Prezident İlham Əliyev: Heç bir böhran, dünyada baş verən heç bir hadisə Azərbaycana təsir edə bilməz

 

Son illərdə ölkəmizin gələcək inkişaf dinamikasını müəyyənləşdirən qeyri-neft sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən texnoparkların, sənaye məhəllələrinin qurulması, ixrac yönümlü sənaye məhsulları istehsalının genişləndirilməsi, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaradılması diqqətdə saxlanılıb. Bütün bunlar isə şübhəsiz ki, Azərbaycanın gələcək inkişafını sürətləndirəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və iqtisadiyyatın dayanıqlı şəkildə inkişafını müəyyən edəcək.

 

Ölkəmizdə qeyri-neft sənayesinin sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərib. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxan, özünü doğruldan bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Son illərdə yerlərdə rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bölgələrdə sənayenin inkişafına xüsusi önəm verilməsində əsas məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal edilən  məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda, xammal və yarımfabrikat ixracatını mümkün qədər azaltmaq, hazır məhsul istehsalına üstünlük verməkdir.  

Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin bölgələrdə həyata keçirdiyi  tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar.

Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin reallaşdırılması siyasəti  ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın  uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırıb. 

Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş qeyri-neft sektorunun inkişafı strategiyasının düzgünlüyü ötən 13 ildə öz bariz təsdiqini tapıb, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib,   əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artıb. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən strategiyanın real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Azərbaycanın dövlət siyasətinin sosialyönümlülüyü görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər boyu təmir olunmadığına görə yararsız vəziyyətə düşmüş kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. İndi ölkənin demək olar ki, əksər regionlarında kənd yollarının təmiri və yenidən qurulması prosesi davam edir.

Prezident İlham Əliyevin müəllifi olduğu regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olub, bütün regionlarda quruculuq işləri geniş vüsət alıb, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşların bu strategiyanın nəticələrinin öz gündəlik həyatında hiss etməsinə səbəb olub. Bu, dövlət başçımızın bu günlərdə Qəbələ və İsmayıllı rayonlarına səfəri zamanı bir sıra mühüm sosial obyektlərin açılışında özünü qabarıq büruzə verdi. Ölkə rəhbərinin adı çəkilən rayonlara səfəri bölgələrimizin davamlı inkişafını və sosial-iqtisadi layihələrin uğurla icra edildiyini bir daha təsdiqlədi. Ölkə rəhbəri səfər çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak etdi. "ASAN xidmət" mərkəzinin fəaliyyətindən Qəbələ də daxil olmaqla Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları ərazisində qeydiyyatda olan vətəndaşlar ümumilikdə 902 min 435 sakin yararlanacaq. "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiq olunmasıdır.

Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışı da bu səfərə təsadüf etdi. Bu yol Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişini xeyli asanlaşdırmaqla yanaşı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz çıxışını təmin edəcək, həmçinin kənd təsərrüfatı məhsullarının rahat şəkildə rayon mərkəzlərinə çıxarılmasına imkan yaradacaq.

Prezident İlham Əliyev Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış oldu. Son illər Azərbaycana dünyanın ən müxtəlif ölkələrindən turizm axınının əhəmiyyətli dərəcədə artması bu sahənin də sürətlə inkişaf etdiyini bir daha təsdiqləyir. "Qafqaz Tufandağ Mountain Resort" hotelinin açılışı, "Qafqaz Daymond Akvapark"ın tikintisinin davam etdirilməsi bu rayonun böyük turizm potensialından xəbər verir. Turizmin əsas komponenti olan hotel biznesinin Qəbələdə inkişaf etdirilməsi və onun müasir standartlar səviyyəsində qurulması yaxın gələcəkdə artıq bu bölgənin dünyanın nüfuzlu istirahət məkanlarından birinə çevrilməsinə təminat verir.

"İsmayıllı-2" Su Elektrik Stansiyasının açılışı da bu səfər zamanı gerçəkləşdi. Məlumat üçün qeyd edək ki, "İsmayıllı-1" Su Elektrik Stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su "İsmayıllı-2" Su Elektrik Stansiyasına daxil olacaq. Beləliklə, İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovatsaat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında da iştirak edib. Yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 30-dan çox yaşayış məntəqəsinin 27 mindən artıq əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Bundan başqa, Bakı-Şamaxı-Yevlax, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxışı təmin edəcək və regionun turizm sektoruna müsbət təsir göstərəcək.

İsmayıllı rayonunda Olimpiya idman kompleksinin əsaslı təmirindən sonra açılışı olub. Burada müxtəlif yerli və beynəlxalq əhəmiyyətli yarışları yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Kompleksin üzgüçülük hovuzu da müasir səviyyəyə çatdırılıb. İkimərtəbəli əsas binada soyunub-geyinmə otaqları, mini-futbol meydançası, müxtəlif tədbirlərin keçirilməsi üçün zal və digər inzibati otaqlar da var.

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə inşa olunan uşaq bağçasının açılışında iştirak edib və İsmayıllıda əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Uşaqların təlim-tərbiyəsi, istirahəti, rahatlığı üçün hər cür şərait yaradılıb. Bağçada əyləncə, idman və oyun zonası, musiqi otağı, digər təlim və tədris məkanları uşaqların ixtiyarına verilib.

İsmayıllı rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev "İSMA BİKES" velosiped istehsalı zavodunun açılışında da olub. İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra edilib. Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur. Müəssisədə ilkin mərhələdə 60 işçi çalışacaq. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi ilə işçilərin sayının artacağı nəzərdə tutulur.

Prezident İlham Əliyev ­İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşü zamanı bildirib: "Azərbaycanın uğurlu inkişafı bax, belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı bax, bu iki istiqamətdən asılı olacaq. Baxmayaraq ki, indi dünyada maliyyə-iqtisadi böhran davam edir, şadam ki, bu ilin yeddi ayında Azərbaycanda sənaye istehsalı təxminən bir faiz artıb. Bu, o qədər də böyük göstərici deyil, ancaq indiki şəraiti nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir.

Qeyri-neft sənayesi isə iki faizdən çox artıb. Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir. Deyə bilərəm ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq, bu vəziyyətdən ən az itkilərlə çıxır. Ölkəmizdə indi maliyyə sahəsində sabitləşmə təmin edilibdir. Bu il on minlərlə yeni iş yeri yaradılıbdır. Bu proses davam edir. Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var. Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət - kənd təsərrüfatı və sənaye istehsalı üzərində quraq".

Ölkə rəhbəri çıxışlarının birində qeyd edib ki, bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur: "Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq".

"Bununla bərabər, hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahat və sosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq", - deyə ölkə başçısı vurğulayıb.

Bütün bu deyilənlər isə Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun, eləcə də regionların nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında