Prezident İlham ƏLİYEV: Bu gün qarşıda duran ən mühüm strateji məqsəd Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə yüksəltməkdir

Dünyada maliyyə-iqtisadi böhran prosesinin hələ də davam etməsi, hətta qabaqcıl ölkələrin ciddi maliyyə problemləri ilə üzləşməsi fonunda bu gün Azərbaycan iqtisadiyyatında müsbət göstəricilər nəzərə çarpır, tikinti- quruculuq işlərinin miqyası genişlənir, əhalinin həyat səviyyəsinin yüksəlməsi, respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütün bunlarla yanaşı, qeyri-neft sektorunda canlanma, dirçəliş də diqqətdən yayınmır. Bunun əsas səbəbi, şübhəsiz ki, reallaşdırılan düzgün sosial-iqtisadi siyasətdir. Hazırda ölkəmizdə normal investisiya şəraitinin hökm sürməsi də məhz bu siyasətin tərkib hissəsidir.

Xatırladaq ki, müstəqilliyimizin ilk illərindən ölkəmizdə normal investisiya mühitinin yaradılması və xarici kapital axınının təmin edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Düzdür, 2005-ci ilədək iqtisadiyyata yatırılan investisiyanın böyük bir qismi enerji sektoruna yönəldilirdi, lakin sonralar bu tendensiya qeyri-neft sektorunun xeyrinə dəyişdi. Ümumiyyətlə, investisiya siyasəti Azərbaycan hökumətinin müəyyənləşdirdiyi  uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İnvestisiya axınının təşviq edilməsində əsas məqsəd iqtisadiyyata xam vəsaitlərin daxil olması və istehsalat bazasının genişləndirilməsi, rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılması kimi mühüm məsələlərin həllini sürətləndirməkdir.

Ümummilli liderimiz Heydər Əliyev enerji layihələrinin uğurla həyata keçirilməsinə həmişə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Dahi öndərin təşəbbüsü ilə "Əsrin müqaviləsi"nin imzalanması nəticəsində ölkəmizdə yeni  neft strategiyası uğurla həyata keçirilməyə başladı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına qat-qat marağı artdı və ölkəmizin neft ehtiyatlarının istismarına böyük həcmdə  xarici investisiyalar yönəldildi.

Bu gün Avropanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə yüksəlir. Artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması mümkünsüzdür. Çox mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malikdir. Bundan başqa, ölkəmiz Asiya ilə Avropa arasında həm də təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir dövrdə nəqliyyat, təhlükəsiz enerji dəhlizləri daha çox əhəmiyyət daşımağa başlayır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, bunları hasil edən dövlətdir. Eyni zamanda, nəhəng qaz potensialımız da mövcuddur. Buna görə də Azərbaycanın regionun ən mühüm dövlətinə çevrilməsi təbiidir.

Yeri gəlmişkən, son 12 ildə qeyri-neft sektorunun inkişaf tempi neft sektoruna nisbətən daim davam edib. Ümumilikdə bu sektorun inkişafında neftdən daxilolmalarla yanaşı, inkişaf proqramları, infrastrukturun yenilənməsi, yerli sahibkarlığın dəstəklənməsi və müasir bazar münasibətlərini təmin edəcək qanunvericilik bazasının yaradılması və daim yenilənməsi kimi amillərin də böyük təsiri olub. 

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı nəticəsində daxili tələbatın ödənilməsində idxaldan asılılıq azalıb, idxal inflyasiyasını məhdudlaşdırıb, sözügedən sahə dövlət büdcəsinin gəlirlərinin əsas qaynaqlarından birinə çevrilib, ölkənin rəqabətqabiliyyəti  artıb.  Ümumiyyətlə, sadalananlara nəzər saldıqda qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyətində və gələcəyində oynadığı rolun nədən ibarət olduğunu təsəvvür etmək elə də çətin deyil. Belə ki, hazırda ölkədə məşğul əhalinin təxminən 95 faizdən çox hissəsi    iqtisadiyyatın neftdən kənar sektorlarında fəaliyyət göstərməklə daxili tələbatın  genişlənməsini reallaşdırır. Eyni zamanda, yoxsulluğun azaldılmasında böyük pay məhz bu sektora aiddir.

Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının qarşılanmasında idxal məhsullarından asılılığın azaldılması və maliyyə sektorunun idxal inflyasiyasından qorunmasında qeyri-neft sektorunun rolu əvəzsizdir. Dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasında da qeyri-neft sektoru müstəsna əhəmiyyət daşıyır. Baxmayaraq ki, büdcədə neftdən daxilolmaların həcmi nə qədər cox olsa belə, yenə də perspektiv üçün dövlət büdcəsinin maliyyə qaynağı iqtisadiyyatın neftdən kənar sektorları hesab edilir. Cünki hər hansı təbii sərvətin gətirdiyi dvidendlər sonsuz deyil və bir gün tükənir. Nəticədə büdcə yenidən real sektorun dayanıqlığından asılı olur. Məhz bu səbəblərə görə iqtisadiyyatın diversifikasiyası və bu sektorun inkişaf etdirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyev    tərəfindən prioritet hesab edilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə,  ölkəmizdə strateji maraqlara söykənən düzgün iqtisadi siyasətin aparılması nəticəsində həyatın bütün sferalarında, o cümlədən iqtisadiyyatda ciddi irəliləyiş və inkişaf təmin edilib. Bu tendensiya qeyri-neft sektoruna da şamil edilir.

İqtisadçı neft və qazın hasilatından qaynaqlanmayan sektorların inkişaf tempinə daha cox təsir edən amilləri aşağıdakı kimi qruplaşdırıb: -investisiya siyasəti və cəlb edilən investisiyyaların həcmi; -ölkədə aparılan struktur və institusional dəyişiklər, müasir qanunvericilik bazasının yaradılması; -daxili tələbatın dəyişməsi; -maliyyə- bank bazarında son illər aparılan islahatlardan doğan və kreditləşmədən( buraya istehsal və istehlak məqsədli kreditlər daxildir) formalaşan  istehlak və istehsal münasibətləri; -daxili istehsalı təşviq edən dövlət xərclərinin həcmi.

Ötən illər ərzində sadalanan amillərin hər biri ölkəmizdə daim diqqət mərkəzində saxlanılıb və aparılan iqtisadi və sosial siyasət nəticəsində keçid dövrü uğurla başa çatdırılıb, hazırda isə iqtisadiyyatın şaxələndirilməsi prosesi məqsədli və sürətli şəkildə davam etdirilir.

Bu gün Azərbaycanda qeyri-neft sektorunun xarici ticarətdə payı da diqqət çəkir. Hazırda ixracın böyük bir qismini neft, neft məhsulları və qazın satışı təşkil etsə də, xarici ticarətdə qeyri-neft sektorunun payı ildən-ilə artır. Bu sahədə inkişafı reallaşdırmaq məqsədilə ölkəmizdə dünya bazarlarında rəqabət apara biləcək keyfiyyətli və beynəlxalq standartlara uyğun məhsulların istehsalı, istehsalı təmin edəcək yeni və innovativ müəssisələrin acılması və ixracı stimullaşdıracaq tədbirlərin həyata keçirilməsi prosesi uğurla həyata keçirilir.

Ekspertlərin proqnozlarına əsasən, 2020-ci ildə ölkəmizin qeyri-neft ixracı ümumi idxala bərabər olacaq. Bu isə Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsi, neft hasilatının tükəndiyi zamanlarda ticarət saldosundakı üstünlüyün qorunub saxlanması və iqtisadi nüfuzun itirilməməsi istiqamətində müsbət rol oynayacaq.

Hazırda qeyri-neft sektorunun daha da inkişafı məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi, ixrac siyasətində koordinasiyanın gücləndirilməsi, ixrac mallarının istehsalının stimullaşdırılması, ixracın infrastruktur təminatının yaxşılaşdırılması, keyfiyyətə nəzarət sisteminin gücləndirilməsi, ixracın təşviqi və maarifləndirmə kimi vacib məsələlər diqqət mərkəzində saxlanılır. 

Qeyri-neft sektorunun büdcə gəlirlərində payı da getdikcə artır. Belə ki, ölkəmizin karbohidrogen ehtiyatlarına sahib olması və bu ehtiyatların son illər dünya bazarına cıxarılmasından əldə edilən gəlirlər digər sahələrin inkişafına təsiri artırıb və sosial dövlət dəyərləri baxımından gəlirlərin müəyyən bir qismi dövlət büdcəsinə yönəldilib. Nəticədə bu vəsaitlərin həcmi qeyri-neft sektorundan əldə edilən gəlirlərə nisbətən daha artıq olub. Neftdən daxil olan vəsaitlərin büdcə vasitəsilə ölkənin infrastrukturunun yenidən qurulması, sosial rifahın gücləndirilməsi, insan kapitalına diqqətin artırılması, nisbətən zəif inkişaf edən sektorlara dövlət dəstəyinin təmin edilməsi, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilməsi təqdirəlayiq haldır.

Mütəxəssislərin fikrincə, yuxarıda sadalanan sahələrin bir coxu, məsələn, infrastrukturun yenidən qurulması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması birdəfəlik və yaxud uzunmüddət təkrar maliyyənin cəlb edilməsinə ehtiyacı olmayan sahələrdir. Bu da imkan verir ki, gələcək illərdə büdcənin əsas xərclərində kəsintilərə getmədən neftdən daxillolmaların miqdarını kifayət qədər azaltmaq mümkün olsun. Bununla yanaşı, Azərbaycan hökuməti bu sahədəki disbalansı aradan qaldırmaq istiqamətində də səylərini artırıb. Belə ki,  vergi qanunvericiliyinə edilən dəyişikliklər, nağdsız ödəniş sisteminin bütün ölkə boyu təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi, o cümlədən kölgə iqtisadiyyatının minimuma endirilməsi kimi addımların atılması nəticəsində büdcədə qeyri-neftdən gəlirlərin həcmində son illər ciddi artım baş verib.

Yeri gəlmişkən, burada investisiya siyasətinin istiqamətlərinə də nəzər salmaq istərdik. Azərbaycanda  iqtisadi dayanıqlılığın artırılması və əhalinin sosial rifahının yüksəldilməsinin əsas yolunun  mövcud potensialdan səmərəli və vaxtında istifadə edilməsi olduğu üçün müstəqilliyimizin ilk illərindən ölkəmizdə normal investisiya mühitinin yaradılması, habelə xarici kapital axınının reallaşdırılması ən yüksək səviyyədə qarşıya qoyulan iradə sayəsində gerçəkləşib. Baxmayaraq ki, 2005-ci ilədək iqtisadiyyata qoyulan investisiyanın böyük bir qismi enerji sektoruna yönəldilirdi, sonralar bu tendensiya qeyri-neft sektorunun xeyrinə dəyişdi. Ümumiyətlə, investisiya siyasəti Azərbaycan hökumətinin müəyyən etdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İnvestisiya axınının təşviq edilməsində əsas məqsəd iqtisadiyyata xam vəsaitlərin daxil olması və istehsalat bazasının genişləndirilməsi, rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılması kimi mühüm problemlərin həllini sürətləndirməkdir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışında da dövlət başçısı bu barədə ətraflı danışaraq qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Prezidentin sözlərinə görə, ümumilikdə Azərbaycanda investisiya mühiti yaxşıdır: "Belə olmasa, ölkəmizə 100 milyard xarici investisiya qoyulmazdı. Sadəcə, indi çalışmalıyıq ki, xarici investisiya qeyri-neft sektoruna cəlb edilsin. Eyni zamanda, Azərbaycanda ixracın təşviqi mexanizmini yaradırıq. Azərbaycanda rəqabətqabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir".

Qeyri-neft sektorunun inkişafında özəl bölmənin də mühüm rolu var. Elə buna görə də ölkədə bu sahəyə xüsusi diqqət göstərilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların ötən il noyabr ayının 1-dən 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi,  indiyə kimi verilən və qüvvədə olan müddətli lisenziyaların müddətsiz elan olunması (yeni verilən lisenziyalar müddətsiz verilir), lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılması, lisenziya verilməsi üçün tələb olunan prosedurların sadələşdirilməsi məhz bunun bariz ifadəsidir.    Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  da sahibkarlığın inkişafı məsələsinə toxunulub. Prezident
İlham Əliyev çıxışında  dövlətin sahibkarlığın inkişafına bundan sonra da öz dəstəyini verəcəyini deyib. Dövlət başçısı bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit ödənildiyini vurğulayıb və qeyd edib ki, bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. "Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir", - deyə dövlətimizin başçısı əlavə edib.

Bu gün dünyada kəskinləşən böhran əksər ölkələrdə bir sıra sosial proqramların təxirə salınması ilə müşahidə olunduğu halda, Azərbaycan Prezidenti ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışında da dövlət başçısı bu barədə ətraflı danışıb. Azərbaycan Prezidenti bildirib ki, sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir: "Ancaq istəyirəm, yerlərdə sahibkarlar problemləri dilə gətirsinlər ki, o problemlər həllini tapsın".

Azərbaycan iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafı, ölkədə aparılan iqtisadi siyasətin nəticəsidir. Həmçinin, respublikanın iqtisadi gələcəyinin qeyri-neft sektoruna bağlı olması prioritet götürülərək bu sahədə ciddi infrastruktur işləri həyata kecirilib, normal investisiya mühiti formalaşdırılıb. Digər tərəfdən,  qanunvericilik bazası zamanın tələbinə uyğunlaşdırılıb, normal bazar münasibətlərinin formalaşmasında və azad rəqabətin təmin edilməsində ciddi nəticələr əldə edilib.

Bu gün inamla deyə bilərik ki, ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınıb, nüfuzu güclənib. Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə iradə nümayiş etdirən regional gücə cevrilib. Bir sözlə, respublikamız öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanıb və Azərbaycan dünya iqtisadiyyatının fəal iştirakçısına cevrilib.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında