Azərbaycanda qeyri-neft məhsullarının ixracı stimullaşdırılır

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi  siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşıb, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş verib, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması diqqət mərkəzində saxlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ixracının stimullaşdırılması ilə bağlı deyib: "İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək və ixrac potensialımızı artırmaq gələcək faliyyətimiz üçün prioritet istiqamət olmalıdır. Bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır".

Dövlət başçısı, həmçinin deyib ki, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur: "Ancaq biz gərək indi digər məhsullar üçün rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar o bazarları böyük dərəcədə bölüblər. Ona görə də bu bazarlara girmək üçün gərək böyük səylər göstərək".

Prezident İlham Əliyev ixrac yönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi barədə müvafiq qurumlara tapşırıqlar verib: "Ölkədə dərman istehsalına başlanılması, sənaye mərkəzlərinin yaradılması, bu il Mingəçevirdə yüngül sənaye müəssisəsinin təməlinin qoyulması, hər bir rayonun sənaye mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyi bundan sonra da davam etdiriləcək".

Xatırladaq ki, cənab İlham Əliyevin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə mexanizminə, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsinə dair qaydaların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bununla yanaşı, son vaxtlar ixrac prosedurlarının sadələşdirilıməsi və xərclərin azaldılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Hazırda daxili bazarın qorunması üçün qəbul olunan "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanunun icrası istiqamətində tədbirlər həyata keçirilir. Həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği istiqamətində işlər davam etdirilir.

Bütün bunların nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında ixrac olunan məhsul çeşidləri 25 faiz artıb. Hazırda logistik imkanların genişləndirilməsi məqsədilə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın növbəti Logistik Mərkəzinin yaradılmasına dair işlər aparılır.

Azərbaycanda qeyri-neft
 məhsullarının ixracı stimullaşdırılarkən  aqrar sektorun inkişafına mühüm önəm verilir. Bununla bağlı hazırda pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, adları çəkilən  sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, indiyədək respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb. Bu məqsədlə fermerlərə 60,6 milyon manat güzəştli kredit verilib. Həmin təsərrüfatlarda müasir suvarma sistemləri qurulub. Hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, mövcud aqroparkların infrastukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda, yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib.

Azərbaycanda qeyri-neft məhsullarının ixracının stimullaşdırılması üçün respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişaf etdirilməsi də mühüm önəm daşıyır. Bu məsələdə investisiya  əməliyyatları mühüm rol oynayır. Bununla bağlı əvvəlcə Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələrin fəaliyyətinə qısa nəzər salaq. Azərbaycana sərmayə qoyuluşunda Avropa ölkələri üstünlük təşkil edir. Son 12 ildə respublikamızda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi bu  ölkələrin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1000-dən çox  Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçib.

Respublikamıza investisiya qoyuluşuna marağın getdikcə artması təsadüfi deyil. Çünki əvvəla Azərbaycanda makroiqtisadi sabitlik mövcuddur, Avropanın bir çox dövlətləri ilə ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, ölkə qanunvericiliyi beynəlxalq qanunvericiliyə uyğunlaşdırılmış, inzibati prosedurlar sadələşdirilib, şəffaf mexanizmlər tətbiq olunub, "elektron hökumət"in tətbiqi üçün zəruri tədbirlər görülüb. İkincisi, ölkəmiz, eyni zamanda, əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və genişmiqyaslı infrastruktur layihələri uğurla reallaşdırılır.

Yuxarıda sadalanan səbəblərə görə, Azərbaycan son illər xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 50-ə yaxın saziş imzalanıb. Məhz bunun nəticəsidir ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulub. Bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəldilib.

Yeri gəlmişkən, beynəlxalq kredit reytinq agentliyindən biri olan "Standard and Poors" tərəfindən Azərbaycana əvvəllər daha münbit iqtisadi şəraitdə verilən investisiya səviyyəli "BBB-" indiki həssas məqamda da saxlanılıb. Başqa sözlə, bu, qlobal iqtisadi artımın azalması, Azərbaycanın da daxil olduğu regionda mürəkkəb iqtisadi vəziyyət, xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkə iqtisadiyyatının öz dayanıqlığını qoruyaraq sabit inkişaf kursunu davam etdirdiyinin əyani sübutudur. “Standard and Poors”un belə qiymətləndirməsi  bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə Azərbaycan üçün müsbət bir haldır. Həmin fakt, həmçinin regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsi ilə şərtlənir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Yuxarıda deyilənlərdən belə bir qənaət hasil olur ki, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində daxili və  xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlbinə  diqqət  artıb, eyni zamanda, ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı daxili və xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Bütün bunlar isə  qeyri-neft məhsullarının ixracının stimullaşdırılması baxımından mühüm önəm daşıyır.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında