Ölkədə yeni iş yerlərinin yaradılmasında müsbət dinamika saxlanılır

Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər və iqtisadiyyatın davamlı inkişafı istiqamətində görülən işlər fərəh doğurur. Ölkəmizdə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə genişmiqyaslı islahatlar həyata keçirilir, əlverişli investisiya və biznes mühiti yaradılır, sahibkarlıq  dəstəklənir. Bütün bunların əsasını da məhz əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması siyasəti təşkil edir.

Prezident İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru iqtisadi dividentlərin, ilk növbədə, əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. Dövlət başçısının çıxışlarının birində vurğuladığı kimi, bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir: "Bu, doğrudan da böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir".

Dövlət başçısı Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu ilin altı ayında respublikamızda yeni iş yerlərinin yaradılması ilə bağlı vəziyyətə toxunaraq deyib: "Cari ilin altı ayında 78 min daimi iş yeri açılıb. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq var idi ki, bəzi iş yerləri bağlanır. Düzdür, 26 min iş yeri bağlanıb. Ancaq 78 min iş yeri açılıb".

Azərbaycan Prezidenti görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına burada da müsbət dinamikanın müşahidə edildiyini, özəl sektorda da bu işlərin getdiyini diqqətə çatdırıb. "Biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılan iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük. Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilib ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər...". - deyən Prezident İlham Əliyev özəl sektorun da özünü çox məsuliyyətli apardığını vurğulayıb. "Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək – həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə, əlbəttə, özəl sektor da sosial məsuliyyət daşımalıdır", – deyə Prezident qeyd edib.

Yeri gəlmişkən, xatırladaq ki, Statistika Komitəsinin məlumatına görə, bu il avqustun 1-i vəziyyətinə görə, ölkədə iqtisadi fəal əhalinin sayı 4 milyon 962 min 300 nəfər olub. Onlardan 4 milyon 716 min 500 nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Cari il iyulun 1-də muzdla işləyənlərin sayı 1 milyon 521 min 100 nəfərə çatıb. 889 min 700 nəfər iqtisadiyyatın dövlət sektorunda, 631 min 400 nəfər qeyri-dövlət sektorunda çalışıb. Neft sektorunda işləyənlərin sayı 34 min 500 nəfər, qeyri-neft sektorunda çalışanların sayı isə 1 milyon 486 min 600 nəfər olub.

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 iyul 2016-cı ilədək olan dövr ərzində ölkədə ümumilikdə 336 min 300, o cümlədən, 269 min 400 daimi iş yeri yaradılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 63,7 faizi qeyri-dövlət sektorundadır.

Yeni iş yerlərinin ölkənin bütün rayonlarında açılması qarşıya məqsəd kimi qoyulub və yeri gəlmişkən, bu məsələ də müsbət həll olunur. Məsələn, bu ilin birinci yarısında açılmış iş yerlərinin 26,3 faizi paytaxtdadırsa, qalanı ölkənin rayonlarındadır. Naxçıvan Muxtar Respublikasının payına yeni iş yerlərinin 1,9 faizi düşüb.

Yeni iş yerlərinin 71,8 faizi digər regionlarda açılıb. O cümlədən, onların 25,9 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,2 faizi Abşeron, 6,9 faizi Lənkəran, 5,7 faizi Şəki-Zaqatala, 4,4 faizi Quba-Xaçmaz, 3,7 faizi Dağlıq Şirvan, 3,1 faizi Yuxarı Qarabağ, 0,6 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarındadır.

Təsadüfi deyil ki, ilin əvvəlindən indiyədək açılmış daimi iş yerlərinin 9,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlardadır. 25,1 faizi mövcud, 1,1 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 64,1 faizi isə fərdi sahibkarlıq subyektlərinin payına düşüb. Bu fakt da onu göstərir ki, yeni iş yerlərinin açılmasında müsbət dinamikanı qoruyub saxlamaq üçün hərtərəfli tədbirlər görülür. Çünki bu və ya digər səbəbdən ölkədə 25,7 min iş yeri bağlanıb. Dövlət çalışır ki, əvvəla, iş yerləri bağlanmasın. Lakin əgər bu və ya digər səbəbdən bir iş yeri ixtisar olunarsa, təzə yaradılanlar onu əvəz etsin, yəni, müsbət dinamika mütləq gözlənilsin.

Sonda qeyd edək ki, cari ilin yanvar-iyun aylarında ölkədə 4 min 362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb. Onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artıb.

Həmin dövrdə fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 48 min 911 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 30,5 faiz artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

V.BÜNYATOĞLU,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında