Zərdabda pambıq yığımı başlandı

Amma yığılan və bol olan təkcə pambıq deyil...

Bəyimli qəsəbəsinə gəlməyimiz təsadüfi deyildi. Rayon icra hakimiyyətində dedilər ki, pambıq yığımına ilk dəfə bu qəsəbənin fermerləri başlayıblar. Sözün düzü, xəbər bizdə xoş bir maraq və bir qədər də təəccüb doğurdu. Axı, indi avqust ayının 16-dır. Çox yerdə hələ becərmə işləri aparılır. Ötən illərdən yaxşı xatırlayırıq ki, əvvəllər pambıq yığımı avqust ayının axırlarında, sentyabr ayının əvəllərində başlanırdı.

Fermer Namiq İsmayılov bu təəccüb və marağımızı dərhal hiss etmişdi deyə, gülə-gülə qolumuzdan tutub bizi durna qatarı kimi cərgələnən pambıq kollarının yanına gətirdi:

– Haqlısınız, həqiqətən qabaqlar yığıma avqustun axırlarında başlayırdıq. İndi isə gördüyünüz kimi, yığıma ən azı 10-15 gün tez başlamışıq. Səbəb isə çox sadədir: Əvvəla, biz bu il yeni, daha tez yetişən və məhsuldar sortlar əkmişik. Digər tərəfdən, səpini vaxtında aparmışıq, aqrotexniki qulluq, ziyanvericilərə qarşı mübarizə tədbirləri gecikdirilməyib. Nəticə isə, necə deyərlər, göz qabağındadır.

Biz pambıq sahələrinə günün sonuna yaxın gəlmişdik. Dolu bardanlar diqqətimizi cəlb etdi. Məlum oldu ki, elə pambıqçılar var ki, ilk yığım günü  50-60 kiloqram məhsul toplayıblar. Namiq İsmayılov söhbət əsnasında onu da bildirdi ki, uzun illərdən sonra ilk dəfədir bu sahələrdə pambıq əkib:

– Bizim camaatda pambıqçılığa böyük həvəs və maraq var. Ancaq təəssüf ki, uzun illər bu qiymətli bitki əkilmədi, yaddan çıxdı, gözdən düşdü. Daha doğrusu, minbir zəhmətlə yetişdirdiyimiz məhsul əlimizdə qaldı, alan olmadı. Bu ildən isə pambıqçılığa münasibət kökündən dəyişdi. Bizə də qol-qanad verən elə bu oldu. Hələlik 30 hektarda pambıq əkmişik. Sağlıq olsun, gələn il bu sahələri ən azı 2-3 dəfə artırmağı qərara almışıq. Bu gün pambıq əkinini bərpa edən biz fermerlər  bu gəlirli ənənəvi sahəni bərpa etdiyinə görə ilk növbədə ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

Pambıq yığımına ilk başlayan fermerlərdən biri də Dəli Quşçu kəndində Valeh Hüseynovdur. O, sevincini gizlədə bilmir:

– Sahələrdəki məhsula baxanda, adama elə gəlir ki, torpaq da bu qiymətli məhsul üçün darıxıbmış. Ona görə də səxavətini əsirgəmədi, bol məhsul yetişdi. Pambıq həm bol qazanc, həm də məşğulluq deməkdir. Digər tərəfdən, biz pambığın dilini, necə deyərlər, yaxşı  bilirik. Əvvəllər, gördüyünüz bax, bu çöllərin hamısında pambıq əkilirdi. O illərlə müqayisədə indi hələ ki, az əkmişik. Ancaq indidən onlarla kənd sakini bizimlə birləşməyi, pambıq əkini sahələrini genişləndirməyi qərara alıb.

Biz Bəyimli qəsəbəsində Fikrət İsmayılovun, Yarməmmədbağı kəndində Harun Kərimovun, Qoşaoba kəndində Elxan Məmmədovun, Körpükənddə Möhübbət Osmanovun başçılıq etdiyi fermer təsərrüfatlarını da gəzdik. Hər yerdə bol pambıq məhsulunun yetişdirildiyinin şahidi olduq. Bu işə stimul verən əsas səbəblərdən biri də hazır məhsulun alıcılarının qabaqcadan bəlli olmasıdır. Fermerlərdən öyrəndik ki, Zərdab fermerləri "Ağcabədi CTZ Aqro" MMC, Ucar MKT və "Zərdab" ATCS-lə müqavilə bağlayırlar.

Pambıqçılığın inkişaf etdirilməsi istiqamətində ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda konkret tədbirlər həyata keçirilmiş, nəticədə cari ildə 874 hektar sahədə bol məhsul yetişdirilmişdir. Havaların əlverişsiz keçməsi belə, Zərdab rayonunun kənd əməkçilərinə bol məhsul yetişdirməyə mane ola bilməyib.    2016-cı ilin məhsulu üçün 17 min 7 hektar sahədə payızlıq taxıl əkilmiş və vaxtında lazımı aqrotexniki tədbirlər həyata keçirilmişdir. Taxıl biçini uğurla başa çatdırılmış, 6342 hektar sahədən 18 min 80 ton arpa,  10 min 665 hektar sahədən isə 3 min 401 ton buğda istehsal olunmuş, ümumilikdə rayon üzrə 52 min 101 ton taxıl istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 30,6 sentner olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən məhsul istehsalı 2 min 251 ton artmışdır. Taxılçılıq üzrə 3 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. 2016-cı ilin məhsulu üçün 259,0 hektar sahəyə toxum səpilmişdir ki, bunun 88 hektarı arpa, 171 hektarı isə buğdadır. 780 ton toxumluq taxıl istehsal olunmuş, hər hektardan məhsuldarlıq 30,1 sentner olmuşdur.

Ümümiyyətlə, 195,1 hektar sahədən 3 min 685 ton kartof, 154 hektar sahədən 1696 ton tərəvəz yığılmış, 231,2 hektarda bostan bitkiləri, 454 hektarda qarğıdalı, 70,5 hektarda çəltik, 31 hektarda günəbaxan əkilmişdir. Rayonun tarixində ilk dəfə olaraq 0,5 hektar ərazidə Abşeron zəfəranı yetişdirilmiş, 20 hektar sahədə nar bağı salınmışdır.

Rayonda iribuynuzlu mal-qaranın sayı 54 min 520 başa, qoyun-keçilərin sayı 113 min 279 başa çatmışdır. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 236 və 488 baş çoxdur.

Mal-qaranın qaba yemə olan tələbatını ödəmək məqsədilə 1136,6 hektar sahədə təzə yonca əkilmiş, ümumilikdə 18 min 98 hektar yonca sahəsindən 80 min 100 ton qaba yem tədarük olunmuşdur.

Rayonda suvarma işini daha da yaxşılaşdırmaq və məhsul istehsalçılarının  suvarma suyuna olan tələbatını ödəmək üçün xeyli iş görülmüşdür. Az bir vaxtda 23 nasos, 4 elektrik mühərriki əsaslı təmir olunmuş, 353,3 kilometr uzunluğunda suvarma kanalı lildən təmizlənmiş, 39 hidrotexniki qurğu, 2 mülki istehsal binası cari təmir olunmuş, 17 min 7 hektar taxıl sahəsi, 18 min 98 hektar yonca  sahəsi, 1168 hektar çoxillik əkmələr, 154 hektar tərəvəz sahəsi, 1932 hektar həyətyanı sahə suvarılmışdır.

Azərbaycan Respublikası və Dünya Bankının vəsaiti hesabına həyata keçirilən Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək layihəsi çərçivəsində 3 min 229 hektarı əhatə edən suvarma və drenaj kanallarının bərpası işlərinə başlanılmışdır. Əkinlərin suvarılmasında fasilələrin yaranmaması üçün alternativ suötürücü kanal qazılmışdır. 33 kilometr uzunluğunda suvarma kanalında lildən təmizləmə işləri görülmüş, 105 hidrotexniki qurğu təmir olunmuş və kollektor-drenaj şəbəkəsi təmizlənmişdir.

 "Aqrolizinq" ASC-nin Ucar Regional nümayəndəliyinin Zərdab Rayon bölməsi tərəfindən torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 4 min 747 ton azot, 430 litr amin duzu, 50 ton fosfor gübrəsi və s. satılmış, 3 taxılbiçən kombayn alınmışdır. İpəkçiliyin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti ­İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində də xeyli iş görülmüşdür. Rayon üçün 20 qutu nəzərdə tutulduğu halda, 150 qutu inkubasiya olunmuş barama qurdu toxumu kümçülərə paylanmış, normal bəsləmə aparılmış, nəticədə 5 min 710 hektar barama yığılaraq "Şəki-İpək" ASC-yə təhvil verilmişdir. Mövsümü işlərdə 225 rayon sakini çalışmışdır.

Bütün bu sadalaqdıqlarımız, əlbəttə, hələ son hədd deyil. Tarlalarda, bağ-bostan sahələrində məhsul çoxdur. Heç şübhəsiz, zərdablı fermerlər, kənd adamları ilin sonuna kimi kənd təsərrüfatı məhsulları sahəsində öz göstəricilərini daha da artıracaqlar. Pambıqçıların ilk günlərdən götürdükləri sürət bunu bir daha sübut edir. Zərdab son illər bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı məhsulları istehsalı sahəsində də yüksək nəticələr əldə etmək haqqında qarşıya qoyduğu mərama əməl etməkdə iddialıdır. Çünki ölkə Prezidenti İlham Əliyevin strateji sahə olan taxılçılığın, pambıqçılığın, baramaçılığın daha da inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, imzaladığı fərman və sərəncamlar, qarşıya qoyduğu konkret vəzifələr onları daha da həvəsləndirmiş, əlavə güc və stimul vermiş, daha yüksək nəticələr qazanmağa ruhlandırmışdır.

Ziyəddin Sultanov,
 "Xalq qəzeti"nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında