Prezident İlham ƏLİYEV: Bu gün qarşıda duran ən mühüm strateji məqsəd Azərbaycanı dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələri səviyyəsinə yüksəltməkdir

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və bundan əvvəl keçirilən müşavirələrdəki çıxışlarında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr hazırkı mürəkkəb xarici iqtisadi mühitdə ölkəmizin sosial-iqtisadi inkişafını təmin edəcək strateji inkişaf proqramıdır. Belə ki, dövlət başçısı qeyri-neft sektorunun inkişafı və ixracın strukturunda bu sahənin xüsusi çəkisinin artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişafı, xarici sərmayələrin cəlb edilməsi, torpaqlardan səmərəli istifadə olunması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, rayonlarda sənaye məhəllələrinin və aqroparkların yaradılması, istixanaların inşasının davam etdirilməsi, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası, yeni iş yerlərinin açılması, turizm sənayesinin yaradılması, inşaat materialları üzrə istehsalın genişlədirilməsi, nəqliyyat dəhlizləri üzrə işlərin davam etdirilməsi və s. tapşırıqlar verib.

Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, son illərdə qeyri-neft sənayesində müasir və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Ölkəmizdə sənayeləşmənin tempi yüksəlib, qeyri-neft sənayesinin şaxələndirilməsi sürətlənib. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi artıb, rəqabətqabiliyyətliyi yüksəlib.

Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur. Bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. İstehsalda yerli xammalın xüsusi çəkisinin artırılması istiqamətində sistemli tədbir görülür. Son dövrlərdə yaradılan tikinti materialları istehsalı sahələri - sement, gips əsaslı məhsullar, hörgü blokları, metal konstruksiyalar istehsalı, eləcə də elektrik avadanlıqları, elektrik kabelləri və iri qabaritli transformatorlar istehsalı daxili tələbatı tam ödəməklə yanaşı, xarici bazarlara ixrac etmək imkanı yaradır. Bu gün tikintisi həyata keçirilən polimer, əhəng istehsalı və fasad məmulatları müəssisələri bu sahələrdə də özünü təminat səviyyəsini yüksəldəcək.

Azərbaycan Prezidentinin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqların icrası da uğurla gerçəkləşdirilir. Pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, bu sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır.

Son illərdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilib. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb. Bu məqsədlə fermerlərə 60 milyon manatdan çox güzəştli kredit verilib. Bu təsərrüfatlarda müasir suvarma sistemləri qurulub. Hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda mövcud aqroparkların infrastukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda, yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib.

Ölkə sənayesində və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinə də mühüm önəm verilir. Bu ilin birinci yarısında İqtisadiyyat Nazirliyinin ­Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sənayenin və aqrar sektorun inkişafına güzəştli kreditlərin verilməsinə, sahibkarların maarifləndirilməsinə dair işgüzar forumların keçirilməsi davam etdirilib. Bu dövrdə 1252 sahibkara 73,2 milyon manat dövlətin güzəştli krediti verilib, 3 min 200-dək yeni iş yerinin açılması imkanı yaradılıb. Verilən kreditlərin 56,8 milyon manatını və ya 77,6 faizini qaytarılmış vəsaitlər təşkil edir. Ümumiyyətlə, cari ildə sahibkarlara böyük hissəsi geri qaytarılan vəsaitlər olmaqla 250 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Sahibkarlıq sahəsində aparılan yoxlamalar ötən il noyabr ayının 1-dən 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, indiyə kimi verilən və qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunub (yeni verilən lisenziyalar müddətsiz verilir), lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılıb, sahibkarlara olan qayğının nəticəsi olaraq dövlət başçısının 21 aprel 2016-cı il tarixli sərəncamı ilə 25 aprel tarixi "Sahibkarlar günü" elan edilib.

Hər bir cəmiyyətin iqtisadi inkişafının səmərəlilik əmsalı onun aparılan sosial siyasətə və əhalinin həyat səviyyəsinə real təsiri, ümummilli məhsul artımının hər bir cəmiyyət üzvünün rifahında təcəssümünü tapması prinsipləri əsasında qiymətləndirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru da iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. Cənab Prezident çıxışlarının birində vurğuladığı kimi, bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir: "Bu, doğrudan da böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir".

Xatırladaq ki, 2004-cü ildən indiyədək iqtisadi artıma 3,4 dəfə nail olunub.Bu dövrdə ən sürətlə inkişaf edən ölkələrdən biri kimi Azərbaycanda əhalinin maddi təminat və rifah göstəriciləri də mütəmadi yüksəlib. 2003-cü illə müqayisədə ötən dövrdə əhalinin gəlirləri 7 dəfəyə yaxın, adambaşına gəlirlər isə 6 dəfəyə yaxın artıb.

Milli iqtisadiyyatın mühüm bir sahəsi olan neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalmasına baxmayaraq, ölkə rəhbərinin sosialyönümlü inkişaf kursunun nəticəsi kimi, Azərbaycanda sosial sahəyə yönələn vəsaitlərin həcmi nəinki azaldılmır, hətta artırılır. Belə ki, əgər 2015-ci ilin dövlət büdcəsində bu sahə üzrə xərclər büdcənin 27,6 faizi qədər idisə, bu il 36,1 faiz təşkil edəcəyi gözlənilir.

Azərbaycanda 2004-cü ildən başlayaraq regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında nəzərdə tutulan müddəaların uğurla yerinə yetirilməsi nəticəsində bölgələrdə kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilib, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olub. Görülən işlərin nəticəsi olaraq, ölkəmizdə yoxsulluq səviyyəsi 4,9 faizə, işsizlik səviyyəsi 5 faizədək enib.

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 iyul 2016-cı il tarixinə qədər olan dövr ərzində ümumilikdə 336,3 min olmaqla 269,4 min daimi iş yerləri yaradılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin birinci yarım ili ərzində isə ölkədə 93,1 min yeni, o cümlədən 73,1 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 63,7 faizi qeyri-dövlət sektorunda açılıb.

Cari ilin yanvar-iyun aylarında ölkədə 4 min 362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb. Onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yeni müəssisə və təşkilatların 63,1 faizi Bakıda, 11 faizi Aran, 7,7 faizi Abşeron, 4,7 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax, 3,9 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçiblər.

Hazırda dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu davam edir. Bunu ölkə iqtisadiyyatına investisiya yatıran xarici ölkələrin fəaliyyətinə qısa nəzər salmaqla aydın görə bilərik. Belə ki, bu ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 257,4 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 3 milyard 769,2 milyon manatı (88,5 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Azərbaycanın makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması qarşıda mühüm vəzifə kimi durur. Bütün bu qeyd edilənlərin gerçəkləşdirilməsi məqsədilə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında 15 iyul 2016-cı il tarixli fərman imzalayıb. Dövlət başçısının adıçəkilən fərmanında ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində bir sıra mühüm nailiyyətlər əldə edildiyi öz ifadəsini tapıb.

Sənəddə vurğulanır ki, aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub, ölkəmizin beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənib, iqtisadi inkişafın davamlılığı təmin olunub. Bununla belə son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda təzahür edən proseslər, neft gəlirlərinin kəskin azalması, eyni zamanda, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən iqtisadi proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq, mövcud qlobal iqtisadi böhranın Azərbaycana təsirini minimuma endirmək məqsədi ilə ölkədə müəyyənləşdirilən iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas prioritet vəzifələrdir.

Ölkə rəhbəri çıxışlarının birində qeyd edib ki, bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur: "Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq".

"Bununla bərabər, hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahat və sosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq", - deyə ölkə başçısı vurğulayıb.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır və bu sahədə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı strateji əhəmiyyət daşıyır. "Cənub" Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir və bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilib.

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrinin güclənməsinə son zamanlar iqtisadiyyatda aparılan islahatlar çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması, gömrük prosedurlarının sadələşdirilməsi, Apelyasiya Şuralarının yaradılması, maliyyə bazarlarına nəzarətin gücləndirilməsi, tranzit daşımaları üzrə Koordinasiya Şurasının yaradılması və "ASAN xidmət"in Azərbaycan brendinə çevrilməsidir.

Dövlət başçımız bir müddət bundan əvvəl Avropanın "Neurope.eu" informasiya portalına müsahibəsində vurğulayıb ki, bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. "Azərbaycan Respublikası regionlarının ­2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında