Azərbaycanda makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin olunmasına mühüm önəm verilir

Ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Son illərdə aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə, müsbət göstəricilərə nail olunub.

Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirmək əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib. Göstərilən məqsədə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin, habelə süni maneələrin aradan qaldırılması reallaşdırılıb. Bütün bunlarla yanaşı, son vaxtlar iş adamlarına dövlət dəstəyi daha da gücləndirilib. Özəl bölməyə təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin, həmçinin ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlərə xüsusi diqqət yetirilib. 

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı hökumətin gələcək fəaliyyətində prioritet istiqamətlər kimi sənaye istehsalını və kənd təsərrüfatının inkişafını önə çəkib, iqtisadiyyatın aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, iqtisadi səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına dair hökumət qarşısında mühüm vəzifələr qoyub. Bu vəzifələrin hesabat dövründə də prioritet olmasının nəticəsidir ki, bütövlükdə 6 ayda dövlət büdcəsinin gəlirləri üzrə 6133,8 milyon manat daxil­olma qeydə alınıb, xərclər 6821,5 milyon manat təşkil edib. Yaranmış 687,7 milyon manat kəsir əsasən xəzinə qalığı hesabına örtülüb.

Dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər bu  ilin ilk yarısında da davam etdirilib. Yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər xərclər tam, eyni zamanda,  vaxtında maliyyələşdirilib. Cari ilin ikinci yarısında da sosial müavinətlər, maaş, pensiya, təqaüd və digər bütün sosial ödənişlərin vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.

2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin layihəsində prioritet xərclərin əsas istiqamətləri sırasında sosial siyasətin davam etdirilməsi, əhalinin yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin, həmçinin bu qəbildən olan həssas qrupun sosial rifahının yaxşılaşdırılması önə çəkilib. Bunlarla yanaşı, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi,  təhlükəsizliyinin təmin edilməsi, ölkə daxilində və xaricində prioritet hesab edilən investisiya layihələrinin icrası, regionların sosial-iqtisadi inkişafının, qeyri-neft sektorunun stimullaşdırılması, aqrar sektora dövlət qayğısının artırılması, dövlət tərəfindən kiçik və orta sahibkarlığın dəstəklənməsi, sənaye və kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi mühüm vəzifələr kimi diqqət mərkəzində saxlanılıb.

Hazırda ölkəmizdə sahibkarlığın inkişafı onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsini, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılmasını, qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasını, mütərəqqi tənzimləmə praktikasına nail olunmasını zəruri edir. Eyni zamanda, Azərbaycanın makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması qarşıda mühüm vəzifə kimi durur.

Bütün yuxarıda qeyd edilənlərin gerçəkləşdirilməsi məqsədilə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında 15 iyul 2016-cı il tarixli fərman imzalayıb. Dövlət başçısının adı çəkilən fərmanında ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində bir sıra mühüm nailiyyətlər əldə edildiyi öz ifadəsini tapıb. Sənəddə vurğulanır ki, aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub, ölkəmizin beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənib, iqtisadi inkişafın davamlılığı təmin olunub.

Bununla belə son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda təzahür edən proseslər, neft gəlirlərinin kəskin azalması, eyni zamanda, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən iqtisadi proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq, mövcud qlobal iqtisadi böhranın Azərbaycana təsirini minimuma endirmək məqsədi ilə ölkədə müəyyənləşdirilən iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas prioritet vəzifələrdir.

Makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunub saxlanılması cari, orta və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün mövcud potensial mənfi təsirlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsini vacib edir. Xatırladılan   məqsədlərə nail olunması üçün əlverişli biznes və investisiya mühiti, sahibkarlara öz hüquqlarını müdafiə etmək imkanları yaradılmalı, bank sisteminin etibarlılığı artırılmalı, sahibkarların maliyyə mənbələrinə çıxış imkanları sadələşdirilməli, normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi reallaşdırılmalıdır.

Bütün bunlara görə də ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi, maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə cənab İlham Əliyevin müvafiq fərmanı ilə Maliyyə Sabitliyi Şurası yaradılıb. Şuranın sədri Baş nazir Artur Rasi-zadə,  üzvləri Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi, maliyyə, iqtisadiyyat nazirləri, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrləri və Dövlət Neft Fondunun icraçı direktoru müəyyən ediliblər.

Fərmanda qeyd edilib ki, nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi işinə sözügedən şura tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər.

Yuxarıda qeyd edilənlərlə yanaşı, adı çəkilən şuraya bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyətini təhlil etmək, qanunvericilik bazasının ekspertizasını həyata keçirmək, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısını almaq, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara, habelə icra mexanizmlərinə dair təklifləri hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməklə bu barədə Azərbaycan Prezidentinə hər rübdən sonrakı ayın 30-dək məlumat veriləcəkdir.

Ekspertlər dövlət başçısının müvafiq fərmanı ilə Maliyyə Sabitliyi Şurası yaradılmasının mühüm önəm daşıdığını vurğulayırlar. Bildirirlər ki, bu qurumun təsis edilməsi respublikada makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə praktikasına nail olunması məqsədi daşıyır.

Şuranın tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərlərinin daxil edilməsi isə maliyyə və fiskal siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid plaforma yaranmasına xidmət edəcəkdir. Başqa sözlə, bu, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının reallaşdırılması sahəsində fəaliyyətin sistemli əlaqələndirilməsini reallaşdıracaqdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının fikrincə,  Maliyyə Sabitliyi Şurası bütün resursları mobilizasiya edərək makro çərçivəni daha dəqiq müəyyənləşdirməyə, həmçinin fiskal və maliyyə siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır.

Vüsal Qasımlının sözlərinə görə, dünya təcrübəsində maliyyə sabitliyi şuraları 2010-cu ildə ABŞ-da, 2012-ci ildə İsveçdə, 2013-cü ildə Almaniya və Xorvatiyada yaradılıb. Qardaş Türkiyədə Maliyyə Sabitliyi Şurası 2011-ci ildə təsis olunub  və Xəzinə Katibliyi, Mərkəzi Bank, Bankçılıq Tənzimləmə və Nəzarət Agentliyi, Kapital Bazarları Şurası və Əmanətlərin Sığortalanması Fondunu əhatə edib.

Dünya təcrübəsinin təhlili göstərir ki, iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinə cavabdeh olan qurumların bir platformadan koordinasiya olunması müsbət səmərəsini verir.

Azərbaycanda da Maliyyə Sabitliyi Şurası uğurlu xarici analoqlarının nümunəsinə uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin olunmasında mühüm rol oynayacaqdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında