Ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi, dahi rəhbərin zəngin irsinin layiqli davamçısı Prezident İlham Əliyevin zamanın çağırışlarına cavab verən daxili və xarici siyasəti respublikamızın siyasi nüfuzunun və iqtisadi gücünün artmasına, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisə olunacaq ölkəyə çevrilməsinə imkan yaradıb. Müstəqil Azərbaycanın bölgədə və dünyada layiqli yerini tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilən uzaqgörən siyasətin nəticəsidir.
Ölkəmizin regionlarında, paytaxtın qəsəbə və kəndlərində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Binəqədi rayonunun simasında da aydın nəzərə çarpır. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşdırılan irimiqyaslı layihələr rayonun sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin edir.
Əsas hədəf əhalinin sosial-iqtisadi durumunun yüksəldilməsidir
Rayonda sosial-iqtisadi və abadlıq-quruculuq sahəsində son illər ərzində bir sıra nailiyyətlər əldə olunub, qəbul edilən dövlət proqramlarının icrası ilə bağlı xeyli iş görülüb. Sakinlər tərəfindən də rəğbətlə qarşılanan tədbirlər nəticəsində vətəndaşların həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapıb. Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşdırılan sosial layihələr çərçivəsində mikrorayonlarda və qəsəbələrdə yeni istirahət parkları istifadəyə verilib, binaların qarşısında sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılıb, küçə və məhəllədaxili yollara asfalt örtüyü döşənib. Ötən müddətdə təkcə rayon mərkəzində deyil, digər yerlərdə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulutəpə və 28 May qəsəbələrində də genişmiqyaslı abadlıq işləri görülüb, xeyli sayda park və xiyaban salınıb. "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Binəqədi rayonunda görülən işlər uğurlu nəticəsini verməkdədir.
Getdikcə paytaxtın ən inkişaf etmiş bölgəsinə çevrilən rayonda sakinlərlə icra hakimiyyətinin sıx təmasda olması, mütəmadi qaydada təşkil edilən səyyar görüşlər mövcud problemlərin uğurlu həllinə rəvac verir.
Abadlıq-quruculuq işləri yüksək templə davam etdirilir
Aparılan ardıcıl quruculuq işlərinin nəticəsidir ki, bu gün rayonun ən böyük prospektləri hesab olunan Azadlıq və Ziya Bünyadov prospektləri boyunca yerləşən çoxmənzilli yaşayış binalarının əksəriyyəti tamamilə yeni görkəm alıb. Rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinin davamı olaraq, bu günlərdə Azadlıq prospektində yaşıllıq zolaqları salınır, gül və dekorativ kollar əkilir, milli ornamentlərə uyğun mənzərələr yaradılır, işıqlandırma sistemi yenidən qurulur. Ərazidə yerləşən binaların qarşısında istirahət guşələri, uşaqlar üçün oyun- əyləncə qurğuları quraşdırılır. Sakinlərin məmnunluğunun, rahatlığının təmin edilməsi məqsədilə "Abad məhəllə" çərçivəsində yenidənqurma işləri həyata keçirilir.
Təbii ki, abadlıq-quruculuq işləri sakinlər tərəfindən də böyük rəğbətlə qarşılanır. İnsanlar anlayırlar ki, görülən işlər, ilk növbədə, məhz onların rahatlığı, maddi-mənəvi rifahının daha da yaxşılaşdırılması üçündür. Elə bizimlə həmsöhbət olan rayon sakini İsmayıl Həsənquluyev də bu fikirdədir: "Burada başlanılan işlər hamının ürəyincədir. Prospektin yenidən təmir edilməsi, binaların girişinin abadlaşdırılması, salınmış yaşıllıqlardakı ağac və dirəklərdə al-əlvan güllərlə bəzədilmiş səbətlərin qoyulması insanlar tərəfindən böyük maraqla qarşılanıb. Görünən budur ki, işlər başa çatdıqdan sonra prospekt tamamilə yeni görkəm alacaq. Onu da deyim ki, yenidənqurma çərçivəsində sakini olduğum binanın giriş hissəsi də təmir olunub, liftlər dəyişdirilib. İşıq, qaz, su ilə bağlı problemimiz yoxdur.
Prospektdə nəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək, həmçinin yollarda sıxlığı aradan qaldırmaq istiqamətində tədbirlər həyata keçirilir. Ərazidə təmizliyi, səliqə-sahmanı bərpa etmək üçün lazım olan bütün vasitələrdən istifadə edilir. Ətrafda quraşdırılan yeni konteyner meydançaları sakinlərin məmnunluğuna səbəb olub".
Daha bir həmsöhbətimiz rayon sakini Şükür Məcidov da görülən işlərdən məmmunluğunu gizlətmədi: "Görülən işdən gül iyi gələr, deyərlər. Həqiqətən də əvvəllər burada təmir işləri aparılsa da, inanmazdıq ki, prospekti bu cür yenidən qursunlar. Bu, o deməkdir ki, rayonda abadlıq işləri mütəmadi xarakter alıb və digər ərazilərdə də yeni abadlıq işlərinə başlanılacaq. Düzünü deyim ki, rayonda istismar müddəti başa çatmış binaların sökülüb yerində təzə, müasir evlərin tikilməsi məni çox sevindirdi. Prospektə gördüklərim bir daha ondan xəbər verir ki, bundan sonra da rayon ərazisində insanların zövqünü oxşayan gözəlliklər salınacaq".
Ərazidə yaşayan rayon sakini İradə Usupova da görülən işləri yüksək dəyərləndirdi: "Prospekt boyu salınmış xiyabanlığa baxanda insanın ürəyi açılır. Burada həyata keçirilən dizayn işlərinin bənzəri yoxdur. Əvvəllər üzləşdiyimiz bəzi problemlər tamamilə aradan qaldırılıb. Prospektdəki bütün mənzillər fasiləsiz qaydada içməli su ilə təchiz olunur. Binaların baxımsız vəziyyətdə olan blokları yüksək səviyyədə təmir olunub. İndi əminliklə demək olar ki, Binəqədi paytaxtın ən gözəl rayonlarından biridir".
Sakinlərin sosial əhəmiyyətli sifarişlərinin həyata keçirilməsi məqsədilə Azadlıq prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. Prospektdə əsaslı təmirdən sonra yolun mühafizə hissəsinə aid olan ərazidə ekoloji tarazlığın qorunması məqsədilə abadlıq və yaşıllıq zonalarının salınması işləri aparılır: yaşıllıq zonaları salınır, ağac və dekorativ gül kolları əkilir, ərazidə mütəmadi təmizlik işləri görülür, avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək, həmçinin yollarda sıxlığı aradan qaldırmaq istiqamətində kompleks tədbirlər həyata keçirilir. İş icraçılarının sözlərinə görə, rayon icra hakimiyyətinin müvafiq iş planına uyğun olaraq, həyata keçirilən tədbirlər koordinasiya edilir və işlərin keyfiyyətinə daim nəzarət olunur.
Məhəllədaxili parklarda infrastrukturun yenilənməsi məqsədilə fəvvarə və fontanlar təmir edilir, avadanlıq və ehtiyat hissələri dəyişdirilir. Prospekt boyunca səki divarları yenidən qurulur, yaşıl örtüyün təzələnməsi üçün münbit meşə torpağından istifadə olunur və ağaclara aqrotexniki qulluq göstərilərək yeni suvarma xətləri çəkilir.
Doğrudan da, tərəqqi və inkişafa təkan verən dövlət proqramlarının çevik, mütərəqqi idarəçilik üslubunda ardıcıl və sistemli şəkildə reallaşdırılması nəticəsində Binəqədi rayonunda tikinti-quruculuq, abadlıq işləri daha ünvanlı, konkret, məqsədyönlü xarakter alıb. Dövlət başçısının davamlı diqqət və qayğısı nəticəsində daxili resurslar tam səfərbər edilib, çevik, müasir tələblərə cavab verən innovativ idarəetmə sistemi formalaşdırılıb, illərdən bəri yığılıb qalan problemlərin aradan qaldırılmasına xidmət edən mühüm layihələr həyata keçirilib. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin bu layihələrin reallaşdırılmasına yaxından dəstək göstərməsi qısa müddətdə görülən işlərin səmərəli nəticələr verməsinə, hər bir rayon sakininin həyatında daha qabarıq hiss olunmasına imkan yaradıb.
Ölkə rəhbərliyinin yürütdüyü siyasətin mahiyyətindən irəli gələrək, Binəqədi rayonunda qarşıya qoyulan başlıca vəzifə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin sürətlə və yüksək keyfiyyətlə aparılmasıdır.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.