"Şəfəq-Asiman" perspektiv strukturunda ilk kəşfiyyat quyusu qazılacaq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv strukturunda geoloji kəşfiyyat işləri davam etdirilir. bp-dən verilən məlumata görə, müqavilə sahəsində üçölçülü seysmik tədqiqata dair məlumatların son interpretasiyası 2016-cı ilin birinci rübündə başa çatdırılıb. Artıq ərazidə ilk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə start verilib.

Xatırladaq ki, Abşeron yarımadasının dayaz sulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişinə uyğun sahələrdə üçölçülü seysmik tədqiqata cari ilin may ayının 31-də başlanılıb. Tədqiqat proqramının doqquz ay davam edəcəyi gözlənilir. Bu tədqiqata quruda və dənizin dayaz sulu hissəsində əməliyyatlar daxildir. Sahildən 20 kilometrədək uzanan sahədə dəniz dibində qeydiyyat aparan seysmik qovşaqlar düzmək və yedəkdə kiçik akustik enerji mənbələrini dartmaq üçün dayaz su üçün nəzərdə tutulmuş 17-yə yaxın xüsusi gəmidən istifadə olunur. İndiyə qədər 200 kvadratkilometrə yaxın sahədən üçölçülü məlumat qeydə alınıb. Sazişə uyğun olaraq əməliyyatlar avqust ayı ərzində sahənin şərq hissəsində davam etdirilib. Artıq əldə olunmuş üçölçülü məlumatların işlənməsinə başlanıb. Sahədən ilk işlənmiş məlumatların isə ilin sonuna qədər əldə olunması gözlənilir.

Yeri gəlmişkən,  "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi 2010-cu ilin oktyabr ayında bp ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında  imzalanıb. Bundan əvvəl isə sözügedən dəniz bloku üzrə hasilatın pay bölgüsü sazişinin əsas kommersiya prinsiplərini müəyyən edən sənəd razılaşdırılaraq imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 may 2011-ci il tarixli fərmanı ilə Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Hasilatın pay bölgüsü sazişinin müddəti 30 ildir. Müqaviləyə əsasən BP Eksploreyşn (Kaspian Si) Ltd şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) hər biri 50 faiz  iştirak payına malikdirlər. Layihənin əməliyyatçısı isə Böyük Britaniya şirkətidir. 2012-ci ildə "Şəfəq-Asiman"da "Gilavar" seysmik gəmisi vasitəsilə üçölçülü seysmik tədqiqatlar aparılıb.

Məlumat üçün bildiririk ki, 1100 kvadratkilometr ərazini əhatə edən "Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr  cənub-şərqdə yerləşir. Adıçəkilən dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində--suyun dərinliyinin təqribən 650-800 metr təşkil etdiyi bir ərazidə yerləşir. Burada kollektorun dərinliyi təxminən 7 min metrdir. "Şəfəq-Asiman" blokunun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir.

Mirbağır YAQUBZADƏ,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında