Prezident İlham Əliyev: "Ümid" yatağının aşkarlanması onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində işlər uğurla aparılır

Hazırda Azərbaycanda gündə 75 milyon kubmetr qaz hasil edilir. Bu həcm Dövlət Neft Şirkətinin dənizdə və quruda istismar etdiyi yataqlardan, xarici şirkətlərlə birgə işlənən "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarından alınır.
Keçən il ölkədə rekord miqdarda - 24 milyard kubmetrə yaxın qaz hasil olunmuşdur. Bu il isə həmin göstəricinin 29 milyard kubmetrə çatacağı gözlənilir. Son 5 ildə Azərbaycanda qaz hasilatı 5 dəfəyə qədər artmışdır. Başqa sözlə, hasilat 2004-cü ildəki 5 milyard kubmetrdən 2009-cu ildə 24 milyard kubmetrə çatmışdır. Bu göstəricinin yaxın gələcəkdə daha da artacağı artıq heç kəsdə şübhə doğurmur. Xəzər dənizində "Ümid" qaz yatağının açılması bunu deməyə əsas verir.
Azərbaycan Prezidenti İlham Əliyev adı çəkilən yatağın açılması münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşündə ölkəmizin zəngin neft-qaz yataqlarına malik olduğunu vurğulamış, neft-qaz strategiyamızın uğurla reallaşdırıldığını diqqətə çatdırmışdır. Dövlət başçımız demişdir:
- Azərbaycanın neft-qaz sektoruna, xüsusilə dəniz yataqlarına qoyulan investisiyalar xüsusi əhəmiyyətə malikdir. Çünki hamımız yaxşı bilirik ki, yeni yatağa qoyulan vəsait bəzi hallarda özünü doğrultmur. Azərbaycan bir neçə pay bölgüsü üzrə kontrakt imzalamışdır. Onların bir neçəsi uğur gətirmədi. Ancaq Azərbaycan dövləti bundan zərrə qədər də zərər görmədi. Çünki bütün bu investisiyalar xarici tərəfdaşın öhdəliyi idi. Bir neçə quyu qazılmışdı ki, onlar quru çıxdı. Ancaq yenə də Azərbaycan bundan ziyana düşmədi. Çünki bu xərclər xarici tərəfdaşlar tərəfindən qoyulmuşdu.
Ona görə də Dövlət Neft Şirkətinin "Ümid" yatağında öz hesabına, öz gücü ilə kəşfiyyat işləri aparmaq barədə təklifi və təşəbbüsü həm riskli təşəbbüs idi, eyni zamanda, onu göstərirdi ki, biz artıq bunu etməyə qadirik. Biz Xəzərin bütün imkanlarını yaxşı bilirik. Geoloqlarımızın təcrübəsi və bilikləri heç də ən aparıcı neft şirkətlərinin geoloqlarının təcrübəsindən geri qalmır, hətta dəqiq deyirəm, onları üstələyir. Son illər ərzində bəzi xarici şirkətlər tərəfindən aparılmış uğursuz kəşfiyyat işləri bunu göstərir. Mən "Abşeron" yatağının təcrübəsini yada salmaq istəyirəm. Mən yaxşı xatırlayıram ki, o vaxt birinci dəfə "Abşeron" yatağı kontraktla əhatə olunanda geoloqlarımız və şəxsən Xoşbəxt müəllim demişdi ki, quyu harada qazılmalıdır. Əfsuslar olsun ki, o vaxt qarşı tərəf buna əhəmiyyət vermədi. Quyunu başqa yerdə qazdılar, milyonlarla, 10 milyonlarla vəsait xərclədilər və quyu quru çıxdı. Ancaq buna baxmayaraq, biz və geoloqlarımız bilirdik ki, "Abşeron" yatağı böyük ehtiyatlara malikdir. Bir neçə ildən sonra başqa şirkət maraq göstərdi və yenidən "Abşeron" yatağı üzrə kontrakt bağlandı. Ümid edirəm ki, "Abşeron" yatağında növbəti kəşfiyyat işləri uğurlu olacaq və qaz ehtiyatlarımız böyük dərəcədə artacaqdır.
Prezident İlham Əliyev çıxışında "Ümid" yatağının kəşfiyyatı və gələcəkdə işlənilməsinin xüsusi məna daşıdığını göstərmişdir: Bu, tarixi bir hadisədir. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri öz hesabına görmüşdür. Ölkəmizin həm texniki, həm də maliyyə imkanları genişdir. Bizim istənilən həcmdə xarici maliyyə resurslarına da çıxışımız təmin olunur. Mən çox şadam ki, "Ümid" yatağı ümidlərimizi doğrultdu. Bir müddət bundan əvvəl "Ümid"də gedən kəşfiyyat işlərinin ilkin nəticələri haqqında mənə məlumat verilmişdir. Bu mənə imkan verdi ki, bir qədər əvvəl deyim: Biz "Ümid" yatağından ümidverici xəbərlər gözləyirik. Ancaq gözləyirik ki, bu məlumat tam dəqiqləşsin, ondan sonra biz bu kəşfiyyat haqqında bəyanat verək və elan edək ki, Azərbaycanda Azərbaycan neftçiləri tərəfindən yeni böyük qaz yatağı aşkar olundu. Əlbəttə ki, bu hadisə nəinki Azərbaycanda, hüdudlarımızdan kənarda da böyük marağa səbəb olacaqdır. Bu, bir də onu göstərir ki, Azərbaycan çox böyük qaz ölkəsinə çevrilibdir. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir...
Azərbaycan Prezidenti aşkarlanan yatağın resursları barədə də fikirlərini bildirmişdir. Dövlət başçımız demişdir: Bu yatağın çox böyük gələcəyi vardır. Siz indi ehtiyatlar haqqında ilkin məlumatı bildirəcəksiniz. Ancaq bizim təcrübəmiz onu göstərir ki, ilkin rəqəm həmişə sonradan korrektə edilir. Yadımdadır, "Azəri-Çıraq-Günəşli" yatağının ehtiyatları haqqında birinci xəbərlər göstərirdi ki, 511 milyon ton neft vardır. Hətta mən o vaxt bir az təəccüblənirdim ki, nə üçün 511, belə dəqiqliyi necə bilmək olar?! Ancaq sonra həyat özü onu göstərdi ki, "Azəri-Çıraq-Günəşli" yatağının ehtiyatları 511 milyon ton deyil, 1 milyard tondan artıqdır. Bir milyarddan artıq 1,5 də, ondan da çox ola bilər. Onu həyat göstərər. Onu heç kim bilə bilməz...
Görüşdə "Ümid" yatağının texniki-iqtisadi göstəriciləri barədə məlumat verən ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə demişdir ki, bu yataq Bakıdan 75 kilometr, qurudan 40 kilometr məsafədə yerləşir. 1953-cü ildə burada birinci dəfə, 1972-ci ildə isə yenidən bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılmışdır. Sonra 1977-ci ildən 1992-ci ilədək biz burada 9 quyu qazdıq. Bunların heç biri bu horizonta gedib çatmadı, biz yatağı mənimsəyə bilmədik. Nəhayət, qərara gəldik ki, Sizin köməyinizlə, xeyir-duanızla özümüz burada quyu qazaq. Bir də ki, Dövlət Neft Şirkəti 1994-cü ildəki şirkət deyildir. İndi Dövlət Neft Şirkətinin maliyyə vəsaiti də, texniki, texnoloji imkanları da vardır. Bununla belə, yeni texnikanı qavramaq məsələsi də ortada idi. Ona görə bu, böyük bir risk idi. Burada iki məqamı qeyd etmək istəyirəm. Ümumiyyətlə, kəşfiyyat quyusunu platformadan qazmırlar. Dünyada belə təcrübə yoxdur. Platformadan quyuları yalnız açılmış yatağın sərhədlərini təyin etmək üçün qazırlar. Amma tamam açılmamış yataqda platformadan kəşfiyyat quyusu qazmırlar. Buradakı bütün quyular "Xəzər" tipli üzən qazma qurğuları ilə qazılmışdır. Bunlar 60-70 metr dərinlikdə iş görə bilirlər.
Görüşdə əldə olunmuş geofiziki məlumatların və süxur nümunələrinin təhlilinin nəticələrinə əsaslanan X.Yusifzadə bildirmişdir ki, yataqda 200 milyard kubmetr qaz, 30-40 milyon ton da kondensat ehtiyatı vardır. Hələlik bu quyudan əldə olunmuş məlumata görə, ikisi bir yerdə 250 milyard kubmetr edir.
ARDNŞ-in birinci vitse-prezidentinin sözlərinə görə, indi qarşıda bu yataqdan 8-ci horizontu açmaq vəzifəsi durur. Birinci quyunu qazarkən müəyyən təcrübə toplanılmışdır. Burada ikinci quyunu qazmaq, əlbəttə, asan olacaqdır. Çünki mütəxəssislər birinci quyuda müəyyən təcrübə keçiblər.
Təcrübəli neftçi daha sonra demişdir ki, bu quyunun perspektivli olması sübut edir ki, buradakı "Babək" yatağı "Ümid"dən iki dəfə böyükdür. "Ümid"də yaxşı nəticə almağımız o deməkdir ki, "Babək"in perspektivliliyi iki dəfə artıqdır. Ona görə ki, bu strukturda "Babək" aşağıda yerləşdiyi üçün onun ehtiyatı 2 dəfə çoxdur. Yəni, "Ümid"də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, "Babək"də bu, 400 milyard kubmetr olacaqdır, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcəkdir. İndi "Ümid" yatağında bizim bir quyumuz vardır. Bu quyu dənizdə suyun dərinliyi 170 metr olan sahədə qazılmışdır. İnşallah, həmin quyunu istismara verəndən sonra Sizin köməyinizlə işlərimizi davam etdirərik. Hesab edirəm ki, yaxşı nəticələrə nail olsaq, həm təcrübəmiz artacaq, həm də "Babək"də də işləri özümüz görəcəyik.
Ümumiyyətlə, əldə olunmuş nəticələrə əsasən Azərbaycanın bu gün 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaqdır.{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında