"Əsrin müqaviləsi" ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün əlverişli imkan yaradır. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olur. Bununla yanaşı, ötən 22 il ərzində "Əsrin müqaviləsi" çərçivəsində yaradılmış mühüm infrastruktur obyektləri, dünyanın neftçıxarma sənayesində tətbiq olunan ən son texnolgiyalar, unikallığı ilə diqqəti cəlb edən çoxsaylı platformalar, Səngəçal sahil terminalı, sualtı boru xətləri, geniş imkanlara malik ixrac boru kəmərləri və s. Azərbaycanın yeni neft erasının misilsiz nailiyyətləri kimi diqqəti cəlb edir.
Məlum olduğu kimi, "Əsrin müqaviləsi" nin imzalanmasından üç il sonra Xəzərin Azərbaycan sektorunda neft hasilatına başlanılmış və illər ötdükcə "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində həyata keçirilmiş misilsiz tikinti-quraşdırma işləri nəticəsində hasilat tədricən artmışdır. Bütövlükdə isə artıq 19 ilə yaxındır ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılan xam neft dünya bazarlarına axaraq ölkəmizin iqtisadi inkişafına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir.
Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" layihəsinin səhmdarları bp (35,8 faiz), SOCAR (11,6 faiz), Şevron (11,3 faiz), İNPEKS (11 faiz), Statoyl (8,6 faiz), EksonMobil (8 faiz), TPAO (6,8 faiz), İTOÇU (4,3 faiz), ONGC Videş Limited (OVL) (2,7 faiz) şirkətləridir."Əsrin müqaviləsi" üzrə hasilatın pay bölgüsü haqqında sazişin podratçıları tərəfindən bp şirkəti layihənin operatoru seçilmişdir.
"Əsrin müqaviləsi" çərçivəsində neft və səmt qazının hasilatı cari ilin birinci yarısında da uğurla davam etdirilmişdir. Layihənin operatoru olan bp şirkətinin 2016-cı ilin ilk yarısının yekunları ilə bağlı yaydığı hesabata əsasən, yanvar-iyun ayları ərzində "Azəri-Çıraq-Günəşli" layihəsinə əməliyyat məsrəflərinə təqribən 260 milyon dollar, əsaslı məsrəflərinə isə 828 milyon dollar vəsait xərclənmişdir.
Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin birinci yarısında da konsorsium iştirakçıları tərəfindən müqavilə sahəsində neft və səmt qazının hasilatı sabit şəkildə davam etdirilmişdir. Belə ki, hesabat dövründə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda istismarda olan 6 hasilat platformasından 119 milyon barrel və ya 16 milyon ton neft hasil olunmuşdur. Yarım il ərzində "Əsrin müqaviləsi" çərçivəsində sutkalıq neft hasilatının həcmi 655 min barrel təşkil etmişdir. Ümumi neftin 51 min barreli "Çıraq", 153 min barreli "Mərkəzi Azəri", 117 min barreli "Qərbi Azəri", 71 min barreli "Şərqi Azəri", 136 min barreli "Dərinsulu Günəşli", 127 min barreli isə "Qərbi Çıraq" platformalarının payına düşür. Bütövlükdə isə "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsindəki istismar quyularından ayda təqribən 2,8 milyon tona qədər neft və 1,2 milyard kubmetr səmt qazı hasil olunur. İşlənmənin əvvəlindən isə müqavilə sahəsindən 404,1 milyon ton neft çıxarılmışdır. Həmin neftin 224 milyon tonu Azərbaycanın payına düşən mənfəət neftidir. Yeri gəlmişkən, "Əsrin müqaviləsi"nin şərtlərinə əsasən, ölkəmizin payına düşən mənfəət neftinin həcmi ilbəil artır. Bu baxımdan 2016-cı ildə Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60 faizə çatacaq.
2016-cı ilin ötən dövründə layihənin səhmdarları tərəfindən quyu fondu üzərində də zəruri tədbirlər həyata keçirilmiş, bir sıra quyularda qazma və tamamlama fəaliyyətləri uğurla davam etdirilmişdir. Cari ilin ilk yarısında müqavilə sahəsində qazma və tamamlama fəaliyyətləri də uğurla davam etdirilmiş, burada 9 hasilat, üç suvurma və bir qaz injektor quyusu qazılmışdır. Bununla da, istismarda olan quyuların sayı 142-yə çatdırılmışdır. Hazırda həmin quyuların 102-dən neft çıxarılır. Digər 40 suvurma və qaz injektor quyusundan isə texniki məqsədlər üçün istifadə olunur.
Məlum olduğu kimi, "Azəri-Günəşli-Çıraq" yataqlar blokundan neftlə yanaşı, səmt qazı da hasil olunur. "Əsrin müqaviləsi"nin şərtlərinə əsasən, neft quyularında hasilatın sabit saxlanması məqsədilə həmin qazın bir hissəsi laylara vurulur. Yerdə qalan səmt qazı isə təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilir. Müqavilə sahəsindən ilkin neftin hasilata başlandığı 1997-ci ilin noyabr ayından indiyədək "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 224 milyard kubmetr səmt qazı çıxarılmışdır. Bu ilin əvvəlindən "Dərinsulu Günəşli" platformasından hasil edilən səmt qazının 28 düyməlik sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına göndərilməsi davam etdirilmişdir. Ötən dövrdə "Azəri" yatağındakı üç platformadan səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə "Mərkəzi Azəri" kompressor və suvurma platformasına göndərilmiş, oradan qazın bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün "Azəriqaz" İstehsalat Birliyinə təhvil verilmişdir. Bundan əlavə, 2014-cü ildə istismara verilmiş "Qərbi Çıraq" platformasından hasil edilən səmt qazının da bir hissəsi Səngəçal terminalına göndərilmişdir. "Çıraq" platformasında hasil edilən səmt qazının müəyyən hissəsi isə mövcud 16 düyməlik sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in "Neft Daşları"ndakı kompressor stansiyasına göndərilmişdir. Bütövlükdə isə ötən il "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində SOCAR-a Səngəçal terminalı, həmçinin "Neft Daşları" vasitəsilə gündə orta hesabla 7,2 milyon kubmetr, ümumilkdə isə 1,31 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılan neftin sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi də uğurla davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, terminalın texniki emal sistemlərinin gücü gün ərzində 1,2 milyon barrel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə ("Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində çıxarılan səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. 2016-cı ilin yanvar-iyun aylarında Səngəçal terminalından 148 milyon barreldən artıq net və kondensat ixrac olunmuşdur. Xam neftin 132 milyon barrelindən çoxu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, təqribən 15,5 milyon barreli isə Qərb ixrac boru kəməri vasitəsilə dünya bazarına göndərilmişdir. Bundan əlavə, il ərzində buradan 0,5 milyon barrel kondensat ixrac edilimişdir. Qaz isə terminaldan, əsasən, Cənubi Qafqaz boru kəməri və terminalın qaz emalı obyektlərini "Azəriqaz" İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
Məlum olduğu kimi, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında xüsusi yer tutan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verilməsindən 10 ildən artıq vaxt ötür. Əvvəlki dövrlərdə olduğu kimi, 2016-cı ilin ötən aylarında da uğurlu fəaliyyətini davam etdirən kəmərlə bağlı əməliyyat xərclərinə 61 milyon dollar, əsaslı xərclərə isə 26 milyon dollar vəsait sərf olunmuşdur. Hazırda kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrel təşkil edir. Bu ilin ötən dövründə adıçəkilən kəmərlə təqribən 17,3 milyon ton xam neft ixrac olunaraq Türkiyənin Ceyhan limanından 166 tanker vasitəsilə dünya bazarlarına çıxarılmışdır. Bütövlükdə isə ümumi uzunluğu 1768 kilometr təşkil edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə istismara verildiyi 2006-cı ilin iyun ayından bəri ümümilikdə təxminən 2,49 milyard barrel (332 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3278 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Hazırda BTC boru kəməri Azərbaycandan, əsasən, "Azəri-Çıraq-Günəşli" neftini və "Şahdəniz" kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur. Yeri gəlmişkən, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin səhmdarları bp (30,10 faiz); AzBTC (25 faiz); Şevron (8,90 faiz); Statoyl (8,71 faiz); TPAO (6,53 faiz); ENİ (5 faiz); Total (5 faiz), İTOÇU (3,40 faiz); İNPEKS (2,50 faiz), CIECO (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.
Qeyd etdiyimiz kimi, artıq uzun illərdir ki, "Azəri-Çıraq-Günəşli" layihəsinin səhmdarları "mənfəət nefti"ndən gəlir əldə edirlər. Azərbaycan isə 2001-ci ildən etibarən öz payına düşən "mənfəət nefti"ni dünya bazarlarına çıxarır. 2016-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Azəri", "Çıraq" yataqlarının və Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindən hasil edilən mənfəət neftinin satışından 2 milyard 770 milyon dollar gəlir əldə edib. Bütövlükdə isə 2001-ci ildən 2016-cı il avqust ayının 1-nə qədər Azərbaycan Respublikası Dövlət Neft Fonduna "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilmiş mənfəət neftinin satışından 119 milyard 779 milyon dollar vəsait daxil olub. Ötən illər ərzində mənfəət neftindən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Yeri gəlmişkən, qlobal maliyyə böhranı və neftin qiymətinin əvvəlki illərə nisbətən xeyli ucuzlaşmasına baxmayaraq, Azərbaycanda nəzərdə tutulmuş bütün sosial proqramlar, infrastruktur layihələri uğurla icra olunur, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bütün bunlar isə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş imkanlar yaradır.
Mirbağır YAQUBZADƏ,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.