Ölkəmizdə neft gəlirləri əsasında yaradılan möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafını və ölkə iqtisadiyyatının diversifikasiyasını, regionların tarazlı inkişafını, səmərəli beynəlxalq iqtisadi əməkdaşlığı, dünya iqtisadiyyatına inteqrasiyanı sürətləndirib və son nəticədə Azərbaycanın hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş verib.
Prezident İlham Əliyev hələ cari ilin əvvəlində diqqətə çatdırıb ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaq. Ona görə də bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə mühüm önəm verilib. Bir çox sərəncamlar, qanunlar imzalanıb. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması ilə bağlı ciddi qərarlar imzalanıb. Maliyyə nizam-intizamı və şəffaflıqla bağlı tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin səyi ilə hazırda respublikada bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf edir. İlk növbədə, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, şəffaflığın tam şəkildə təmin olunmasına xüsusi diqqət yetirilir. Bu isə təbii ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, gəlirlərə öz müsbət təsirini göstərir.
Azərbaycanda sosial məsələ də daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev bununla bağlı deyib: "Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır".
Xatırladaq ki, Azərbaycan dünyada hökm sürən iqtisadi və maliyyə böhranından ən az itkilərlə çıxan ölkələrdən biridir. Belə ki, əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident İlham Əliyev bu ilin birinci rübündə 25-dən artıq fərman və sərəncam imzalayıb. Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Həmin tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2016-cı ilin büdcəsində müvafiq düzəlişlər edilib və əlavə maliyyə təminatları nəzərdə tutulub. Bu, çox riskli, çətin, eyni zamanda, düşünülən ciddi sosial addım və Azərbaycan Prezidentinin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını hər şeydən üstün tutduğunun göstəricisidir.
Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq bu ilin ötən aylarında əhalinin məşğulluğunu artırmaq məqsədilə rüb ərzində dövlət şirkətləri ilə birgə səmərəli fəaliyyət həyata keçirilib. Bu şirkətlər tərəfindən qısa müddətdə məşğulluq orqanlarına 20 mindən çox yeni vakansiya barədə məlumat təqdim edilib və işaxtaran kimi qeydiyyata alınan şəxslər göndərişlərlə həmin iş yerlərində müvafiq işlə təmin olunub. Bundan əlavə, məşğulluq orqanlarına təqdim olunan vakansiyalar üzrə 13 mindən çox işaxtaran şəxs yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən abadlıq və təmir-tikinti işlərinə cəlb edilib və bu şəxslərlə əmək müqavilələri bağlanıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. Cənab Prezidentin çıxışlarının birində vurğuladığı kimi, bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir: "Bu, doğrudan da böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir".
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı deyib: "İlin altı ayında 78 min daimi iş yeri açılıbdır. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq var idi ki, bəzi iş yerləri bağlanır. Düzdür, 26 min iş yeri bağlanıbdır. Ancaq 78 min iş yeri açılıbdır. Ona görə, biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük. Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilmişdir ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər. Ona görə, qeyd etməliyəm ki, özəl sektor da özünü çox məsuliyyətli aparıb. Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək - həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə, əlbəttə, özəl sektor da sosial məsuliyyət daşımalıdır. Ona görə, bax, 78 min iş yeri açılmış, 26 min iş yeri bağlanmışdır. Deməli, 50 mindən çox yeni iş yerləri açılıbdır və bu da çox müsbət haldır".
Ümumiyyətlə, Azərbaycanda 2004-cü ildən başlayaraq regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında nəzərdə tutulan müddəaların uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin olunub, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilib, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olub. Görülən işlərin nəticəsi olaraq, ölkəmizdə yoxsulluq səviyyəsi 4,9 faizə, işsizlik səviyyəsi 5 faizədək enib. Azərbaycanda 2004-cü ildən indiyədək 73 mindən çox yeni müəssisə fəaliyyətə başlayıb, 1,5 milyondan çox yeni iş yeri açılıb.
Milli iqtisadiyyatın mühüm bir sahəsi olan neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalmasına baxmayaraq, ölkə rəhbərinin sosialyönümlü inkişaf kursunun nəticəsi kimi, Azərbaycanda sosial sahəyə yönələn vəsaitlərin həcmi də nəinki azaldılmır, hətta artırılır. Əgər 2015-ci ilin dövlət büdcəsində bu sahə üzrə xərclər büdcənin 27,6 faizi qədər idisə, bu il 36,1 faiz təşkil edəcəyi gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyev dövlət qurumlarının qarşısında bir sıra mühüm vəzifələr qoyub. Mühüm sosial proqramların davam etdirilməsi, fəaliyyət sahələrində islahatların, elektron texnologiyaların tətbiqinin genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına xidmət səviyyəsinin daha da yaxşılaşdırılması və şəffaflaşdırılması, yeni elektron xidmətlərin hazırlanaraq istifadəyə verilməsi bu il hökumətin prioritet fəaliyyət istiqamətləri olacaq. Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması, xüsusən sosial cəhətdən həssas qruplara aid vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün daha səmərəli proqramların işlənərək həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.