Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı və ixracın strukturunda bu sahənin xüsusi çəkisinin artırılması, idxaldan asılılığın azaldılması, ixracyönümlü yeni istehsal sahələrinin yaradılması, rayonlarda sənaye məhəllələrinin və aqroparkların yaradılması ilə bağlı tapşırıqları uğurla icra edilir.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və bundan əvvəl keçirilən müşavirələrdəki çıxışlarında Prezident İlham Əliyev ölkədə sənaye məhəllələrinin və aqroparkların yaradılması üzrə işlərin davam etdirilməsi tapşırığını verib. Bununla bağlı dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesində müasir və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Respublikada sənayeləşmənin tempi yüksəlib, qeyri-neft sənayesinin şaxələndirilməsi sürətlənib. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi artıb, rəqabətqabiliyyətliliyi yüksəlib. Artıq uğurlu göstəriciləri ilə diqqətçəkən texnoparklar bu fəaliyyətin məntiqi nəticəsidir. Bu gün həmin texnoparklar tərəfindən daxili bazarlarla yanaşı, xaricə də yüksək keyfiyyətli məhsul göndərilir.
Xatırladaq ki, bu gün respublikamızda Sumqayıt Texnologiyalar Parkı (STP) səmərəli fəaliyyət göstərir, bununla yanaşı, Qaradağ, Mingəçevir sənaye parkları sürətlə qurulur, "Yaşıl iqtisadiyyat"ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkı müsbət göstəricilər əldə edir.
STP-nin icraçı direktoru, fizika elmləri doktoru, Əməkdar mühəndis Sahib Musayevin sözlərinə görə, adıçəkilən texnologiyalar parkı Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayır. STP-nin açılış mərasimi 2009-cu il dekabr ayının 22-də dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə keçirilib. Mərasimdə dövlətimizin başçısı həm də ifrat yüksək gərginlik kabellərinin istehsalı xəttinin də təməl daşını qoyub. Həmin vaxt STP-də kabel, plastik boru zavodunun birinci fazası və yüksək gərginlikli elektrik avadanlıqları zavodları fəaliyyət göstərirdi. Bundan sonra isə daha 12 müəssisə istismara verilib. Hazırda STP-də 15 istehsal sahəsi işləyir. Təməli cənab İlham Əliyev tərəfindən qoyulan yüksək gərginlikli kabel qülləsi də artıq istifadəyə verilib və elə bu günlərdə Azərbaycan tarixində ilk dəfə olaraq 500 kV-lıq kabelin istehsalına başlanılıb.
Hazırda STP-də tikinti işləri dinamik xarakter alıb. 2006-cı ildən başlanılan və bu gün bir neçə istiqamətdə aparılan tikinti cərəyan, gərginlik, ölçü, quru və yağ tipli transformatorların istehsal olunacağı transformator zavodunda daha intensiv nəzərə çarpır. Müəssisə fəaliyyətə başladıqdan sonra burada gərginliyi 500 kV, gücü 400 MV-yə qədər olan transformatorların istehsalı reallaşacaq. Həmçinin Sumqayıt Elektrik Stansiyasının yanında yerləşən STP 1-in ərazisində daha iki zavodun tikintisi də davam edir. Burada alüminium və plastik pəncərə profillərindən qapı və pəncərə istehsalı həyata keçiriləcək. İndi texnoparkda istehsal edilən məhsulların sərgisi və satışını reallaşdırmaq üçün təqdimat binası da inşa olunur.
Ərazisi 250 hektar olan STP-nin qapalı istehsal sahəsi 500 min kvadratmetrdən artıqdır. Fəaliyyət göstərən bütün zavodlar Avropa və Yaponiya istehsalı olan ən yeni avadanlıqlarla təchiz olunub. İstehsal prosesində istifadə edilən yüksək keyfiyyətli xammal və materiallar da Avropanın qabaqcıl ölkələrindən idxal olunur. Texnoparkda ölkəmizdə istehsalı olmayan 40-dan çox məhsul tədarük edilir. Müəssisələr arasında kabel zavodu xüsusilə seçilir. Burada 25 min çeşiddə (500 kV-a qədər) ifrat yüksək, yüksək, orta və alçaq gərginlikli güc kabelləri, stasionar və qeyri-stasionar qoyuluşlu, müxtəlif növlü optik, telefon, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabelləri istehsal olunur.
Sözügedən istehsal sahəsi ölkəmizdə yeganə müəssisədir ki, fiber optik kabellərin istehsalını həyata keçirir. Zavodun yüksək texnologiyalar əsasında buraxdığı məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb. Yuxarıda qeyd edildiyi kimi, Kabel zavodu təməli cənab İlham Əliyev tərəfindən qoyulan ifrat yüksək gərginlikli kabel qülləsi sayəsində 500 kV-lıq kabellərin də istehsalına başlayıb. Bu tip kabellərin istehsalı dünyada yalnız 4-5 ölkədə mövcud olan belə qüllələrdə istehsal olunur ki, onlardan biri də STP-də fəaliyyət göstərir. İstehsal edilən bütün kabellər sınaq laboratoriyalarında ən son beynəlxalq standartlara cavab verən metodlarla yoxlanılır. Laboratoriya avadanlığı alçaq, yüksək və 500 kV-a qədər ifrat yüksək gərginlikli kabellərin yoxlanılması üçün istifadə olunur.
STP-nin gələcəyin müəssisəsi adlandırılan kabel zavodu steril təmizliyi ilə seçilir. Müəssisənin istehsal xətləri və prosesləri müvafiq audit və keyfiyyət yoxlamalarından keçib və ISO 9001:2008, OHSAS 18000:2007 sertifikatlarına layiq görülüb. 2012-ci ilin dekabr ayında bu zavod "İnterkabel" Beynəlxalq Assosiasiyasına qəbul edilib. Hazırda müəssisə AZS, QOST, Avropanın VDE, İEC beynəlxalq standartlarına və TS Türk standartlarının tələblərinə cavab verən məhsullar istehsal etmək imkanına malikdir.
Polimer məmulatlar zavodu STP-də ərazisinə görə ikinci müəssisədir. 2009-cu ilin dekabr ayından fəaliyyət göstərən bu müəssisə müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb. Burada müxtəlif növ ölçülü və hər cür şəraitə davamlı su boruları, silos qurğularında, körpü tikintisində və s. istifadə edilən polietilen, polipropilen plastik borular, PP qurğular, polikarbonat lövhələr, PVC profilləri istehsal edilir.
Müəssisədə bütün istehsal prosesi Almaniya, Avstriya və İtaliya istehsalı olan ən müasir texnoloji avadanlıqların köməyi ilə həyata keçirilir. Hazır məhsullar Danimarkadan gətirilən və müasir avadanlıqlarla təchiz edilən laboratoriyalarda sınaqdan keçirilir. Zavodun ümumi istehsal gücü illik 250 min tondan çoxdur.
STP-nin elektrik avadanlıqları zavodu da ən müasir qurğularla təchiz edilən müəssisələrdən biridir. Burada innovativ texnologiyaların tətbiqi ilə Avropa standartlarına uyğun məhsullar istehsal olunur. İstehsal prosesi Almaniya və Finlandiyada buraxılan və proqramlaşdırılan kompüter sistemi ilə idarə edilir. Zavodda 110 kV-luq elektrik yuvaları, 330 kV elektrik dövrələri üçün mühafizə panelləri, SİP naqillərinin aksesuarları, dənizdə qazma qurğularında istifadə olunan kabel kanalları, günəş kollektorları, müxtəlif çeşidli ödəniş və məlumat aparatları istehsal olunur. Hazır məhsulların yekun testləri isə ABŞ istehsalı olan sınaq laboratoriyasında reallaşdırılır.
STP-nin maşınqayırma, pres, dəqiq mexanika, texniki qazlar istehsalı və digər istehsal sahələrində də innovativ texnologiyaların tətbiqi ilə Avropa standartlarına uyğun, eyni zamanda, müasir tələblərə cavab verən məhsullar istehsal olunur.
Texnologiyalar parkında xarici iqtisadi əlaqələrə mühüm önəm verilməsinin nəticəsidir ki, burada fəaliyyət göstərən qurğular Avropa və Yaponiyanın ən qabaqcıl istehsalçı firmalarının məhsullarıdır. Avadanlıqlarda hər hansı bir problem yaranan zaman həmin şirkətlər tərəfindən texniki xidmət göstərirlər. Həmçinin yerli gənc mütəxəssisləri yetişdirmək və təcrübə qazanmalarını təşkil etmək üçün xarici şirkətlərlə sıx əlaqə yaradılır. STP yaranandan indiyə qədər 100-dən çox əməkdaşın İngiltərə, Almaniya, Finlandiya, Avstriya, Türkiyə, Yaponiya və s. ölkələrdə təcrübə keçərək, ixtisasını artırması məhz bunun bariz ifadəsidir.
STP daxili bazarla yanaşı, xaricdə də məhsullarını nümayiş etdirir, lazımi tələbatı ödəyir. Bununla bağlı iqtisadi əlaqələri qurmaq üçün Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədə rəsmi nümayəndəliklər fəaliyyət göstərir. Dillerlər vasitəsilə xarici şirkətlərlə danışıqlar aparılır, lazımi sifarişlər qəbul edilir və Azərbaycan məhsulları ixrac olunur.
Sumqayıt Texnologiyalar Parkının icraçı direktorunun fikrincə, sözügedən qurumun fəaliyyətini daha da gücləndirmək üçün STP- yə digər texnoparklara verilən vergi və gömrük güzəştləri tətbiq edilərsə, bu, yarımçıq qalan investisiya layihələrinin tamamlanmasına müsbət təsir göstərərdi.
Bütün bunlar isə deməyə əsas verir ki, texnoparkların yaradılması Prezident İlham Əliyevin uğurla həyata keçirilən sənayeləşmə siyasətinin davamıdır və ölkədə bu sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır. Yeni sənaye və yüksək texnologiyalar parklarının fəaliyyətə başlaması ölkə iqtisadiyyatının şaxələndirilməsini və onun neftdən asılılığını minimuma endirəcək, Azərbaycanın ixrac potensialını və rəqabətədavamlı məhsul istehsalının həcmini artıracaq, əhalinin məşğulluq probleminin həllinə öz töhfəsini verəcəkdir.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.