Dünyada dərin iqtisadi və maliyyə böhranının davam etməsi ölkəmizin dinamik inkişafına öz mənfi təsirini göstərə bilməyib. Çünki qeyri-neft sektorunun yüksəlişinə xüsusi önəm verilməsi, şaxələndirmə siyasəti, bununla bağlı həyata keçirilən tədbirlər Azərbaycanın bu vəziyyətdən minimum itkilərlə çıxmasına münbit şərait yaradıb. Şübhəsiz, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirləri azaldıb. Lakin bununla belə sosial-iqtisadi layihələrə dövlət dəstəyi diqqət mərkəzində saxlanılıb. Bununla bağlı Prezident İlham Əliyev deyib: "Neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur...".
Son illər ərzində iqtisadi və maliyyə böhranından minimum itkilərlə çıxması üçün ölkəmizin gələcək inkişaf dinamikasını müəyyənləşdirən qeyri-neft sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən texnoparkların, sənaye məhəllələrinin qurulmasına, ixracyönümlü sənaye məhsulları istehsalının genişləndirilməsinə, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaradılmasına xüsusi əhəmiyyət verilib. Bu isə, şübhəsiz ki, Azərbaycanın gələcək inkişafını sürətləndirəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və iqtisadiyyatın dayanıqlı şəkildə inkişafını müəyyən edəcək.
Qeyri-neft sənayesinin sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərib. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxan, özünü doğruldan bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Azərbaycanda son illərdə rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Sənayenin inkişafına xüsusi önəm verilməsində əsas məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda, xammal və yarımfabrikat ixracatı mümkün qədər azaldılmalı, hazır məhsul istehsalına üstünlük verilməlidir. Məlumdur ki, adətən sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük verirlər.
Ölkə Prezidenti cənab İlham Əliyev hələ bu ilin əvvəlində qarşıda duran vəzifələrdən danışarkən deyib: "Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir".
Sənayeləşmənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan müvafiq tədbirlər planında əsas tezislər öz əksini tapıb. Bunlar hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsindən ibarətdir.
Sənayeləşmə iqtisadiyyatda bu aparıcı sahənin xüsusi çəkisinin artırılması yolu ilə yeni mərhələyə sürətli sosial-iqtisadi keçid prosesidir. Bu proses xüsusilə metallurgiya, maşınqayırma, cihazqayırma, energetika kimi sənaye sahələrində yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətin dünyaya baxışını dəyişdirir. Bunu dünyada sənaye inqilabının baş verdiyi ilk ölkə olan İngiltərənin timsalında da aydın görmək olar.
Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilib. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilib. Regionların sənaye potensialının yüksəldilməsi kimi uzaqgörən siyasət həyata keçirilərək Gəncə, Sumqayıt, Daşkəsən, Şirvan, Ağdam, Xaçmaz və digər şəhərlərdə sənaye kompleksləri yaradılıb.
Son illərdə bir sıra iri sənaye müəssisələri-Gəmiqayırma zavodu, Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil zavodu, bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti və digər müəssisələr istifadəyə verilib.
Gəmiqayırma zavodunun və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verib.
Sənayenin inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilib və yenidən qurulub, 10 min kilometrdən çox avtomobil yolu inşa olunub. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Dünyanın nəhəng enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə, sənayenin inkişafına öz töhfəsini verəcəkdir.
Sənayenin dinamik inkişafı sözügedən sahədə məhsul istehsalına da öz müsbət təsirini göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-iyun aylarında 14,75 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 64,6 faizi mədənçıxarma sektorunda, 28,9 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Sənayenin inkişafından danışarkən, sənaye parklarının və məhəllələrinin yaradılmasını xüsusi vurğulamaq istərdik. Xatırladaq ki, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın əsas istiqamətlərindən biri olan sənaye və texnologiyalar parklarının, eləcə də məhəllələrinin yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 2011-ci ildə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı, 2012-ci ildə isə Yüksək Texnologiyalar Parkı təşkil edilib. Hazırda isə Mingəçevir Sənaye və Yüksək Texnologiya parkları, Qaradağ Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsi yaradılır.
Son dövrlərdə yaradılan tikinti materialları istehsalı sahələri – sement, gips əsaslı məhsullar, hörgü blokları, metal konstruksiyalar istehsalı, eləcə də elektrik avadanlıqları və elektrik kabelləri, iri qabaritli transformatorlar istehsalı daxili tələbatı tam ödəməklə yanaşı, xarici bazarlara ixrac etmək imkanı yaradır. Hazırda tikintisi həyata keçirilən polimer, əhəng istehsalı və fasad məmulatları müəssisələri bu sahələrdə də özünün təminat səviyyəsini yüksəldəcək. Tikintisi davam etdirilən Karbamid zavodu kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb etməklə, azot gübrəsinə olan tələbatı tam ödəyəcək. Layihənin dəyəri 900 milyon avrodur. Hazırda zavodun tikintisinə 2 min 300 nəfər cəlb olunub. Müəssisənin 2018-ci ilin ilk aylarında istifadəyə verilməsi nəzərdə tutulur.
Sumqayıtda "Azertexnolayn" MMC-yə məxsus 3 müəssisə - Türkiyə, Yaponiya və Koreya Respublikası texnologiyaları əsasında ildə 200 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, 3 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edən polad boru, polietilen məmulatları və hidrotexniki avadanlıqlar zavodları fəaliyyət göstərir. Həmin zavodlarda 675 nəfər işlə təmin olunub. Bu istehsal sahələrində istehsal olunan məhsulların 75 faizi ixrac olunur. Həmin istehsal sahələrinin yaradılmasına 65,5 milyon manat investisiya yatırılıb.
Sumqayıtda Avstriya və Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan müəssisələrin inşası da həyata keçirilir. Hazırda polimerlərin istehsalı üzrə ixtisaslaşmış ölkələrin istehsal etdiyi avadanlıqlar zavodun ərazisinə gətirilməkdədir. Burada istehsal prosesində yerli xammaldan - "Azərikimya" İstehsalat Birliyində buraxılan propilen və etilendən istifadə ediləcək. Ümumi investisiyanın həcmi 700 milyon ABŞ dolları olan layihə çərçivəsində 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.
Adıçəkilən şəhərdə tikintisi aparılan digər bir zavodda illik istehsal gücü 8 milyon kvadratmetr olan müxtəlif çeşiddə şüşə lövhələri istehsal ediləcək. Layihə çərçivəsində 150 yeni iş yeri açılacaq. İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarlara ixrac ediləcək. Layihənin dəyəri 78 milyon avro təşkil edir.
"Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti" isə illik istehsal gücü 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal edən zavodun tikintisinə başlayıb. Dəyəri 27,5 milyon manat olan müəssisənin 2017-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.
İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan "SİKA" MMC isə ölkədə ildə 5 min ton tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək zavod inşa edir. Dəyəri 5,3 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisənin bu il fəaliyyətə başlaması planlaşdırılır.
Bütün bunlarla yanaşı, "MST Engineering Services" MMC tərəfindən hazırda tikintisi aparılan yüksək təzyiqə davamlı xortum və fitinq istehsal edəcək zavodun dəyəri 4,5 milyon manat, "Aqrokimya Azərbaycan" MMC tərəfindən inşa olunan pestisidlər istehsalını həyata keçirəcək zavodun dəyəri 24,1 milyon manatdır.
Bu gün Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edir.
"Bakı Gəmiqayırma Zavodu" MMC müxtəlif təyinatlı gəmilərin tikintisini və təmirini həyata keçirir. Adıçəkilən cəmiyyətin ən böyük sifarişi isə BP şirkəti üçün ümumi dəyəri 378 milyon ABŞ dolları olan "Xankəndi" Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir. Gəminin tikintisinin 2017-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur. Bundan başqa, bugünədək zavodda 73 gəminin təmiri aparılıb.
Bu gün sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dovlət dəstəyi tədbirlərinə mühüm önəm verilir. Cari ilin birinci yarısında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sənayenin və aqrar sektorun inkişafına güzəştli kreditlərin verilməsinə, sahibkarların maarifləndirilməsinə dair işgüzar forumların keçirilməsi davam etdirilib. Bu dövrdə 1252 sahibkara 73,2 milyon manat dövlətin güzəştli krediti verilib, 3200-dək yeni iş yerinin açılması imkanı yaradılıb. Verilən kreditlərin 56,8 milyon manatını və ya 77,6 faizini qaytarılan vəsaitlər təşkil edir. Ümumilikdə, 2016-cı ildə sahibkarlara böyük hissəsi geri qaytarılan vəsaitlər olmaqla 250 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Sosial- iqtisadi layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsində hüquqi şəxslərə investisiya təşviqi sənədi verilməsi də mühüm rol oynayır. Bu ilin 6 ayı ərzində 18 hüquqi şəxsə investisiya təşviqi sənədi və 13 müəssisəyə təsdiqedici sənəd təqdim olunub. Abşeron rayonu, Xırdalan, Sumqayıt, Qazax, Şəmkir, Şəki, Xaçmaz, Şabran, Xızı, Qusar kimi geniş coğrafi ərazini əhatə edən layihələrin reallaşması nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə 193,7 milyon manat həcmində investisiya yatırılacaq, 1700-dən çox yeni iş yerləri açılacaqdır.
İqtisadiyyat Nazirliyində hazırda investisiya təşviqi sənədinin verilməsi ilə bağlı 11 layihəyə, təsdiqedici sənədin verilməsi ilə bağlı isə 3 müraciətə baxılır. İnvestisiya təşviqi ilə bağlı baxılmaqda olan layihələrin dəyəri isə 1,7 milyard manatdan çoxdur. Bu layihələr üzrə 1200-ə yaxın yeni iş yeri açılması nəzərdə tutulur.
Ümumiyyətlə, bu il Azərbaycan iqtisadiyyatına 19,9 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılıb. Daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 34,8 faiz, xarici investisiyaların payı isə 65,2 faiz həddində gözlənilir.
Cəlb edilən investisiyaların 40,3 faizinin qeyri-neft sektoruna yönəldilməsi proqnozlaşdırılır ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edəcək. 2016-cı ildə dövlət investisiyaları 6,5 milyard manat olmaqla ümumi investisiyaların 32,7 faizini təşkil edəcək.
Hazırda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.