Qədim İpək Yolunun bərpası istiqamətində işlər sürətlə aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, bu layihələr xalqları, iqtisadiyyatları birləşdirir: “Müxtəlif nəqliyyat layihələrinin icrası əlbəttə ki, böyük vəsait tələb edir. Amma buna baxmayaraq, belə layihələrə vəsait ayırmalıyıq.
Onların içində, xüsusilə Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsi ilə qitələr birləşəcək, Azərbaycan tranzit ölkəsi kimi tanınacaqdır. Bu dəmir yolu bundan sonra yüzilliklər ərzində xalqlara xidmət edəcək. Bu böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir”.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.
Azərbaycan dövləti təkcə karbohidrogen ehtiyatı ixracının şaxələndirilməsi ilə vəzifəsini bitmiş hesab etmir. Digər mühüm vəzifə ölkə sahibkarlarının ixrac potensialının daha da artırılmasıdır. Bu vacib vəzifəni yerinə yetirmək üçün isə yeni nəqliyyat-kommunikasiya layihələri ləngimədən reallaşdırılmalıdır. Heç şübhəsiz, qədim İpək Yolu, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə yanaşı, bu ilin sonunadək istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, habelə Ələt qəsəbəsində tikilən Beynəlxalq Dəniz Ticarət Limanı ixracın genişləndirilməsinə mühüm töhfə olacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılan vəsaitlər hesabına son illər ərzində paytaxt Bakıda, eləcə də ölkənin regionlarında mühüm infrastruktur layihələri uğurla gerçəkləşdirilib. Nəqliyyat-yol kompleksində, həmçinin yol təsərrüfatında sistemli və davamlı tədbirlərin həyata keçirilməsi infrastrukturun tamamilə müasirləşdirilməsinə müsbət təsir göstərib. Elə bunun nəticəsidir ki, Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycan hazırda çox böyük tranzit imkanlarına malikdir. Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yollar məhz respublikamızdan keçdiyi üçün ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevrilir. Azərbaycanın bütün Avrasiya regionu üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilməsində ölkəmizin əlverişli coğrafi mövqeyi, burada zəruri nəqliyyat infrastrukturlarının mövcud olması mühüm rol oynayır.
Son illər Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən bir sıra irimiqyaslı infrastruktur layihələrinin - müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində ölkəmizin xarici iqtisadi əlaqələri genişlənib. Bakı-Tbilisi-Qars dəmiryol xətti Avropa və Asiya ölkələri arasında yük daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artıracaq. Yeri gəlmişkən, bu marşrut Asiya və Avropa ölkələrini birləşdirəcək ən qısa yoldur və onunla hər il 30 milyon ton yük daşınması gözlənilir.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, 2016-cı il aprelin 20-də Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, martın 1-də isə Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin tranzit potensialının inkişafı üçün bu gün Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin çox böyük əhəmiyyəti var. Son illər Xəzəryanı ölkələrdən tranzit yolla Avropa istiqamətində daşınan karbohidrogen xammalın beşdə dörd hissəsindən çoxu məhz bu dəhlizin payına düşür. Artıq ötən ilin avqustundan etibarən tarixi İpək Yolunun bərpası üzrə işlərə başlanılıb. Beynəlxalq Transxəzər nəqliyyat marşrutu ilə birinci sınaq konteyner qatarı Çindən Bakı limanına qədər 4768 kilometr (o cümlədən, dəmiryolu ilə 4258 kilometr və dəniz yolu ilə 510 kilometr) məsafə qət edib. Buradan isə Gürcüstan və Türkiyə ərazisi ilə Avropaya istiqamət götürüb.
Xatırladaq ki, bu il yanvar ayının 14-də Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna TRACECA dəhlizinin strateji tərkib hissəsi olan və ildə 15 milyon tondan çox yükdaşıma potensialına malik Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşımalar üçün rəqabətqabiliyyətli güzəştli tariflər müəyyən edilməsi barədə protokol imzalayıblar.
Mütəxəssislərin fikrincə, ölkəmizin Böyük İpək Yolu layihəsində iştirakı perspektivləri Azərbaycanın gələcəyi üçün mühüm önəm daşıyır. Yeni İpək Yolu iqtisadi xəttinin yaradılması ticarət, enerji, elm və texnologiya, informasiya, kənd təsərrüfatı, eyni zamanda, turizm sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Strateji ticarət marşrutu olan Yeni İpək Yoluna zəngin mədəni və tarixi dəyərləri, ənənələri olan ölkələrin ərazisindən keçən böyük turizm marşrutu kimi baxılmalıdır. Böyük İpək Yolunun bərpası magistral boyunca iqtisadi inteqrasiya və ticarətin liberallaşdırılmasını nəzərdə tutur. Bu proses ölkələr arasında iqtisadi və mədəni mübadiləni yüksək səviyyədə təmin edəcək, turizmin inkişafını sürətləndirəcək və asanlaşdıracaq.
İpək Yolunun inkişafı üzrə birgə iş həm də Azərbaycan və Çin iqtisadiyyatının inkişafı üçün əlavə imkanlar yaradacaq. Həm bu məqsədlə, həm də nəqliyyat və infrastruktur inkişafına xidmət edən birgə layihələrin reallaşdırılması naminə adları çəkilən ölkələrin müvafiq qurumları arasında əməkdaşlıq da təbii ki, genişlənəcək.
V. BAYRAMOV, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.