Sahibkarlara kömək göstərmək lazımdır ki, öz işlərini daha səmərəli şəkildə qura bilsinlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ölkəmizdə özəl bölmənin formalaşıb yeni inkişaf mərhələsinə daxil olması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, dahi öndər Azərbaycanda hakimiyyətə yenidən qayıdışı zamanı sahibkarlığın tərəqqisinin diqqətdə saxlanılacağını bəyan etdi: "Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyənləşdirmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir".
Həmin dövrdə aparılan məqsədyönlü siyasət nəticəsində respublikada qısa müddətdə siyasi və makroiqtisadi sabitliyə nail olundu. Sahibkarlar sinfinin formalaşması məqsədilə beynəlxalq təcrübəyə uyğun hüquqi baza yaradıldı, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərildi, "Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)" Dövlət Proqramı təsdiq olundu, kiçik və orta sahibkarlığın formalaşması sürətləndirildi, sahibkarlıq infrastrukturunun təşkili istiqamətində mühüm addımlar atıldı, iş adamlarının vergi yükü azaldıldı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq olundu. Bütün bunlarla yanaşı, 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyada sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Ulu öndərin 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" imzaladığı fərman isə sahibkarların fəaliyyətinə mənfi təsir göstərəcək halların aradan qaldırılmasını sürətləndirdi.
Ümumiyyətlə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının mahiyyət etibarilə yeni modelinin formalaşmasına zəmin yaratdı. Bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyənləşdirilən istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlüyün gözlənilməsi, milli mentalitetin diqqət mərkəzində saxlanılması və mütərəqqi dünya təcrübəsinə əsaslanılması təşkil edirdi.
Sahibkarlıq-iqtisadi inkişafın aparıcı qüvvəsi
Ümummilli liderimizin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 13 ilə yaxın bir müddətdə iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri olan sahibkarlığın inkişafına daim önəm verib. Məhz elə buna görə də biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşıb, müvafiq qanunvericilik bazası təkmilləşib, inzibati prosedurlar sadələşib. Vergi güzəştlərinin tətbiqi, iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin gücləndirilməsi nəticəsində Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib. İş adamlarına güzəştli kreditlər verilməsi diqqət mərkəzində saxlanılıb. Məsələn, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən cari ilin ötən dövründə 1209 sahibkara 66 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlərdən istifadə etməklə 2800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Yeri gəlmişkən, güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin qurulması sahibkarlığın inkişafında mühüm rol oynamaqla yanaşı, ərzaq və sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsində, respublikanın ixrac potensialının artırılmasında böyük əhəmiyyətə malikdir.
Biznes və investisiya mühiti getdikcə canlandırılır
Qlobal və regional səviyyədə mürəkkəb siyasi- iqtisadi proseslərin hökm sürdüyü, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi indiki şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ölkəmizdə reallaşdırılan sistemli tədbirlər xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sənədlər strateji əhəmiyyət daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın".
Ötən il oktyabr ayının 20-də qəbul edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, bütün vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla, 2 il müddətinə dayandırılıb. Məhz elə bunun nəticəsidir ki, 2015-ci ilin noyabrından indiyədək cəmi 49 yoxlama (vergi yoxlamaları istisna olmaqla) keçirilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə 33 mindən çox yoxlama aparılıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının əhəmiyyəti barədə dedi: "Bununla sahibkarlığın inkişafında yeni mərhələ başlayıb. Çünki yoxlamaların dayandırılması sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə yol açıb. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına müsbət təsir göstərib. Elektronlaşma yolu ilə sahibkarlarla dövlət qurumları arasında əlaqə məhdudlaşdırılıb... Sahibkar vergi öhdəliklərini mütləq həyata keçirməlidir. Amma iş adamından digər ödənişlərin yerinə yetirilməsinin tələb edilməsi və onun fəaliyyətinə hər hansı bir müdaxilə yolverilməzdir. Çünki əvvəllər belə hal sahibkar üçün əlavə xərcin yaranmasına gətirib çıxarmaqla yanaşı, özəl bölmənin inkişafını da ləngidirdi. Bu baxımdan yoxlamaların dayandırılması haqqında qanunun qəbul olunması müşahidələrimə əsasən, deyə bilərəm ki, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələri artıq aradan qaldırıb, iş adamları ancaq dövlət büdcəsinə ödənişləri təmin etməklə liberal şəkildə öz fəaliyyətlərini qura biliblər.
Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının daha etibarlı qorunmasına, sahibkarların şikayətlərinə daha həssas yanaşılmasına xidmət edir.
Sahibkarlığın inkişafı məqsədilə reallaşdırılan digər tədbirlər də diqqət çəkir. Dövlət başçısının müvafiq fərmanlarına əsasən, hazırda lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, qüvvədə olan lisenziyalar müddətsiz elan olunub, yeni lisenziyaların isə müddətsiz verilməsi qərara alınıb. Lisenziyanın verilməsinə görə, ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilib. Bununla yanaşı, ötən ilin noyabr ayından dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla, lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilir. İndiyədək "ASAN xidmət" mərkəzləri tərəfindən sahibkarlara 1750-dən çox lisenziya verilib.
İnzibati prosedurların sadələşdirilməsində "ASAN xidmət" mühüm önəm daşıyır. Burada xidmətlərin yüksək keyfiyyətlə, şəffaf və operativ göstərilməsi vətəndaşların rahatlığını təmin etməklə bərabər, sahibkarların da əvvəllər üzləşdikləri bir sıra problemləri aradan qaldırıb.
Vüqar Bayramov "ASAN xidmət" modelinin imkanlarından da danışaraq qeyd etdi ki, monopoliya və geniş imkanlı bazarlara çıxış, o cümlədən, xaricdən gətirilən məhsulların ölkəyə keçirilməsində hələ də inhisarların qalması onların işlərinə mənfi təsir göstərən amillərdəndir. Sözügedən problemlərin həlli sahibkarlığın inkişafı baxımından olduqca vacibdir. Çünki sahibkarlığa maneə yaradan bu problemlər həll edilsə, sahibkarlıq da inkişaf edər. Bu problemlərin həlli üçün ölkə Prezidenti "ASAN xidmət" modelinin imkanlarının genişləndirilməsinə mühüm önəm verir. Etiraf edək ki, bir sıra dövlət qurumlarının səlahiyyətində olan işlərin "ASAN xidmət"ə verilməsi artıq süründürməçiliyin qarşısını alıb. Bu həm də monopoliyaya qarşı müqaviməti də gücləndirib. Sözügedən model imkan vermir ki, sahibkarların işinə məmurlar tərəfindən qanunsuz müdaxilə edilsin. "ASAN xidmət"in səlahiyyətlərinin genişləndirilməsi bu sahədə ən ciddi addım kimi qiymətləndirilməlidir. Hazırda elektron lisenziya portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir. Bu portalın istifadəyə verilməsi ilə lisenziyaların və icazələrin alınması prosesi tamamilə elektronlaşdırılacaq, vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsinin təmin edilməsi mümkün olacaq.
Hazırda həyata keçirilən iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlıdır. Bu il aprelin 20-də Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə investisiya təşviqi sənədinin verilməsi Qaydası, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və layihənin həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq edilib.
İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda nəzərdə tutulan güzəştlərdən yararlanmağa imkan verir. Bu sənədi alan sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilirlər. Ekspertlərin fikrincə, bu, qeyri-neft sektoruna investisiyaların artırılmasına, yeni iş yerlərinin açılmasına əlverişli zəmin yaratmaqla yanaşı, sahibkarlığın inkişafına da əhəmiyyətli töhfə verəcəkdir.
"Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanunda nəzərdə tutulan "Tik, idarə et, təhvil ver" (TİT) modelinin tətbiqi də sahibkarlar üçün geniş imkan yaradır, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması baxımından əhəmiyyətlidir. Belə ki, investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor dövlət rüsumlarından və yığımlardan azaddır.
Azərbaycan sahibkarları bu gün dövlət başçısı cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. İş adamları bundan ruhlanaraq qeyri-neft sektorunun inkişafında, əhalinin daimi iş yerləri ilə təmin olunmasında, ölkəmizin ixrac potensialının artmasında və sosial layihələrin icrasında fəallıq göstərir, bütün səylərini Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə, ölkəmizin daha da qüdrətlənməsinə səfərbər edirlər.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
Məqalə "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.