Prezident İlham Əliyev Azərbaycan üçün ən vacib kənd təsərrüfatı bölmələrinin yaxın illərdə inkişaf etdirilməsinin əhəmiyyətindən danışarkən, baramaçılığa da strateji sahə kimi xüsusi önəm veriləcəyini diqqətə çatdırıb: "...Baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsini itirmişik. Bu sektor da inkişaf etdirilməlidir. Sovet vaxtında bir sıra rayonlarda baramaçılıqda müsbət göstəricilər nəzərə çarpırdı, bol məhsul əldə olunurdu və insanlar yaxşı pul qazanırdılar. Mən ipəkçiliyin inkişafı ilə bağlı konkret tapşırıqlar vermişəm, bu sahə sürətlə inkişaf etməlidir...".
Dövlət başçımızın xalqımızın ən qədim ənənəvi məşğuliyyət növü olan baramaçılıqla bağlı narahatlığı heç də təsadüfi deyil. Etiraf edək ki, bu sahə dahi öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dönəmində gəlirli sahələrdən biri kimi diqqət çəkib. İpəkçiliyin inkişafında Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 17 mart 1971-ci il tarixli "Azərbaycanda ipəkçiliyin gələcək inkişafına dair tədbirlər" haqqında qərarının xüsusi rolu olub.
Həmin qərar əsasında ipəkçiliyin inkişafı ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib. Şəkidə və Xankəndidə ipək kombinatı, Ordubad və Şuşada baramaaçma və toxuculuq fabrikləri yaradılıb. Bunlarla yanaşı, həmin dövrdə statistikaya əsasən, baramaçılıqda 150 min nəfər çalışıb. Respublikada 7 barama toxumu zavodu, 2 damazlıq ipəkçilik stansiyası, 30 baramaqurutma məntəqəsi, 80-ə qədər barama tədarükü və ilkin emalı müəssisəsi fəaliyyət göstərib. Hər il orta hesabla 4,3-5 min ton barama istehsal olunub. Həmin dövrdə Azərbaycan dünyada barama istehsalına görə 8-ci, SSRİ-də isə Özbəkistandan sonra 2-ci yeri, barama və ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tutub.
Respublikamızda barama istehsalı göstəricilərini ayrı-ayrı illər üzrə nəzərdən keçirsək, bu sahədə dinamik inkişafı aydın görə bilərik. Məsələn, 1950-ci ildə 2581,3, 1955-ci ildə 2691,6, 1960-cı ildə 3113, 1965-ci ildə 3495, 1970-ci ildə 3661, 1975-ci ildə 4362 min, 1980-ci ildə 5, 1985-ci ildə isə ən yüksək həddə – 5,5 min ton olub. Ümumiyyətlə, 1960-cı ildən 1970-ci ilədək barama istehsalında artım sürəti 551 ton olduğu halda, 1970-ci ildən 1980-ci ilədək 1317 ton və ya əvvəlki 10 ilə nisbətən 2,4 dəfə çoxalıb. Həmin dövrdə tut ipəkqurdunun bəslənilməsi və barama istehsalı ilə 150 mindən çox kəndli-kolxozçu ailəsi (təxminən 800 minədək adam) məşğul olub. İpəkçilik sənayesində 14 min nəfərdən çox, o cümlədən Şəki İpək Kombinatında 7 min nəfərədək, Xankəndi İpək Kombinatında isə 3 min nəfərədək adam çalışıb. Eyni zamanda, yuxarıda adı çəkilən "Azərbaycanda ipəkçiliyin gələcək inkişafına dair tədbirlər" haqqında qərarın təsir gücü sayəsində istər barama istehsalının artırılmasında, istərsə də bu sahə üzrə elmin inkişafında böyük nailiyyətlər əldə edilib.
O illərdə respublikamızın baramaçılıq bölgələrində əhalinin təxminən 85-90 faizi ipəkçiliklə məşğul olub. Azərbaycan ipəyi sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. Xüsusilə Ordubad və Şəki ipəyi 5 qızıl medal alıb. Lakin 1990-cı ildən başlayaraq, Azərbaycanda hökm sürən sosial-iqtisadi böhran nəticəsində 2 damazlıq ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-dək rayon barama qurutmaxanası, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqəsi, Şuşa, Şəki, Ordubad baramaaçma və toxuculuq fabrikləri öz istehsal fəaliyyətini dayandırıb, 100 minlərlə insan işsiz qalıb. Elə buna görə də istehsal həcmi 1995-ci ildə 1,1 min, 1999-2000-ci illərdə 0,01 tona qədər azalıb. 2011-ci ildə isə respublikamızda cəmi 12 ton yaş barama istehsal edilib. Ağacların yanacaq kimi istifadə olunması ipəkçilik sənayesini məhvə aparıb. Bundan başqa, kümdarların bu sahədə maddi maraqlarının təmin olunmaması da onların əllərini, necə deyərlər, işdən soyudub. Belə ki, bir kiloqram baramaya 3 manat verildiyindən gəlir əldə edə bilmədiyini görən kümdarlar baramaçılığı ikinci plana salıblar.
Mütəxəssislərin dediyinə görə, baramaçılığın acınacaqlı hala düşməsinin bir səbəbi də kolxoz və sovxoz təsərrüfatları ləğv olunduqdan sonra tut bağlarının özəlləşdirilməsi olub. Halbuki həmin kolxoz və sovxozların hər birinin ərazisində 7 kiloqram tut ipəkqurdunu yemləmək üçün tut bağları var idi. O bağlar pay torpaqları kimi əhaliyə paylanıldı. Şəxsi təsərrüfatlarda baramaçılığın gəlir gətirmədiyini görən kümdarlar tut ağaclarını yanacaq kimi istifadə etdilər. Bu səbəbdən də baramaçılıq tənəzzülə uğradı. Amma bu gün tut meşələrinin az da olsa bir hissəsi qalıb. Ona görə də bu sahəni, necə deyərlər, yenidən ayağa qaldırmaq mümkündür...
Azərbaycan Prezidenti cənab İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı tapşırığından sonra hazırda vəziyyət yaxşılığa doğru dəyişib. Respublikanın ən iri sənaye müəssisələrindən olan "Şəki-İpək" ASC-nin timsalında bunu aydın görə bilərik. Xatırladaq ki, bu müəssisədə ötən əsrin 90-cı illərinin əvvəllərində ciddi tənəzzül yaşanıb, Azərbaycanda ipəkçilik sahəsi məhv olmaq təhlükəsi ilə üzləşib. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ipəkçiliyə münasibət kökündən dəyişdi, ipək sənayesinin bərpası istiqamətində zəruri işlər görüldü. Məhz ulu öndərin təşəbbüsü və göstərişi ilə 2001-ci ildə "Şəki-İpək" ASC-nin fəaliyyəti yenidən bərpa edildi. Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində isə bu müəssisədə işlər daha da sürətləndirildi.
Dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlardan sonra bu il respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Nəticə göz qabağındadır. Cari ildə Azərbaycanda son illər ərzində ilk dəfə olaraq 71 ton yaş barama istehsal olunub və "Şəki-İpək" ASC-yə təhvil verilib.
Adıçəkilən səhmdar cəmiyyətdən verilən məlumata görə, 2017-ci ildə respublikamızda yaş barama istehsalının 170-200 tona çatdırılması gözlənilir. Bu, o deməkdir ki, gələn il "Şəki-İpək" ASC 7-8 ay ərzində fəaliyyətini normal şəkildə davam etdirəcək, həm də əhalinin məşğulluğu təmin olunacaq.
Ümumiyyətlə, dünya bazarında ipəkçilik məhsullarına tələbatın yüksək olduğunu, bölgələrdə minlərlə ailənin işlə təmin edilməsində əhəmiyyətini nəzərə alaraq, dövlət başçısının tapşırığına uyğun olaraq, ipək istehsalının müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili və damazlıq müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində keçən il istehsal olunan 232 kiloqrama qarşı, yuxarıda bildirdiyimiz kimi, cari ildə 71 ton, yəni, 300 dəfə artıq yaş barama məhsulu istehsal edilib.
Yeri gəlmişkən, maraqlı bir cəhətə də toxunmaq istərdik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzində rəngli barama yetişdirilməsi istiqamətində aparılan tədqiqat işlərinin ilkin mərhələsi uğurla başa çatıb. Belə ki, bu il mərkəzin ipəkçilik laboratoriyasında respublikamızda ilk dəfə çəhrayı rəngdə barama yetişdirilib. Elmi mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün sözlərinə görə, rəngli barama yetişdirilməsi istiqamətində tədqiqat işləri AMEA Fizika İnstitutunun nəzdindəki Biofizika və Smart Materiallar Mərkəzinin yaxından köməyi ilə həyata keçirilib. İnstitutun alimləri rəng maddəsinin seçilməsi və dozasının müəyyənləşdirilməsində iştirak edib, təcrübələrə qatılıblar.
Tədqiqat işləri Azərbaycan-İtaliya birgə layihəsi çərçivəsində aparılır. Tədqiqat işləri zamanı rənglərin biosintez vaxtı fibroinə daxil olması, fotofizikasının dəyişməsi prosesləri, eyni zamanda, zülalın strukturu, radaminlə birləşmə xüsusiyyətləri və digər məsələlər öyrənilir. Məqsəd rənglərin fotostabilliyini artırmaq və gələcəkdə onları lazer sistemlərində tətbiq etməkdir.
Sonda diqqəti bir məqama da yönəltmək istərdik. Azərbaycanda ipəkçiliyin inkişafının sosial və ekoloji faydası iqtisadi faydasından da əhəmiyyətlidir. Belə ki, ildə ən azından 2000 ton barama istehsal ediləcəyi halda 60-70 min kəndli-sahibkar, fermer ailəsi ipəkqurdunun bəslənməsi üçün işlə (4-5 dəfə) təmin oluna bilər. Eyni zamanda, tut ipəkqurdunun yem bazasının təşkili, tut bağları 60 min nəfərin oksigenlə normal tənəffüsünə şərait yaradar. İstehsalın bu sahəsi ilə təkcə yetkin yaşlı, fiziki sağlam adamlar deyil, həm də məktəblilər, tələbələr, təqaüdçü qocalar, əlillər də məşğul ola bilərlər. Bununla da əhalinin sosial cəhətdən aztəminatlı təbəqəsinin rifahının yaxşılaşdırılmasına şərait yaranar, yeni iş yerləri açılar. Bütün bunlar ölkədə məşğulluğun artırılması, toxumçuluq (damazlıq) işlərinin yaxşılaşdırılması, aqrar sektorda yeni emal müəssisələrinin yaradılması, regionların daxili imkanları və yerli resursları nəzərə alınmaqla onların maddi, sosial-iqtisadi inkışafının sürətləndirilməsi məsələlərinin müvəffəqiyyətli həllinə öz müsbət təsirini göstərər.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.