Regionların mədəni həyatı ildən-ilə zənginləşir

"Regionların 2014-2018-ci illərdə sosial- iqtisadi  inkişafı Dövlət Proqramı”nda  bölgələrin  mədəni inkişafına da  xüsusi diqqət ayrılmışdır.

Proqramın  qəbul edilməsindən sonra mədəniyyət sahəsində bir sıra prioritetlər müəyyən edilib. Qarşıdakı illərdə regionlarda mədəni irsin qorunması, qloballaşma şəraitində mədəni çeşidliliyin daha da inkişaf etdirilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, regionlarda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər davam etdiriləcək.

Dövlət Proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkə regionlarının davamlı inkişafında və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayır.

Mədəniyyət və turizm naziri Ə.Qarayev də bu sahədə mühüm işlərin görülməsinin vacib olduğunu dəfələrlə vurğulayıb: "Mədəniyyət və Turizm Nazirliyi yaradılarkən, qurumun qarşısına müəyyən vəzifələr qoyulub. Bu vəzifələrin icra müddəti müxtəlif vaxtlar üçün nəzərdə tutula bilər. Lakin bizim əsas məqsədimiz bu gün ölkə Prezidentinin apardığı geniş iqtisadi-sosial siyasətin sürəti ilə mədəni xidmətlərin səviyyəsini uyğunlaşdırmaqdır."

Bu uyğunlaşma prosesi  son vaxtlar daha sürətlə və uğurla  gedir. Doğrudan da, bölgələrimizdə  ümumi inkişaf  mədəniyyət sahəsinin  tərəqqisinə əhəmiyyətli təsir  göstərir. Bu  gün  elə bir rayon mərkəzi yoxdur ki, orada Heydər Əliyev  Mərkəzi, parkı, xatirə muzeyi açılmasın. Bu, çox təqdirəlayiqdir və ulu öndərə ümumxalq  məhəbbətinin bariz  nümunəsidir.

Son vaxtlar regionlarda milli-mədəni irsin qorunmasına yüksək səviyyədə qayğı göstərilməyə başlanılmışdır. Bu, dövlətin, onun başçısının mədəniyyətin inkişafına göstərdiyi diqqətin real nəticələridir. Cənab Prezident dəfələrlə bölgələrdə mədəniyyət obyektlərinin açılışlarında iştirak etmiş, ölkədə mədəniyyət siyasətinin uğurla həyata keçirildiyini və bu tendensiyanın gələcəkdə də davam etdiriləcəyini bildirmişdi. Qubada Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında inşa olunmuş "Yaşıl teatr"ın, Gədəbəy Aşıq Musiqisi Məktəbinin, Balakən Rayon Mədəniyyət Mərkəzinin və digər rayonlarda yeni mədəniyyət  ocaqlarının açılışlarını buna misal göstərmək olar.

Bu inkişafın nəticəsidir ki, mədəniyyət sahəsində də regionlarımız son vaxtlar ciddi irəliləyişə nail olmuşdur. Regionlarımızda 50-dən artıq mədəniyyət müəssisəsi inşa olunmuşdur. Artıq rayonlarımızın əksəriyyətində  kitabxana-informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlər region oxucularının istənilən informasiyanı asanlıqla əldə etməsinə imkan yaratmışdır. Eyni zamanda, rayonlarda müxtəlif xidmətlərin təmin edilməsi üçün yeni pilot layihələr həyata keçirilir. Bu layihələrin reallaşdırılması nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edən xidmətlər göstəriləcək. Artıq bir neçə rayonda bu işə başlanılıb. Bu gün Qəbələ rayonu ölkənin mədəni tədbirlər keçirilən mərkəzlərindən birinə çevrilmişdir. Burada hər il keçirilən Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqi sənətinin dünyaya inteqrasiyası prosesində əhəmiyyətli rol oynayır.

Regionlarda milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq Mədəniyyət və Turizim Nazirliyi tərəfindən xüsusi bir layihənin həyata keçirilməsinə başlanılıb. "Xalq yaradıcılığı paytaxtları" adlı layihə artıq neçə ildir ki, həyata keçirilməkdədir.

Azərbaycan ictimaiyyəti hər zaman mədəniyyətin dirçəlişinə, tərəqqisinə böyük önəm verib. Xalqımız mədəniyyətsevər olduğu üçün hər zaman mədəniyyət ocaqlarını işlək görmək istəyir. Regionlarda mədəniyyətin inkişafı müxtəlif rakurslardan müzakirə edilə bilər, çünki bölgələrimizdə bu proses kompleks şəkildə həyata keçirilir, mədəniyyətin ayrı-ayrı sahələri inkişaf etdirilir.

Bu gün regionlarda kitabxana, muzey işlərinin genişləndirilməsi, folklor kollektivlərinin, xalq teatrlarının dirçəldilməsi, eləcə də müxtəlif festivalların keçirilməsinə xüsusi önəm verilir.

Son illər mədəniyyətin inkişafından danışanda kadr hazırlığını da nəzərdən qaçırmaq olmaz. Bilirik ki, axır zamanlara qədər mədəniyyət sahəsində yüksək hazırlıqlı kadrların azlığı müşahidə edilirdi. Bu da sözsüz ki, həmin sahələrdə xeyli problem yaradırdı. Kitabxanalarda, muzeylərdə, teatrlarda yüksək ixtisaslı işçilərin hazırlığı prosesinə dövlət böyük dəstək verdi. Bu gün paytaxtda olduğu kimi, regionlarda da ixtisaslı kadrlar yetərincədir.

Regionların maddi mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində də davamlı iş aparılmışdır. Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" alban məbədi, "Aşağı Karvansara", "Şəkixanovların evi", Quba rayonunun Xınalıq kəndində Əbu-Müslüm və
Xıdır Nəbi məscidləri, Naxçıvan şəhərində "Möminə Xatun", Şərur rayonunda "Qudi-Xatun" türbələri, Culfa rayonunda "Xanəgah" memarlıq kompleksi, Babək rayonunda "Əshabi-Kəhf" Ziyarətgahı Dini Mədəni Abidə Kompleksi, Qusar rayonunda "Şeyx Cüneyd" türbəsi, Qax rayonunda "Kürmük" məbədi, "Sumuqqala" abidəsi, Gəncə şəhərində Qala divarı, Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri  aparılmış, bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulmuş, ərazisi işıqlandırılmış, qoruqlara gedən magistral yollarda informasiya lövhələri və yol nişanları quraşdırılmışdır.

Əlbəttə, bunlarla yanaşı, regionlarımızda milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəslə çatdırılması üçün də mühüm tədbirlər həyata keçirilmişdir ki, bunlar da öz müsbət nəticəsini vermişdir.

Yeni komplekslərin, mərkəzlərin yaradılması Azərbaycanda ümumi mədəniyyət xidmətlərinin səviyyəsinin artırılması ilə yanaşı, mədəniyyət şöbələrinin imkanlarını  daha da genişləndirmişdir.  Ona görə dövlət tərəfindən qəbul edilən yeni proqramlar istiqamətverici sənəd hesab edilməlidir. Qeyd edək ki, tətbiq olunacaq yeniliklər yerli şəraitlə uyğunlaşdırılır.

Regionlarımız ildən-ilə inkişaf edir. Bütün sahələrlə yanaşı,  mədəniyyətin də  yüksəlişi  davamlı  xarakter  almışdır.   Dövlət Proqramının  reallaşması isə bu prosesi daha da sürətləndirəcək.

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında