatı marşrutlarının şaxələndirilməsinin enerji təhlükəsizliyini şərtləndirən faktorlardan biri olan “Cənub” qaz dəhlizi də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yeni səhifəsini açıb.

“Azərbaycanın müəllifi olduğu, neft-qaz sənayesinin hüdudlarından çox-çox kənara çıxan bu layihə ölkələrimizin və regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyacaq və bu layihələrin reallaşması Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolunu daha da artıracaq. “Azəri-Çıraq-Günəşli” blokunda yerləşən dərin qaz laylarının mənimsənilməsi, “Abşeron”, “Ümid”, “Şəfəq-Asiman” və digər perspektiv strukturlarda hasilatın artırılması məqsədilə Azərbaycan iqtisadiyyatına investisiyaların axınının qarşıdakı illərdə də davam etməsi gözlənilir”, - deyə nazir müavini qeyd edib.

Plenar sessiyada çıxış edən Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektoru barədə məlumat verən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində əldə olunan nailiyyətlər və kəşf olunan yeni yataqlar barədə danışıb. O həmçinin, “Şahdəniz” yatağı və onun perspektivləri, yeni kəşf olunan qaz-kondensat yataqları – “Ümid” və “Abşeron”, həmçinin Azərbaycanda hasil olunacaq qazı Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi”, onun tərkib hissələri Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri barədə məlumat verib.

Akademik bildirib ki, “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz boru kəməri (CQBK) ilə indiyədək Gürcüstana 5,5 milyard kubmetr, həmçinin də Türkiyəyə 41 milyard kubmetr təbii qaz verilib. Hazırda bu boru kəməri ilə hər gün orta hesabla Gürcüstana 1,6 milyon kubmetr, Türkiyəyə isə 16,8 milyon kubmetr təbii qaz nəql edilir. 

“2016-2025-ci illərdə “Bulla-dəniz” yatağının işlənmə layihəsinə əsasən burada 5 yeni özülün quraşdırılması planlaşdırılır. Həmin dövrdə yataqda ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur”, - deyə SOCAR-ın birinci vitse-prezidenti əlavə edib.

X.Yusifzadə qeyd edib ki, “Abşeron” yatağından ilkin hasilat quyusu ən tez gələn ilin üçüncü rübündə qazılacaq. Yataqdan ilkin qaz hasilatı isə 2019-cü ilin üçüncü və dördüncü rübündə nəzərdə tutulur. Hazırda hasilatın pay bölgüsü sazişi üzrə podratçı tərəfindən “Abşeron” yatağında İşlənmə Proqramı hazırlanır. İllik hasilat planı çərçivəsində hasil ediləcək ilkin qaz üçün belə bir ilkin fəaliyyət planı nəzərdə tutulub. Bu ilin sentyabrınadək konsepsiyanın həyata keçirilməsi imkanlarına dair tədqiqatın sona çatdırılması baş tutacaq. Oktyabrın sonunda İşlənmə Proqramının tərəfdaşlar tərəfindən təsdiq edilməsi, noyabrın əvvəlində bu proqramın SOCAR-a təqdim olunması, gələn il yanvarın sonuna qədər İşlənmə Proqramının təsdiqi planlaşdırılır. 2017-ci ilin sonuncu rübündə isə ilkin hasilatla bağlı plan üzrə yekun investisiya qərarı qəbul ediləcək.

Qaz İxrac edən Ölkələrin Forumunun (GECF) baş katibi Seyid Məhəmməd Hüseyn Adeli GECF-ə üzv olan ölkələrin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib. Bildirib ki, Azərbaycan bu sahədə böyük potensiala malikdir və qlobal qaz bazarında mühüm rol oynayacaq.

GECF-in baş katibi dünyadakı iqtisadi böhran fonunda ucuzlaşan enerji qiymətlərinin neft-qaz hasil edən ölkələrin iqtisadiyyatına təsirlərindən danışıb, enerji nəhənglərinin bu vəziyyətdən çıxış yolu üçün atdığı addımlardan söhbət açıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça (ECO) Azərbaycanın ECO-nun fəal üzvlərindən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan özünün neft-qaz resursları ilə nəinki regionun, o cümlədən də Avropanın enerji infrastrukturuna töhfələr verməkdədir.

Konfrans işini müxtəlif sessiyalarla davam etdirib. Sessiyalarda son zamanlar neftin ucuzlaşması və ucuz neft fonunda Xəzər regionunun Avropa və dünya bazarlarında əsas enerji tədarükçüsü olaraq qalması, neft və təbii qazın qiymət dinamikası və gözləntilər, Xəzər regionunun zəngin neft və qaz ehtiyatlarının kəşfiyyatı, regionda ucuz enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələrinin inkişafı perspektivləri, regional enerji təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, neft iqtisadiyyatı, enerji geosiyasəti, enerji bazarları və onların tənzimlənməsi, qaz təchizatı və nəqliyyat problemləri, regional enerji bazarları, davamlı inkişaf üçün enerji siyasəti, enerji qənaətli tələbi iqtisadi artım, elektrik enerjisi sahəsində iş birliyi, enerji səmərəliliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlər də əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, konfransın Bakıda təşkil olunması ilə bağlı qərar 2015-ci il mayın 24-də IAEE-nin Antalyada keçirilən İdarə Heyətinin iclasında qəbul edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında