Paylayıcı elektrik şəbəkələrində islahatların 10 ili

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Mən xoşbəxtəm ki, Azərbaycanın müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam.

Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

 


 

Bakı şəhərində elektrik təsərrüfatı dövlət nəzarətinə qaytarıldıqdan sonra bu sahədə islahatlar uğurla gedir.

 İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Ötən əsrin ortalarında – 1969-cu ilin 14 iyulunda ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ölkəmizin həyatında, sözün həqiqi mənasında, işıqlı bir yolun, qarşısıalınmaz inkişaf erasının başlanğıcı oldu. Dahi lider zəngin və mənalı ömür yolunu Azərbaycan xalqının tərəqqisinə, maddi rifahının yüksəlməsinə, dünya xalqları arasında şərəfli yer tutmasına, elminin və mədəniyyətinin inkişafına sərf etdi.

Respublika bütün strateji əhəmiyyətli sahələrdə inkişafa nail oldu, sosial-iqtisadi və intellektual resurslarına görə keçmiş SSRİ-də öncül yerlərdən birini tutdu. Bu baxımdan, Azərbaycanda enerji təhlükəsizliyi sisteminin təməli də 1970-ci illərin əvvəllərində məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu.

Ümummilli lider respublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi və xalqımızı fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etməyi qarşıya məqsəd qoyaraq bu istiqamətdə gərgin fəaliyyət göstərdi. 1970-1980-ci illər ərzində dahi şəxsiyyət   iqtisadiyyatın inkişafı və sosial vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə, ilk növbədə, enerji təhlükəsizliyi sisteminin möhkəm bünövrəsini yaratmağı, neft-qaz sənayesini və elektroenergetika sahəsini yeni texnika və texnologiya əsasında gücləndirməyi məqsədəuyğun saydı. Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi təchizatınin müəyyən qisminin daxili imkanlar hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olan "Araz" su elektrik stansiyası inşa edildi.

Qarabağ bölgəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldar torpaqların suvarılması üçün su anbarının yaradılması, bölgənin elektrik enerji təchizatının yaxşılaşdırılması, enerjinin ötürülməsində itkilərin azaldılması məqsədilə Tərtər çayı üzərində 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verildi.

Ötən əsrin 70-ci illərinin sonunda respublikanın ümumi gücü 2882 MVt olan elektrik stansiyaları 15,4 milyard kVt/saat elektrik enerjisi istehsal edirdi. Bununla belə, sürətli inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı Azərbaycanı qonşu respublikalardan 2,9-3,5 milyard kVt/saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda Şəmkir SES-in və indiki "Azərbaycan" DRES-in inşası həyata keçirildi. 1980-ci illərdə gücü 380 MVt olan "Şəmkir" SES və elə bu gün də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik və yüksək parametrlərdə işləmək imkanına malik "Azərbaycan" DRES istismara verildi.

 "Azərbaycan" DRES-in birinci enerji blokunun işə salınması ərəfəsində - 1981-ci ilin 20 oktyabrında ulu öndər Heydər Əliyevin Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi tarixi hadisə idi. Xalqımızın ümummilli liderinin respublikamıza bəxş etdiyi maddi-mənəvi nailiyyətlər sırasında xüsusi yeri, çəkisi olan "Azərbaycan" DRES indinin özündə də ümumilikdə Cənubi Qafqaz məkanının ən iri istilik-elektrik stansiyası sayılır.

Onu da vurğulayım ki, bu tarixi gün – 20 oktyabr Azərbaycan Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd olunur. Yeri gəlmişkən, kollektivimiz tərəfindən ötən il  "Energetiklər günü" ilk dəfə olaraq yeni ad altında - "Azərişıq" ASC kimi qeyd olunub və ümummilli liderin Fəxri xiyabandakı məzarı ziyarət edilib.  

1993-cü ilin iyununda böyük rəhbər Heydər Əliyev xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan, müstəqil Azərbaycan dövlətini dünyanın siyasi xəritəsindən silinməkdən, bir dövlət kimi məhv olmaqdan xilas etdikdən sonra iqtisadiyyatı dirçəltmək, onu yenidən inkişaf yoluna çıxarmaq üçün düşünülmüş strategiya həyata keçirdi. Həmin ərəfədə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektroenergetika sistemində də böhran vəziyyəti yaranmış və sistemin ahəngdar işi pozulmuşdu. Enerji təchizatı sahəsində bütün ölkədə, o cümlədən paytaxt Bakıda dağılmış təsərrüfat hökm sürməkdə idi. Ümummilli lider enerji sistemini böhrandan çıxarmaq, onun maddi-texniki bazasını yeniləşdirmək və möhkəmləndirmək, dağıdılmış elektrik təsərrüfatını bərpa etmək üçün məqsədyönlü, geniş miqyaslı tədbirlər həyata keçirməyə başladı.

Ötən əsrin axırlarında paytaxt Bakının enerji təchizatında yaranan problemləri həll etmək məqsədilə bir sıra mühüm addımlar atıldı. Belə ki, ulu öndər tərəfindən 1999-cu il noyabrın 8-də "Bakıelektrikşəbəkə" İstehsalat Birliyinin özəlləşdirməyə hazırlanması haqqında" sərəncam imzalanmışdı. Haşiyə çıxaraq xatırladaq ki, Bakı elektrik şəbəkəsi 1920-ci ildən etibarən bir sıra qurumların tərkibində fəaliyyət göstərmişdir. 1929-cu ilə qədər Azneftin "Elektrotok" idarəsinin tərkibində olmuş, 1929-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Bakı Şəhər Elektrik Şəbəkəsi (BaŞEŞ) Bakı şəhər sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1963-cü ildə "Azərenerji" Nazirliyinin tabeliyində olmuşdur. 1969-cu ildən 2000-ci ilə qədər isə Bakı Şəhər İcraiyyə Komitəsinin, Bakı Şəhər İcra hakimiyyətinin tərkibində fəaliyyət göstərmişdir.

Azərbaycan Prezidentinin 8 noyabr 1999-cu il tarixli sərəncamından bir müddət sonra, dövlət başçısının 2000-ci il 14 iyun tarixli sərəncamı ilə paytaxtın elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması və şəhərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə "Bakıelektrikşəbəkə" İstehsalat Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının enerji nəzarəti və satışı müəssisəsi ləğv edildi, onların və habelə şəhər icra hakimiyyətinin avtonəqliyyat və mexanizasiya baş istehsalat idarəsinin, təmir-tikinti, quraşdırma və sazlama istehsalat müəssisəsinin Bakı şəhərinin elektrik şəbəkəsinə xidmət edən strukturlarının, "Azərenerji"nin paytaxtın enerji təchizatını təmin edən və onun inzibati ərazisində yerləşən 110 kV-luq və aşağı gərginlikli elektrik verilişi xətlərinin, yardımçı stansiyalarının və onların dispetçer idarəetmə vasitələrinin, binadaxili elektrik təchizatı idarəsinin bazasında -"Bakıelektrikşəbəkə" Açıq Tipli Səhmdar Cəmiyyəti yaradıldı.

"Bakıelektrikşəbəkə" ATSC-nin yaradılması və əlverişli şərtlərlə uzunmüddətli idarəedilməyə verilməsi həmin dövrdə daxili imkanların məhdudluğu səbəbindən bu strukturda müvafiq inkişaf sürətinə nail olunmaması ilə əlaqədar idi. Səhmdar cəmiyyətin idarəetməyə verilməsi yeni texnologiyaların tətbiqi ilə şəbəkəni modernləşdirmək, paytaxtın elektrik təchizatında əsaslı dönüş yaratmaq zərurətindən irəli gəlirdi. Elə bu məqsədlə Azərbaycan Prezidentinin 2000-ci il 14 iyun tarixli sərəncamına uyğun olaraq keçirilən açıq müsabiqənin qalibi olmuş Türkiyənin "Barmek Holdinq A.S." şirkəti 2002-ci ilin yanvarından fəaliyyətə başladı. Bu şirkət ilə "Bakıelektrikşəbəkə" ASC-nin 25 il müddətinə idarə olunmasına dair müqavilə bağlandı.

