Dünyamız dəyişir, həm də sürətlə dəyişir. İqlim, infrastruktur, daha müasir texnika və texnologiyaların tətbiqi ilə baş verən dəyişikliklər insanların baxışlarına və davranışlarına da əhəmiyyətli dərəcədə təsir göstərir.
Bu baxımdan bütün sahələrdə və miqyaslarda rəqabətədavamlılıq getdikcə daha da çətinləşir və daha çox səriştə, daha çox peşəkarlıq tələb olunur. Bunun üçün bütün sahələrdə səriştəli və peşəkar şəxslərin olması vacib şərtdir. Qeyri-peşəkarlıq olan yerdə risklər nə qədər çox və tədbirlərin görülməsi çətindirsə, peşəkarlıq olan yerdə bir o qədər az və asandır. Amma burada əsas amil peşəkarlıqla yanaşı, müsbət insani keyfiyyətlərin olmasıdir.
Bu baxımdan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının reallaşması nəticəsində ölkə iqtisadiyyatının flaqmanı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) bu günün və gələcəyin tələblərinə cavab verən peşəkar və səriştəli kadrların əldə edilməsi, hazılanması və saxlanılması istiqamətində geniş taktiki və strateji tədbirlər həyata keçirilməklə bütün bu işlərin daha da effektiv şəkildə icrası üçün elektron idarəetmə sisteminin tətbiqinə böyük önəm verilir. Burada SOCAR-ın rəhbərliyinin iradəsi və dəstəyi olmaqla İnsan Resursları Departamentinin fəaliyyətinin rolu əhəmiyyətli dərəcədə böyükdür.
Yuxarıda qeyd olunanlar nəzərə alınaraq SOCAR-da insan resurslarının idarəedilməsi sahəsində biznes proseslərin inkişaf səviyyəsinin hazırki vəziyyəti analiz edilərək personalın idarə edilməsi funksiyalarının inkişaf strategiyasının müəyyən edilməsi məqsədilə 2015-ci ilin iyun - noyabr ayları ərəfəsində SOCAR-ın və SAP şirkətinin mütəxəssisləri birlikdə insan resurslarının referans modeli, həmçinin aparıcı beynəlxalq neft-qaz şirkətlərindəki insan resursları funksiyalarının inkişaf səviyyəsi ilə müqayisəli şəkildə daxili araşdırmalar aparılmışdır. Araşdırmaların nəticəsində insan resursları proseslərini dəstəkləyən avtomatlaşdırma sistemlərinin (kadr inzibatçılığı, əmək haqqının hesablanması ) inkişaf səviyyəsinin personalın fəaliyyət effektivliyinin idarəedilməsi funksiyalarının istifadə edilməsinə keçid imkanı yaratdığı qənaətinə gəlinsə də, bir sıra əsas biznes proseslərin (məsələn, effektivliyin əsas göstəricilərinə görə idarəetmə) istifadəsi və personalın idarəedilməsi prosesləri üçün lazım olan metodoloji bazanın ümumi vəziyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyənləşdirilmişdir. Nəticə etibarı ilə rəhbərliyin qərarına əsasən, SOCAR-da insan resurslarının idarəedilməsinin əsas devizi kimi "ən qiymətli resurs olan insanlar rəqabət obyekti olmaqla şirkətin strateji məqsədlərinin təmin edilməsi üçün digər resurslarla yanaşı, səmərəli yerləşdirilməli, davamlı olaraq inkişaf etdirilməli və motivasiya olunmalıdırlar" qəbul edilməklə uzun müddətli bir layihəyə start verilmişdir.
Bu layihənin əsas tərkib hissəsi kimi ITM (integrated talent management) modelinin (təşkilatlarda istedadların inteqrasiyalı idarəedilməsi) tətbiq edilməsidir ki, bu da personalın səriştəliliyinin, işə qəbulun və adaptasiyasının, attestasiyasının, təlim və inkişafının, motivasiyasının idarəedilməsi, həmçinin məqsədyönlü idarəetmə, mükafat və əlavə ödənişlərin avtomatik olaraq hesablanması proseslərinin SOCAR üzrə vahid inteqrasiya olunmuş şəkildə avtomatlaşdırılmasına və inkişafına təkan verəcəkdir.
Onu da qeyd etmək lazımdır ki, nə qədər də mükəmməl və müasir bir idarəetmə sisteminin qurulmasından asılı olmayaraq, sistemin idarəedilməsini həyata keçirən personalın və rəhbərliyə daxil olan şəxslərin peşəkarlığı və müsbət keyfiyyətlərə ( dürüst, ədalətli, məsuliyyətli, sədaqətli və s.) malik olması da əsas şərtdir. Çünki bütün proseslərin tam avtomatlaşdırılması və qeydə alınması mümkün deyildir. Burada əsas məqsəd riskləri minimuma endirməklə daha çox və yaxşı nəticə əldə edilməsinə nail olmaqdır.
Bu baxımdan da hazırda həyata keçirilməkdə olan layihənin daha məhsuldar tətbiq edilərək səmərəli fəaliyyətini təmin etmək üçün insan resursları sahəsinin strukturunun da müəyyən qədər təkmilləşdirilməsinə zərurət vardır. Burada digər təkmilləşdirilmələrlə yanaşı, insan resurslarının idarəedilməsində və biznes strukturların fəaliyyətində önəmli rol oynayan son bir neçə ildə yeni anlayış olan İR biznes tərəfdaş (HR business partner) funksiyasının reallaşdırılmasına ehtiyac yaranır. İR biznes tərədaş insan resursları strukturunda rəhbərlikdən sonra ən yüksək karyera yüksəlişi hesab edilir. Məhz İR biznes tərəfdaşın üzərinə düşən vəzifə borcu ondan ibarətdir ki, müəssisənin strategiyasna və biznes maraqlarına uyğun olmaqla insan resurslarının idarəedilməsi ilə bağlı üst rəhbərliyin qarşıya qoymuş olduğu vəzifələrin yerinə yetirilnəsinə nail olmaqla maksimum gəlir əldə edilsin. Ona görə ki, bütün şirkət və müəssisələrin fəaliyyət göstərməsində əsas məqsəd keyfiyyətli xidmət göstərmək və gəlir götürməklə daha da inkişaf etməkdir.
Burada İR biznes tərədaşın rolu əvəzedilməzdir. Çünki o, tələb olunan işçinin kriteriyalarının müəyyənləşdirilməsindən tutmuş, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və karyera yüksəlişinin təmin edilməsinə qədər bütün proseslərin əsas iştirakçısı və tənzimləyicisidir. Deməli bu vəzifədə çalışan şəxslərin bacarıq və səriştəlilik göstəriciləri daha mükəmməl olmalıdır. Həmçinin İR biznes tərəfdaş müəssisənin biznes fəaliyyəti haqqında tam məlumatlı olmalıdır ki, şirkət səviyyəsində insan resurslarının idarəedilməsi siyasətinin vahid mərkəzdən həyata keçirilməsinə uyğun şəklidə iştirak edə bilsin.
Bu gün SOCAR-da İnsan Resursları Departamentinin əsas məqsədi öz fəaliyyəti ilə şirkətə maksimum gəlir gətirə biləcək işçiləri cəlb etmək, onları motivasiya edərək saxlamaqdır. Bu baxımdan da lazımi keyfiyyət göstəricilərinə malik olan İR biznes tərədaşların rolu əvəzsizdir.
Asif BƏKİRLİ,
SOCAR-ın Baş Ofisinin İnsan
Resursları Departamentinin rəisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.