Tütünçülüyün inkişafı üçün potensial imkanlar var

Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Aqrar sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri nəticəsində bir sıra ərzaq məhsullarının istehsalı artmışdır.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən  kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, çayçılığın, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində müvafiq qurumlara bir sıra tapşırıqlar verilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, sadalanan sahələrdə əkin yerləri genişləndirilmiş,  yeni iş yeri açılmış, işçilərin sayı artmışdır.

Dövlət başçısının tapşırığına əsasən, tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçirilmiş,   fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılmışdır. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, tütünçülük sahəsində çalışanların sayının ötən illə müqayisədə 2 dəfədən çox  artmasına səbəb olmuşdur.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Bəhlul Abbasov söhbət zamanı dedi ki, regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarında kənd təsərrüfatının digər ənənəvi sahələri kimi, tütünçülüyün inkişafı da prioritet vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu sahənin elmi əsaslarla inkişaf etdirilməsində  adıçəkilən institut da mühüm rol oynamışdır.   İnstitutda tütün seleksiyası toxumçuluğu becərmə və qurutma texnologiyası üzrə geniş tədqiq edilmiş və bununla bağlı fermerlərə dəyərli tövsiyələr verilmişdir. Alimlərin yaratdığı 6 tütün sortu rayonlaşdırılaraq patent alınmış və geniş sahələrdə əkilərək ölkəmizdə ümumi tütün əkini sahəsinin 75 faizini təşkil etmişdir.

Bəhlul Abbasov söhbətində bir məqama da diqqət çəkdi. Dedi ki, dünyada tütün sortlarının ən yaxşılarının fermer təsərrüfatlarında yetişdirilməsi və yeni sortların yaradılması zəruridir. Vaxtı ilə dünyada olan 5 tütün tipindən 4-ü Azərbaycanda becərilirdi. Ətirli və qiymətli sortlardan 3 min hektar, iriyarpaqlı sortlardan 12 min hektar, yarımətirli Trapezond tipli sortlaradan 1000 hektar, Verciniya tipli sortlardan isə 900 hektar əkilirdi. Lakin bu sortların yetişdirilməsi zamanı torpaq-iqlim şəraiti, bioloji və təsərrüfat xüsusiyyətləri, becərmə, qurutma üsulları nəzərə alınmırdı. Ətirsiz iriyarpaqlı sortlar üçün   becərmə üsulları ətirli sortlara da tətbiq olunurdu ki, nəticədə aşağı keyfiyyətli məhsul alınırdı.

Tütün sortlarının torpaq-iqlim şəraitinə, becərmə və qurudulma texnologiyasına tələbi müxtəlifdir. Hətta eyni botaniki sort müxtəlif torpaq-iqlim şəraitində fərqli səpin norması, hektara əkilən bitki sıxlığı, səpin sxemi, becərmə və qurutma texnologiyası tələb edir. Bu sortlardan alınan xam məhsulun və toxumun qiymətləri də müxtəlif olur.   Virciniya tipli "Kokker -347" və "Berley" sortları yerli sortlardan kəskin fərqlənir. Bu sortlardan şitil yetişdirilməsi, sahəyə əkilməsi, yarpaqların qurudulması tam mexanikləşdirilmişdir.

Tütündən alınan xammalın keyfiyyətinə obyektiv qiymət vermək istehsalat şəraitində olduqca çətindir, çünki keyfiyyət bu və ya digər elementin təsiri ilə deyil, müxtəlif amillər hesabına müəyyənləşir. Ümumiyyətlə, tütün xammalı çox mürəkkəb kimyəvi quruluşa malikdir,  tərkibində sərbəst azot, fenollar, üzvi turşular, qətran, efir yağları, kül və s. vardır.

Tütünün keyfiyyətində onun sortu, torpağın münbitliyi, su rejimi, aqrotexnika və s. mühüm rol oynayır. Məhsulun keyfiyyəti sahədə formalaşır. Lakin hidroskopik olduğundan texnoloji proseslərdən keçdikcə dəyişir.

İnsan orqanizminə təsir göstərən tütünün tərkibindəki   nikotindir. Məhsulda alkoloidlər də  çoxdur. Belə ki, tərkibdə nikotin, nornikotin, anabazin, sulfidin, pridin və s. vardır. Lakin  nikotinsiz tütün sortları da az deyil. Ancaq bu sortlar siqaret çəkəni qane etmir. Əslində onları heç sınaqdan da  keçirtmirlər.

Məhsulun keyfiyyəti dedikdə isə burada ilk növbədə xammalın əmtəə keyfiyyəti və kimyəvi tərkibi nəzərdə tutulur. Tütün istifadə edilərkən ağızda, selikli qişada, burunda və ciyərdə qana keçir, əsəb sisteminə fizioloji təsir göstərir.

Keyfiyyətli tütün xammalı istehsal etmək üçün becərilən botaniki sort əsas meyardır. Lakin müxtəlif aqrotexnika gübrələmə, qurutma texnologiyası tətbiq olunmaqla sortun keyfiyyətini idarə etmək mümkündür. Azərbaycanda yetişdirilən ətirli tütünlər qurupuna "Samsun-155", "Samsun-Apsna", "Dübek-2898", "Amerikan-273" növləri aiddir.

Tütünün keyfiyyətini artırmaq üçün müxtəlif sort toxumlar seçilməli, ən yaxşılarının toxumçuluğu təşkil edilməli, əkinçilik, habelə qurutma mədəniyyəti tətbiq olunmalı, xammalın beynəlxalq standartlara uyğun emalı və saxlanması düzgün həyata keçirilməlidir. 

Azərbaycanda tütünçülüyü tam bərpası üçün ilk növbədə onun bazarı müəyyənləşdirilməli, sonra isə keyfiyyətli toxum istehsal edilməlidir. Fermer təsərrüfatlarında və tütün emalı müəssisələrində çalışanlar maarifləndirilməli, onlara kömək göstərilməlidir. Bu sahəyə köhnə təfəkkürlə yanaşmaqdan, məhsulun keyfiyyətinə deyil, kəmiyyətinə maraq göstərməkdən daşınılmalıdır. 

Söhbət zamanı Bəhlul müəllim tütünçülükdə toxumun düzgün seçilməsi üçün vacib şərtlərə də toxundu. Bildirdi ki, tütünçülükdə bir tərəfdən keyfiyyətli toxum, gübrə, köməkçi vasitələr çatışmırsa, digər tərəfdən də aqrotexniki tədbirlər vaxtında həyata keçirilmir, qida sahəsi, dərim-düzüm, qurutma, daşınma texnologiyasına düzgün əməl edilmir.   Tövsiyələrə əsasən, 90 x 40 santimetr   qida sahəsində əkilən Virciniya sortlarına azot gübrəsi verilməməlidir. Ümumiyyətlə, toxumçuluğun dirçəldilməsi üçün bu sahənin bütün problemlərinin həllini nəzərdə tutan mükəmməl dövlət proqramı hazırlanmalıdır.  

Etiraf etməliyik ki, bu gün əldə edilən nailiyyətlərə baxmayaraq, hazırda istehsal olunan tütünün   keyfiyyəti sənayenin tələblərinə cavab vermir. Halbuki tütün sənayesinin keyfiyyətli tütünə, xüsusi ilə ətirli tütünə çox ciddi ehtiyacı var. Hazırda siqaret çəkən 50 il bundan əvvəl siqaret çəkən deyil. İndi siqaretin keyfiyyətinə, ətrinə xüsusi diqqət yetirilir. Siqaret çəkən çalışır ki, ondan xoş iy gəlsin, sağlamlığına ciddi təsir göstərməsin. Məhz bu baxımdan tütünçülüyün inkişafı yeni texnologiyalar, keyfiyyətli sortlar və müasir becərmə, qurutmada mexanikləşdirmə tətbiq olunmasını tələb edir.

Söhbətinin sonunda Bəhlul Abbasov dedi ki, hər bir sort üçün fərdi optimal qida sahəsi, əkin müddəti tətbiq olunmalıdır. Fermerlər bilməlidir ki, tütün sortları çox müxtəlifdir. Elə sort vardır ki, məsələn, Virciniya sortları hektara 18 min, iriyarpaqlı sortlar 48 min, xırdayarpaqlılar 100-110 min bitki əkilməsini tələb edir. Hər bir sort üçün sələf seçilməli, torpağın becərilməsi, gübrələrin tətbiqi, suvarma, şitil yetişdirilməsi, sahəyə əkilməsi, bitkilərə qulluq edilməsi, yarpaqların yığılması, qurudulma və çiçək  qrupunun vurulması texnologiyasını düzgün və vaxtında yerinə yetirməyi tələb edir.

Virciniya və Berley sortlarının yarpaqları açıq Günəş altında qurudulduqda keyfiyyətsiz məhsul alınır. Xüsusi kameralarda odla qurudulduqda isə qurutma müddəti qısa olduğu üçün qida maddələrini az itirir, nəticədə keyfiyyətli məhsul alınır. Bütün bunlara baxmayaraq, göstərilən aqrotexniki üsulları tətbiq etməklə sortların məhsuldarlığını və keyfiyyətini idarə etmək mümkündür.

Keyfiyyətli xammal yetişdirmək üçün mineral və üzvi gübrələr vaxtında və hər sortun tələbinə uyğun verilməlidir. Tütün bitkisinə daxil olan maddələrin bir hissəsi çiçək və yan pöhrələrin əmələ gəlməsinə sərf edilir ki, bunlar da istifadə edilmir.

Sonda qeyd edim ki, respublikamızda bu sahəyə göstərilən diqqətin nəticəsidir ki, hazırda fermerlərə hər hektar tütün əkininə görə əlavə 40 manat subsidiya verilir, güzəştli qiymətlərlə (80 faiz) mineral gübrələr və lizinq yolu ilə (40 faiz güzəştlə) müasir texnika, avadanlıqlar, suvarma sistemləri satılır, yüksək keyfiyyətli bitki sortlarının yetişdirilməsi sahəsində seleksiya və elmi-tədqiqat işləri aparılır.

Bir sözlə, respublikada tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur. Bu da imkan verir ki, növbəti illərdə tütün əkini sahələrini 16 min hektara çatdıra bilək. İyulun 1-nə olan məlumata görə, ölkə üzrə 2,1 min hektar sahədə tütün əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar çoxdur. Hazırda bu bitkinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi davam etdirilir.

Tofiq SEYİDZADƏ,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında