Azərbaycanın xarici iqtisadi əlaqələri genişlənir

 

Xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm önəm daşıyır. Məhz buna görə dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından biri də xarici ticarət dövriyyəsinin artırılmasıdır.

Azərbaycanda ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması xarici ticarət-iqtisadi əlaqələrin genişlənməsinə öz müsbət təsirini göstərir. Məlumat üçün bildirək ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabətqabiliyyətli məhsulların istehsalına xüsusi diqqət yetirilib. Artıq bu cür məhsullara dünya bazarlarında maraq getdikcə artır. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev deyib: “Bir neçə il bundan qabaq mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülüb. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır-həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.

Artıq rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş verib. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarıb, hətta bəzi hallarda ixraca da yönəldilib. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olub.

Son vaxtlar Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədilə mühüm işlər görülüb. Belə ki, qanunvericilik bazası təkmilləşdirilib, ixrac mallarının istehsalı stimullaşdırılıb, ixracın infrastruktur təminatı yaxşılaşdırılıb. Sənaye şəhərciklərinin, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması sözügedən istiqamətdə görülən mühüm işlər sırasındadır.

Azərbaycan məhsulları xarici ölkələrdə təşkil olunan sərgilərdə də uğurla nümayiş etdirilir və böyük maraqla qarşılanır. Son vaxtlar Almaniyanın Berlin, Fransanın Leql, Belçikanın Brüssel, Rusiyanın Moskva və Həştərxan şəhərlərində keçirilən sərgilərdə ölkəmiz geniş çeşidli məhsullarla təmsil olunub.

Azərbaycanın xarici iqtisadi əlaqələrində nəzərə çarpan məqamlardan biri də ticarət sahəsində əməkdaşlığın genişləndirilməsidir. Məhz bunun nəticəsidir ki, 2016-cı ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 6381,4 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 40 faizi Avropa İttifaqı ölkələrinin, 16 faizi MDB üzvü ölkələrinin, 44  faizi isə digər ölkələrin payına düşüb.

Azərbaycan Prezidenti İlham Əliyev respublikamızda istehsal edilən məhsulların daha böyük bazarlara çıxarılmasını qarşıya əsas məqsəd kimi qoyub. Dövlət başçısı Nazirlər Kabinetinin bu ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında deyib: “Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Ancaq digər məhsullar üçün biz indi gərək rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq bazarları böyük dərəcədə bölüblər. Ona görə də bazarlara öz məhsulumuzla girmək üçün gərək böyük səylər göstərək”.

Məhz elə bu tapşırığın diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, Azərbaycan artıq digər ölkələrlə xarici ticarət əlaqələrində mühüm nailiyyətlər əldə edib. Hazırda respublikamız dünyanın onlarca ölkəsi ilə uğurlu idxal-ixrac əməliyyatları həyata keçirir. Bu ilin yanvar-aprel aylarında həmin ölkələrin sayı 152-yə çatıb.

Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında İtaliya, Rusiya, Türkiyə, Almaniya, Fransa, Tayvan, ABŞ, Sinqapur, Hindistan,  Çin, Gürcüstan kimi ölkələr var. Respublikamız eləcə də Birləşmiş Krallıq, Çexiya, İsrail, Ukrayna, Tailand, Norveç, İspaniya, İsveçrə, Türkmənistan və digər ölkələrlə də müxtəlif məhsulların alqı-satqısını həyata keçirir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində hazırda karbohidrogenlərin satışından əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilib. İqtisadiyyatın şaxələndirilməsi ixracın strukturunda öz əksini daha bariz şəkildə tapıb. Bu gün Azərbaycan dünyanın onlarca ölkəsinə həm də meyvə-tərəvəz, bitki yağları, şəkər, plastik kütlə, qara metal, alüminium, pambıq ipliyi, kimya sənayesi məhsulları göndərir.

Dövlət başçısı qeyri-neft sektorunda istehsal edilən məhsulların rəqabətqabiliyyətli olmasının zəruriliyini daim diqqət mərkəzinə çəkib: “Qeyri-neft sektorunun inkişafı, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir... Ancaq o da həqiqətdir ki, biz ixracda, əlbəttə, başqa mənzərə ilə üzləşirik. Bu da yəqin ki, təbiidir, çünki bizim əsas ixrac məhsullarımız neft-qaz məhsullarıdır. Bununla bərabər, son illər ərzində biz daha çox daxili bazarı yerli məhsullarla təmin etməyə, idxaldan asılılığı azaltmağa çalışmışıq və demək olar ki, buna nail oluruq. Ona görə bundan sonra çalışmalıyıq ki, qeyri-neft sektorunda istehsal edilən məhsullar rəqabətqabiliyyətli məhsullar olsun və biz ixracyönümlü siyasət aparmalıyıq”.

Bəli, hazırda bu məsələyə mühüm önəm verilir. Ölkənin ixrac qabiliyyətini artırmaq üçün ilk növbədə kənd təsərrüfatı məhsulları bolluğu yaratmaq tələb olunur. Çünki bu, neft və qazdan sonra ixraca gedən əsas məhsuldur. Bu istiqamətdə başlıca bazar isə Rusiyadır. Azərbaycanın Rusiya bazarına daha çox məhsulla çıxmaq imkanları var. Qazaxıstanda müasir logistika mərkəzinin tikilməsi, Yaxın Şərq ölkələrinin Azərbaycan məhsulları ilə maraqlanması ölkəmizin ixrac coğrafiyasının yaxın gələcəkdə xeyli genişlənəcəyindən xəbər verir.

Ölkəmizin qeyri-qida məhsulları, o cümlədən tikinti materialları ixrac etmək üçün də böyük potensialı var. Məsələn, indi Azərbaycan sement, bentonit, karton, polietilen borular, əhəng, gips və s. istehsalında yüksək hədlərə çatıb. Bir çox məhsulların ixrac potensialı yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olub.

Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artıb, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlayıb.

Ölkəmizin beynəlxalq arenada formalaşan müsbət imicinin digər göstəricisi də son dövrlər xarici ölkələrin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən ölkəmizə bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında