Beynəlxalq maliyyə-iqtisadi qurumların hesabatlarındakı məlumatların təhlili Azərbaycanın yaxın gələcəkdə mövqeyini daha da möhkəmləndirəcəyini göstərir

Hər bir cəmiyyətin iqtisadi inkişafının səmərəlilik əmsalı onun aparılan sosial siyasətə və əhalinin həyat səviyyəsinə real təsiri, ümummilli məhsul artımının hər bir cəmiyyət üzvünün rifahında təcəssümünü tapması prinsipləri əsasında qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru da iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır.

Dövlət başçısı çıxışlarının birində vurğuladığı kimi, bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir: "Bu, doğrudan da, böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir".

Burada bir məqamı da xatırlatmaq yerinə düşərdi. Beynəlxalq təşkilatlar Azərbaycanın sosial-iqtisadi uğurlarını qiymətləndirməklə yanaşı, ayrı-ayrı fəaliyyət sahələrinin gələcək inkişaf proqnozlarını da verirlər. Məsələn, "Moody's" beynəlxalq reytinq agentliyinin bu günlərdə yaydığı məlumatda bildirilir ki, dünyada neftin qiymətinin aşağı düşməsinə, Azərbaycanda valyutanın kəskin devalvasiyasına baxmayaraq, neft sektorunda 2,1 faizə qədər, qeyri-neft sənayesi istehsalında isə 2 faizdən çox artım olub.

"Moody's" beynəlxalq reytinq agentliyinin məlumatında, eyni zamanda, vurğulanır ki, Azərbaycanda gələn ildən etibarən, daxili tələbat bərpa olunacaq, real ÜDM-in artımı nəzərə çarpacaq. 

"Fitch" agentliyi isə bu günlərdə Azərbaycanda adambaşına düşən ÜDM üzrə proqnozu da yaxşılaşdırıb. Adıçəkilən agentliyin məlumatına görə,  Azərbaycanda adambaşına düşən ÜDM  2016-cı ildə 3 813 dollar və 2017-ci ildə 4 434 dollar, 2018-ci ildə isə 4 948 dollar səviyyəsində gözlənilir.

"Fitch"in Azərbaycanda inflyasiya üzrə proqnozu da nikbinlik doğurur. Belə ki, bu beynəlxalq reytinq agentliyi 2016 və 2017-ci illərdə ölkədə inflyasiya üzrə proqnozu müvafiq olaraq 14-dən 11,5 faizə və 7-dən 6 faizədək yaxşılaşdırıb. Agentliyin hesabatına əsasən, 2018-ci ildə ölkədə inflyasiya 3 faiz səviyyəsində gözlənilir. "Fitch", həmçinin 2017-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 1,5 faiz səviyyəsində saxlayıb və proqnozu cari ildə 3,3-dən 3 faizədək yaxşılaşdırıb. Agentlik 2018-ci ildə Azərbaycanda iqtisadiyyatın artımının 3 faiz olacağını proqnozlaşdırır.

Yeri gəlmişkən, Dünya Bankının proqnozuna da nəzər salaq. Bankın Şərqi və Mərkəzi Avropa üzrə hesabatında isə göstərilir ki, ötən il Azərbaycanda aqrar sahənin inkişafı sənayedə yaranan zəifləməni kompensasiya edib. Hesabatda, həmçinin qeyd olunub ki, 2015-ci ildə kənd təsərrüfatı sahəsindəki 4,4 faiz yüksəliş ölkə əhalisinin bu sahədə çalışan 38 faizinin gəlirlərini qoruyub saxlamağa səbəb olub.

Bankın yaydığı sənəddə, eyni zamanda, vurğulanıb ki, Azərbaycanda milli valyutanın dəyərinin dəyişməsi yerli fermerlərə xarici rəqibləri ilə mübarizə aparmaqda kömək edib. Belə ki, yerli istehsal və xidmət sahələrinə diqqəti artırmaqla xarici istehsalçılara qarşı mübarizə aparmaq olar.

Hesabatda daha sonra 2016-2018-ci illər üçün proqnozlaşdırılan inkişaf göstəriciləri də qeyd edilib. Bildirilib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dinamik xarakter daşıyır. Belə ki, bu il 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla  yüksəliş gözlənilir.

Bankın proqnozuna görə, Azərbaycan bu sahədə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Kənd təsərrüfatının artım faizi proqnozu ilə ölkəmiz hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında da ön yerlərdədir.

Beynəlxalq qurumların ölkəmizlə bağlı nikbin proqnozları təsadüfi deyil. Xatırladaq ki, Azərbaycanda 2004-cü ildən indiyədək iqtisadi artıma 3,4 dəfə nail olunub. Bu dövrdə ən sürətlə inkişaf edən ölkələrdən biri kimi respublikamızda əhalinin maddi təminat və rifah göstəriciləri də mütəmadi yüksəlib. 2003-cü illə müqayisədə ötən dövrdə əhalinin gəlirləri 7 dəfəyə yaxın, adambaşına gəlirlər isə 6 dəfəyə yaxın artıb. Bu ilin yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,3 faiz artaraq 17511,6 milyon manata çatıb. Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3 faizi isə yığıma yönəldilib.

Azərbaycanda 2004-cü ildən başlayaraq regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında nəzərdə tutulan müddəaların uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin olunub, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilib, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olub. Görülən işlərin nəticəsi olaraq, ölkəmizdə yoxsulluq səviyyəsi 4,9 faizə, işsizlik səviyyəsi 5 faizədək enib. Azərbaycanda 2004-cü ildən indiyədək 73 mindən çox yeni müəssisə fəaliyyətə başlayıb, 1,5 milyondan çox yeni iş yeri açılıb.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılan iş yerlərinin sayı hesabına burada da müsbət dinamikanın müşahidə edildiyini, özəl sektorda da bu işlərin uğurla getdiyini diqqətə çatdırıb: "Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilib ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər", - deyən Prezident İlham Əliyev özəl sektorun da özünü çox məsuliyyətli apardığını vurğulayıb: "Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək - həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə, əlbəttə, özəl sektor da sosial məsuliyyət daşımalıdır. Ona görə, bax, 78 min iş yeri açılıb, 26 min iş yeri bağlanıb. Deməli, 50 mindən çox yeni iş yerləri açılıb və bu da çox müsbət haldır", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Hazırda milli iqtisadiyyatın mühüm bir sahəsi olan neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalmasına baxmayaraq, ölkə rəhbərinin sosialyönümlü inkişaf kursunun nəticəsi kimi, Azərbaycanda sosial sahəyə yönələn vəsaitlərin həcmi nəinki azaldılmır, hətta artırılır. Belə ki, əgər 2015-ci ilin dövlət büdcəsində bu sahə üzrə xərclər büdcənin 27,6 faizi qədər idisə, bu il 36,1 faiz təşkil edəcəyi gözlənilir.  

Bu gün dünyada kəskinləşən böhran əksər ölkələrdə bir sıra sosial proqramların təxirə salınması ilə müşahidə olunduğu halda, Azərbaycan Prezidenti ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışında da dövlət başçısı bu barədə ətraflı danışıb. Azərbaycan Prezidenti bildirib ki, sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir: "Ancaq istəyirəm, yerlərdə sahibkarlar problemləri dilə gətirsinlər ki, o problemlər həllini tapsın".  Dövlət başçısı qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Prezidentin sözlərinə görə, ümumilikdə Azərbaycanda investisiya mühiti yaxşıdır: "Belə olmasa, ölkəmizə 100 milyard xarici investisiya qoyulmazdı. Sadəcə, indi çalışmalıyıq ki, xarici investisiya qeyri-neft sektoruna cəlb edilsin. Eyni zamanda, Azərbaycanda ixracın təşviqi mexanizmini yaradırıq. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir".

Azərbaycanda sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini 30 faiz və ya üçdə birə qədər üstələyir. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına görə, Azərbaycan Avropada sənayenin ümumi daxili məhsuldakı payına görə ilk sıralarda yerləşir. Respublikamızda sənayenin strukturunda mədənçıxarmanın payının azalması fonunda emal sənayesinin də xüsusi çəkisi artmaqdadır. Əgər sənaye yüksəlişinin birinci mərhələsi karbohidrogen resurslarına əsaslanırdısa, indiki mərhələdə inkişaf iqtisadi səmərəliliyin üzərində qurulmalıdır.

Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitə təsirlərin azaldılması, iqtisadiyyatın rəqabət qabiliyyətinin və sənaye ixracının artırılması və yeni iş yerlərinin açılmasıdır. Bunun üçün institusional mühit və makroiqtisadi şərait, dünya iqtisadiyyatında inkişaf təmayüllərinin saxlanılması vacibdir.

Son illər aqrar sektorda da bir sıra mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yaxın zamanlarda daha da böyük nəticələr əldə olunacağını diqqətə çatdırıb: "Bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük artım gözlənilir. Əlbəttə ki, biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusilə heyvandarlıqla bağlı olan təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə, o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın".

Ölkə rəhbəri daha sonra deyib: Biz əvvəlki dövrlərdə təbii olaraq əsas səylərimizi ərzaq təhlükəsizliyi məsələlərinə yönəltmişdik. Çünki bir neçə il bundan əvvəl çox böyük problemlərlə üzləşmişdik. Yəqin ki, xatırlayırsınız, hətta imzalanmış kontraktlar da icra edilmirdi. Çünki biz taxılı, buğdanı idxal edirdik. Ancaq sonra bəzi ölkələrdə quraqlıq baş verdi, çətinliklər yaşandı və bizim kontraktlarımız ləğv edildi.

Bu, bizim üçün çox ciddi bir siqnal idi. Ondan sonra biz qərar verdik ki, taxılçılığı sürətlə inkişaf etdirək. İri fermer təsərrüfatları yaradıldı, məhsuldarlıq artdı, 23 sentnerdən 30 sentnerə qalxdı. İri fermer təsərrüfatlarında məhsuldarlıq 50-60 sentnerə bərabərdir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri ön planda idi. Biz indi özümüzü ətlə təmin edirik. Quş əti ilə tam təmin edirik. Yəni, bu, ərzaq təhlükəsizliyi məsələləri idi. Ancaq bununla bərabər, indi vaxt gəlib çatıb ki, texniki bitkilərə də ciddi fikir verilsin. Xüsusilə nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik".

Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar hazırda uğurla icra edilir. Bu gün pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, adları çəkilən  sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb. Bu məqsədlə fermerlərə 60,6 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda müasir suvarma sistemləri qurulub. Hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, mövcud aqroparkların infrastukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda, yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib.

Xaçmaz rayonunda 523 hektar ərazidə yaradılmış Yalama Aqroparkında 3 min başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi ilə iri fermer təsərrüfatı, gücü saatda 5 ton olan qüvvəli yem zavodu yaradılıb, tutumu 4,5 min ton olan taxıl anbarı və qurutma avadanlığı quraşdırılıb, su və elektrik enerjisi, qaz, eləcə də müasir texnika və avadanlıqla təmin olunub.

Hazırda aqroparkda 1100 baş cins heyvan saxlanılır. Artıq bu heyvanlardan 471 baş bala alınıb. Təsərrüfatda gündəlik 10 tondan artıq süd emala göndərilir. Qısa müddətdə emala gedən südün həcminin gündəlik olaraq 25 tona çatdırılması gözlənilir. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd təsərrüfatı bitkiləri - yonca, arpa və qarğıdalı əkilib. Bununla yanaşı, aqroparkda qabaqcıl texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodunun və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Hazırda Yalama aqroparkında 100 daimi iş yeri açılıb, daha 50 nəfər mövsümi işlərə cəlb olunub. Layihənin ikinci mərhələsinin icrası əlavə olaraq 100 daimi iş yerinin açılmasına imkan yaradacaq.

Şəmkir aqroparkında birinci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzinin yaradılması işləri tamamalanmaqdadır. Bundan başqa, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilib. İkinci mərhələnin icrası üçün hazırlıq işləri davam etdirilir.

Azərbaycanın digər bölgələrində də aqroparkların yaradılması məqsədilə aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır.

Beləliklə, Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda son illər nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan 2020 - gələcəyə baxış" İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında