Kənd təsərrüfatında ənənəvi sahələrin inkişafına mühüm önəm verilir

Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar uğurla icra edilir. Hazırda pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının artırılması istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir, adları çəkilən sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarının zəruri texnika ilə təchizatının daim diqqət mərkəzində saxlanılması məhz bunun bariz ifadəsidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 22,5 milyon manat dəyərində 296 ədəd müxtəlif növ traktor, 121 ədəd taxılyığan kombayn, 106 ədəd kotan, 35 ədəd gübrəsəpən maşın, 31 ədəd ot dırmığı, 30 ədəd çiləyici və tozlayıcı, 19 ədəd bağarası frez, 15 ədəd kultivator, 13 ədəd səpici aqreqat, 13 ədəd ot və küləş presləyən, 12 ədəd mala, 8 ədəd otbiçən, 6 ədəd taxıl toxumu təmizləyən və 30 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və ya verilib.

Ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğı bununla bitmir. Bu il Azərbaycanın 19 rayonunda 40 min hektardan artıq sahədə yaradılan 30 iri fermer təsərrüfatının fermerlərinə 60,6 milyon manat güzəştli kredit verilib. Həmin təsərrüfatlarda müasir suvarma sistemləri qurulub. Bunun nəticəsində hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edib.

Hazırda Taxtakörpü və Şəmkirçay su anbarlarının və kanalların istifadəyə verilməsi nəticəsində yeni suvarılacaq, habelə su təminatı yaxşılaşdırılacaq rayonlarda, o cümlədən dövlət fondu torpaqlarında uyğun sahələrin seçilməsi, ölçülərinin müəyyənləşdirilməsi, əkin strukturunun öyrənilməsi, eyni zamanda, təsərrüfatla bağlı digər işlərin həyata keçirilməsi davam etdirilir ki, bu işlər də yaxın gələcəkdə kənd təsərrüfatı məhsulları bolluğunun yaradılmasına öz töhfəsini verəcək.

Prezident İlham Əliyevin son illərdə imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş qanunlar, qərar və qaydalar aqrar sektorda iqtisadi fəallığın yüksəlməsinə səbəb olub. Bunu belə bir fakt da təsdiqləyir: Cari ilin birinci yarısında kənd təsərrüfatında 3,1 faiz artım qeydə alınıb. İlin sonuna qədər və növbəti illərdə kənd təsərrüfatında çox böyük irəliləyişin  olacağı da istisna edilmir. Dünya Bankının 2016-2018-ci illər üçün proqnozlaşdırılan məlumatında da respublikamızda kənd təsərrüfatının inkişaf tempi qeyd olunub. Bildirilib ki, sözügedən sahə üzrə 2016-cı ildə 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Proqnoza görə, görülən işlərin, həyata keçirilən layihələrin uğurla icrası nəticəsində isə ilin sonuna aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artımın olacağı proqnozlaşdırılır. 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ölkəmizdə aqrar sektorun ən mühüm və ənənəvi sahələrindən   olan  baramaçılığın inkişafı məsələsinə toxunub: "Sovet dönəmində Azərbaycanda baramaçılıq çox geniş vüsət almışdı. Amma sonra biz gördük ki, bu sahə, demək olar, tamamilə dağılıb gedib. Əgər keçən il ancaq bir rayonda – Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Yəni 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Biz artıq bir kiloqram baramaya verilən məbləği də, demək olar ki, üç dəfə artırmışıq. Əgər əvvəllər bir kiloqrama 3 manat verilirdisə, indi 8 manat verilir".

Dövlət başçısı, eyni zamanda,  vurğulayıb ki, baramaçılığın inkişafı üçün ölkədə tut tinglərinin əkilməsi prosesi sürətlə aparılmalıdır. Hazırda Azərbaycanda 354 min tut ağacı mövcuddur. Ancaq payız mövsümündə 1 milyon 600 min tut tinginin əkilməsi planlaşdırılır. Bu, nəticə etibarilə barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq.

Ölkə Prezidenti Nazirlər Kabinetinin iclasında, eyni zamanda, diqqətə çatdırıb: "Mən kəndlərdə yaşayan vətəndaşlara da müraciət edirəm ki, siz də bu işlərə qoşulun. Bu, həm dövlət, həm də vətəndaşlar üçün çox yaxşı qazanc mənbəyi olacaq. Beləliklə, biz dünya bazarlarına öz ipəyimizlə daha geniş şəkildə çıxacağıq. Bu, həm Azərbaycanın tanıdılması, həm ipək kombinatının tam gücü ilə işləməsi, məşğulluğun artırılması üçün lazımdır. Eyni zamanda, insanlar pul qazanacaqlar, dövlət valyuta qazanacaqdır. Xarici valyuta Azərbaycana gələcəkdir".

Beləliklə, dövlət başçısının tapşırığına uyğun olaraq, respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində keçən il istehsal olunan 232 kiloqrama qarşı cari ildə 70,7 ton, yəni 300 dəfə artıq yaş barama məhsulu istehsal edilib.

Respublikamızda tütünçülüyün inkişafına da xüsusi diqqət göstərilir. Dövlət başçısının Nazirlər Kabinetinin son iclasında sözügedən sahə ilə bağlı fikirləri də bunun bariz ifadəsidir: "Uzun illər diqqətdən kənarda qalan tütünçülük çox gəlirli sahədir və hökumət bu sahənin inkişaf etdirilməsi üçün ciddi tədbirlər görür. Biz tütünçülüyü bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar. Dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda, tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir və göstərəcəkdir".

Ötən il 1400 hektarda, cari il isə 2500 hektarda tütün əkilməsi, mövsümün sonunda isə bol məhsul əldə ediləcəyinin proqnozlaşdırılması dövlətin bu sahəyə qayğısının sübutudur.

Kənd təsərrüfatında strateji sahələrdən biri olan pambıqçılıq da uzun müddət diqqətdən kənar qalmışdı. Nazirlər Kabinetinin sözügedən iclasında bu məsələyə münasibət bildirən dövlət başçısı qeyd edib ki, son illər ərzində pambıqçılıq tənəzzülə uğrayıb. Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Cəmi bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində dövlət 52 min hektarda pambıq əkinini təmin edib və bu il 100 min ton məhsul gözlənilir. Gələn il isə 120 min hektarda pambıq əkilməlidir.

Prezident İlham Əliyev vurğulayıb ki, bu sahənin daha da inkişaf etdirilməsi üçün yeni texnologiyalar, suvarma sistemləri tətbiq olunacaq və buna görə də hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu isə ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək.

Pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 50 min hektardan artıq sahədə əkin işləri həyata keçirilib, yetişdiriləcək pambığın vaxtında yığılması və tədarükü məqsədilə bütün zəruri tədbirlər görülüb. Bunun da hesabına cari ildə 100 min tondan artıq, ötən illə müqayisədə isə 3 dəfə çox məhsulun istehsalı gözlənilir ki, bu da ölkəyə valyuta daxilolmalarını, eləcə də kənd əhalisinin gəlir əldə etmək imkanlarını artırmaqla yanaşı, bölgələrdə məşğulluq probleminin həllinə mühüm töhfə verəcək. 

Dövlətin prioritet kimi qarşıya qoyduğu vəzifələrdən biri – iqtisadiyyatın şaxələndirilməsi aqrar sektorun, hətta onun ayrı-ayrı sahələrinin də həmin istiqamətdə inkişafını sürətləndirib. Bu baxımdan heyvandarlıq sahəsində əldə edilən nəticələr diqqət çəkir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il iyul ayının 1-i vəziyyətinə, ölkə üzrə 2 milyon 724 min 900 baş qaramal, o cümlədən 1 milyon 303 min 600 baş inək və camış, 8 milyon 823 min 200 baş davar, 5 milyon 526 baş donuz mövcud olub. Keçən ilin eyni dövrünə nisbətən mal-qaranın sayı 0,6, o cümlədən, inək və camışların,   qoyun və keçilərin sayı 0,2 faiz artıb.  

Bu ilin yeddi ayında ölkə üzrə diri çəkidə 263,6 min ton ət, 1 milyon 168,8 min ton süd, 947,8 milyon ədəd yumurta və 15,9 min ton yun istehsal olunub. Hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 2,1 faiz, yumurta istehsalı 5,5 faiz və yun istehsalı isə 1,6 faiz artıb.

Hazırda heyvandarlığın ­inkişafını daha da sürətləndirmək üçün qarşıda heyvanların cins tərkibini dəyişməklə onları stasionar bəsləmə şəraitinə keçirmək vəzifəsi dayanır. Bu da boşalan örüş və otlaq sahələrini əkin kateqoriyasına daxil etməyə imkan verəcək. Beləliklə, həm yem bazasının, həm də digər ənənəvi bitki növlərinin istehsalının artırılması üçün şərait yaradılacaq.

Aqrar sektorda ixracın stimullaşdırılması da diqqət mərkəzindədir. Kənd Təsərrüfatı Nazirliyi aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun verdiyi məlumata görə, bu il aqrar sektorda istehsalın artımı ilə yanaşı, dövlət tərəfindən ixracın stimullaşdırılması üçün müəyyənləşdirilən dəstək tədbirləri, habelə aidiyyəti dövlət orqanları tərəfindən məhsul ixracı ilə bağlı yaranan maneələrin aradan qaldırılması kənd təsərrüfatı məhsullarının həm ümumilikdə, həm də müxtəlif seqmentlər üzrə ixracını kəskin şəkildə artırıb. Belə ki, cari ilin 6 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artımla nail olunub.

İlk dəfə olaraq bu il ərzaqlıq lobya, düyü, ərzaqlıq və yemlik arpa, darı və çərəzlərin ixracına da başlanılıb. Eyni zamanda, ixracın coğrafiyası dəyişilərək ənənəvi Rusiya bazarı ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq və Türkmənistanı da əhatə edib.

Vaqif BAYRAMOV,
 "Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında