Bakı şəhərinin yol infrastrukturu əsaslı şəkildə yaxşılaşdırılır

Son zamanlar paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin və avtonəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmin tədbirlər sırasında Füzuli küçəsini genişləndirməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və ərazidə yaşıllıq zolaqlarının yaradılması işləri diqqəti cəlb edir.

Sözügedən layihə çərçivəsində son illər xeyli iş görülüb.  Belə ki, 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsinin çəkilməsi, prospekt boyunca  mərkəzi parkın salınması və ətraf yolların genişləndirilməsi işləri başa çatdırılmışdır.  Yaxın vaxtlarda isə paytaxtın Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisinin 26 hektarında yeni yolların salınmasına  və abadlıq işlərinə başlanılacaq. Xatırladaq ki, ərazidə aparılacaq yenidənqurma tədbirlərinə 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Həmin işlər çərçivəsində Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin aparılması, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.

Sözügedən ərazilərdə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi uzunluğu 6,1 kilometrə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələrində aparılacaq. Əvvəllər bu küçələrin ensiz olması, üstəlik, bir çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin hərəkəti, həmçinin vətəndaşların gediş-gəlişi  üçün çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq həm küçələr genişləndiriləcək, həm də geniş piyada səkiləri inşa ediləcək.

Yenidən qurulacaq Balababa Məcidov küçəsinin uzunluğu 440 metr, əvvəlki eni isə 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq üç hərəkət zolağından ibarət olacaq yolun hərəkət hissəsinin eni 12 metr təşkil edəcək. Bundan əlavə, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa ediləcək. Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1825 metr təşkil edir. Əvvəllər  eni 5-6 metr təşkil edən bu yolun hərəkət hissəsinin eni  7-15 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndiriləcək.

Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev küçəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 metr təşkil edirdi. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılacaq. Bura 15 metr enində hərəkət hissəsi və hər bir tərəfdə olmaq şərti ilə 2 metr enində piyada səkiləri daxildir. Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Hazırda hərəkət hissəsinin eni cəmi 7 metr təşkil edən yol 2-5 hərəkət zolaqlıya çevrilərək 7-17,5 metrədək genişləndiriləcək. Yolun hər iki tərəfində 2-3 metr enində səkilər də nəzərə alınmaqla, yolun ümumi eninin 11-23,5 metrə çatdırılması planlaşdırılır.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, yenidən qurulacaq küçələrdə mühəndis-kommunikasiyaları (su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə) xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması da nəzərdə tutulur. Layihə çərçivəsində, həmçinin  3 laydan ibarət 25 santimetr qalınlığında asfalt-beton örtüyünün tikilməsi üçün 46 min ton asfalt-beton qarışığı, 34,5 min kubmetr optimal qırmadaş qarışığı,  13 min metrədək səki daşları və 24,4 min kvadratmetr səki hissəsində isə bəzək daşları istifadə ediləcək. Yenidən qurulacaq küçələrdə müasir işıqlandırma sistemlərinin qurulması üçün 220 ədəd işıq dirəyi quraşdırılacaq.  Bundan əlavə,  ictimai nəqliyyat üçün 14 ünvanda "cib"liyin tikilməsi və müasir avtobus dayanacaqlarının qurulması, yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, habelə yol cizgi və  yol göstərici xətlərinin çəkilməsi işləri də nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ,
"Xalq qəzeti"   


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında