Azərbaycan iqtisadiyyatı son illərdə sürətli inkişaf yoluna çıxıb, aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin edib, bu sahədə əhəmiyyətli irəliləyişlərə imkan yaradıb.
Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiq edilməsi də məhz bu məqsədi daşıyır.
Strateji yol xəritəsinin əsas istiqamətlərində sənayenin inkişafına xüsusi diqqət yetirilir. Bu, təsadüfi deyil. Belə ki, hazırda bu sektorda iqtisadi diversifikasiya mühüm önəm daşıyır. Burada əsas məqsəd isə yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ümumi daxili məhsulun, yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsidir. Onu da xatırladaq ki, bu gün elm tutumlu sahələrin gücləndirilməsi ilə milli iqtisadiyyat yeni mərhələyə keçib və innovativ inkişafa qədəm qoyub.
İqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun, o cümlədən sənayenin inkişafının sosial-iqtisadi siyasətdə prioritet istiqamət kimi seçilməsi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərə nail olunmasında xüsusi əhəmiyyət kəsb edir. Son 10 ildə Azərbaycanda neftdən əldə edilən gəlirlər hesabına iqtisadiyyat uğurla şaxələndirilib, əhalinin sosial müdafiəsi, həyat səviyyəsinin yüksəldilməsi, müasir infrastrukturun yaradılması üçün möhkəm zəmin formalaşdırılıb.
Cari ilin may ayında təsdiqlənən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi", sənayenin və innovativ inkişafı dəstəkləyən dövlət proqramlarının qəbulu və uğurlu icrası Azərbaycanın sosial-iqtisadi inkişafını daha da sürətləndirib. Hazırda dünyada baş verən neqativ iqtisadi proseslər fonunda respublikamızda iqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sektorunun və regionların inkişafı daha da sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb.
Azərbaycanda milli sənayenin inkişafını təmin etmək məqsədilə bu gün ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyəti stimullaşdırılır. Belə ki, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, investisiyaların təşviqi, biznes forumların təşkili və digər tədbirlər sayəsində ölkəmizdə sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib.
Azərbaycanda uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illər yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri açılıb. Ölkədə rəqabətədavamlı məhsulların istehsalını artırmaq məqsədilə hazırda sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilir.
Sahibkarlıq sahəsində aparılan yoxlamalar ötən il noyabr ayının 1-dən 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, indiyə kimi verilən və qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunub (yeni verilən lisenziyalar müddətsiz verilir), lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilib. Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılıb, sahibkarlara olan qayğının nəticəsi olaraq dövlət başçısının 21 aprel 2016-cı il tarixli sərəncamı ilə 25 aprel tarixi "Sahibkarlar günü" elan edilib.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da sahibkarlığın inkişafı məsələsinə toxunulub. Prezident İlham Əliyev çıxışında dövlətin sahibkarlığın inkişafına bundan sonra da öz dəstəyini verəcəyini deyib. Dövlət başçısı bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit ödənildiyini vurğulayıb və qeyd edib ki, bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. "Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir", - deyə dövlətimizin başçısı əlavə edib.
"Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar", - deyən Azərbaycan Prezidenti bu məqsədlə təşviq mexanizminin artıq tətbiq olunduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bunun çox müsbət təsiri olacaq və sahibkarlar da bundan istifadə edəcəklər.
Hər bir cəmiyyətin iqtisadi inkişafının səmərəlilik əmsalı onun aparılan sosial siyasətə və əhalinin həyat səviyyəsinə real təsiri, ümummilli məhsul artımının hər bir cəmiyyət üzvünün rifahında təcəssümünü tapması prinsipləri əsasında qiymətləndirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru da iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. Prezidentin çıxışlarının birində vurğuladığı kimi, bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir: "Bu, doğrudan da böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir".
Xatırladaq ki, 2004-cü ildən indiyədək iqtisadi artıma 3,4 dəfə nail olunub.Bu dövrdə ən sürətlə inkişaf edən ölkələrdən biri kimi Azərbaycanda əhalinin maddi təminat və rifah göstəriciləri də mütəmadi yüksəlib. 2003-cü illə müqayisədə ötən dövrdə əhalinin gəlirləri 7 dəfəyə yaxın, adambaşına gəlirlər isə 6 dəfəyə yaxın artıb. Bu ilin yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,3 faiz artaraq 17511,6 milyon manata çatıb. Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3 faizi isə yığıma yönəldilib.
Azərbaycanda 2004-cü ildən başlayaraq regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında nəzərdə tutulan müddəaların uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin olunub, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilib, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olub. Görülən işlərin nəticəsi olaraq, ölkəmizdə yoxsulluq səviyyəsi 4,9 faizə, işsizlik səviyyəsi 5 faizədək enib. Azərbaycanda 2004-cü ildən indiyədək 73 mindən çox yeni müəssisə fəaliyyətə başlayıb, 1,5 milyondan çox yeni iş yeri açılıb.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib ki, görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına burada da müsbət dinamikanın müşahidə edildiyini, özəl sektorda da bu işlərin getdiyini diqqətə çatdırıb. "Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilib ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər", - deyən Prezident İlham Əliyev özəl sektorun da özünü çox məsuliyyətli apardığını vurğulayıb. "Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək - həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə, əlbəttə, özəl sektor da sosial məsuliyyət daşımalıdır. Ona görə, bax, 78 min iş yeri açılıb, 26 min iş yeri bağlanıb. Deməli, 50 mindən çox yeni iş yerləri açılıb və bu da çox müsbət haldır", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Milli iqtisadiyyatın mühüm bir sahəsi olan neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalmasına baxmayaraq, ölkə rəhbərinin sosialyönümlü inkişaf kursunun nəticəsi kimi, Azərbaycanda sosial sahəyə yönələn vəsaitlərin həcmi nəinki azaldılmır, hətta artırılır. Belə ki, əgər 2015-ci ilin dövlət büdcəsində bu sahə üzrə xərclər büdcənin 27,6 faizi qədər idisə, bu il 36,1 faiz təşkil edəcəyi gözlənilir.
Bu gün dünyada kəskinləşən böhran əksər ölkələrdə bir sıra sosial proqramların təxirə salınması ilə müşahidə olunduğu halda, Azərbaycan Prezidenti ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışında da dövlət başçısı bu barədə ətraflı danışıb. Azərbaycan Prezidenti bildirib ki, sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir: "Ancaq istəyirəm, yerlərdə sahibkarlar problemləri dilə gətirsinlər ki, o problemlər həllini tapsın". Dövlət başçısı qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda investisiya mühiti yaxşıdır: "Belə olmasa, ölkəmizə 100 milyard xarici investisiya qoyulmazdı. Sadəcə, indi çalışmalıyıq ki, xarici investisiya qeyri-neft sektoruna cəlb edilsin. Eyni zamanda, Azərbaycanda ixracın təşviqi mexanizmini yaradırıq. Azərbaycanda rəqabətqabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir".
Azərbaycanda sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini 30 faiz və ya üçdə birə qədər üstələyir. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına görə, Azərbaycan Avropada sənayenin ümumi daxili məhsuldakı payına görə ilk sıralarda yerləşir. Respublikamızda sənayenin strukturunda mədənçıxarmanın payının azalması fonunda emal sənayesinin də xüsusi çəkisi artmaqdadır. Əgər sənaye yüksəlişinin birinci mərhələsi karbohidrogen resurslarına əsaslanırdısa, indiki mərhələdə inkişaf iqtisadi səmərəliliyin üzərində qurulmalıdır.
Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitə təsirlərin azaldılması, iqtisadiyyatın rəqabətqabiliyyətinin və sənaye ixracının artırılması və yeni iş yerlərinin açılmasıdır. Bunun üçün institusional mühit və makroiqtisadi şərait, dünya iqtisadiyyatında inkişaf təmayüllərinin saxlanılması vacibdir.
Son illər aqrar sektorda da bir sıra mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yaxın zamanlarda daha da böyük nəticələr əldə olunacağını diqqətə çatdırıb: "Bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük artım gözlənilir. Əlbəttə ki, biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusilə heyvandarlıqla bağlı olan təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə, o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın".
Prezident İlham Əliyev qeyd edib ki, biz əvvəlki dövrlərdə təbii olaraq əsas səylərimizi ərzaq təhlükəsizliyi məsələlərinə yönəltmişdik. Çünki bir neçə il bundan əvvəl çox böyük problemlərlə üzləşmişdik. Yəqin ki, xatırlayırsınız, hətta imzalanmış kontraktlar da icra edilmirdi. Çünki biz taxılı, buğdanı idxal edirdik. Ancaq sonra bəzi ölkələrdə quraqlıq baş verdi, çətinliklər yaşandı və bizim kontraktlarımız ləğv edildi.
Bu, bizim üçün çox ciddi bir siqnal idi. Ondan sonra biz qərar verdik ki, taxılçılığı sürətlə inkişaf etdirək. İri fermer təsərrüfatları yaradıldı, məhsuldarlıq artdı, 23 sentnerdən 30 sentnerə qalxdı. İri fermer təsərrüfatlarında məhsuldarlıq 50-60 sentnerə bərabərdir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri ön planda idi. Biz indi özümüzü ətlə təmin edirik. Quş əti ilə tam təmin edirik. Yəni, bu, ərzaq təhlükəsizliyi məsələləri idi. Ancaq bununla bərabər, indi vaxt gəlib çatıb ki, texniki bitkilərə də ciddi fikir verilsin. Xüsusilə nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik.
Beləliklə, Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda son illər nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir.
Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması,
texnoparkların sənayeləşmədə
strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan 2020 - gələcəyə baxış" İnkişaf Konsep-
siyasında da başlıca hədəflər
sırasındadır.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.