Müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin yeni neft strategiyasının müəllifi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən ilk beynəlxalq “Xəzər neft-qaz” sərgi və konfranslarından başlayaraq bu tədbirdə iştirak edən əcnəbi və yerli şirkətlərin nümayəndələri, eləcə də bir sıra xarici ölkələrin dövlət və hökumət üzvləri, diplomatik korpusların nümayəndələri Xəzər regionunda həyata keçirilən neft-qaz layihələrinin icra vəziyyəti, həmçinin enerji təhlükəsizliyi ilə bağlı geniş fikir mübadiləsi aparır, bir-birlərinin potensial imkanları və nailiyyətləri barədə zəngin məlumat əldə edirlər. Azərbaycan paytaxtı artıq beynəlxalq görüş və iqtisadi əməkdaşlıq məkanına çevrilmişdir.
Təsadüfi deyil ki, iyunun 1-də XXIII beynəlxalq “Xəzər neft və qaz 2016" sərgisinin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: ”Sərginin Azərbaycanda keçirilməsi ölkəmizin ümumi inkişafı üçün çox mühüm rol oynayır. Bildiyiniz kimi, birinci sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt Azərbaycanı, demək olar ki, dünyada tanımırdılar. Azərbaycan gənc müstəqil dövlət idi. Xüsusilə nəzərə alsaq ki, müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, Azərbaycanda iqtisadi, siyasi və hərbi böhran hökm sürürdü. Ermənistan torpaqlarımızı işğal etmişdir, 1993-cü ildə vətəndaş müharibəsi başlamışdır. Yəni, bütün bu amilləri nəzərə alsaq, bir daha görürük ki, sərginin nə qədər böyük əhəmiyyəti olmuşdur. Çünki o vaxt bu sərgi vasitəsilə Azərbaycan öz neft potensialını dünyaya təqdim etdi. Azərbaycan bəyan etdi ki, o, investisiyalara açıq bir ölkədir. Azərbaycan inkişaf yolu ilə getmək, müasir dövlətə çevrilmək istəyir. Buna nail olmaq üçün əlbəttə ki, ilk növbədə, ölkəmizə xarici sərmayə qoyulmalı idi. Xarici sərmayə üçün ən cəlbedici sahə təbii ki, neft sahəsi idi".
Hazırda isə ölkəmiz Xəzər regionunun ən potensial qaz ixracatçısı kimi tanınınr. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. 23-cü “Xəzər neft və qaz” sərgisinin açılış mərasimində Prezident İlham Əliyev demişdir: “Əsrin müqaviləsi” XX əsrin kontraktı idi. Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik. “Cənub” qaz dəhlizi XXI əsrin kontraktıdır və məhz 1994-cü ildə imzalanmış müqavilə və ondan sonra əldə olunan uğurlar bugünkü reallığı mümkün etmişdir. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə beynəlxalq konsorsiumla müqavilə bağlanmışdır. O vaxt dünyanın neft-qaz sektorunda qaz amili o qədər də böyük əhəmiyyət daşımırdı. Ölkələrin enerji təhlükəsizliyi o vaxt bilavasitə qaz ehtiyatları ilə bağlı deyildi".
Ötən müddətdə Azərbaycan öz qazını müstəqil şəkildə dünya bazarına ixrac etmək üçün geniş imkanlara malik yeni qaz boru xəttinin çəkilişinə də nail oldu. Hazırda “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Yunanıstan və bir sıra Şərqi Avropa ölkələrinə ixrac olunur. Məlum olduğu kimi, “Cənub” qaz dəhlizinin əsas mənbəyi Azərbaycanın “Şahdəniz” yatağıdır. Təsadüfi deyil ki, bu məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “Şahdəniz” qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və onun işlənilməsi bu gün “Cənub” qaz dəhlizinin əsas resurs bazasını təmin edir. O vaxta qədər isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edilmişdir.
Beləliklə, tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə və Aralıq dənizi ilə çoxşaxəli kəmərlər şəbəkəsi ilə bağlandı. Bu da tarixi hadisə idi. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlığı formalaşdı. Bu əməkdaşlıq başqa sahələrdə də özünü büruzə verməyə başlamışdır".
Sərginin açılış mərasimində 1994-cü ildən bu günə qədər Azərbaycan bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də çox uğurlu və şərəfli yol keçdiyini diqqətə çatdıran Prezident İlham Əliyev qarşıya qoyulan bütün vəzifələrin, planlaşdırılan layihələrin icrası üçün çox böyük səylər, həmçinin siyasi səylər göstərildiyini, eyni zamanda, böyük maliyyə resursları ayrıldığını bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, xam nefti Xəzər dənizindən çıxarmaq, sahilə gətirmək, onu dünya bazarlarına nəql etmək kimi mühüm məsələləri beynəlxalq əməkdaşlıq olmadan, regionda sabitliyə nail olmadan həll etmək mümkün deyildi. Eyni zamanda, investorların inamı artmalı idi ki, bu layihələr icra edilsin. Əks təqdirdə, nə beynəlxalq maliyyə qurumları, nə də ki, şirkətlər öz vəsaitlərini qoymazdılar. Məhz bu istiqamətdə çox ciddi iş aparıldı və ümummilli lider Heydər Əliyevin xüsusi səyi nəticəsində 1990-cı illərin ortalarında Azərbaycanda sabitlik tam təmin edildi. Bu da investorların Azərbaycana inamını xeyli artırdı.
Ulu öndərin müəllifi olduğu yeni neft strategiyasının uğurları Azərbaycanın iqtisadi imkanlarını genişləndirdi. Ötən illərdə bu imkanlardan səmərəli istifadə edilərək neftdən əldə olunan gəlirlər qeyri-neft sektoruna yönəldildi, ölkə iqtisadiyyatını şaxələndirmək üçün böyük səylər göstərildi və bu gün Azərbaycanın ümumi daxili məhsulunda neft amili təxminən 30 faizdən bir qədər çoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda ölkəmizin ümumi gəlirlərinin əksəriyyəti qeyri-neft sektoru hesabına formalaşır. Ötən müddətdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, neftdən və qazdan asılılığın azaldılmasına nail olmaq məqsədilə zəruri infrastruktur və yenidənqurma işləri həyata keçirilmişdir.
Ötən illərdə Azərbaycan istənilən iri layihələri icra etmək üçün geniş imkanlar və çox yaxşı təcrübə əldə edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 23-cü beynəlxalq “Xəzər neft-qaz sərgi və konfransı” nın açılış mərasimində demişdir: “Cənub” qaz dəhlizi haqqında danışarkən biz 1990-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik. Çünki əgər o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, onda əlbəttə ki, bu dəhliz də yaranmazdı. Bakı-Tbilisi-Ceyhan kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini formalaşdırdı. İndi Azərbaycan qazı həmin dəhliz vasitəsilə dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidir və bu dəhliz hazırda nəqliyyat dəhlizinə çevrilir. Çünki biz neftdən əldə olunan gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək, çox ciddi nəqliyyat bağlantıları yaratmışıq. Şərq-Qərb nəqliyyat dəhlizi bu gün reallaşır və əminəm ki, bu ilin sonuna qədər tam istifadəyə veriləcək. Beləliklə, neft, qaz, nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçəcək".
1990-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin əvvəllərində açılmış Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Azərbaycana böyük həcmdə valyuta ehtiyatları əldə etməyə, ölkəmizin iqtisadi inkişafını sürətləndirməyə və xalqımızın rifah halını yaxşılaşdırmağa imkan yaratmışdır. Bu gün qarşıda duran başlıca iqtisadi hədəflərin neft-qaz sektoru ilə bağlı olmadığını vurğulayan Prezident İlham Əliyev bir daha bəyan etdi ki, hazırda əsas vəzifələr iqtisadiyyatı şaxələndirməkdən, neft amilindən asılılığı daha da azaltmaqdan, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdan və böyük infrastruktur layihələrini icra etməklə uzunmüddətli inkişaf üçün daha da güclü zəmin yaratmaqdan ibarətdir.
Enerji sektorunda qarşıda duran ciddi vəzifə sayılan “Cənub” qaz dəhlizinin icrası prosesi də artıq başlamışdır. Xatırladaq ki, 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20-ci ildönümünün qeyd olunduğu gündə “Cənub” qaz dəhlizinin təməli qoyuldu. Ötən ilin mart ayında isə Türkiyənin Qars şəhərində TANAP layihəsinə start verildi. Nəhayət, 2016-cı il may ayının 17-də “Cənub” qaz dəhlizinin digər seqmenti sayılan Trans-Adriatik boru kəmərinin (TAP) təməli qoyuldu. Yeri gəlmişkən, Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayan TAP-ın icraçı direktoru Yan Bradşou “Cənub” qaz dəhlizinə və xüsusilə onun Avropa qolu olan Trans-Adriatik boru kəməri layihəsinə göstərdiyi davamlı dəstəyə görə dövlətimizin başçısına səmimi qəlbdən təşəkkür edərək mayın 17-də Salonikidə TAP-ın təməlinin qoyulmasını bu vacib layihənin həyata keçirilməsində tarixi mərhələ kimi səciyyələndirmişdir.
Göründüyü kimi, “Cənub” qaz dəhlizi artıq reallıqdır. Yeri gəlmişkən, bu layihənin həyata keçirilməsi üçün qarşılıqlı inamın yüksək səviyyədə olmasının vacibliyini önə çəkən dövlət başçısı İlham Əliyev enerji sahəsində yeni bir əməkdaşlıq formatına başlanıldığı qənaətindədir. Bu formatın iştirakçıları isə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və bir neçə Balkan ölkəsidir. “Cənub” qaz dəhlizinin icrası nəzərdə tutulmuş cədvəl üzrə uğurla həyata keçirilir. Prezident İlham Əliyevin haqlı olaraq XXI əsrin layihəsi adlandırdığı “Cənub” qaz dəhlizinin bütün dörd seqmentində— “Şahdəniz-2", Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə işlərin sürətlə davam etdirilməsi, xüsusən də bu sahəyə verilən güclü beynəlxalq dəstək onu deməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edəcək. Bu da ölkəmizin regionda və dünyada etibarlı tədrəfdaş kimi rolunu bir qədər də artıracaq.
“Cənub qaz dəhlizi” layihəsini iqtisadi layihə kimi səciyyələndirən dövlətimizin başçısı məsələnin təhlükəsizlik baxımından da əhəmiyyətli olduğuna xüsusi diqqət yetirir. Belə ki, bu gün dünyada enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxdığını söyləyən Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, enerji təhlükəsizliyi olmadan ölkələrin milli təhlükəsizliyi haqqında danışmaq mümkün deyil. Azərbaycanın daha da sürətlə inkişaf etməsi, bölgədə sabitliyin möhkəmlənməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayan cənab Prezident demişdir: “Ancaq ölkələr sabitlik şəraitində inkişaf edə bilər. Ancaq ölkələrə sabitlik şəraitində investisiya qoyula bilər. Ancaq sabitlik şəraitində xalqlar rahat, təhlükəsizlik, rifah içində yaşaya bilər. Azərbaycan nümunəsi, hesab edirəm ki, bir çox ölkələr üçün maraqlı ola bilər. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. İyirmi beş il ərzində Azərbaycan sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilər, yaxşı yaşaya bilər, öz taleyinin sahibi ola bilər, bütün ölkələr ilə normal münasibətlər qura bilər. Ən əsası ondan ibarətdir ki, bizim gələcəyə də çox dəqiq və aydın baxışlarımız var”.
İndi ölkəmizin razılığı olmadan regionda heç bir enerji və digər qlobal layihələrin reallaşdırılması mümkün deyil. Bu isə o deməkdir ki, hazırda Azərbaycan tam müstəqil siyasət yürütməyə qadir hərtərəfli inkişaf edən bir ölkədir. İndi bunu dünyanın əksər inkişaf etmiş ölkələri də birmənalı olaraq qəbul edir, Azərbaycanın regiondakı nüfuzunu yüksək qiymətləndirirlər. 23-cü beynəlxalq “Xəzər neft və qaz” sərgi və konfransı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktublarında da ölkəmizin bu sahədəki əhəmiyyəti bir daha vurğulanmışdır. Dövlətimizin başçısına və Azərbaycan xalqına ən xoş arzularını çatdırıran Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama ölkəmizin qlobal enerji təchizatında olduqca mühüm rolunu oynamaqda davam etdiyini və regional səviyyədə təchizatın şaxələndirilməsini, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədimizə münasibətdə etibarlı tərəfdaş olduğunu bir daha bəyan etmişdir. Təbrik məktubunda deyilir: “Bugünkü şəraitdə enerji təchizatının şaxələndirilməsi həmişəki kimi əhəmiyyətli olaraq qalır. Ötən il ərzində Azərbaycan və onun tərəfdaşları ”Cənub" qaz dəhlizinin reallığa çevrilməsində böyük tarixi mərhələlərə nail olmuşlar. Azərbaycan ilə onun beynəlxalq tərəfdaşları arasında davamlı əməkdaşlıq həmin mühüm layihənin başa çatdırılmasını təmin edəcək, Birləşmiş Ştatlar isə beynəlxalq tərəfdaşlarımızla birgə buna yardım etməyə hazırdır və “Cənub” qaz dəhlizinin əhəmiyyətini vurğulamaqda davam edir. Məktubda, həmçinin Birləşmiş Ştatların Azərbaycanın sadiq tərəfdaşı olaraq qaldığı vurğulanır, Prezident İlham Əliyevin “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi məqsədilə göstərdiyi səylər yüksək qiymətləndirilir.
“Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Hökumətim qlobal enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verir. “Cənub" qaz dəhlizi Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq". Bu sətirlər isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun 23-cü beynəlxalq “Xəzər neft və qaz” sərgi və konfransı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubundandır. Ölkələrimiz arasında davamlı güclü ikitərəfli münasibətləri alqışlayan Baş nazir Azərbaycan hökumətini “Cənub” qaz dəhlizinin inkişaf etdirilməsində oynadığı rolu yüksək qiymətləndirməklə yanaşı, Trans-Adriatik boru kəmərinin mayın 17-də keçirilən təməlqoyma mərasimini “Cənub” qaz dəhlizinin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisə kimi dəyərləndirmişdir.
İqtisadiyyatın şaxələndirilməsi məqsədilə neft amilindən asılılığı tam aradan götürməyi hədəf seçən Prezident İlham Əliyev 2016-cı ili Azərbaycan üçün, neftlə zəngin olan bütün ölkələr üçün sınaq ili hesab edərək ölkəmizin bu sınaqdan şərəflə çıxacağına əmindir. 2016-cı ilin sabitləşmə ili olacağına inandığını söyləyən dövlət başçısı gələn ildən iqtisadi artımın bərpa ediləcəyini böyük bir nikbinliklə bəyan edir. Bu nikbinliyi yaradan səbəblər isə onunla bağlıdır ki, Azərbaycan hazırda regionda sülh və sabitliyin qarantı kimi çıxış edir, ölkəmizdə düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir.
Ən başlıcası isə nəzərdə tutulmuş bütün layihələrin, məqsədyönlü proqramların icrası üçün Azərbaycanın güclü siyasi iradəsi var və ölkəmiz müstəqil qərar qəbul etməkdə tam sərbəstdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.