Bu gün Azərbaycan dünyada nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi tanınır. Davamlı inkişaf nəticəsində respublikamız Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib və buna görə də bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir ki, bunun da hesabına respublikamızın beynəlxalq nüfuzu, habelə təsir imkanları əhəmiyyətli dərəcədə artıb.
Azərbaycanın müstəqillik tarixində təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və son 13 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edib.
Bütövlükdə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji amil rolunu oynayır. Eyni zamanda, mütəmadi surətdə reallaşdırılan islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir.
Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə, milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin həyata keçirilməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent kimi mühüm önəm daşıyır.
"Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli sərəncamı da yuxarıda qeyd edilən fikrin bariz ifadəsidir. Həmin sərəncama əsasən, azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, ölkəmizin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasıdır.
Adıçəkilən sərəncama uyğun olaraq, hazırda Ələtdə azad ticarət rejimli xüsusi iqtisadi zonanın təşkili istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, müvafiq sərəncamla Bakı Limanının dünyanın məşhur liman mərkəzlərindən birinə çevrilməsinin hüquqi əsası qoyulub, bu işə təkan verilib. Zonanın gələn ildən tam fəaliyyət göstərəcəyi gözlənilir. Bununla da Ələtdəki azad ticarət zonası tipli xüsusi iqtisadi zona dünyanın Dubay, Honkonq, Şanxay, Sinqapur kimi nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcəkdir.
Limanın sahəsi 400 hektardır və bu ərazinin 100-115 hektarında azad iqtisadi zona yaradılacaq. Əgər bu zonanın yaradılmasında 100-115 hektar ərazi kifayət etməzsə, o zaman Bakı Limanının sahəsi genişləndiriləcək.
Artıq Ələtdəki Yeni Bakı Limanında azad ticarət zonasının (ATZ) yaradılması ilə bağlı işçi qrupunun ilk iclası keçirilib. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, iclasda xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, Ələt qəsəbəsində azad ticarət zonasının yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri, habelə onların xüsusiyyətləri ilə bağlı təkliflərin hazırlanmasi istiqamətində aparılan işlər müzakirə olunub.
İclasda həmçinin, diqqətə çatdırılıb ki, ATZ-nin planlaşdırılması və idarə olunması sahəsində ixtisaslaşan xarici şirkətlə danışıqlar aparılıb və yaxın zamanlarda həmin şirkət azad ticarət zonasının yaradılmasına cəlb olunacaq. Bununla yanaşı, xatırladılıb ki, Ələt qəsəbəsində ATZ-nin yaradılması ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamından irəli gələn tapşırıqların icra olunması Yeni Bakı Limanının Avrasiya məkanında nəqliyyat və logistika mərkəzinə çevirilməsini təmin edəcəkdir. Hazırda işçi qrupuna daxil olan 10-dan çox nazirlik, komitə, agentlik və cəmiyyət rəsmiləri bu prosesin səmərəli qurulması üçün öz töhfələrini verirlər.
Onu da qeyd edək ki, Yeni Bakı Limanında ATZ-nin yaradılması ilə nəqliyyat və logistika infrastrukturunun, neft-kimya və əczaçılıq sahələrinin qurulması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. işlərin həyata keçirilməsi planlaşdırılır. ATZ ilə bağlı qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi də nəzərdə tutulub.
Mütəxəssislərin fikrincə, ATZ-nin yaradılması bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızda qeyri-neft sektorunun inkişafı, ölkəmizi Avrasiya regionunda nəqliyyat və logistika mərkəzinə çevirmək siyasətinin mühüm hissəsidir.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələri kimi, nəqliyyat sektoru da dinamik inkişaf edir. Bakı Limanının yenidən qurulması Azərbaycanın müasir tarixinin əlamətdar hadisələrindən biridir. Limanın gələcək inkişaf konsepsiyası bu qurumun nəqliyyat və logistika mərkəzinə çevirilmək siyasətinin dolğunluğunu, iqtisadi-siyasi, sosial və praktiki əhəmiyyətini, faydalılığını bir daha sübut edəcək.
Azərbaycan dövləti tərəfindən son illər ərzində nəqliyyat infrastrukturuna, tranzit potensialına xüsusi diqqət ayrılıb. Bu sahələrə böyük investisiyalar yatırılıb. Avtomobil, hava, dəmir yolları, gəmiçilik, bir sözlə, adı çəkilən liman da daxil olmaqla bütün infrastrukturların beynəlxalq səviyyəyə çatması üçün addımlar atılıb. İndi isə azad ticarət zonası tipli xüsusi iqtisadi zona yaradılır və tezliklə gücləndirilmiş iş rejimində bu zona da Azərbaycanın brendinə çevriləcək.
Mütəxəssislərin fikrincə, Azərbaycanda iqtisadi zonaların təşkili haqqında qanun çoxdan qəbul edilsə də, bu, respublikada formalaşdırılacaq ilk iqtisadi zona olacaq. Bu zonanın Ələtdə yaradılmasının əhəmiyyəti ondan ibarətdir ki, adıçəkilən qəsəbədə liman var. Eyni zamanda, iqtisadi zonalar üçün ən vacib amil xarici dövlətlərə çıxış imkanıdır. Yeni layihəyə əsasən, Azərbaycan xarici dövlətlərə çıxış imkanı qazanacaq. Bu, çox yaxın gələcəkdə ölkədəki iqtisadi inkişafa öz töhfəsini verəcək. Liman vasitəsilə yükdaşımalar kəskin artacaq, yeni istehsal sahələri və iş yerləri açılacaq.
İqtisadçı alim Vüqar Bayramov bildirdi ki, yeni yaradılacaq iqtisadi zona daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət edir. İnvestisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulub. Belə bir iqtisadi zonanın yaradılmasının üstünlüyü ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq. Son dövrlər Azərbaycan ərazisində malların Avropadan və Türkiyədən Asiyaya aparılmasına olan marağın artmasını nəzərə alaraq yeni iqtisadi zonanın yaradılması Azərbaycanın imkanlarını genişləndirəcək. Yeni iqtisadi zona, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq. Bu addım, eləcə də məşğulluğun inkişafına müsbət təsir göstərəcək. Çünki yeni investisiyaların cəlb olunması yeni iş yerlərinin yaranması deməkdir.
V.Bayramovun sözlərinə görə, sözügedən zona digər sektorlarda da aktivliyin artmasına münbit şərait yaradacaq. İnvestisiya qoyuluşundan sonra yerli xammala ehtiyac yaranacaq. Bundan başqa, yeni iqtisadi zona imkan verəcək ki, iqtisadçı kadrların işlə təmin olunması həyata keçirilsin. Bu baxımdan yanaşsaq, azad iqtisadi zona ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına geniş imkan yaradacaq. Bu da sözsüz ki, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması cəhətdən çox vacibdir.
Sonda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda tranzit imkanlarının genişləndirilməsi məqsədilə aparılan koordinasiya işlərinin, tranzit yükdaşımaları üçün yaradılan əlverişli şəraitin nəticəsi olaraq, cari ilin birinci yarısında ölkə ərazisindən keçən yük avtomobillərinin sayı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.