Prezident İlham Əliyev aqrar sahənin inkişafına daim mühüm önəm verir. Məhz elə bunun nəticəsidir ki, bu gün kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Ölkə rəhbərinin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar da uğurla icra edilir.
Hazırda pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, adları çəkilən sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.
Əhalinin taxıl və çörək məhsullarına olan tələbatının daxili istehsalla ödənilməsi ölkə rəhbərliyi tərəfindən vacib məsələ kimi qarşıya qoyulub. Ona görə də ərzaq təhlükəsizliyinin əsas sahəsi olan taxılçılığı inkişaf etdirmək, əhalinin taxıl və çörək məhsullarına olan tələbatını daxili istehsal hesabına təmin etmək üçün iri özəl taxılçılıq təsərrüfatlarının yaradılmasına başlanılıb. Bu məqsəd üçün seçilmiş torpaq sahələrinin ümumilikdə bütün infrastruktur, texniki təminat, meliorasiya və s. məsələləri dövlət tərəfindən hərtərəfli dəstəklənir. Cari ildə həmin təsərrüfatlarda buğda, qarğıdalı, soya istehsalı sahəsində uğurlu nəticələr əldə edilib.
Ümumiyyətlə, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə yaradılan 30 iri fermer təsərrüfatının fermerlərinə 60,6 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda müasir suvarma sistemləri qurulub. Hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edir.
Hazırda Taxtakörpü və Şəmkirçay su anbarları və kanalların istifadəyə verilməsi nəticəsində yeni suvarılacaq və su təminatı yaxşılaşdırılacaq rayonlarda, o cümlədən dövlət fondu torpaqlarında uyğun sahələrin seçilməsi, ölçülərinin müəyyənləşdirilməsi, əkin strukturunun öyrənilməsi və təsərrüfatla bağlı digər işlərin həyata keçirilməsi davam etdirilir ki, bu işlər də yaxın zamanlarda taxıl və digər məhsulların bolluğunun yaradılmasına öz töhfəsini vermiş olacaq.
Respublikamızda cari yığım mövsümündə 2400-dən çox taxılyığan kombayn biçinə cəlb olunub. Mövcud olan kombaynlar tam saz vəziyyətə gətirilib, bölgələr üzrə taxılın yetişmə ardıcıllığı nəzərə alınmaqla kombaynların rayonlararası hərəkət qrafiki tərtib olunub. Bununla yanaşı, regional nümayəndəliklərin istifadəsində olan 500-dən çox kombayn biçin kampaniyasına cəlb edilib.
Dövlət Statistika Komitəsinin iyulun 25-nə olan məlumatına əsasən, 961555 hektar payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) 929939 hektarı biçilib, 2764849 ton məhsul istehsal edilib. Məhsuldarlıq hər hektardan orta hesabla 29,7 sentner olub. Hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, keçən illə müqayisədə məhsuldarlıq 0,8 faiz çoxdur. Cəmi biçiləcək 590659 hektar buğda sahəsinin isə 572539 hektarı biçilib və 1804994 ton məhsul əldə edilib. Burada isə məhsuldarlıq 31,5 sentner təşkil edib. Bu da keçən illə müqayisədə 0,2 faiz çoxdur.
İlkin proqnozlara görə, bu il ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilən taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir ciddi problem müşahidə olunmur.
Ölkə əhalisi, eləcə də mal-qara və quşların baş sayı nəzərə alınmaqla, Azərbaycanda taxıla olan illik tələbat təxminən 3,5-4 milyon ton, o cümlədən ərzaq buğdasına tələbat 1,7 milyon tondur. Daxili istehsal hesabına taxıla tələbatın təxminən 65-70 faizi ödənilir. Tələbatın qalan hissəsi idxal hesabına təmin edilir.
Naxçıvan Muxtar Respublikasında iyulun 15-nə olan məlumata görə, 23 min 108 hektar taxıl sahəsində biçin aparılıb. Məhsuldarlıq 29,8 sentner təşkil edib.
Bu ilin yanvar-iyun aylarında sahələrdən 312,3 min ton kartof, 395,7 min ton tərəvəz, 43,1 min ton bostan məhsulları, 95,4 min ton meyvə və giləmeyvə, 507,8 ton yaşıl çay yarpağı toplanıb, eləcə də 110,0 ton tütün yarpağı yığılıb.
Cari ildə pambıq istehsalının inkişafı da diqqət mərkəzində saxlanılır. Dünya bazarında pambıq ehtiyatlarının azalması, tələbin isə artması və beləliklə də qiymətlərin yüksəlməsi fonunda ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrasına başlanılıb. Bu il 50 min hektardan artıq sahədə əkin işləri həyata keçirilib, yetişdiriləcək pambığın vaxtında yığılması və tədarükü məqsədilə bütün zəruri tədbirlər görülüb və müvafiq texnikalar sifariş verilib. Bunun da hesabına cari ildə 100 min tondan artıq, ötən illə müqayisədə 3 dəfə çox məhsulun istehsalı gözlənilir ki, bu da ölkəyə valyuta daxilolmalarını, eləcə də kənd əhalisinin gəlir əldə etmək imkanlarını artırmaqla yanaşı, bölgələrdə məşğulluq probleminin həllinə mühüm töhfə verəcəkdir. Xatırladaq ki, növbəti ildə pambığın əkin sahələrinin 100-120 min hektara çatdırılması və onun 50 min hektara qədər hissəsində müasir pilot suvarma sistemlərinin qurulması pambıq istehsalını ən azı 250 min tona qədər artırmağa imkan verəcəkdir.
Dünya bazarında ipəkçilik məhsullarına tələbatın yüksək olduğunu, bölgələrdə minlərlə ailənin işlə təmin edilməsində əhəmiyyətini nəzərə alaraq, ipək istehsalının müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili və damazlıq müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində də müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb, bu tədbirlər nəticəsində keçən il istehsal olunan 232 kiloqrama qarşı cari ildə 70,7 ton, yəni, 300 dəfə artıq yaş barama məhsulu istehsal edilib.
Cari ilin 1 iyun tarixinə respublika üzrə 2,1 min hektar sahədə tütün əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar və ya 40 faiz çoxdur.
Bu ilin yanvar-iyun aylarında sahələrdən 312,3 min ton kartof, 395,7 min ton tərəvəz, 43,1 min ton bostan məhsulları, 95,4 min ton meyvə və giləmeyvə, 507,8 ton yaşıl çay yarpağı toplanıb, eləcə də 110,0 ton tütün yarpağı yığılıb.
Aqrar sektorda ixracın stimullaşdırılması da diqqət mərkəzindədir. Kənd Təsərrüfatı Nazirliyi aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun məlumatına görə, bu il aqrar sektorda istehsalın artımı ilə yanaşı, dövlət tərəfindən ixracın stimullaşdırılması üçün müəyyənləşdirilən dəstək tədbirləri, habelə aidiyyəti dövlət orqanları tərəfindən məhsul ixracı ilə bağlı yaranan maneələrin aradan qaldırılması kənd təsərrüfatı məhsullarının həm ümumilikdə, həm də müxtəlif seqmentlər üzrə ixracını kəskin şəkildə artırıb. Belə ki, cari ilin 6 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub.
Rusiya mənbələrində bu ölkənin bazarlarında satılan pomidorun 7,4 faizinin Azərbaycanın payına düşdüyü bildirilir, halbuki ötən il bu göstərici cəmi 1 faiz təşkil edib.
İlk dəfə olaraq bu il ərzaqlıq lobya, düyü, ərzaqlıq və yemlik arpa, darı və çərəzlərin ixracına da başlanılıb. Eyni zamanda, ixracın coğrafiyası dəyişilərək ənənəvi Rusiya bazarı ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq və Türkmənistanı da əhatə edib.
Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir ki, bunun da hesabına Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunur.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.