2011-ci ilin dövlət büdcəsi qarşıya qoyulan məqsədlərə çatmaq üçün etibarlı maliyyə təminatıdır

Azərbaycan iqtisadiyyatının son illərdəki dinamik inkişafı büdcənin artımında da özünü göstərir. Xatırladaq ki, iqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi ölkəmizdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalıını dəyərləndirməyə imkan verir. Etiraf edək ki, fəaliyyətində sosial məsuliyyət prinsipini, məqsədyönlülüyü rəhbər tutan Azərbaycan hökuməti, bir qayda olaraq, dövlət büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır. Büdcə dövlətin hərtərəfli inkişafı baxımından zəruri olan sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi üçün əsas maliyyə mənbəyi rolunu oynayır. Bu maliyyə sənədində həmçinin, dövlətin perspektiv inkişafına hesablanan mühüm dövlət proqramlarının, fərman və sərəncamların realizəsi üçün zəruri maliyyə vəsaitləri əksini tapır.
Ölkə Prezidenti İlham Əliyevin 22 oktyabr 2010-cu il tarixdə imzaladığı "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanunda yuxarıda sözügedən məsələlər öz aydın ifadəsini tapmışdır. Qeyd edək ki, 2011-ci il üçün dövlət büdcəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır. Növbəti il üçün dövlət büdcəsi layihəsi ölkəmizin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə əhalinin maddi rifah halının yaxşılaşdırılması, iqtisadiyyatda əldə olunan nailiyyətlərin və ölkənin sosial-iqtisadi kursunun ardıcıl davam etdirilməsi, həmçinin dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla tərtib edilib.
Qarşıdakı ilin əsas maliyyə sənədi ölkənin makroiqtisadi göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər, o cümlədən 2010-cu ilin ötən ayları ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir.
Növbəti ildə əsas məqsədlər sırasına iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, regionların iqtisadi və xammal potensiallarından səmərəli istifadə olunması, dövlət büdcəsindən maliyyələşən sosial xidmətlərin səmərəliliyinin artırılması, maliyyə yardımlarının ünvanlılığının reallaşdırılması kimi vəzifələr daxil edilmişdir. 2011-ci ilin dövlət büdcəsi tərtib olunarkən İqtisadi İnkişaf Nazirliyinin hazırladığı 2011-2014-cü illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən ümumi daxili məhsulun 3,8 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 7,2 faizlik artım sürəti əsas götürülməklə tərtib olunmuşdur.
2011-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanmasında bir barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində götürülmüşdür. Gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 30 faizi həcmində, mütləq ifadədə isə 12 milyard 61 milyon manat və yaxud 2010-cu ilin proqnozuna nisbətən 4,8 faiz (556 milyon manat) çox nəzərdə tutulur. Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 2011-ci ildə 4 milyard 420 milyon manat daxilolmalar proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsi üzrə isə dövlət büdcəsinə 1 milyard 120 milyon manat gəlir proqnozu nəzərdə tutulur. Bu, 2010-cu illə müqayisədə 20 milyon manat çoxdur. Digər mənbələrdən dövlət büdcəsinə 6 milyard 521 milyon manat vəsait daxil olacaqdır. Bunun 6 milyard 480 milyon manatı Dövlət Neft Fondunun, 41 milyon manatı sair daxilolmaların payına düşür.
2011-ci ilin dövlət büdcəsinin xərcləri kəsirin maliyyələşmə mənbələri də nəzərə alınmaqla 12 milyard 748 milyon manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 3,9 faiz (473 milyon manat) çoxdur. Dövlət büdcəsi xərclərinin 55 faizi və ya 7 milyard 43 milyon manatı cari xərclərə, 42 faizi və ya 5 milyard 358 milyon manatı əsaslı xərclərə, 2,7 faizi və 347 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Müvafiq olaraq 2010-cu illə müqayisədə 2011-ci il dövlət büdcəsi xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 1,6 faiz azalmış, əsaslı xərclərin xüsusi çəkisi 1,3 faiz artmışdır.
Yeri gəlmişkən, xatırladaq ki, 2011-ci ilin dövlət büdcəsindən məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin 42,3 faizi həcmində və yaxud 5 milyard 390 milyon manat vəsait ayrılacaqdır.
Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 33,3 faiz və yaxud 4 milyard 234 milyon manat olmaqla cari ilə nisbətən 8,8 faiz artımla (342 milyon manat) proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 518 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu da cari illə müqayisədə 7,5 faiz (246,7 milyon manat) çoxdur.
Dövlətin milli təhlükəsizlik strategiyasının tərkib hissəsi olan Azərbaycan Respublikasının hərbi doktrinası nəzərə alınmaqla ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xərclər, həmçinin xüsusi müdafiə təyinatlı layihələrin, tədbirlərin maliyyə təminatı ilə bağlı nəzərdə tutulmuş vəsait də nəzərə alınmaqla 2011-ci il dövlət büdcəsi xərclərinin tərkibində müdafiə xərclərinin xüsusi çəkisi 18,9 faizə çatdırılmaqla iki dəfəyədək artırılır. Növbəti il üçün dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 31,7 faizi həcmində nəzərdə tutulur.
Xatırladaq ki, hələ bir müddət bundan əvvəl Milli Məclisdə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirilmişdi ki, 2011-ci il dövlət büdcəsinin kəsiri 687 milyon manat və ya ümumi daxili məhsulun 1,7 faizi həcmində nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 0,3 faiz azdır. Müzakirə zamanı 2011-ci ilin icmal büdcəsinin göstəriciləri barədə də ətraflı danışılmış, göstərilmişdir ki, Azərbaycan Respublikasının 2011-ci il icmal büdcəsinin gəlirləri 15 milyard 558 milyon manat olmaqla 2010-cu ilə nisbətən 0,7 faiz (110,2 milyon manat), xərcləri isə 15 milyard 129 milyon manat olmaqla cari ilə nisbətən 5,9 faiz çox (848,8 milyon manat) nəzərdə tutulmuşdur. İcmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olaraq 293,2 milyon manat proqnozlaşdırılmışdır. Bu, 2010-cu ildən 7,9 faiz və ya 21,5 milyon manat çoxdur. İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 2010-cu ilə nisbətən 12,1 faiz artımla proqnozlaşdırılaraq 1 milyard 971 milyon manat təşkil edəcəkdir. Dövlət Neft Fondu büdcəsinin xərcləri isə 6 milyard 829 milyon manat olmaqla 2010-cu ilə nisbətən 433,7 milyon manat və ya 6,8 faiz çoxdur.
Müzakirə zamanı yekdil qənaət bu olmuşdur ki, gələn ilin dövlət büdcəsi qarşıya qoyulan məqsədlərə çatmağa, dövlətin iqtisadi sahədə siyasətinin uğurla həyata keçirilməsinə etibarlı maliyyə təminatı yaradır. 2011-ci ilin dövlət büdcəsi son illərdə tərtib olunan dövlət büdcələrinin məntiqi davamıdır və respublikamızın iqtisadi inkişafına adekvatdır. Eyni zamanda, gələn ilin dövlət büdəsi layihəsində sosialyönümlülük və investisiyatutumluluqla yanaşı, prioritetlilik həm də hərbi xərclərə yönəldilib.
Dövlət büdcəsinin formalaşmasında Dövlət Neft Fondunun fəaliyyəti mühüm önəm daşıyır. Xatırladaq ki, yarandığı gündən indiyədək DNF-na 40 milyard dollar vəsait daxil olub. Bunun 20 milyard dolları istifadə edilib. İstifadə edilən vəsaitin bir qismi dövlət büdcəsinə köçürülüb, bir qismi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə və digər bu kimi layihələrdə Azərbaycan dövlətinin payının, bir qismi qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihə və proqramların maliyyələşməsinə yönəldilib.
DNF-in qarşısında dayanan əsas vəzifələrdən biri dünya bazarlarında neftin qiymətinin dəyişməsinin Azərbaycanın dövlət büdcəsinə təsirinin qarşısını almaqdır. Ona görə də dünya bazarlarında neftin qiymətindən və valyuta məzənnəsindən asılı olmayaraq DNF-dən dövlət büdcəsinə 2011-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulduğu qədər, yəni 6 milyard 480 milyon manat köçürüləcək.
Onu da deyək ki, gələn ilin dövlət büdcəsi haqqında qanunun tətbiq edilməsi barədə ölkə Prezidentinin fərmanında hökumətin müvafiq strukturlarına konkret tapşırıqlar da öz ifadəsini tapmışdır. Belə ki, Nazirlər Kabinetinə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramlarını iki ay müddətində təsdiq etmək tapşırılmışdır. Prezident fərmanında göstərilən tapşırıqlar sırasında mühüm önəm daşıyan bir məsələyə də diqqət yetirək. Nazirlər Kabineti Mərkəzi Bank ilə birlikdə dövlətə vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması və bütövlükdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə təklifləri iki ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir.
Sözügedən fərmanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üç ay müddətində əmək bazarının tənzimlənməsinin səmərəliliyinin artırılması və vətəndaşların əmək və sosial hüquqlarının təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirlər Kabinetinə vermək tapşırılmışdır.
Fərmanda həmçinin hökumətin müvafiq qurumlarına əlilliyin təyinolunma meyarlarının, daşınmaz əmlakın alqı-satqısı zamanı ödənişlərin aparılması və bağlanmış əqdlər barədə məlumatların açıqlanması qaydalarının təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq göstərişi verilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında