Şriftin ölçüsü:
02.12.2010 03:16 | Oxunma sayı: 706
Azərbaycan əsasən neft-qaz iqtisadiyyatına malik olan dövlətdir. Lakin regionda ən böyük "BakuTel" sərgisi göstərdi ki, dəyişikliklər uzaqda deyil. Son illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsinə fəal sərmayə yatırır. Hökumətin hesablamalarına görə, yaxın gələcəkdə bu sahənin mənfəəti artacaq, neft hasilatı və onun nəqli hesabına əldə edilən mənfəətlə müqayisə edilə biləcək.
Bakıdakı sərgidə nümayiş etdirilən mallar və xidmətlər arasında rabitə, təhlükəsizlik və biznes sahələrində innovasiyalarla yanaşı, mədəniyyət və təhsil sahələrində yeni texnologiyalar da var.
Sərgidə iştirak edən "Morpho Detection" şirkətinin nümayəndəsi Olqa Semyonova eksponatları göstərərək deyir: "Bu cihazlardan hər biri partlayıcı maddələri və narkotikləri, bu gözəl cihaz isə zərərli kimyəvi maddələri aşkar edir". "İdrak" şirkətinin təmsilçisi Fərid Rəsulov sərgidə nümayiş etdirilən cihazların təyinatını belə izah edir: "Bu lazer skaneri exolot cihazına oxşayır, lakin onun işləmə prinsipi daha mürəkkəbdir: skaner lazer siqnalı göndərir və hər bir nöqtədən məsafəni ölçərək bütöv üçölçülü model hazırlayır. Biz hazırda bu cihazın köməyi ilə bütün Bakı şəhərinin üçölçülü modelini yaratmaq üzərində işləyirik". Azərbaycan paytaxtının dəqiq üçölçülü modeli şəhərsalma və kommersiya layihələrinin həyata keçirilməsi zamanı çox faydalı olacaq.
"Çaşıoğlu Multimedia" şirkətinin direktoru Rəhilə Soltanqızı sərgidəki eksponatlardan birini göstərərək deyir: "Uşaqlar üçün nəzərdə tutulan bu interaktiv oyun onların təfəkkürünü, yaddaşını və rəsm çəkmək vərdişlərini inkişaf etdirir. Bu, şirkətimizin istehsalıdır. Dövlət Azərbaycandakı uşaq bağçaları üçün bu oyundan 200 nüsxə sifariş edib. Uşaqlar onu çox xoşlayırlar. Taktil ekranda məktəbəqədər yaşlı uşaqlar üçün 530-dan çox oyun var".
Ölkədə telekommunikasiya sektorunun modernləşdirilməsinə ehtiyac çoxdan hiss olunurdu. Neft və qaz ixracı hesabına mənfəətin sürətlə artması bu məsələdə nəzərəçarpacaq irəliləyişə nail olmağa imkan verir. Telefon xətlərinin çəkilməsi çətin olan yüzlərlə dağ kəndində simli rabitənin olmaması mobil və peyk kommunikasiya sistemlərinin intensiv inkişafına təkan verib. Azərbaycanın qarşısında duran daha bir ciddi problem ekologiyadır.
Neftlə zəngin olan Xəzəryanı bölgə toksik sənaye tullantıları ilə çox çirklənib. Daha yüksək texnologiyalı istehsala keçid bu regionun sağlamlaşdırılmasına kömək edə bilər. "Sovet dövründə Azərbaycan kimya sənayesi mərkəzlərindən biri idi. O dövrdə ekologiyanın nə vəziyyətdə olduğunu hamımız bilirik", - deyə etiraf edən Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov daha sonra deyib. "Regionun ekologiya məsələlərinin həlli qarşıda duran ən mühüm vəzifələrdən biridir və bu məsələdə biz informasiya texnologiyalarının roluna böyük əhəmiyyət veririk". İri milli layihələrdən biri də Estoniya nümunəsi əsasında "elektron hökumət" infrastrukturunun yaradılmasıdır.
İkitərəfli əməkdaşlıq layihələrində Estoniyanın sabiq xarici işlər naziri və Avropa Parlamentinin deputatı xanım Kristina Oyuland şəxsən iştirak edir. Bu əməkdaşlığı demokratik proses üçün vacib hesab edən sabiq nazir deyir: "Biz Estoniyada artıq bir neçə dəfə seçkilərdə internet vasitəsilə səsvermədən istifadə etmişik və deyə bilərik ki, elektron hökumətin üstünlükləri ictimai həyatın bütün iştirakçılarının işini nəzərəçarpacaq dərəcədə asanlaşdırır".
"BakuTel" sərgisində Azərbaycanın təqdim etdiyi iri layihələrdən biri də "TransAvrasiya Super İnformasiya Magistralı"dır. Genişzolaqlı optik lifli şəbəkə bu regionu Avropa və Şərqi Asiya ilə əlaqələndirməyə imkan verəcək.
Sərgidə "Evronyus" televiziyasına müsahibəsində Prezident İlham Əliyev deyib: "Neft və qaz nə vaxtsa tükənəcəkdir, texnologiyalara, mütərəqqi istehsalatlara və elmə sərf edilən investisiyalara isə həmişə tələbat olacaqdır. Biz gələcəkdə ölkəmizi dünyanın inkişaf etmiş ölkələrindən biri kimi görürük. Güclü, inkişaf etmiş informasiya-kommunikasiya sektoru olmadan buna nail olmaq mümkün deyildir".
Ekspertlərin proqnozlarına görə, Azərbaycanda kəşf edilmiş neft yataqlarının ehtiyatları, ehtimal ki, 30 ildən sonra tükənəcək. Avropa və Asiyanın qovuşduğu məkanda yerləşən ölkənin davamlı alternativ iqtisadiyyat yaratması üçün o qədər də çox vaxt qalmayıb. Bunun üçün ölkəmizdə həyata keçirilən çoxsahəli inkişaf proqramları artıq reallaşmaqdadır.{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.