Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəni açaraq bildirmişdir ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin böyük qayğı və diqqəti sayəsində muxtar respublikaya təbii qazın verilməsi bu sahədəki problemləri həll etmiş, enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Vaxtilə elektrik enerjisi idxal edən Naxçıvan Muxtar Respublikası bu gün elektrik enerjisi ixracatçısına çevrilmişdir. Muxtar respublikanın kəndlərində quruculuq işləri aparılarkən elektrik və qaz xətləri də yenilənir, sabit enerji təchizatının həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. İstehlakçıların sayının ilbəil artması isə elektrik enerjisi və təbii qaza olan tələbatı artırır. Bu mənada hər il payız-qış mövsümünə əvvəlcədən hazırlıq işlərinin görülməsi mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikasının baş naziri Əlövsət Baxşıyev, Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, "Naxçıvanqaz" İstehsalat Birliyinin direktoru Ramin İsmayılov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şamı Abdullayev, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov, Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayev və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: "Muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində bütün yaşayış məntəqələri ilboyu fasiləsiz elektrik enerjisi və təbii qazla təchiz olunur. Lakin bunlar arxayınlaşmaq üçün əsas vermir. Ona görə də muxtar respublikada payız-qış mövsümünə hazırlıq işləri hər il diqqət mərkəzində saxlanılır. Energetika sahəsinə diqqət hər il artırılır. Bunun bir səbəbi də muxtar respublikada məskunlaşma səviyyəsinin ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsidir. Bu da elektrik enerjisinə olan tələbatı artırır. Bu tələbatı ödəmək üçün yeni elektrik stansiyalarının yaradılması, ənənəvi enerji mənbələri ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzində saxlanılır, energetika infrastrukturu yenilənir. "
Qeyd olunmuşdur ki, ötən dövr ərzində qaz infrastrukturunun yenilənməsi istiqamətində də bir sıra tədbirlər görülmüş, istehlakçıların təbii qazla təminatının daha da yaxşılaşdırılmasına nail olunmuşdur. Muxtar respublikada yay mövsümündə elektrik enerjisinə olan gündəlik tələbat 80-85 meqavat, təbii qaza olan tələbat 700 min kubmetrdir. Qış mövsümündə təbii qaz tələbat 1 milyon 700 min kubmetr təşkil edir. Əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə indidən başlanmalı, lazımi mal-material ehtiyatı yaradılmalıdır.
Ali Məclisin sədri müşavirədə aidiyyəti təşkilatlara tapşırıqlar verərək demişdir: "Dövlət Energetika Agentliyi enerji təchizatı sisteminin dayanıqlığını, ötürücü və paylayıcı şəbəkələrdə avadanlıqların normal işləməsini təmin etməli, elektrik enerjisinin ötürülməsində yaranan texniki itkinin minimum həddə saxlanılması üçün müvafiq tədbirlər görməli, enerji israfçılığına yol verilməsinin, elektrik enerjisindən qanunsuz istifadənin qarşısının alınması üçün aidiyyəti orqanlarla birlikdə həyata keçirilən nəzarət tədbirlərini davam etdirməlidir. Qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi oktyabrın 20-dək başa çatdırılmalıdır. İstismara yararsız olan, standartlara uyğun gəlməyən, bir çox hallarda qəza yaradan elektrik avadanlıqlarının və xətlərinin müəyyən edilərək yenilənməsinə diqqət artırılmalıdır. Energetika Agentliyi Naxçıvan şəhərində elektrik enerjisinin yeratlı kabellərlə verilməsini və SMART-kart tipli sayğacların quraşdırılmasını davam etdirməli, tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsini və zəruri ehtiyatın yaradılmasını diqqət mərkəzində saxlamalıdır. İşçilərin qış mövsümünə uyğun xüsusi geyimlə təminatı üçün tədbirlər görülməli, qəza-bərpa briqadalarının komplektləşdirilməsini və onların təlimatlandırılmasını oktyabr ayının sonuna kimi başa çatdırmalıdır.
"Naxçıvanqaz" İstehsalat Birliyi oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxış tədbirlərini başa çatdırmalı, mövcud nasazlıqları vaxtında aşkar edərək aradan qaldırılması üçün tədbirlər görməlidir. Təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun texnoloji rejimdə həyata keçirilməsi təmin olunmalı, yerlərdə istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsinə nəzarəti artırmalıdır. Naxçıvan şəhərində mövcud sayğacların SMART-kart tipli sayğaclarla əvəzlənməsi davam etdirilməli, qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunması davam etdirilməli, işçilərin qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin olunması üçün tədbirlər görülməlidir."
Müşavirədə şəhər və rayon icra hakimiyyətlərinə tapşırılmışdır ki, cari il noyabr ayının 1-dək qazanxanalarda elektrik enerjisi, təbii qaz və su təchizatı sahəsində mövcud problemləri araşdırıb, nöqsanları aradan qaldırsınlar. İctimai yaşayış binalarının giriş qapı və pəncərələrinin, zirzəmilərindən keçən istilik, su və kanalizasiya xətlərinin istismara yararlılığını araşdırsınlar, onlardan təmirə və ya yenilənməyə ehtiyacı olanlarının qısa müddətdə dəyişdirilməsi üçün müvafiq tədbirlər görsünlər. Qış mövsümündə yolların vaxtında təmizlənməsi üçün kommunal xidmət texnikalarının saz vəziyyətdə olmasını diqqət mərkəzində saxlasınlar.
Ali Məclisin sədri demişdir: "Muxtar respublikanın təhsil, səhiyyə və mədəniyyət obyektlərinin əksəriyyəti, idman müəssisələrinin isə hamısı istilik sistemi ilə təchiz olunub. Lakin hələlik bəzi müəssisə və təşkilatların binalarının qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi bu müəssisələrin qış mövsümündə normal fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirsin, muxtar respublikada zəruri yanacaq ehtiyatlarının yaradılmasına diqqəti artırsın. Nəqliyyat Nazirliyi qış aylarında marşruta buraxılan nəqliyyat vasitələrinin qrafikə uyğun hərəkətini və texniki sazlığını diqqətdə saxlasın. Avtomobil Yolları Dövlət Şirkəti qış mövsümü üçün qum ehtiyatı yaradılmasını təmin etsin. "
Qeyd olunmuşdur ki, Naxçıvan Beynəlxalq Hava Limanı uçuşların təhlükəsizliyi üçün bütün maşın-mexanizmlərin, elektrik-işıq sisteminin, rabitə qurğularının texniki baxışını həyata keçirməli, tələbata uyğun yanacaq və mal-material ehtiyatının yaradılmasını nəzarətdə saxlamalıdır. "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyəti dəmiryolu nəqliyyatında qış aylarında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görməlidirlər. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti aidiyyəti nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən təmin olunmalıdır. Muxtar respublikanın ali, orta ixtisas və peşə təhsili müəssisələri ilə müvafiq təşkilatlar arasında əlaqələr yaradılmalı, ehtiyac duyulan ixtisaslar üzrə mütəxəsislərin hazırlanmasına diqqət artırılmalıdır. Təhsil Nazirliyi bu ilin noyabr ayınadək peşə məktəblərində qazanxana operatoru ixtisası üzrə kursların təşkilini təmin etməlidir.
Ali Məclisin sədri tapşırmışdır ki, Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təmin olunmasına nəzarəti gücləndirsin. İqtisadiyyat Nazirliyi qış aylarında ərzaq məhsullarına olan tələbatın daha çox yerli və keyfiyyətli məhsullar hesabına ödənilməsini təmin etmək üçün mövsüm ərzində istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünə nəzarəti artırmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birlikdə heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə əlaqədar maarifləndirmə tədbirlərini həyata keçirməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılmasını diqqətdə saxlamalıdırlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin təminatı üçün tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi qış aylarında abonentlərə keyfiyyətli xidmət göstərilməsi üçün xətt təsərrüfatının etibarlığını daha da artırmalı, mal-material ehtiyatının yaradılmasını təmin etməlidir. Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi üçün elektrik enerjisi, təbii qaz və neftdən istifadə ilə bağlı əhali arasında və təhsil müəssisələrində maarifləndirmə işini davam etdirməlidir. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitələri standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinə və istismarına yol verməməlidirlər. Bu barədə istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdır.
Ali Məclisin sədri demişdir: "Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır. Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatın yaradılması diqqətdə saxlanmalı, sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Şəhər və rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini davam etdirməli, payız mövsümündə yeni yaşıllıqların salınmasını təşkil etməlidirlər. Muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq tədbirlər görülməlidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın bölgüsünü təsdiq etməli, zəruri yanacaq və avadanlıqların alınmasını təmin etməli, payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası üçün tədbirlər planı hazırlamalı və icrası barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir."
Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.