Bakı həyat səviyyəsi yaxşılaşan 10 şəhərdən biridir

"The Economist" məcmuəsi son sayında 2016-cı il üçün dünyanın "Ən yaşamalı şəhərləri"nin reytinq cədvəlini və bu barədə hesabatı dərc edib. Hesabatda deyilir ki, dünya şəhərlərinin reytinqini hazırlamaq o qədər də asan deyil, buna görə də məcmuənin araşdırmaçı qolu "The Economist Intelligence Unit" "yaşamalı şəhər" deyilən yeni konsepsiyadan istifadə edib.

"The Economist"in hesabatında, həmçinin qeyd olunur ki, əslində son qiymətləndirmədən, yəni 2011-ci ildən bu yana şəhərlərin reytinq cədvəlində dramatik dəyişiklik baş verməyib.

Dünyanın "ən yaşamalı" 10 şəhəri yenə də aşağıdakı kimidir: Melburn (Avstraliya), Vyana (Avstriya), Vankuver (Kanada), Toronto (Kanada), Kalqari (Kanada), Adelaide (Avstraliya), Pert (Avstraliya), Oklend (Yeni Zelandiya), Helsinki (Finlandiya) və Hamburq (Almaniya).

"The Economist" məcmuəsinin reytinqində Azərbaycanın paytaxtı Bakı  "həyat səviyyəsi yaxşılaşan" 10 şəhərə aid edilib.

Dünyanın "ən az yaşamalı" şəhərləri isə Kiyev, Duala (Kamerun), Harare (Zimbabve), Kəraçi (Pakistan), Əlcəzair, Dəkkə (Banqladeş), Tripoli (Liviya) və Dəməşqdir (Suriya).

Lakin builki hesabatda Azərbaycanın adı xüsusilə çəkilir. Belə ki, paytaxt Bakı yaxşılığa doğru dəyişən "yaşamalı şəhərlər" sırasındadır. Son beş ildə Bakının reytinqi 1,6 faiz yaxşılaşıb. Paytaxtımızın ümumi yeri isə 140 şəhərin arasında 103-cüdür.

Hesabatda paytaxt Bakının yaxşılığa doğru dəyişən "yaşamalı şəhərlər" sırasında olması təsadüfi deyil. Əvvəla dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının müasirləşdirilməsi istiqamətində son illərdə mühüm layihələr həyata keçirilib. Bu layihələrə paytaxtın rəmzinə çevrilən yeni memarlıq abidələrini, çoxmərtəbəli müasir yaşayış binalarını və digər orijinal tikililəri misal göstərmək olar. Bakıda şəhərin inkişaf sürətinə və müasir görkəminə uyğun gəlməyən binaların sökülməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Paytaxtın daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq şəhərin baş planının icrasının təmin edilməsi, yeni yolların salınması, yaşıllaşdırmanın geniş miqyas alması, olduqca ağır kommunal şəraitdə yaşayan ailələrin yeni yaşayış sahələri ilə təmin olunmaları, küçələrdə mühəndis kommunikasiyaları - su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılıb. 

Yuxarıda qeyd olunanlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində son illərdə ölkəmizdə, eləcə də paytaxta dayanıqlı və çoxsaylı iş yerlərinin açılmasını nəzərdə tutan dinamik iqtisadi inkişaf təmin edilib. Cari ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunları da göstərir ki, kəskinləşən qlobal iqtisadi böhranın mənfi təsirinə baxmayaraq, Azərbaycanda iqtisadi artım dinamikası davam edir, büdcə-fiskal dayanıqlığı təmin olunur. Qlobal enerji bazarındakı qeyri-sabitlik, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın və onun əsas ticarət partnyorları olan ölkələrin milli valyutalarının devalvasiyası, eləcə də dünya maliyyə bazarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklər hesab olunur. Milli iqtisadiyyatımızın  bu risklərə hazır olması və mənfi xarici iqtisadi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirməsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, respublikada yaradılan siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadi şaxələndirmə və neft amilindən asılılığın azaldılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması sayəsində mümkün olub.

Son illər Azərbaycanda makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, əmək bazarında sabitliyin təmin edilməsi, rəqabətə davamlı kadr potensialının formalaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, sosial məsuliyyət prinsipi əsasında sosial tərəfdaşlığın gücləndirilməsi dövlət məşğulluq siyasətinin əsas prioritet istiqamətlərini təşkil edib.

Ötən dövrdə həyata keçirilən dövlət məşğulluq siyasəti, 1,5 milyondan çox yeni iş yerinin açılması nəticəsində işsizlik səviyyəsinin 2006-cı ildə 7,4 faizdən 2015-ci ilin yekunlarına görə 4,9 faizədək azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunub. Həmçinin əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, yaşama şəraiti yaxşılaşan şəhərlərin sırasında Bakıdan başqa, Dubay (74), Küveyt (81), Bratislava (63) və Varşava (65) da var.

Bununla belə, ümumi reytinqdə yalnız 126-cı yeri tutan Tehran bu kateqoriyada ən heyrətamiz nəticəni göstərib. Bu şəhərdə yaşama şəraiti son beş ildə 5 faiz yaxşılaşıb.

Maraqlıdır ki, ən az yaşamalı şəhərlər sırasında olan Harare də son beş ildə 4,4 faiz yaxşılaşma nümayiş etidirib.

Hesabatda deyilir ki, şəhərlərin göstəricilərindəki dəyişmələr terror, münaqişə və siyasi sabitsizliyi nümayiş etdirir. Məsələn, son beş ildə həyat səviyyəsi Dəməşq (140) və Kiyevdə (131) 25-26 faiz pisləşib. Moskva (80) və Sankt Peterburq (76) şəhərləri də pisləşməyə doğru dəyişib.

V. BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında