Azərbaycanda təbii qazla təminatın səviyyəsi yüksəlir

Ölkəmizdə əhalinin və iqtisadiyyatın "mavi yanacaq"la təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin müvafiq fərmanları ilə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi mütəxəssislərinin iştirakı ilə 2014-2018-ci illərdə qaz təsərrüfatının yaxşılaşdırılmasına və qazlaşdırmaya dair tədbirlər planı hazırlanıb.

Ötən müddətdə birliyin  bütün sturuktur təşkilatları bu sənədlərdə nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün səfərbər edilib, proqram çərçivəsində xeyli iş görülüb.

Son illər "Azəriqaz" İB tərəfindən ölkənin yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu istiqamətdə işlər 2016-cı ilin ötən dövründə də uğurla davam etdirilib. Belə ki, tərtib edilmiş proqrama əsasən,  ilk növbədə, kənd və qəsəbələrin daşıyıcı qaz kəmərləri yenidən qurulub, kəmərlər üzərində quraşdırılmış avadanlıqlar yeniləri ilə əvəz edilib, sonrakı mərhələdə isə mövcud qazpaylayıcı şəbəkələri, küçə və dalanların qaz xətləri yenidən qurulub, mənzillərə yeni qaz sayğacları quraşdırılıb. Ölkə ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidən qurulması məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-iyun ayları ərzində görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Hesabat dövründə ölkə üzrə 6636,3 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 188,9 kilometr qaz kəmərləri əsaslı təmir edilib.  Bütövlükdə isə "Azəriqaz" İB-nin fəaliyyəti dövründə, yəni 2009-cu ildən bü günə kimi aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq ölkə üzrə 45 min 503,5 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 8789,9 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib, 1257 yaşayış məntəqəsinə təbii qazın verilişi təmin edilib.

Yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində görülmüş işlərin nəticəsi olaraq bu ilin  yanvar-iyun aylarında Kürdəmir, Ağsu, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Ağacabədi, Şabran, Zərdab, Sabirabad, Salyan, Neftçala, Cəlilabad, Tovuz, Qəbələ, Qusar, Qax, Şəki, Göyçay, Quba, Tərtər, Şəmkir, Goranboy, Oğuz, Gədəbəy, Ucar, Samux, Yevlax, İmişli və Masallı rayonları üzrə 106 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Eyni zamanda, qazlaşdırılma proqramının icrası nəticəsində Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan və Şirvan şəhərlərində, Füzuli, Biləsuvar, Qazax, Balakən, Hacıqabul və Abşeron rayonlarında məntəqə üzrə qazlaşma səviyyəsi 100 faizə çatdırılıb. Hazırda digər rayonlarda da qazlaşma səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi üçün müvafiq tədbirlər davam etdirilir.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Xidmət ərazilərində əhali abonentlərinin, sənaye müəssisələrinin və təşkilatlarının qaz təchizatının yaxşılaşdırılması məqsədilə normativ-texniki sənədlərə uyğun yeni qaz ölçü qovşaqlarının tikintisi işləri aparılır və istismara verilir. Magistral qaz kəmərləri arasında axın qaz xromotoqrafları quraşdırılaraq istismara verilib. Təhvil-qəbul nöqtələrindəki  ölçü-hesablayıcı avadanlıqlar üzərində quraşdırılmış daxili MVS 205P tipli çoxparametrli sensorlar uzun müddət istismar olunduğundan fiziki və mənəvi cəhətdən köhnəldiyinə və istismar müddətləri başa çatdığına görə yenisi ilə əvəz olunur.

İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təmin edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq 2016-cı ilin iyul ayının 1-nə  ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 918 min 710-a çatdırılıb. Yeri gəlmişkən, iyulun 1-nə  qeydiyyata alınmış abonentlərin 24 min 721-i qeyri-əhali abonentidir. Bütövlükdə isə mövcud 1 milyon 893 min 989 əhali abonentindən 85 min 753-ü yanvar-iyun ayları ərzində qeydiyyata alınmış yeni abonentdir ki, bunun da 15 min 652-i Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu, 70 min 101 isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır. Bu il iyulun 1-dək əhali sektoru üzrə  130 min 964 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub, qeyri-əhali sektoru üzrə 362 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.  Bununla yanaşı, istehlakçıların dayanıqlı qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və "Qaz təsərrüfatında texniki istismar qaydaları"nın tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədilə televiziya kanallarında videoçarxlar, mətbuatda, kütləvi informasiya vasitələrində mütəxəssislərin iştirakı ilə çıxışlar, insanların kütləvi toplaşdığı yerlərdə, küçə və meydanlarda, dayanacaqlarda elanların, plakatların, lövhələrin vurulması təşkil edilir.  

Cari ilin birinci yarısında  "Azəriqaz" İB-nin operativ fəaliyyətinin nəticəsi olaraq hüquqi və fiziki şəxslərin müraciətləri də vaxtında araşdırılaraq müvafiq sənədləri təqdim etmiş 193 çoxmərtəbəli bina üzrə 7214 mənzilə qazın verilişi təmin olunub. Yeri gəlmişkən, "Azəriqaz" İb-dən bildirdilər ki, qurum zəruri sənədləri təqdim olunmuş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə təbii qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır. Eyni zamanda, birliyin 24-saat fəaliyyət göstərən "104" və "185"nömrəli çağrı mərkəzi  tərəfindən qeydə alınmış, müxtəlif xarakterli çağırışlar aidiyyatı üzrə ötürülərək icrasına müvafiq qaydada nəzarət edilir. Bu da icra olunan işlərin səmərəli təşkilinə xidmət edir. Belə ki, daxil olan zəng mərkəzin dispetçeri tərəfindən qəbul edilir, abonent haqqında məlumatlar (qəza baş veridiyi ünvan, əlaqə telefonu və s.) qeydiyyata alınaraq müraciətə uyğun tabeli təşkilatlara elektron formada göndərilir. Tabeli təşkilatlar müraciəti aldıqda dərhal araşdırma aparır və araşdırmaya uyğun ünvana briqada göndərir, ünvana  çatan briqada işə başlayır və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılır.

Cari ilin birinci yarısında Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5, eləcə də Bərdə, Sabirabad rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə yeni qazlaşma nəticəsində quraşdırılmış "smart" tipli sayğac kartının verilməsi, yeni arayışlarla müraciət edən məcburi köçkün abonentlərə limitlərin vurulması,  sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi, "smart" sayğaclardan istifadə edən abonentlərin saldoların çap olunması və borc haqqında məlumatların verilməsi, səbəbindən asılı olmayaraq istənilən provayder vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi, qeydiyyatda olan və qaz istismar sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi, mexaniki sayğacların "smart" tipli sayğaclarla əvəz olunması səbəbindən yeni kartların verilməsi, itirilimiş kartın bərpası, abonent kodunun açılması, yeni qazlaşma ilə bağlı, həmçinin "Gallus-SOCAR" və "Actaris-GULF" "smart" tipli sayğacların istismarı ilə bağlı məlumatların verilməsi xidmətləri üzrə daxil olan 64 min 488 müraciətin icrası tam təmin edilib.

Qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatında texniki istismar qaydalarına uyğun olaraq "Yaşayış evlərinə ilkin qaz açılışı barədə təlimat", "Qəza hadisələrinin qarşısının alınması və məhdudlaşdırılması barədə təlimat", "Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxışın və profilaktik xidmətin keçirilməsi barədə təlimat" işlənib hazırlanaraq aidiyyatı struktur bölmələrə göndərilib. Bundan əlavə, istehsalatda işlərin təhlükəsiz aparılması və qəza hadisələrinin qarşısının alınması məqsədilə "Qaz təsərrüfatı obyektlərində qaz təhlükəli işlərin aparılmasının təşkili üzrə təlimat", "Propan və oksigen balonlarından istifadə qaydaları", RQİİ-lərin və QİS-lərin baş mühəndisləri üçün "Yaddaş" adlanan istiqamətləndirici materiallar və əhali abonentləri üçün qaz cihazlarından istifadə qaydalarını özündə əks etdirən "Bukletlər" hazırlanaraq aidiyyatı üzrə paylanılır.

 "Azəriqaz" İstehsalat Birliyi ölkəmizin qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədilə qaz şəbəkəsinin yenidən qurulması, istehlakçıların qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi istiqamətində işləri davam etdirir.

Mirbağır YAQUBZADƏ,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında