Regionların sosial-iqtisadi inkişafı əhalinin işgüzar fəallığını getdikcə artırır

Azərbaycanda əhalinin sosial şəraitini daha da yaxşılaşdırmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən regional dövlət proqramları ölkəmizin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırıb. Regional  proqramlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoyub, bölgələrin tərəqqisini dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırıb. Böyük uzaqgörənliklə müəyyənləşdirilən bu strategiyanın düzgünlüyü son illərdə öz bariz təsdiqini tapıb, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı  artıb. 

Regionların dinamik inkişafı Azərbaycanın nəinki bölgədə, hətta dünyada cəlbedici ölkəyə çevrilməsinə şərait yaradıb. Bu, Prezident İlham Əliyevin sözügedən məsələni daim diqqət mərkəzində saxlaması ilə birbaşa bağlıdır. Bunu belə bir faktdan da görə bilərik: Dövlət başçısı son 8 ayda Tovuz, Gəncə, Ağsu, Ağdam, Bərdə, Tərtər, Qəbələ və İsmayıllı rayonlarına səfər edərək yeni obyektlərin açılışında, təməlqoyma mərasimlərində iştirak edib, sakinlərlə görüşüb, müvafiq strukturlara öz tapşırıqlarını verib. Regionlarda hərtərəfli iqtisadi və sosial inkişafa təkan verən bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının şaxələnməsini göstərməklə yanaşı, həm də vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir.

 Bu gün yeni iş yerlərinin ölkənin bütün rayonlarında açılması qarşıya məqsəd kimi qoyulub və yeri gəlmişkən, bu məsələ də müsbət həll olunur. Belə ki,  cari ilin birinci yarısında açılmış iş yerlərinin 26,3 faizi paytaxtdadırsa, qalanı ölkənin rayonlarındadır. Naxçıvan Muxtar Respublikasının payına yeni iş yerlərinin 1,9 faizi düşüb. Yeni iş yerlərinin 71,8 faizi digər regionlarda açılıb. O cümlədən, onların 25,9 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,2 faizi Abşeron, 6,9 faizi Lənkəran, 5,7 faizi Şəki-Zaqatala, 4,4 faizi Quba-Xaçmaz, 3,7 faizi Dağlıq Şirvan, 3,1 faizi Yuxarı Qarabağ, 0,6 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarındadır. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 iyul 2016-cı ilədək olan dövr ərzində ölkədə 336 min 300, o cümlədən, 269 min 400 daimi iş yeri yaradılıb. Bu dövrdə açılan iş yerlərinin 63,7 faizi qeyri-dövlət sektorundadır.

Həyata keçirilən aqrar siyasət və ərzaq təhlükəsizliyi proqramı nəticəsində regionların inkişafı daha da sürətlənib. Dövlətin 240 milyon manat maddi dəstəyi, başqa sözlə, güzəştli kredit sayəsində 19 rayonda 40 quşçuluq təsərrüfatı, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük kompleksləri, 6 rayonda ət kəsimi və emalı müəssisələri yaradılıb. Bunun nəticəsidir ki, son 3 il ərzində ət və ət məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kredit verilib. Bu isə həmin növ məhsullarla ölkənin daxili tələbatının ödənilməsi ilə bərabər, idxal imkanlarının  artması deməkdir.

Xatırladaq ki, 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı qəbul edilib. Həmin proqramların icrası məqsədi ilə ölkədə irimiqyaslı sosial layihələr yerinə yetirilib. Respublika ərazisinin 90 faizi qazlaşdırılıb, 10 min kilometrdən çox yol çəkilib. Bir çox yerlərdə içməli su layihələri icra edilib. Son 13 ildə 25 elektrik stansiyası, 3 min məktəb, 600-ə yaxın xəstəxana tikilib və ya əsaslı təmir edilib. Həmin müddətdə məcburi köçkünlər üçün 89 qəsəbə salınıb, 225 min vətəndaş yeni mənzillərə köçürülüb. Sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manatdan çox kredit verilib. Ölkəyə 200 milyard dollar sərmayə qoyulub ki, bunun da 100 milyard dolları xarici sərmayədir.

Son illərdə regionlarda inşa edilən və ya əsaslı təmir olunan yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirib, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaradıb.  

Regionların inkişafına verilən əhəmiyyətli töhfələrdən biri də  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlamasıdır. Bu qurumların təşkili vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini daha da artırıb. 

Azərbaycan Prezidenti İlham Əliyev regionların inkişafı ilə bağlı deyib: “Regionlarda demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılıb,   çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək”.

Dövlət başçısının bu tövsiyəsinə əməl olunması sayəsində artıq bölgələrdə maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri  və digər sənaye  obyektləri istismara verilib, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam etdirilir. Yerlərdə texnologiya parklarının yaradılması xarici və yerli investorların cəlb olunmasına, müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına, beləliklə də yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir. 

Son illər respublikamızda turizmə diqqətin artırılması da regionların inkişafına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində turizm sahəsi dinamik inkişaf yolu keçib. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanda turizm-kurort sahələrinin sürətli inkişafına zəmin yaradıb. Vətənimizin hər guşəsində yol infrastrukturunun yenidən qurulması, turizm-istirahət mərkəzlərinin yaradılması, dünya standartlarına cavab verən ən müasir mehmanxana və otellərin inşa olunması, yay turizmi ilə yanaşı, qış turizminin də sürətlə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm mərkəzlərindən birinə çevrilməsinə güclü təsir göstərib. 

Hazırda ölkəmizin təbii sərvətləri, rəngarəng iqlimi, zəngin tarixi-mədəni irsi, bölgələrin inkişafı, infrastrukturun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər hesabına Azərbaycan nəinki regionda, hətta MDB-də turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biri kimi tanınır. Məhz bunun nəticəsidir ki, BMT-nin Dünya Turizm Təşkilatının XX Baş Assambleyasında Azərbaycan qurumun icraiyyə şurasına üzv qəbul olunub. Şübhəsiz, bu uğur Azərbaycanın turizm ölkəsi kimi dünyada nüfuzunun təsdiqi, respublikamızın  bu sahədə beynəlxalq əlaqələrinin, Dünya Turizm Təşkilatı, habelə bir çox tərəfdaş dövlətlərlə ardıcıl, səmərəli işgüzar əməkdaşlığının yüksək göstəricisidir.

Regionların inkişafı istiqamətində beynəlxalq maliyyə qurumlarının fəaliyyəti də diqqət çəkir. Bir müddət bundan əvvəl Avropa İttifaqı Kənd Təsərrüfatının İnkişafına Dəstək Proqramı çərçivəsində kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb. Layihə qida məhsullarının təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin olunması vasitəsilə regionlarda kənd təsərrüfatının inkişafı üçün islahatların həyata keçirilməsini nəzərdə tutur.

Xatırladaq ki, Kənd Təsərrüfatının İnkişafına Dəstək Proqramının ümumi büdcəsi 19 milyon avrodur. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib ki, Azərbaycan əhalisinin 46 faizi, demək olar ki, kənd yerlərində və kiçik şəhərlərdə yaşayır. Bu və ya digər layihələrlə Avropa İttifaqı kənddə həyat səviyyəsinin yüksəldilməsini dəstəkləyir.

 Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında