Cari ilin ötən dövründə qlobal maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi davam etmiş, nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla icra olunmuşdur. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkə iqtisadiyyatının dayanıqlılığını qoruyub saxlamışdır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyatın əsas sahələri – sənaye və kənd təsərrüfatı artıb. Sənaye istehsalı 0,6 faiz artıb. Düzdür, o qədər də böyük artım deyil, ancaq hesab edirəm ki, bu, böhran ili üçün müsbət haldır. Ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və hesab edirəm ki, bu artım böyük ümidlər verir".
Dövlət Statistika Komitəsinin 2016-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafına dair hesabatına əsasən, yanvar-iyun aylarında Azərbaycanda 27 milyard 2,3 milyon manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) 38,5 faizi sənaye, 11,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 9,1 faizi inşaat kompleksinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatının, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2 faizi informasiya və rabitənin, 16,3 faizi isə digər sahələrin payına düşmüşdür. ÜDM-in strukturunda məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı 7,6 faiz təşkil etmişdir.
Cari ilin ilk yarısında ölkə iqtisadiyyatının aparıcı sahəsi sayılan sənayenin də dinamik inkişafı davam etmiş, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 14,75 milyard manatlıq məhsul istehsal olunmuşdur. Hesabt dövründə istehsal olunmuş sənaye məhsulunun 80 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 86,2 faizi sənaye mallarının, 13,8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Sənaye məhsulunun 64,6 faizi mədənçıxarma, 28,9 faizi emal, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində yaradılmışdır.
Sənayenin inkişaf etdirilməsi üçün ölkədə rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sözügedən sahənin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrası davam etdirilmiş, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Bir sözlə, bu sahədə mühüm malların istehsalının davam etdirilməsi ölkə sənayesinin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlamışdır. Bütövlükdə isə, son yeddi ildə Azərbaycanda sənaye istehsalının real həcmi təqribən üç dəfə artmışdır. Bu da heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin məntiqi nəticəsidir.
Sənayenin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft strategiyası mühüm rol oynamışdır. Əvvəlki dövrlərdə olduğu kimi, 2016-cı ilin birinci yarısında da "Əsrin müqaviləsi" və "Şahdəniz" sazişləri çərçivəsində Azərbaycanda neft və qaz hasilatı sabit şəkildə davam etmişdir. Yeri gəlmişkən, son illər Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın Avropanın və dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təminatında fəal iştirakına imkan yaratmışdır.
2016-cı ilin ilk yarısında Azərbaycanda 21 milyon 64,5 min ton xam neft və qaz kondensatı istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz çoxdur. Hesabat dövründə ölkə üzrə təbii qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 14 milyard 923,1 milyard kubmetrə çatmışdır. Hasil olunmuş "mavi yanacağın" 9 milyard 362,9 milyon kubmetrini əmtəəlik qaz təşkil etmişdir.
Bu ilin altı ayında ölkənin qeyri-neft sektorunda isə 17 milyard 597,2 milyon manatlıq məhsul istehsal olunmuşdur. Azərbaycanda sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur. Məhz bunun nəticəsidir ki, 2016-cı ilin altı ayı ərzində ölkəmizin qeyri-neft sənayesində 2,4 faiz artım qeydə alınmışdır. Son illər bu sahədə müşahidə olunan dinamik inkişaf, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir. Belə ki, dövlətimizin başçısı tərəfindən ölkə sənayesinin dinamik inkişafının təmin edilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər, qəbul olunmuş konkret sənədlər, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən işlər qeyri-neft sektorunda, xüsusən də sənayenin qeyri-neft sahələrində böyük bir canlanmaya cəbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, son iki il yarım ərzində ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili istiqamətində mühüm işlər görülmüş, 300-dən çox sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılmış, bir sıra digər mühüm sənaye obyektlərinin tikintisinə başlanılmışdır. Bütövlükdə isə 2016-cı ilin birinci yarısında qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş vəsaitlər hesabına Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni, bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları, Gəncədə "Nizami" elektrik yarımstansiyası, Tovuz rayonunda "Tovuzçay" su anbarı və s. obyektlər istifadəyə verilmişdir. Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, cari ilin ilk yarısında mədənçıxarma və ya hasilat sənayesində 9,5 milyard manatlıq məhsul istehsal olunmuşdur. İlin ötən dövründə mədənçıxarma bölməsinin mis filizləri və konsentratların, gümüşün istehsalında əhəmiyyətli artım baş vermişdir. Mədənçıxarma sənayesinin digər mühüm məhsulu sayılan duz istehsalı da 2015-ci ilin müvafiq səviyyəsini 54,4 faiz üstələyərək 27 min 474 tona çatdırılmışdır. Bununla yanaşı, bu ilin altı ayında Azərbaycanda fəaliyyət göstərən sahibkarlar tərəfindən 80,6 min ton tikinti qumu, 115,8 min ton inşaat üçün əhəng daşı, 299 min ton çınqıl, qırmadaş və 5071,7 ton gips və anhidrit istehsal edilmişdir.
Ölkə sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 4,3 milyard manatlıq (2015-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox) məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu ilin ötən dövründə ölkədə 1 milyard 527,2 milyon manatlıq qida məhsulları istehsal olunmuş, bu sahədə 4,5 faiz artım əldə edilmişdir.
Hesabat dövründə mühüm növ qida məhsullarından sayılan ət, kolbasa məmulatları, süd və süd məhsulları, kərə yağı, marqarin, qənd, çörək və çörək-bulka məmulatları, duz istehsalı xeyli artmışdır. Bununla yanaşı, içki məhsullarından sayılan brendin (konyak), likörlərin və mineral suların, həmçinin tütün məmulatlarının istehsalında artım müşahidə olunmuşdur.
Emal bölməsinin toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların və ayaqqabıların istehsalı ilə məşğul olan müəssisələr tərəfindən yarım il ərzində 51,9 milyon manatlıq məhsul buraxılmışdır. Sahənin əsas mallarından sayılan pambıq lifi, pambıq iplik, pambıq yataq ağları, üst trikotaj geyimləri, kişilər üçün kostyum və ayaqqabı üçün dəri istisna olmaqla digər malların istehsalında artım qeydə alınmışdır.
Emal sənayesinin ikinci böyük çəkiyə malik olan neft məhsullarının istehsalı sahəsində yanacaq mazutu, avtomobil benzini və ağ neft istisna olmaqla bir qədər azalma baş vermiş, məhsul buraxılışının həcmi 1 milyard 329,8 milyon manat təşkil etmişdir. Hesabat dövründə ölkəmizin neft məhsullarının istehsalı müəssisələri tərəfindən 572,4 min ton avtomobil benzini, 96,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 322,2 min ton ağ neft, 1 milyon 147,4 min ton dizel yanacağı, 389 min ton yanacaq mazutu, 87,6 min ton neft bitumu, 90,7 min ton neft koksu və 5,1 min ton sürtkü yağları istehsal olunmuşdur.
Adıçəkilən bölmənin kimya sənayesində rezin və plastmas məmulatlarının, həmçinin əczaçılıq məhsullarının istehsalı ilə məşğul olan müəssisələr isə ötən altı ayda 248,7 milyon manatlıq məhsul istehsalına nail olmuşlar. Əsas kimya məhsullarından arqon, barium sulfat, izopropil spirti, etilen, polietilen, lak-boya məmulatlarının, eləcə də rezin və plastik kütlə məmulatlarından sayılan liflə armaturlaşdırılmış bərk plastik borular, borucuqlar və şlanqların istehsalı xeyli artmışdır.
2016-cı ilin yanvar-iyun aylarında tikinti materialları sənayesində fəaliyyət göstərən müəssisələr tərəfindən 163,3 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz azdır. Bu sahədə baş vermiş azalmanın əsas səbəbi ölkənin inşaat sektorunda müvəqqəti durğunluğun davam etməsi ilə əlaqədardır. Sahənin əsas məhsullarından sayılan sementin, tikinti kərpicinin, hörmə üçün hazır beton qarışığının, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin, emal edilmiş mərmərin istehsalında azalma da məhz bu səbəbdən baş vermişdir. Bununla belə, hesabat dövründə sahənin digər məhsullarından olan betondan yığma tikinti konstruksiyaları və asfalt istehsalında əhəmiyyətli artım qeydə alınmışdır.
Emal bölməsinin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələri isə yarım il ərzində 173,6 milyon manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişlər. Bu dövrdə metallurgiya sənayesində 5,5 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9,4 faiz artım baş vermişdir. Adıçəkilən bölmənin mühüm növ məhsullarından sayılan ayna çuqun və sair tökmə çuqun, polad tökmə, polad borular, mayelər üçün çənlər və sisternlərin istehsalında artım müşahidə olunmuşdur. Bununla yanaşı, cari ilin altı ayında Azərbaycanda kompüter, elektron və elektrik avadanlıqlarının istehsalı sahələrində 90,9 milyon manatlıq məhsul istehsal olunmuşdur. Hesabat dövründə ölkəmizdə maşın və avadanlıqların, eləcə də nəqliyyat vasitələrinin, avtomobil və qoşquların istehsalı sahələrində isə məhsul istehsalının həcmi 116 milyon manat təşkil etmişdir. Bunun da hesabına ölkədə 367 ədəd traktor, 225 ədəd yük və 56 ədəd minik avtomobili, eləcə də 78,2 ton fəvvarə armaturu, 2027 ədəd ştanqlı quyu nasosu və s. mallar istehsal edilmişdir.
Ölkə sənayesinin digər sahəsi olan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 847,9 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Yarım il ərzində ölkədə 10 milyard 954,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmuş, onun 9 milyard 370,1 milyon kilovat-saatı istilik, 1 milyard 65,8 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşmüşdür. Yeri gəlmişkən, son illər Azərbaycanda alternativ enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilmiş, ölkənin bir sıra yerlərində günəş, külək və bioenerji ilə işləyən qurğular tikilib istifadəyə verilmişdir. Təkcə bu ilin altı ayında ölkəmizdə alternativ enerji mənbələri hesabına 35,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur. Hesabat dövründə sənayenin su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 115,1 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Yanvar-iyun aylarında ölkənin sənaye müəssisələrində çalışan işçilərin sayı 177,8 min nəfər olmuş, onların orta aylıq əmək haqları isə ötən ilinbmüvafiq dövrünə nisbətən 21,3 faiz artaraq 940,3 min manat təşkil etmişdir.
Yaxın illərdə ölkəmizdə sənayeləşmənin daha da sürətləndirilməsi nəzərdə tutulur. “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il oktyabrın 8-də imzaladığı fərman bu baxımdan mühüm əhəmiyyətli sənəd kimi diqqəti cəlb edir. Belə ki, sənədə əsasən, ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin reallaşdırılması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən sənaye məhəllələrinin yaradılması planlaşdırılır. Elə Nazirlər Kabinetinin iclasında da Prezident İlham Əliyev bu məsələnin aktuallığını bir daha diqqətə çatdıraraq demişdir: “Azərbaycanda çox güclü sənaye kompleksi yaradılacaqdır. Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir...Bir sözlə, sənaye potensialımızın inkişafı əsas prioritet məsələlərdən biridir. Bu il və növbəti illərdə bu sahəyə diqqət göstəriləcək”.
Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda ölkəmizdə bir sıra iri sənaye layihələri icra olununr. Bu baxımdan Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələr diqqəti cəlb edir. Buradakı SOCAR Polimer Kompleksinin tikintisinə təqribən 700 milyon dollardan çox sərmayə yönəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Xatırladaq ki, iki ildən sonra istifadəyə veriləcək bu nəhəng istehsal müəssisələri daxili tələbatı tam təmin etməklə yanaşı, ölkə sənayesində böyük ixrac potensialı da yaradacaq. Yeni müəssisələrdən söhbət düşmüşkən, yaxın zamanlarda Azərbaycanda dərman preparatlarının istehsalına başlanılması nəzərdə tutlur. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, ölkəmizdə dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlanır. Dərman istehsalı müəssisəsinin fəaliyyətə başlaması ilə, heç şübhəsiz, həm bu sahədə sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq, həm də əhali daha keyfiyyətli dərmanlarla təmin olunacaq. Son illər iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişaf etdirilməsini ölkəmizin iqtisadi siyasətinin prioriteti elan edən Prezident İlham Əliyev regionlarda yeni sənaye mərkəzlərinin yaradılmasını konkret vəzifə kimi qarşıya qoymuş, bu məqsədlə müvafiq sənədlər imzalanmış, lazımi vəsait ayrılmışdır. Elə dövlət başçısı Nazirlər Kabinetinin iclasında da Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərinin sənaye və kadr potensialından səmərəli istifadə edilməsi ilə bağlı tövsiyə və tapşırıqlar vermişdir. Hazırda hər bir rayonda sənaye zonalarının yaradılması istiqamətində də iş aparılır. Artıq bu istiqamətdə ilk pilot layihə Neftçala rayonunda icra edilir. Burada səkkiz layihə üzrə 40 milyon manat investisiya qoyulacağı planlaşdırılır. İkinci sənaye zonası Masallı şəhərində yaradılacaqdır. Bu məqsədlə sahibkarlar tərəfindən dəyəri 31 milyon manta təşkil edən 33 layihə təqdim olunub.
Göründüyü kimi, hazırda Azərbaycanda sənayenin, xüsusən də qeyri-neft sənayesinin inkişaf etdirilməsi iqtisadiyyatın şaxələndirilməsi strategiyasının prioritet istiqamətlərindən biri kimi getdikcə daha çox aktuallıq kəsb edir. Bölgələrdə iri sənaye istehsalı zonalarının yaradılması isə neft-qaz ölkəsi olan Azərbaycanı, həm də yaxın gələcəkdə regionun qeyri-neft sənayesinin inkişaf etdiyi bir dövlətə çevirəcəkdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.