"Azərpoçt" MMC-nin poçt şəbəkəsində həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin təqdimatı olmuşdur

Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış "İnkişaf krediti haqqında" sazişə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Azərpoçt" MMC-nin poçt şəbəkəsində həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin icrası başa çatmışdır.
Bu münasibətlə dekabrın 1-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında pilot layihənin təqdimatı olmuşdur.
Əvvəlcə layihə ilə bağlı qısametrajlı film nümayiş etdirilmişdir.
Tədbirdə Baş nazirin müavini Abid Şərifov Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini söyləmiş, ölkədə neft kapitalının insan kapitalına çevrilməsinə nail olmaq üçün dövlət səviyyəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, layihə üzrə Dünya Bankı ilə imzalanmış saziş başa çatmış və Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziyaya əsasən poçt şöbələrində maliyyə xidmətlərinin göstərilməsinə başlanılmışdır. Görülmüş işlər nəticəsində "Azərpoçt" tərəfindən, ölkənin bütün ərazisini əhatə edən poçt şəbəkəsi vasitəsilə əhaliyə keyfiyyətli poçt-maliyyə xidmətlərinin göstərilməsi üçün tam şərait yaradılmışdır.
A.Şərifov RİTN tərəfindən həyata keçirilən digər irimiqyaslı tədbirlərdən, xüsusilə milli rabitə peykinin orbitə çıxarılması üzrə "Azərsat" layihəsinin reallaşdırılması, regional innovasiya zonasının, eləcə də Transmilli Avrasiya Super İnformasiya Magistralının yaradılmasına dair layihələrdən danışmış, görülən işlərin ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Azərpoçt" MMC-nin poçt şöbələrində maliyyə xidmətlərinin təqdim olunmasını bu sahənin yeni inkişaf mərhələsi kimi qiymətləndirmişdir. Ölkədə prioritet elan edilmiş informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə birgə poçt sektorunun da dinamik inkişaf yolunda olduğunu deyən Ə.Abbasov qeyd etmişdir ki, 2005-ci ildə start götürmüş layihə ucqar yaşayış yerləri əhalisinin informasiya sahəsinə çıxarılmasına imkan yaradacaqdır. Ölkənin demək olar ki, bütün poçt infrastrukturu yenidən qurulmuşdur. Ümumi dəyəri 17,75 milyon ABŞ dolları olan layihənin 12,25 milyon dolları Dünya Bankının, 5,5 milyon dolları isə RİTN-in hesabına maliyyələşdirilmişdir.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov demişdir ki, layihə maliyyə sektorunda rəqabəti genişləndirəcək, ölkədə maliyyə resurslarını iqtisadi dövriyyəyə cəlb etməyə imkan yaradacaqdır. Layihə çərçivəsində depozitlər qəbul etmək, mikrokreditləşmə və digər funksiyaları yerinə yetirmək imkanı əldə olunacaqdır.
Dünya Poçt İttifaqı Beynəlxalq bürosunun baş direktoru Eduard Dayan, Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Əsəd Ələm, Regional Rabitə Birliyinin baş direktoru Nuriddin Muxiddinov çıxış edərək layihənin region üçün əhəmiyyətini qeyd etmişlər. Bildirilmişdir ki, Azərbaycanın poçt sahəsindəki təcrübəsi bir nümunə kimi digər ölkələrdə də tətbiq oluna bilər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında