Azərbaycan Respublikası özünün karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaq üçün alternativ ixrac marşrutlarına üstünlük verir. Məlum olduğu kimi, hazırda ölkəmiz təbii qazını dörd istiqamətdə ixrac etmək imkanına malikdir. Bununla belə, Azərbaycanın zəngin qaz ehtiyatları daha geniş imkanlara malik ixrac boru kəməri marşrutunun yaradılmasını tələb edirdi. Təsadüfi deyil ki, uzun illər Azərbaycan qazının Avropaya çıxarılması üçün müxtəlif variantlar qızğın müzakirə obyekti olmuşdur. Nəhayət, bu sahədə uzun müddət davam edən müzakirələrin müsbət nəticəsi olaraq Trans-Anadolu qaz kəməri (TANAP) Azərbaycan qazının Avropaya nəqli üçün ən etbarlı marşrut kimi seçilmişdir.
Hazırda Azərbaycanı regionun zəngin qaz ixracatçısına çevirən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasilata başlanılması istiqamətində işlər davam etdirilir. Məlum olduğu kimi, bu mərhələdə yataqda illik qaz hasilatı mövcud 9 milyard kubmetrdən 25 milyard kubmetrə çatdırılacaq. Bu da öz növbəsində Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu xeyli artıracaqdır. Azərbaycan böyük həcmdə qaz ehtiyatlarını isə Avropaya “Cənub” qaz dəhlizi vasitəsilə çıxara biləcək. Avropanın enerji xəritəsinin zənginləşdirməsinə xidmət edən “Cənub” qaz dəhlizi layihəsi Prezident İlham Əliyevin Avropa Komissiyasının sədri Manuel Barrozu arasında 2011-ci ilin yanvar ayında Bakıda “Cənub” qaz dəhlizi haqqında Birgə Bəyannamənin imzalanması ilə həyata vəsiqə qazanmışdır. Xatırladaq ki, bu sənəddə Azərbaycan “Cənub” qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə kimi göstərilir. Mövcud Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərini özündə birləşdirən “Cənub” qaz dəhlizi marşrutu isə XXI əsrin layihəsi adlandırılır.
“Cənub” qaz dəhlizi marşrutunun mühüm seqmentlərindən biri Trans Anadolu boru kəməridir. Xatırladaq ki, TANAP layihəsi beş il əvvəl həyata vəsiqə almışdır. Belə ki, 2011-ci il oktyabr ayının 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının hökuməti və Türkiyə Respublikasının hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanmışdı. 2012-ci il iyun ayının 26-da isə qardaş ölkənin İstanbul şəhərində “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişə imza atılmışdı. Həmin il noyabr ayının 20-də Azərbaycan Respublikası Milli Məclisinin iclasında hər iki saziş müzakirəyə çıxarılaraq təsdiqlənmişdir. Dövlətimizin başçısı İlham Əliyev isə “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” sazişin təsdiq edilməsi haqqında qanunu imzalamışdır. Beləliklə də, Azərbaycanı Avropa ölkələrinin qaz bazarları ilə birləşdirəcək Trans-Anadolu ixrac boru kəməri ilə bağlı hüquqi bazanın yaradılması təmin olunmuşdur.
Azərbaycan və Türkiyə arasında enerji sahəsindəki əməkdaşlığın ənənəvi xarakter daşıdığını dəfələrlə bəyan edən dövlətimizin başçısı İlham Əliyev bir neçə il bundan əvvəl XXI əsrin nəhəng qaz ixracı layihəsinin əhəmiyyəti barədə danışarkən demişdir: “ Artıq TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın beş ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək”.
Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsinin beş il ərzində reallaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirəcək bu layihə təqribən 9,2 milyard ABŞ dollarına başa gələcək. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Onu da deyək ki, ilkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. TANAP-ın səhmdarlarının bu layihədə payı isə belədir: “Cənub” qaz dəhlizi Qapalı Səhmdar Cəmiyyəti - 58 faiz, “Botaş” - 30 faiz və bp şirkəti - 12 faiz.
“Cənub” qaz dəhlizi layihəsinin ən uzun qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri ilə birləşəcək. Trans-Anadolu boru kəmərinin təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ərdahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını “BOTAŞ” şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1850 kilometr təşkil edəcək. Kəmərin 19 kilometrlik hissəsi Mərmərə dənizindən keçəcək.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi uğulu enerji siyasətinə toxunaraq demişdir: “ Bu ilin birinci rübündə Bakıda “Cənub” qaz dəhlizinin ikinci Məşvərət Şurası keçirilmişdir. Artıq ikinci dəfədir ki, bu tədbir Bakıda keçirilir. Bu da bizim təşəbbüsümüzlə mümkün olmuşdur. Biz iki il bundan əvvəl təşəbbüs göstərmişdik ki, belə bir toplantı keçirilsin və indi bu, artıq ənənəvi xarakter daşıyır. İkinci Məşvərət Şurasının toplantısı çox böyük uğurla keçirilmişdir, çox vacib qərarlar qəbul edilmişdir. Qəbul edilmiş bəyannamədə Azərbaycanın bu sahədəki liderlik rolu bir daha qeyd olunmuşdur. “Cənub” qaz dəhlizinin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur. Burada ölkələr və şirkətlər arasındakı əlaqələndirmə yüksək səviyyədədir. Əminəm ki, bu strateji layihə vaxtında icra ediləcək”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsselə rəsmi səfəri çərçivəsində TANAP layihəsinin sürətlə irəlilədiyini vurğulayaraq deyib ki,Türkiyə tranzitlə bağlı götürdüyü bütün öhdəliklərə sadiq qalaraq tədarük məsələsində ortaya çıxan problemlərlə bağlı Azərbaycanla birgə addım atdı. Hazırda TANAP-ın tikintisi sürətlə davam edir.
Yeri gəlmişkən, TANAP Cənubi Qafqaz boru kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq. Hazırda Trans-Anadolu qaz boru kəməri layihəsi üzrə 2015-ci ilin mart ayından başlanmış tikinti işləri fasiləsiz şəkildə davam etdirilir. Artıq qaz kəmərinin xeyli hissəsində borular tikinti sahələrinə çatdırılıb. Hazırda həmin ərazilərdə qaynaq işləri həyata keçirilir. Bütövlükdə isə 3 lot halında inşa edilən layihə üzrə tədbirlər qrafikə uyğun şəkildə tam sürətlə davam etdirilir. Bununla yanaşı, kəmərin tikintisi ilə bağlı podratçıların seçilməsi sahəsində də mühüm işlər görülür. Bu yaxınlarda Malayziyanın “Sapura Kencana” şirkəti Trans-Anadolu boru kəmərinin dəniz hissəsinin inşası ilə bağlı keçirilmiş tenderin qalibi elan olunub. Türkiyə mətbuatı xəbər verir ki, artıq TANAP konsorsiumu ilə adıçəkilən şirkət arasında müqavilə də bağlanılıb. Müqavilənin şərtlərinə görə, “Sapura Kencana” şirkəti 850 kilometrlik layihənin 19 kilometrlik hissəsində, Çanaqqala boğazında boru kəmərinin inşasını həyata keçirəcək. Yeri gəlmişkən, bir qədər əvvəl Avropa Komissiyası Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya nəql edəcək Trans-Anadolu boru kəməri layihəsinə vəsait ayrılması ilə bağlı müraciəti müsbət qarşılayıb. Yaxın vaxtlarda sözügedən layihəyə 3,5 milyon avroya qədər qrant ayrılacağı nəzərdə tutulur.
TANAP layihəsi regionda qarşılıqlı əməkdaşlığın növbəti təzahürüdür. Bu, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin birgə səyi və gücü ilə reallaşdırılacaq daha bir enerji layihəsidir. Gələcəkdə Azərbaycan qazını Türkiyə vasitəsilə dünya bazarına çıxaracaq Trans Anadolu boru kəməri hər iki ölkənin iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına, bu sahədə tərəfdaşlıq münasibətlərinin bir qədər də möhkəmləndirilməsinə səbəb olacaq. Bununla da, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni mərhələ başlanacaq. TANAP layihəsi, həmçinin Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Belə ki, gələcəkdə Qazaxıstan və Türkmənistanın bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində tranzit ölkəyə çevrilmək imkanı əldə edəcəkdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.