Dünyada dərin iqtisadi və maliyyə böhranının davam etməsi ölkəmizin dinamik inkişafına öz mənfi təsirini gəstərə bilməyib. Çünki qeyri-neft sektorunun yüksəlişinə xüsusi önəm verilməsi, şaxələndirmə siyasəti, bununla bağlı həyata keçirilən tədbirlər Azərbaycanın bu vəziyyətdən minimum itkilərlə çıxmasına münbit şərait yaradıb. Şübhəsiz, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirləri azaldıb. Bununla bağlı Prezident İlham Əliyev deyib: "Neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur".
Son illərdə ölkəmizin gələcək inkişaf dinamikasını müəyyənləşdirən qeyri-neft sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən texnoparkların, sənaye məhəllələrinin qurulması, ixrac yönümlü sənaye məhsulları istehsalının genişləndirilməsi, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaradılması diqqətdə saxlanılıb. Bütün bunlar isə Azərbaycanın gələcək inkişafını sürətləndirəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və iqtisadiyyatın dayanıqlı şəkildə inkişafını müəyyən edəcək.
Qeyri-neft sənayesinin sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərib. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxan, özünü doğruldan bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Son illərdə rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Sənayenin inkişafına xüsusi önəm verilməsində əsas məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda, xammal və yarımfabrikat ixracatı mümkün qədər azaldılmalı, hazır məhsul istehsalına üstünlük verilməlidir. Məlumdur ki, adətən sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük verirlər.
Ölkə Prezidenti cənab İlham Əliyev qarşıda duran vəzifələrdən danışarkən deyib: "Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir".
Sənayeləşmənin reallaşdırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanan müvafiq tədbirlər planında əsas tezislər öz əksini tapıb. Bunlar hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsindən ibarətdir.
Sənayeləşmə iqtisadiyyatda bu aparıcı sahənin xüsusi çəkisinin artırılması yolu ilə yeni mərhələyə sürətli sosial-iqtisadi keçid prosesidir. Bu proses xüsusilə metallurgiya, maşınqayırma, cihazqayırma, energetika kimi sənaye sahələrində yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətin dünyaya baxışını dəyişdirir. Bunu dünyada sənaye inqilabının baş verdiyi ilk ölkə olan İngiltərənin timsalında da aydın görmək olar.
Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilib. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilib. Regionların sənaye potensialının yüksəldilməsi kimi uzaqgörən siyasət həyata keçirilərək Gəncə, Sumqayıt, Daşkəsən, Şirvan, Ağdam, Xaçmaz və digər şəhərlərdə sənaye kompleksləri yaradılıb. Son illərdə bir sıra iri sənaye müəssisələri-Gəmiqayırma zavodu, Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil zavodu, bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti və digər müəssisələr istifadəyə verilib. Gəmiqayırma zavodunun və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verib.
Sənayenin inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilib və yenidən qurulub, 10 min kilometrdən çox avtomobil yolu inşa olunub. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Dünyanın nəhəng enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə, sənayenin inkişafına öz töhfəsini verəcəkdir.
Sənayenin dinamik inkişafı sözügedən sahədə məhsul istehsalına da öz müsbət təsirini göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-may aylarında 12,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma, 28,6 faizi emal, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında hazırlanıb. Emal sektorunda qida məhsullarının istehsalı 3 faiz, içkilərin istehsalı 6,2 faiz, tütün məmulatlarının istehsalı 33,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, geyim istehsalı 0,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 17 faiz, hazır metal məmulatlarının istehsalı 18,6 faiz, elektrik avadanlıqlarının istehsalı 54,8 faiz, kompüter və elektron məhsullarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2 dəfə artıb.
Sənayenin inkişafından danışarkən, sənaye parklarının və məhəllələrinin yaradılmasını xüsusi vurğulamaq istərdik. Xatırladaq ki, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın əsas istiqamətlərindən biri olan sənaye və texnologiyalar parklarının, eləcə də məhəllələrinin yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 2011-ci ildə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı, 2012-ci ildə isə Yüksək Texnologiyalar Parkı təşkil edilib. Hazırda isə Mingəçevir Sənaye və Yüksək Texnologiya parkları, Qaradağ Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsi yaradılır.
Sənayenin dinamik inkişafını Sumqayıt şəhərinin timsalında daha aydın nəzərdən keçirək. Ölkə Prezidenti cənab İlham Əliyev son illərdə bir neçə dəfə Sumqayıt şəhərində olub, burada sənaye potensialının möhkəmləndirilməsinin, yeni iş yerlərinin açılmasının vacibliyi ilə bağlı dəyərli fikirlər söyləyib. Cənab İlham Əliyev Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi üçün konkret planların olduğunu bildirib: "Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi yaradılıb, formalaşıb. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır. Artıq bu proqramın icrasının birinci mərhələsindəyik. Burada böyük Sumqayıt Texnologiya Parkı yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar xaricə də ixrac edilir, ölkə daxilində də istehlak olunur. Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən ibarət sənaye şəhərciyi yaradılacaqdır. Bu məqsədlə müvafiq göstərişlər verilmişdir. Burada həm dövlət, həm özəl sektorun iştirakı ilə böyük müəssisələr, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün gözəl şərait yaradılacaqdır".
Sumqayıtda Kimya Sənayesi və Yüksək Texnologiyalar parklarının yaxın və uzunmüddətli perspektivdə inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə
7 illik güzəştlər nəzərdə tutulub. Bu isə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın ixrac və rəqabətqabiliyyətliliyinin, idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin artırılmasına və sənaye sahələrinin şaxələnməsinə xidmət edir.
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 7 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilən investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcəkdir. Cari ilin aprel ayında İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Azərsun Holdinq" MMC və İranın "Darou Pakhsh" şirkəti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, sənaye parkının ərazisində əczaçılıq məhsullarının istehsalı da həyata keçiriləcəkdir. İlkin mərhələdə müəssisədə 50-dən çox adda dərman preparatının istehsalı nəzərdə tutulur. Növbəti mərhələdə istehsal genişləndirilməklə daha çox dərman vasitəsini əhatə edəcəkdir.
Sumqayıt Yüksək Texnologiyalar Parkının kabel zavodu ifrat yüksək gərginlikli 500 kV-luq kabelin istehsalına başlayıb. 125 metrlik qüllə artıq olaraq istifadəyə verilib və burada sınaq üçün məhsul istehsalı həyata keçirilib.
Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə "yaşıl biznes"in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkında isə işlənmiş mühərrik yağlarının, plastik qabların, avtomobil şinlərinin, çap-poliqrafiya məhsullarının emalı sahələri üzrə artıq 4 rezident qeydiyyata alınıb.
Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 milyon dollar olan ilk sifariş yerinə yetirilib və hazırda dəyəri 400 milyon dollardan yuxarı olan sualtı tikinti və üç sərnişin gəmisinin tikintisi aparılır. "Şahdəniz-2" layihəsinin sualtı qurğularını quraşdırmaq üçün layihələndirilən "Xankəndi" sualtı tikinti gəmisi artıq Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilib. Gəminin tikintisi üzrə işlərin 80 faizdən çox hissəsi başa çatdırılıb. Bütövlükdə isə gəminin inşası 2017-ci ilin aprel ayında "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə sualtı quraşdırma işlərinin başlanacağı vaxtadək sona çatdırılacaq.
Mingəçevir Sənaye Parkı tekstil sahəsində fəaliyyət göstərəcək və hazırda parkın təşkili işləri davam etdirilir. Tikintisi başa çatmaqda olan Neftçala Sənaye Məhəlləsi iqtisadiyyatın prioritet istiqamətlərindən olan kiçik və orta sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir. Qeyd edək ki, sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilib. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaqdır. Bu yaxınlarda Azərbaycanın "Azevrokar" şirkəti ilə İranın "İran Khodro" şirkəti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, Neftçala Sənaye Məhəlləsinin ərazisində minik avtomobilləri və onların ehtiyat hissələri istehsal olunacaq.
Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda son illər nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir.
Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan 2020 – gələcəyə baxış" İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.