Həmin  müqaviləyə əsasən, yeni yaradılmış "Barmek Azərbaycan" MMC Bakı Şəhər Elektrik Şəbəkəsinə müasir texnologiyaların gətirilməsini, onun balansında olan 150-yə qədər yüksək gərginlikli yarımstansiyanın və xətlərin modernləşdirilməsini, qəza vəziyyətində olan 1600-dək iki transformatorlu 10 kilovoltluq yarimstansiyanın, uzunluğu 8 min kilometrdən artıq olan orta və alçaq gərginlikli kabel və hava xətlərinin yeniləşdirilməsini, texniki itkilərin azaldılmasını təmin etməli idi. Bundan başqa, "Barmek" istehlakçıların yeni, müasir sayğaclarla təmin edilməsinə və eləcə də elektrik enerjisi haqqının yığımının artırılmasına, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına da nail olmalı idi.

"Barmek Azərbaycan" MMC Bakı şəhərinin və ətraf qəsəbələrin sakinlərinin və müəssisələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində ciddi qüsurlara yol verdi. "Barmek Azərbaycan" MMC tərəfindən müvafiq fəaliyyət sahəsinə investisiya yatırılması və dünyanın müasir tələblərə cavab verən yeni texnologiya və avadanlıqlarının gətirilməsi və tətbiq edilməsi ilə bağlı, demək olar ki, əhəmiyyətli heç bir iş görülmədi. Az miqdarda gətirilən elektrik avadanlığı Türkiyənin, Çinin və Rusiyanın 1970-1980-ci illərdə istehsal etdikləri yetərincə köhnə, yəni müasir tələblərə cavab verməyən texnologiyalar və materiallar idi. Şirkətin istifadə etdiyi kabel məhsullarının 60-70 faizi vinil izolyasiyalı alüminium kabelləri idi ki, bunların istifadə olunması hələ 1970-ci illərdə "Bakıelektrikşəbəkə" tərəfindən qadağan edilmişdi. Şəhərin mərkəzi hissəsində köhnə dayaq borulardan istifadə olunmaqla hava xətləri çəkilmişdi.

2002-2006-cı illərdə paytaxtın paylayıcı şəbəkəsində "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC tərəfindən 1 ədəd belə 110 kV-luq yarımstansiya inşa edilmədiyi və həmin şəbəkədə, ümumiyyətlə, heç bir əməli iş görülmədiyi səbəbindəndir ki, əsas yük mərkəzi olan 110 kV-luq yarımstansiyaların təqribən 60 faizi ifrat yüklənirdi. Avadanlıqların əsas hissəsinin istismar müddəti ötmüş 35 kV-luq paylayıcı şəbəkələrdə də ifrat yüklənmə 70 faiz təşkil edirdi.

"Barmek Azərbaycan" MMC-nin fəaliyyəti dövründə orta və alçaq gərginlikli şəbəkələrin pis vəziyyətdə olması nəticəsində abonentlər keyfiyyətli elektrik enerjisi ilə təmin edilmirdi. Axşam maksimum yüklənmə saatlarında Bakı şəhərinin əksər əhalisi, xüsusilə şəhər ətrafında yaşayan əhali keyfiyyətsiz elektrik enerjisi (200 V-dan aşağı) alırdı. Şirkət texniki itkiləri azaltmaq üçün də öhdəlikləri yerinə yetirmədi. "Barmek Azərbaycan" MMC tərəfindən baxımsızlıq və nəzarətsizlik üzündən Bakı şəhərinin mərkəzi hissəsində güc zəifliyi əmələ gəlmişdi, yeni yaşayış yerlərində isə, ümumiyyətlə, şəbəkə yaradılmamışdı. Şirkətin az sayda quraşdırdığı Hindistan və Çin istehsalı olan sayğaclara isə müdaxilə asan olduğundan, tez-tez neqativ hallar baş verirdi. Əhali abonentləri üzrə yığım 26 faiz təşkil edirdi. Bütün bu səbəblərə görə "Barmek Azərbaycan" şirkətinin idarəçiliyi 2006-cı ilin avqust ayından dayandırıldı.

Əhalinin və digər istehlakçıların haqlı narazılıqları və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində heç bir tədbirin görülməməsi, eyni zamanda, həmin problemlərin daha da geniş miqyas alması ölkə rəhbərliyinin diqqətindən kənarda qalmadı. Dövlətimizin başçısı tərəfindən Bakı şəhərinin və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatında "Barmek Azərbaycan" MMC-nin yarıtmaz fəaliyyəti nəticəsində yaranan ciddi problemləri təcili şəkildə aradan qaldırmaq üçün müvafiq addımlar atıldı, 10 avqust 2006-cı il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti  bərpa edildi. Beləliklə, elektrik paylayıcı sahələr üzrə islahatlara start verildi. Qeyd etmək lazımdır ki, bu qərarın vaxtında qəbul edilməsi bu gün öz müsbət nəticələrini əyani surətdə göstərməkdədir.

Ötən müddətdə  Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2016-cı ilə 6 200 MVA-ya qaldırılıb, texniki itkilər 16,9 faizdən 7,8 faizə endirilib, güc defisiti və ifrat yüklənmələr aradan qaldırılıb, respublikamızda ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. Bununla da istehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin edilib.

Xatırladım ki, cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə"ASC-nin adı dəyişdirilərək "Azərişıq"ASC adlandırılıb və ölkə ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi  bu quruma həvalə edilib. 

"Bakıelektrikşəbəkə"nin təkcə Bakı və ətraf qəsəbələri deyil, bütün Azərbaycan ərazisini əhatə edən yeni bir quruma çevrilməsi ölkə başçısının apardığı iqtisadi və sosial siyasətin uğurlu nəticəsi idi. 2006-cı ildən başlayaraq 9 il müddətində görülən möhtəşəm işlər, Bakı və ətraf qəsəbələrin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı istiqamətində yaradılan yüksək səviyyəli xidmət, elmi-texniki nailiyyətlərdən səmərəli istifadə, peşəkar kadrların formalaşdırılması və s. kimi mühüm işlərin nəticəsi kimi dövlət rəhbərliyi tərəfindən "Bakıelektrikşəbəkə" kollektivinə növbəti etimad göstərilərək bu fəaliyyətin təkcə paytaxt və ətraf qəsəbələri deyil, bütövlükdə Azərbaycan ərazisini əhatə etməsi qərara alınmışdır.  "Azərişıq" ASC respublikamızın 57 rayon və şəhərini əhatə etməklə, 7 regional enerji təchizatı satış idarəsi yaratmışdır. Bunlar Bakı, Şimal, Cənub, Şimal-Qərb, Aran, Mərkəzi Aran və Qərb Regional Enerji Təchizatı və satışı idarələridir.

Hazırda respublikanın bütün enerji təchizatı satış idarələrindəki elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, bütün qəsəbə və kəndlərin, bütövlükdə yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işləri geniş şəkildə və böyük sürətlə davam etdirilir.

"Azərişıq" yaradılarkən üzərinə çox böyük vəzifələr qoyulmuşdur. Bu vəzifələr şərəfli olmaqla, çox böyük məsuliyyət tələb edir. Bu missiyanın yerinə yetirilməsinin çətin olduğunu dövlətimizin başçısı da vurğulamışdır. Prezident İlham Əliyev bu məsələyə toxunaraq demişdir: "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti qarşısında vəzifə qoyulubdur ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastruktur əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə – qalxmalıdır".

Hazırda "Azərişıq"ASC-nin həyata keçirdiyi tikinti, yenidənqurma işlərinin həcmi əvvəlki illərlə müqayisədə bir neçə dəfə artırılmışdır. Xüsusilə nəzərə almaq lazımdır ki, bu işlər əlavə investisiya vəsaitləri cəlb etmədən "Azərişıq"ASC-nin tam daxili resursları hesabına həyata keçirilir. Bu gün 110 kV-luq şəbəkələr üzrə 12 ədəd - 110 kV-luq, 35 kV-luq şəbəkələr üzrə isə 41 ədəd 35 kV-luq yarımstansiya tikilir. 10 ədəd ofis binasının tikintisi aparılır. Onu da deyək ki, 2006-cı ilə qədər "Bakıelektrikşəbəkə"nin Nərimanov və Xətai rayonlarında yerləşməklə cəmi 2 inzibati binası mövcud idi. 10 il müddətində 50-yə yaxın ofis binası, yardımçı və texniki əhəmiyyətli bina və qurğular tikilib istifadəyə verilmişdir.

Yeni tikilən yarımstansiyalar isə xüsusi layihə əsasında iki transformatorlu (açıq şəraitdə) olmaqla qapalı tipli tikilir. Yüksək və alçaq gərginlikli xətlərin yarımstansiyaya girişi və çıxışı xüsusi kabel kanalları vasitəsi ilə izolyasiyalı kabellərlə həyata keçirilir. Bu tip yarımstansiyalar daha uzunmüddətli və təhlükəsiz olmaqla dayanıqlıdır.

Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri (KTM) ilə əvəz olunur. 2015-ci ildə 1450 ədəd quraşdırılıb, 2016-cı ildə isə 1650 ədəd bu tip KTM-lər quraşdırılmaqdadır. "Azərişıq" ASC Bakı kimi respublikamızın bütün şəhərlərində, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində belə, genişmiqyaslı işlər görməkdədir. Zaqatala rayonunun Qalal kəndi 35 illik  fasilədən sonra 24 saat dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Bu kənd rayon mərkəzindən 30 kilometr məsafədə, Rusiya ilə sərhəddə yerləşir. Elektrik enerjisi olmaması səbəbindən burada yaşayan insanlar üçün radio-televiziya əlçatmaz idi. "Azərişıq" ASC yaradıldıqdan sonra bu vəziyyət tamamilə aradan qalxmış, zülmət gecələr işıq selinə bürünmüşdür.  "Azərişıq" ASC cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət və qayğı göstərir. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar yeniləri ilə əvəz edilir və müasir tipli yarımstansiyalar quraşdırılır. Bu bölgələrin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir.

"Azərişıq" ölkəmizin bütün regionlarında gözəl memarlıq quruluşlu ofis binalarının tikintisini davam etdirir. ASC tərəfindən yerlərdə əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün optimal iş şəraitinin yaradılması istiqamətində işlər davam etdirilir. Artıq18 rayonda yeni ofis binalarının tikintisi başa çatdırılmış, 10 rayonda isə davam etdirilir. Bu binalarda şəbəkə əməkdaşları üçün hər cür şərait yaradılır, iş otaqları müasir avadanlıqlarla, kompüter texnikası və internetlə təmin edilirlər.

İndiyədək 950 mindən çox elektron-rəqəmsal sayğac istismara verilmiş və uçot komplekti ilə təchiz edilmişdir. İlk dəfə olaraq insan faktoru təsirinin minimallaşdırılması məqsədilə məsafədən oxunma cihazları olan "Alfa metronika RTU" alış nöqtələrində quraşdırılmış və xüsusi proqram təminatı mərkəzi idarəetmə bazasına inteqrasiya edilmişdir. Hazırda "Elster" tipli sayğaclar quraşdırılma və istismar yerindən asılı olaraq saatlıq, sutkalıq, həftəlik və aylıq sərfiyyat göstəricilərini virtual yaddaş blokunda toplayır, avtomatik olaraq mərkəzə ötürür, eyni zamanda, istənilən müdaxilə və ya istismar şərtlərini pozan şərait yarandığı hallarda sayğac mərkəzə müvafiq xəbərdarlıq   məlumatlarını da çatdırır.

Bir sözlə, "Azərişıq" ASC öz missiyasını - istehlakçıların dayanıqlı, fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsini daim şərəflə yerinə yetirir. Dövlətimizin dəstəyi ilə ASC kollektivi respublikamızın rayon və şəhərlərində paylayıcı elektrik şəbəkələrinin bərpası və yenidənqurma işlərini yaxın gələcəkdə də uğurla həyata keçirəcəkdir.

Baba RZAYEV,
"Azərişıq" ASC-nin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında