Məlum olduğu kimi, 1994-cü ildən etibarən Azərbaycan Respublikasında həyata keçirilən neft strategiyasının uğurlu nəticəsi olaraq ölkəmizdə xarici neft şirkətləri ilə birlikdə karbohidrogen ehtiyatlarının genişmiqyaslı istismarı və nəqli həyata keçirilir. Bunun da nəticəsində ölkəmizin dünyanın enerji təminatında xüsusi çəkisi və strateji əhəmiyyəti ildən-ilə yüksəlir. Artıq 16 ilə yaxındır ki, "Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları "mənfəət nefti"ndən gəlir əldə edirlər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının növbəti mərhələsində ölkəmizin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq artırılması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Dövlət Neft Fondu yaradılmışdır. Ötən illər ərzində mənfəət neftindən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
2016-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Azəri", "Çıraq" yataqlarının və “Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindən hasil edilən mənfəət neftinin və "Şahdəniz" yatağından çıxarılan mənfəət qazının satışından 2 milyard 834 milyon dollar gəlir əldə edib. Həmin məbləğin 2 milyard 770 milyon dolları "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilmiş mənfəət neftinin, 64 milyon dolları isə "Şahdəniz" yatağından hasil edilmiş mənfəət qazının satışından daxilolmalar təşkil edib. Bütövlükdə isə 2001-ci ildən 2016-cı il avqust ayının 1-nə qədər Azərbaycan Respublikası Dövlət Neft Fonduna "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilmiş mənfəət neftinin satışından 119 milyard 779 milyon dollar, 2007-ci ildən istismarda olan "Şahdəniz" yatağından hasil edilmiş mənfəət qazının satışından isə 2 milyard 506 milyon dollar vəsait daxil olub. Xatırladaq ki, 2015-ci ildə ARDNF-in "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən mənfəət neftinin və "Şahdəniz" yatağından hasil edilən mənfəət qazının satışından əldə etdiyi gəlirlər 7 milyard 223 milyon dollar təşkil etmişdir. Yeri gəlmişkən, "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları Britaniyanın bp (35,78 faiz), Amerikanın "Chevron" (11,27 faiz), "ExxonMobil" (8,0006 faiz), Hindistanın "ONGC Videsh Limited" (2,72 faiz), Yaponiyanın "Inpex" (10,96 faiz), "Itochu" (4,3 faiz), Azərbaycanın SOCAR (11,65 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin TPAO (6,75 faiz) şirkətləridir. "Şahdəniz" yatağının işlənməsi haqqında müqavilə isə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. "Şahdəniz" layihəsinin iştirakçıları bp (operator - 28,8 faiz), "Statoil" (15,5 faiz), SOCAR (16,7 faiz), "Petronas" (15,5 faiz),"LUKoil" (10 faiz), NICO (10 faiz) və TPAO (19 faiz) şirkətləridir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il üçün büdcəsi ölkə Prezidenti İlham Əliyevin 18 mart 2016-cı il tarixli "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli 719 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə" fərmanı ilə təsdiq edilib. Fərmana əsasən, 2016-cı ildə fondun gəlirləri 4 milyard 578 milyon 474,6 min manat, xərcləri isə 10 milyard 668 milyon 933,7 min manat nəzərdə tutulub. Xatırladaq ki, fondun cari il üçün nəzərdə tutulmuş gəlirlərinin 3 milyard 875 milyon 682,4 min manatı Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət, marketinq və sığorta xərcləri çıxmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla), 3 milyon 402 min manatı karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər, 19 milyon 278 min manatı neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər, 679 milyon 950,2 min manatı Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, 162 milyon manatı neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonusların payına düşür.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondu dövlət proqramlarının və layihələrin icrasına mühüm töhfələr verir. 2016-cı ildən Dövlət Neft Fondu tərəfindən qaçqınlarin və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həlli tədbirlərinin, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri, "Azərbaycan İnvestisiya Şirkəti"nin nizamnamə kapitalının formalaşdırılması kimi tədbir və layihələrin maliyyələşdirilməsi bu baxımdan diqqəti cəlb edir.
2016-cı ildə qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə 90 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 70 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 137 milyon 621,7 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Xatırladaq ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etmək və bununla da, region ölkələrinin tranzit potensialının artırılmasıdır. "Cənub” qaz dəhlizi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 2 milyard 355 milyon 318 min manat, Türkiyə Respublikasında "STAR" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 331 milyon 776 min manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə isə 32 milyon 660 min manat vəsait ayrılıb.
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. 2006-cı ildə şirkətin nizamnamə kapitalının formalaşdırılmasına Neft Fondundan 90 milyon manat vəsait ayrılıb. Xatırladaq ki, Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşdırılmış həmin şirkətin investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir. Ötən müddətdə Dövlət Neft Fondu tərəfindən, eyni zamanda, bir çox dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası və maliyyələşdirilməsi təmin edilib. Belə ki, fond tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2011-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" çərçivəsində "Məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi" və Bakı, Sumqayıt, eləcə də digər şəhər və rayonlarda məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdıqları obyektlərdə kommunal infrastrukturun yaxşılaşdırılması ilə bağlı bəndlərində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi həyata keçirilib. Eyni zamanda, Dövlət Neft Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının tikintisinin davam etdirilməsi" ilə bağlı tədbirlərin maliyyələşdirilməsi həyata keçirilmişdir.
2008-ci ildən etibarən Dövlət Neft Fondu tərəfindən, həmçinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi də təmin edilir. 2016-cı ildə sözügedən layihənin maliyyələşdirilməsinə 36 milyon 558 min manat vəsait ayrılmışdır.
Məlum olduğu kimi, 2003-cü ildən etibarən Dövlət Neft Fondunun vəsaitinin böyük hissəsi dövlət büdcəsinə transfert edilir. Fondun vəsaitlərindən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə 7 milyard 615 milyon manatın transfert edilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində fondun büdcə gəlirləri 3 milyard 991 milyon manat, büdcə xərcləri isə 2 milyard 256,7 milyon manat təşkil edib. Hesabat dövründə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 689,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 680,6 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 8,8 milyon manat olub. İlin ilk yarısında fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 301,5 milyon manata çatıb.
Yanvar-iyun aylarında ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 milyard 760 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Ötən altı ayda qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 55,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,6 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 35,3 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 9,2 milyon manat vəsait yönəldilib. Bundan əlavə, "Cənub” qaz dəhlizi layihəsi üzrə 241,9 milyon manat, "STAR" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 127 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər isə 8,5 milyon manat təşkil edib. Bu ilin ilk yarısında valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 65,4 milyon manat təşkil edib. 2016-cı il iyulun 1-nə fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 4,6 faiz artaraq 35 milyard 117,9 milyon ABŞ dollarına bərabər olub.
Hazırda Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Güclü, qüdrətli Azərbaycan quruculuğu davam edir. Qlobal proqramlar, irimiqyaslı layihələr, dövlət proqramları ən ümdə məqsədə -- Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına xidmət edir. Qarşıdakı perspektivlər onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti bundan sonra daha da artacaq, iqtisadiyyat sürətlə inkişaf edəcək, xalqımızın maddi-rifah halı daha da yaxşılaşacaqdır.
Mirbağır YAQUBZADƏ,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.