Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Xəzərin Azərbaycan sektorunda işlədiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, neft və qaz hasilatının sabit saxlanması istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu məqsədlə əməyin mühafizəsinin və təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün yeni hidrotexniki qurğular, sosial obyektlər tikilir, mövcud infrastruktur əsaslı şəkildə təmir olunur. Bundan əlavə, estakadalarda, eləcə də qurudakı mədənlərdə yol infrastrukturunun yaxşılaşdırılması işləri prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlanılır.
Cari ilin ötən dövründə SOCAR-ın "Azneft" İstehsalat Birliyi tərəfindən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi "Səngəçal-Dəniz-Xərə-Zirə" yatağında yerləşən estakadayanı meydançalarda əsaslı təmir işləri həyata keçirilib. Birliyin sifarişi əsasında 247 saylı estakadayanı meydançada 46 ədəd möhkəmləndirici svay vurulub, 4 ədəd metal lövhə quraşdırılıb, meydançanın 660 kvadratmetrlik hissəsi əsaslı təmir edilib. 447 saylı estakadayanı meydançada aparılan təmir işləri çərçivəsində 40 ədəd möhkəmləndirici svay vurulub və 4 metal lövhə quraşdırılıb. Meydançanın 840 kvadratmetrlik hissəsi əsaslı təmir edilib. 620 və 694 saylı estakadayanı meydançalarda isə ümumilikdə 105 ədəd möhkəmləndirici svay vurulub, 10 metal lövhə quraşdırılıb, 1320 kvadratmetrlik hissə isə əsaslı təmir edilib. Təmir işlərindən sonra estakadayanı meydançalar Dövlət Qəbulu Komissiyası tərəfindən istismara qəbul edilib.
Bu ilin altı ayını "Azneft" İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi üçün də uğurlu hesab etmək olar. Belə ki, ilin əvvəlindən idarənin xidməti sahələrinin, tikililərin və binaların əsaslı təmiri istiqamətində kompleks tədbirlər həyata keçirilib. İdarənin 1 saylı neft-qazçıxarma sexinin Qala sahəsindəki neft yığımı məntəqəsində iki ədəd 60 kubmetrlik çən əsaslı şəkildə təmir olunub, burada armatur karkas qurulub, beton tökülüb. Hazırda Qala sahəsindəki neft yığımı məntəqəsində daha iki ədəd 150 kubmetrlik neft çəninin təmiri davam etdirilir. Bu məqsədlə siyirtmələr quraşdırılıb, boru xətləri və klapanların quraşdırılması işi isə başa çatmaq üzrədir. İdarənin Qala sahəsində yerləşən mərkəzi anbar binasının və Buzovna sahəsində yerləşən 491 saylı yarımstansiyanın dam örtüyü də əsaslı şəkildə təmir olunaraq istismara verilib.
Ötən ilin dekabr ayında baş vermiş təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə əsaslı təmir-bərpa işləri sürətlə davam etdirilib. Artıq sözügedən özüldə neft və qaz hasilatı bərpa edilib. Bu yaxınlarda özüldə daha bir quyu əsaslı təmirdən sonra istismara verilib. Xatırladaq ki, Fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verən 160 saylı quyu 2950-2909 metr intervaldan sutkalıq 99 ton neft və 11500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Yeni quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Bu arada, "Azneft" İstehsalat Birliyində 2016-cı ilin birinci yarısı üzrə göstəriciləri və qarşıda duran vəzifələri müzakirə etmək, eləcə də istehsalat sahələrində görülmüş işlərlə yaxından tanış olmaq məqsədilə neft və qazçıxarma idarələrində səyyar müşavirələrə start verilib. Birliyin rəhbərliyinin iştirakı ilə "28 May", "Neft Daşları" və N.Nərimanov adına neft və qazçıxarma idarələrində keçirilən müşavirələr zamanı hasilat sahəsində əldə olunmuş nailiyyətlər barədə geniş hesabatlar verilib, əsas texniki-iqtisadi göstəricilər, yataqların cari vəziyyəti, həyata keçirilən qazma əməliyyatları, əməyin mühafizəsi, yeni texnika və texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi, gənc kadrların yetişdirilməsi sahələrində görülmüş işlərdən bəhs edilib.
"28 May" NQÇİ-də keçirilmiş müşavirədə ölkə üzrə neft və qaz hasilatında ən böyük paya sahib olan bu idarə üzrə görülən işlərdən danışılıb, istismara verilmiş qaz-kompressor stansiyalarından səmərəli istifadə olunmasının əhəmiyyəti qeyd edilib, quyu fondu üzərində daha ətraflı tədqiqat işlərinin aparılması, eləcə də "Günəşli" yatağında uzun müddət istismar olunan obyektlərdə növbəli şəkildə əsaslı təmir aparılması qərara alınıb. Qeyd olunub ki, ilin sonuna kimi "Günəşli" yatağında 7, "Çilov" yatağında isə 4 quyunun qazılaraq istismara verilməsi nəzərdə tutulub. Cari ilin ötən dövründə fəaliyyətsiz fonddan 3 quyu yenidən istismara qaytarılıb, 6 yeni obyekt tikilərək istifadəyə verilib. Hazırda isə 17 obyektdə tikinti işləri davam etdirilir.
Neft Daşları NQÇİ-də keçirilmiş müşavirədə idarə üzrə cari ilin ötən dövründə görülmüş işlər, əldə olunmuş nailiyyətlərin hesabatı verilib, tətbiq olunan yeni texnika və texnologiyaların istifadəsi nəticəsində alınmış səmərə ətraflı müzakirə edilib. Bildirilib ki, son beş il ərzində "Neft Daşları" yatağında quyu fondunun 1/3 hissəsi yenilənib. Bütövlükdə isə cari ilin əvvəlindən idarə üzrə 713 metr estakada, 2663 kvadratmetr meydança sahəsi təmir olunub, qazma işlərinin intensivləşdirilməsi nəticəsində 9 yeni quyu istismara təhvil verilib. Müşavirədə hasilat tempinin düşməsinə imkan vermədən hidrotexniki qurğuların mərhələli şəkildə əsaslı təmir olunması və bunun üçün qabaqlayıcı tədbirlər planının hazırlanması barədə tapşırıqlar verilib.
N.Nərimanov adına NQÇİ-də keçirilən müşavirədə isə 2016-cı ilin altı ayının hesabatı dinlənilib, nəzərdə tutulmuş proqnoz tapşırığının 101 faiz yerinə yetirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, son bir neçə ildə idarənin istismar etdiyi 19 özül əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib. Təkcə bu ilin altı ayında idarə üzrə 5 yeni obyekt istismara daxil edilib, ilin sonuna kimi isə daha 7 obyektin neftçilərə təhvil veriləcəyi nəzərdə tutulub. Müşavirədə, həmçinin quyu fondunun yenidən təhlil edilməsinin, təmirlərarası müddətlərin azaldılması barədə səylər göstərilməsinin, eləcə də xərclərin optimallaşdırılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, birlik üzrə əsas texniki-iqtisadi göstəricilərin yerinə yetirilməsinə baxmayaraq, məhsuldarlığın artırılması istiqamətində böyük potensialın olduğu, bunun üçün qarşıda daha böyük vəzifələrin dayandığı bildirilib.
Yaxın günlərdə isə silsilə müşavirələrin qrafikə uyğun olaraq digər idarələrdə də keçirilməsi nəzərdə tutulur.
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.