Milli iqtisadiyyatın strateji yol xəritəsi ağır sənayenin başlıca istiqamətlərini müəyyənləşdirəcək

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” ağır sənayenin başlıca istiqamətlərini müəyyənləşdirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikir iyulun 5-də Bakıda Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə Köməkçisi Xidmətinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Sənayeləşmə və innovativ inkişaf” mövzusunda keçirilən ictimai müzakirədə səsləndirilib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, iqtisadi diversifikasiyanın məqsədi yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ümumi daxili məhsulun, yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsidir. S.Həsənova deyib ki, elm tutumlu sahələrin artırılması ilə milli iqtisadiyyat yeni mərhələyə keçib və innovativ inkişafa qədəm qoyub. Nazir müavini iqtisadiyyatın şaxələndirilməsinn və qeyri-neft sektorunun inkişafının sosial-iqtisadi siyasətin prioritet istiqaməti olduğunu vurğulayaraq, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qarşıya qoyulmuş hədəflərə nail olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirilib ki, son 10 ildə Azərbaycanda neftdən əldə edilmiş gəlirlər hesabına iqtisadiyyat uğurla şaxələndirilib, əhalinin sosial müdafiəsi, həyat səviyyəsinin yüksəldilməsi, müasir infrastrukturun yaradılması üçün möhkəm zəmin formalaşdırılıb.

S.Həsənova bu ilin mayında qəbul olunmuş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin, sənayenin və innovativ inkişafı dəstəkləyən dövlət proqramlarının qəbulunun və uğurlu icrasının əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, dünyada baş verən neqativ iqtisadi proseslər fonunda Azərbaycanda iqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sektorunun və regionların inkişafı daha da sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb.

Vurğulanıb ki, Azərbaycanda milli sənayenin inkişafını təmin etmək məqsədilə ölkədə sahibkarlıq subyektlərinin fəaliyyəti stimullaşdırılır. Belə ki, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, investisiyaların təşviqi, biznes forumların təşkili və digər tədbirlər sayəsində ölkəmizdə sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib.

Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illər Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri açılıb. Ölkədə rəqabətədavamlı məhsulların istehsalını artırmaq məqsədilə hazırda sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini 30 faiz və ya üçdə birə qədər üstələyir. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına görə, Azərbaycan Avropada sənayenin ümumi daxili məhsuldakı payına görə ilk yerlərdə olub. Azərbaycanda sənayenin strukturunda mədənçıxarmanın payının azalması fonunda emal sənayesinin də xüsusi çəkisi artmaqdadır. Əgər sənaye yüksəlişinin birinci mərhələsi karbohidrogen resurslarına əsaslanırdısa, indiki mərhələdə inkişaf iqtisadi səmərəliliyin üzərində qurulmalıdır. Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitə təsirlərin azaldılması, iqtisadiyyatın rəqabətqabiliyyətinin və sənaye ixracının artırılması və yeni iş yerlərinin açılmasıdır. Bunun üçün münasibət institusional mühit və makroiqtisadi şərait, dünya iqtisadiyyatında inkişaf təmayüllərinin saxlanılması vacibdir. Milli iqtisadiyyatın strateji yol xəritəsi ağır sənayenin başlıca istiqamətlərini müəyyənləşdirəcək.

Ölkəmizin sənayenin inkişafı üçün əlverişli imkanlara malik olduğunu deyən V.Qasımlı bildirib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə sənaye bir istiqamət kimi nəzərdə tutulub. Yol xəritəsinin hazırlanması çərçivəsində birinci mərhələdə 10 kitab hazırlanıb.

Azərbaycan Respublikasının Prezidentinin İqtisadi islahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov çıxışında mövcud qlobal iqtisadi şəraitdə aparılan iqtisadi islahatları genişləndirməklə müntəzəmliyin təmin edilməsinin, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların və ictimai iştirakçılıq sistemlərinin tətbiqinin zəruriliyindən danışıb.

“Azərbaycanda sənaye və innovasiyaların inkişafı” mövzusunda məruzə ilə çıxış edən İqtisadi islahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev son illər həyata keçirilən tədbirləri və mövcud inkişafı nəzərə alaraq, Azərbaycanda sənayenin davamlı inkişafı üçün nəzərdə tutulan amillərdən söz açıb.

İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli Azərbaycanda sənayenin mövcud vəziyyəti və inkişaf istiqamətləri, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov parkda aparılan işlər, rezidentlərin fəaliyyət sahələri barədə məlumat veriblər.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin direktor müavini Hüseyn Paşayev şirkətin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb, sənayenin inkişafında yeni mexanizmlərin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə sənayenin inkişafı istiqamətində görüləcək tədbirlər barədə müzakirələr aparılıb, ölkənin aparıcı sənaye müəssisələrinin nümayəndələrinin bu sahədə fikirləri dinlənilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında