Son illər ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində elektrik stansiyalarının müxtəlif bölgələrdə inşa edilməsi enerjisistemin səmərəlilik göstəricilərinin yüksəldilməsinə, eləcə də regionların sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Eyni zamanda, yeni generasiya güclərinin istifadəyə verilməsi daxili tələbatı tam ödəməklə yanaşı, qonşu dövlətlərə də elektrik enerjisi ixrac etməyə imkan verir.
Hazırda Azərbaycanda istehsal edilən elektrik enerjisinin 95 faizdən artıq hissəsi istilik elektrik stansiyalarının, qalan hissəsi isə su elektrik stansiyalarının payına düşür. Yeri gəlmişkən, son illər dünya ölkələrinin xüsusi diqqət yetirdikləri alternativ və bərpa olunan enerji mənbələri arasında su elektrik stansiyaları mühüm yer tutur. Alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən su elektrik stansiyalarından alınan elektrik enejisi ekoloji cəhətdən təmiz və sərfəli olduğundan bu məsələ bütün dünyanın diqqət mərkəzindədir. Bütövlükdə isə bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması, yerli əhalinin məşğulluq strategiyasının həyata keçirilməsi baxımından xüsusilə aktualdır.
Ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi, ilk növbədə, hidroenergetikanın inkişafı, o cümlədən kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir. Təsadüfi deyil ki, avqustun 10-da “İsmayıllı-2” su elektrik stansiyasının açılışında iştirak edən dövlətimizin başçısı İlham Əliyev demişdir: “...Bu gün İsmayıllıda ikinci su elektrik stansiyasının açılışını etdik. Bu iki stansiyanın istehsal etdiyi enerji İsmayıllı rayonunun tələbatının 45-50 faizini ödəyir. Bu, artıq gözəl bir göstəricidir. Tələbatın yarısı alternativ, özü də ucuz enerji hesabına təmin edilir. Mənə məlumat verildi ki, yeni su elektrik stansiyasının tikintisi də nəzərdə tutula bilər. O daha böyük həcmdədir – 10 meqavat. İndi mən demişəm ki, texniki-iqtisadi əsaslandırma hazırlansın. Əgər bu məsələ həll olunarsa, onda İsmayıllı rayonu elektrik enerjisini başqa rayonlara – Qəbələyə, Şamaxıya ötürəcək. Bu da enerji təhlükəsizliyimizi təmin edəcək”.
Artıq “Azərenerji” ASC tərəfindən dövlət başçısının bu göstərişinə əsasən, müvafiq tədbirlərin icrasına başlanıb. Bu məqsədlə mühəndis axtarış işlərinin ilkin nəticəsinə uyğun olaraq həmin su elektrik stansiyasının tikiləcəyi yer müəyyən edilib. Hazırda stansiyanın texniki-iqtisadi əsaslandırılması, layihələndirmə və digər prosedurlarla bağlı işlərə start verilmişdir.
Bu barədə məlumat verən “Azərenerji” ASC-nin mətbuat xidməti onu da bildirir ki, ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində müstəqilliyimiz dövründə istifadəyə verilmiş alternativ və bərpa olunan enerji mənbələrindən biri də ümumi gücü 3,2 meqavat olan “İsmayıllı” kiçik su elektrik stansiyasıdır. Bu tipli su elektrik stansiyaları bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılması ilə yanaşı, yeni iş yerlərinin yaradılmasına da imkan verir. Eyni zamanda, həmin stansiyaların yerləşdiyi rayonun enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində də özünəməxsus rolu böyükdür.
Xatırladaq ki, ümumi layihə gücü 1,6 meqavat olan “İsmayıllı-2” su elektrik stansiyasının əsas komponentləri suqəbuledici, hər birinin uzunluğu 2115 metr, diametri 800 millimetr olan üç boru, stansiyanın binası, nəzarət, mühafizə, idarəetmə və uçot sistemləri, ümumi layihə gücü 1,6 meqavatlıq üç hidroturbin və üç hidrogenerator, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərindən ibarətdir. “İsmayıllı-1” su elektrik stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su “İsmayıllı-2” su elektrik stansiyasına daxil olacaq. Beləliklə, İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.
Yeri gəlmişkən, “Azərenerji” ASC tərəfindən kiçik çaylarda su elektrik stansiyalarının tikintisi davam etdirilir. Artıq “Balakən-1” kiçik su elektrik stansiyaları istismara tam hazırdır və bu stansiyalarda test rejimində elektrik enerjisi istehsal edilir. “Astara-1” və “Oğuz” su elektrik stansiyalarının tikintisi isə başa çatmaq üzrədir.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.