İxracın stimullaşdırılması kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirəcək

Dünyada davam edən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanın sosial-iqtisadi inkişafı davam edir, nəzərdə tutulmuş bütün infrastruktur layihələri, sosial proqramlar uğurla icra olunur. Bu da təsadüfi deyil. Çünki əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının, ölkənin yeni neft doktrinasının uğurla reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətini xeyli gücləndirib.

Hazırda ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bütün digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradıb.  Təkcə onu qeyd etmək kifayətdir ki, son iki il yarım ərzində dövlət başçısı İlham Əliyev tərəfindən 41 fərman və sərəncam imzalanıb, 3 qanun, 40 qərar və qayda qəbul edilib ki, bu da aqrar sektorda iqtisadi fəallığın kəskin yüksəlməsinə, xaricdən və respublikanın müxtəlif şəhərlərindən xeyli sayda əhalinin kənd yerlərinə dönüşünə səbəb olub. Onu da deyək ki, indi əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar sahənin inkişafı, daxili bazarın kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı getdikcə ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə  çevrilməkdədir. Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev bu vacib məsələyə toxunaraq demişdir: "Bu ilin altı ayında kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaqdır".

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi və institusional islahatların aparılması kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olub. Ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi xeyli artıb, kənd təsərrüfatında sahibkarlıq hissinin gücləndirilməsi istiqamətində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilib. Təkcə onu qeyd etmək kifayətdir ki, artıq uzun illərdir ki, Azərbaycanda fermerlərə güzəştli kreditlər ayrılır, "Aqrolizinq" tərəfindən gətirilən texnikalar əlverişli şərtlərlə sahibkarlara icarəyə verilir. Bundan əlavə, aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və  yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə, uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar. Əlbəttə, dövlət başçımızın təbirincə desək, dünyada ikinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar isə, heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış addımlardır. Hətta yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsi də başlıca hədəf olaraq seçilmişdir. Bu məqsədə çatmaq üçün isə ölkəmizdə hər cür imkanlar, ən başlıcası isə dövlət dəstəyi mövcuddur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin birinci yarısında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 500,9 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. Kənd təsərrüfatında ümumi istehsalın  1 milyard 435,8 milyon manatı heyvandarlıq, 1 milyard 65,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələri üzrə artım müvafiq olaraq 2,4 faiz və 3,8 faiz təşkil edib. Aqrar sahədə istehsalçı marağının artrılması, fermerlərin zəruri maşın və mexanizmlərlə vaxtında təmin edilməsinin nəticəsidir ki, son illər bitkiçilik sahəsində orta məhsuldarlıq getdikcə artır.

Artıq ölkəmizdə yazlıq bitkilərin əkini başa çatmışdır. 2016-cı il iyun ayının 24-dək ölkə üzrə 371,9 min hektar və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz çox sahədə yazlıq bitkilərin əkini aparılmışdır. Yaz-tarla işləri çərçivəsində 24,3 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, (qarğıdalısız), 37 min hektar sahədə qarğıdalı, 62,1 min hektar sahədə kartof, 73,1 min hektar sahədə tərəvəz, 26,2 min hektar sahədə bostan bitkiləri, 51,8 min hektar sahədə pambıq, 7,1 min hektar sahədə şəkər çuğunduru, 8,2 min hektar sahədə dən üçün günəbaxan, 2,4 min hektar sahədə tütün əkilmişdir. Bununla yanaşı, ilin ötən dövründə yazlıq bitkilərin əkini aparılmış sahələrin 73,5 min hektarı  çoxillik otların, 2,2 min hektarı birillik otların, 165 hektarı yemlik kökümeyvəlilərin və 3,8 min hektarı isə sair yazlıq bitkilərin payına düşmüşdür. Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aqrar sektorda görüləcək təxirəsalınmaz işlər barədə söhbət açarkən kənd təsərrüfatı məhsullarının ixracının artırılmasını mühüm bir vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçısı bildirmişdir ki, bu yolla neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar azalmaqda olan valyuta gəlirlərimizi müəyyən dərəcədə kompensasiya etməliyik. Prezident İlham Əliyev buna nail olmaq üçün əsas hədəf kimi məhz Azərbaycanda əvvəllər çox inkişaf etmiş sahələrin bərpa edilməsinin vacibliyini önə çəkmiş, kənd təsərrüfatı və onun xüsusi gəlirli sahələrindən sayılan pambıqçılığın, baramaçılığın və üzümçülüyün inkişaf etdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlar vermişdir. Azərbaycanda pambıqçılığın əvvəlki şöhrətini qaytarmağın vacibliyini bildirən Prezident İlham Əliyev demişdir: "Pambıqçılıqla bağlı çox ciddi addımlar atılıb. Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq. Əfsuslar olsun ki, son illər ərzində bu sahə də tənəzzülə uğrayıb. Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Bu il 100 min ton məhsul gözlənilir. Gələn il 120 min hektar əkilməlidir. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək. Gələn il gözlənilən 300 min ton son hədd deyil, daha da artırmalıyıq. Buna çox böyük maraq var və hazırda 24 rayonda pambıqçılıq inkişaf edir, insanlar çox razıdırlar, çox böyük minnətdarlıq bildirirlər. Mən bir daha demək istəyirəm ki, bu sahə prioritet sahə kimi qalacaq və burada ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir. Xüsusilə suvarma ilə bağlı tədbirlərin və meliorativ tədbirlərin görülməsi burada çox ciddi rol oynayacaq". Dövlət başçısının ölkədə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı aidiyyəti qurumlara verdiyi tapşırıqlar artıq öz müsbət nəticələrini vermiş, fermerlərdə bu sahəyə maraq xeyli artmışdır. Elə bu ilin məhsulu üçün 51 min 800 hektar sahədə (ötən ilə nisbətən 2,8 dəfə çox) pambıq əkini aparılması da bunun məntiqi nəticəsidir.  Bununla yanaşı, dövlət başçısı aqrar sahədə məşğulluğun intensivləşdirilməsi,  ölkədə ərzaq bolluğunun yaradılması və valyuta gəlirlərinin artırılması üçün baramaçılığın, tütünçülüyün və  çayçılığın sürətlə inkişaf etdirilməsi ilə bağlı konkret tapşırıqlar vermişdir.

Bu il havaların əlverişli keçməsi ilə əlaqədar ölkədə taxıl biçini əvvəlki ilə nisbətən bir qədər tez başlanmışdır. Hazırda isə ölkəmizdə kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, iyul ayının 1-nə kimi ölkə üzrə 707,1 min hektar sahədən ilkin çəkidə 2 milyon 89,8 min ton dənli və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla) yığılmışdır. Mövsümün əvvəlindən sahələrdən 312,3 min ton kartof, 395,7  min ton tərəvəz, 43,1 min ton bostan məhsulları, 95,4 min ton meyvə və giləmeyvəvə  507,8 ton yaşıl çay yarpağı, 110 ton tütün toplanmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədə tərəvəzin, meyvə və giləmeyvənin, eləcə də  yaşıl çay yarpağının istehsalında artım qeydə alınmışdır.

Yeri gəlmişkən, ölkəmizdə əkin sahələrinin məhsuldarlığını artırmaq məqsədilə mütəmadi olaraq bir sıra dövlət sənədləri qəbul olunur. Bu baxımdan Prezident İlham Əliyevin "Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında" 4 iyul 2016-cı il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncama əsasən, ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədilə müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 12 milyon manat ayrılsın. 

Kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün də ilin ötən dövründə  bir sıra vacib işlər görülmüşdür. Belə ki, ilin əvvəlindən  sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər  heyvanların məhsuldarlığının yüksəlməsinə və mal-qaranın baş sayının, xüsusən də bu sahədə məhsul istehsalının artmasına səbəb olmuşdur. 2016-cı ilin yanvar-iyun aylarında ölkə üzrə diri çəkidə 231,1 min ton ət, 1 milyon 10,7 min ton süd, 821,9 milyon ədəd yumurta və 15,9 min ton yun istehsal edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə ət istehsalı 2,6 faiz, süd istehsalı 4,9 faiz, yumurta istehsalı 5,4 faiz, yun istehsalı isə 3,4 faiz artmışdır. Bununla belə, ölkədə ərzaq bolluğunun artırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir, bir sıra vacib dövlət sənədləri qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 30 iyun 2016-cı il tarixli sərəncamı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncamda qeyd olunduğu kimi, ölkədə qeyri-neft sektorunun tərkib hissəsi kimi heyvandarlığın inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir. Bu sahədə yeni yaradılan və müasir avadanlıqla təchiz edilmiş infrastrukturlar, o cümlədən hazırda yenidən qurulmaqda olan Respublika Süni Mayalanma Mərkəzi və ölkənin 12 bölgəsində regional süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynayacaqdır. Prezident sərəncamına əsasən, ölkədə mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə  Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat vəsait ayrılmışdır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ərzaq təhlükəsizliyinin ölkəmiz üçün həmişə prioritet olduğunu bəyan edən dövlət başçısı demişdir: "Bu, imkan verir ki, biz özümüzü öz məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır. Qarşıya bu vəzifə qoyulub və əminəm ki, biz bu məqsədə çatacağıq". Hətta ölkə Prezidenti yaxın vaxtlarda bu məqsədlə bir sıra stimullaşdırıcı tədbirlərin də reallaşdırılacağını, öz məhsulunu xaricə çıxaran qurumlara, şirkətlərə dövlət tərəfindən kompensasiya veriləcəyini bəyan etmişdir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin tövsiyəsi ilə ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimulnlaşndınrılnmansı, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə  bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır.

Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər öz müsbət nəticəsini verir. Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir. Eyni zamanda, ölkə əhalisinin təqribən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, bu sahə yeni təşəbbüslərin icra edilməsi, xüsusən də məşğulluğun təmin edilməsi üçün son dərəcə vacib və gərəkli bir sahədir. Təşəbbüslərdən söhbət düşmüşkən, aqrar bölmənin inkişaf etdirilməsi üçün iri fermer təsərrüfatlarının yaradılmasını  bu sahədə reallaşdırılan mühüm tədbirlərdən biri kimi qeyd etmək olar. Bu gün kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədilə dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır. Bununla yanaşı, yaxın illərdə ayrılacaq digər sahələrin rentabelliyini artırmaq məqsədilə bir sıra lazımi aqrotexniki və meliorariv tədbirlərin  həyata keçirilməsi də  nəzərdə tutulur.

Göründüyü kimi,  Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. 2016-cı ildə də bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi, aqrar sahədə bir sıra layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın 2016-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596,6 milyon manat vəsait ayrılmışdır ki, bunun da 582 milyon 259 min 368 manatı bilavasitə kənd təsərrüfatı xərclərinə aiddir. Bununla yanaşı, aqrar sektora dövlət qayğısının daha da artırılması, bu sektorun inkişaf hədəfləri və perspektivlərinə uyğun olaraq ölkənin daxili tələbatında əhəmiyyət kəsb edən məhsulların istehsalının artırılması və çeşidinin genişləndirilməsi üçün cari ilin dövlət büdcəsində maliyyə bazası yaradılmışdır. Kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəil artırılması isə onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir. Elə Dünya Bankı da Azərbaycanın kənd təsərrüfatı sektorunun yaxın illərdə daha da inkişaf etməsini proqnozlaşdırır. Belə ki, bankın proqnozuna görə, bu il ölkəmizdə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Bunun da hesabına Azərbaycan Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacaq.

Mirbağır YAQUBZADƏ,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında