“2014-2016-cı illərdə Bakı şəhəri və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı”nın icrasının son ilidir. Artıq proqramda nəzərdə tutulmuş işlərin böyük əksəriyyəti reallaşdırılmışdır və hazırda bir neçə layihənin icrası tamamlanmaq üzrədir. Bu proqramda Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, o cümlədən elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin, eləcə də sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, əhalinin sosial müdafiəsi və s.) inşası, beynəlxalq standartlara uyğun yenidən qurulması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur.
Ümumilikdə, dövlət proqramında reallaşdırılması qarşıya qoyulan 17 müxtəlif sahəni əhatə edən 445 tədbirdən 28-i ümumərazi inkişafına, 417-si isə Bakı şəhərinin rayonlarına aiddir.
Paytaxt və qəsəbələrin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı 2014-cü il ərzində Ziya Bünyadov prospekti, Biləcəri-Xocasən avtomobil yolu, Qala-Pirallahı avtomobil yolunun birinci hissəsi yenidən qurularaq istifadəyə verilmiş, Bilgəh-Novxanı-Sumqayıt, yeni dənizkənarı bulvar yolunun, Həsən Əliyev küçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq Koroğlu metrostansiyasına qədər yeni yolun tikintisi, Xocasən-Lökbatan avtomobil yolunun, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometr hissəsinin, Xaqani Rüstəmov küçəsinin (Ağ şəhər), Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun yenidənqurulması işləri davam etdirilmiş, 29 kilometr uzunluğunda qəsəbələrarası yollar tikilmiş və ya təmir olunmuş, 26 körpü, tunel və piyada keçidi tikilmiş, rayon və qəsəbədaxili yollara 1525739 kvadratmetr asfalt örtüyü salınmış, 1886 ədəd işıq dirəkləri quraşdırılmışdır.
Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi, yüksək keyfiyyətli, idxalı əvəz edən, rəqabətə davamlı ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması və biznes sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmiş, 2014-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakı qəsəbələri üzrə 278 sahibkara 65,7 milyon manat güzəştli kreditlər verilmişdir.
Təhsil sisteminin inkişafı, müasir tələblərə uyğun şəkildə infrastrukturun təkmilləşdirilməsi məqsədilə Bakı və onun ətraf qəsəbələrində təhsil müəssisələrinin inşası, təmir-bərpası və yenidən qurulması ilə bağlı tədbirlər davam etdirilmişdir. 2014-cü il ərzində 42 məktəbdə, 18 uşaq bağçasında, 3 peşə, 1 yaradıcılıq məktəbində təmir-tikinti işləri yekunlaşmış, 32 təhsil obyekti üzrə işlər davam etdirilmişdir.
Dövlətin sosial siyasətində mühüm yer tutan səhiyyənin müasirləşdirilməsi, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi üçün yeni, müasir səhiyyə müəssisələrinin tikintisi, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bir sıra mühüm işlər görülmüş, 2014-2015-ci illərdə Bakı şəhərində Milli Sağlamlıq Mərkəzinin, Badamdar qəsəbəsində yeni xəstəxananın, Qobustan qəsəbəsində 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının tikintisi, 11 saylı Birləşmiş Şəhər Xəstəxanasının sökülərək yenidən qurulması və onun ərazisində Təcili Tibbi Yardım Stansiyasının tikinti işləri davam etdirilmişdir.
Paytaxtın bütün qəsəbələrində mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni və ədəbi-bədii irsin qorunub saxlanması istiqamətində işlər görülmüşdür. Sonrakı illərdə də proqramda nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində intensiv işlər aparılmışdır. Bakı şəhəri və onun qəsəbələrində yaşayan əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması və iqtisadiyyatın davamlı enerji təchizatı ilə təmin olunması istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildə 5 yarımstansiya, 17 transformator məntəqəsi tikilmiş, 1 yarımstansiya yenidən qurulub, 5 transformator məntəqəsi təmir olunmuş, 112 kompleks transformator məntəqəsi quraşdırılmışdur.
Dövlət proqramına uyğun olaraq alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi istiqamətində Qaradağ rayonunun Sahil və Səngəçal qəsəbələrində Günəş elektrik stansiyalarının tikinti işləri, Suraxanı və Pirallahı Günəş elektrik stansiyalarının layihə güclərinin 2,8 MVt-a çatdırılması istiqamətində quraşdırma işləri davam etdirilmişdir. Eyni zamanda, Bakı şəhəri və onun qəsəbələrinin etibarlı və dayanıqlı su təchizatının yaxşılaşdırılması məqsədilə yeni sutəmizləyici qurğuların inşası, paylayıcı magistral kəmərlərin, su və kanalizasiya xətlərinin tikintisi və digər tədbirlərin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Rabitə və informasiya texnologiyalarının inkişaf etdirilməsinə, internet və digər informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilmiş, 2015-ci il ərzində Bakı və ətraf qəsəbələrdə 1 ATS tikilmiş, 8 poçt şöbəsi əsaslı təmir olunmuş, ADSL portları 6528 ədəd artırılmış, 249,35 kilometr fiber optik kabel çəkilmiş, 6560 nömrə istismara verilmişdir.
Proqrama müvafiq olaraq, 2015-ci ildə paytaxt və qəsəbələrin yaşıllaşdırılması, ətraf mühitin yaxşılaşdırılması və ekoloji tarazlığın qorunub saxlanması üzrə həlli vacib işlər davam etdirilmiş, 381 min ədəd ağac və kol bitkiləri əkilmişdir. Rayon və qəsəbələrdə abadlıq-quruculuq işləri aparılmışdır: Zirə qəsəbəsində, Xətai rayonu Y.Səfərov, Senyuşkin, S.Orucov, F.Bayramov küçələrinin kəşisməsində, Yusif Səfərov küçəsində, İ.İsmayıl küçəsi 3 və 5 saylı binaların qarşısında, Suraxanı rayonunun Bülbülə qəsəbəsində yeni parklar, Nobel prospektində Bakı-Ağ şəhər Bulvarı salınmış, Əhmədli yaşayış sahəsi, Ukrayna dairəsində “Yapon parkı” istifadəyə verilmişdir.
2015-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakı qəsəbələri üzrə 228 sahibkara 89,9 milyon manat güzəştli kreditlər verilmişdir.
Bakı və ətraf qəsəbələrdə təhsil müəssisələrinin inşası, təmir-bərpası və yenidən qurulması ilə bağlı tədbirlər 2015-ci il ərzində də davam etdirilmişdir. 14 məktəbdə, 9 uşaq bağçasında, 1 peşə məktəbində təmir-tikinti işləri yekunlaşmış, 21 təhsil obyekti üzrə işlər aparılmışdır.
İqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə, xüsusilə də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına daha əlverişli şərait yaratmışdır. Bu qəbildən olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər məqsədyönlü şəkildə həyata keçirilmişdir. Respublika Əlillərin Bərpa Mərkəzi əsaslı təmir olunmuş, əlillər üçün Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilmiş, Bilgəh müharibə və əmək əlilləri üçün pansionatın (Qocalar evi) köhnə binasının əsaslı təmiri, gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və sosial sığınacağın tikintisi, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin, Mərdəkan qəsəbəsində əlillər üçün müalicə pansionatının yenidən qurulması, Bakı şəhər Uşaq Bərpa Mərkəzinin, Şağan qəsəbəsində müharibə əlilləri üçün müalicə pansionatının əsaslı təmiri, əlillər üçün Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binasının tikinti işləri davam etdirilmişdir.
“2014-2016-cı illərdə Bakı səhəri və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı”nın icrası 2016-cı ildə də sürətlə davam etməkdədir. Prezident İlham Əliyev bu il də tez-tez Bakı şəhər qəsəbələrində olmuş, burada yeni obyektlərin açılışında iştirak etmiş, qəsəbələrin sakinləri ilə görüşmüş, onların problemləri ilə tanış olmuşdur. Bu yaxınlarda isə cənab Prezident Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib. Məlumat üçün bildirək ki, Prezidentin 2016-cı il 7 mart tarixli sərəncamı ilə əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 qəsəbəni birləşdirir. Uzunluğu 9 kilometr olan bu yolun hərəkət hissəsinin eni əvvəllər 7 metr idi. Yolun asfalt-beton örtüyünün yararsız vəziyyətə düşməsi, səkilərin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişində problemlər yaradırdı. Tikinti işləri zamanı yolun eni 9,5 metrə qədər genişləndirilib.
Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması layihəsi də hazırlanmışdır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə ayrılan vəsait hesabına bu küçələrdə tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, yolların genişləndirilərək yenidən qurulması, su, kanalizasiya və rabitə xətlərinin yenilənməsi işləri aparılıb. 2016-cı ilin martında imzalanan sərəncamla işlərin davam etdirilməsi üçün “Azəravtoyol” ASC-yə əlavə vəsait ayrılıb və küçələrin yenidən qurulması işləri bu qurum tərəfindən yekunlaşdırılıb. Dövlət başçısının bu ilin martında imzaladığı sərəncama əsasən, tikintisi “Azəravtoyol” ASC tərəfindən davam etdirilən Ramana-Maştağa yolunun uzunluğu 11 min 500 metrdir. Yolun hazırda eni 6-7 metrdir. Genişləndirildikdən sonra yolun eni 8-9 metrə çatdırılacaq, hərəkət zolaqlarının sayı isə iki olacaq. Təmir işləri zamanı su, qaz, elektrik və rabitə xətləri köçürülüb.
Əlbəttə, bunlar dövlət proqramı çərçivəsində görülmüş işlərin tam siyahısı deyil. Bakı şəhəri və onun ətraf qəsəbələrinin siması, doğrudan da, son illər əsaslı şəkildə yenilənmişdir. Bu yenilənmə, bu sürətli quruculuq işləri Prezident İlham Əliyevin qayğı və diqqətinin nəticəsidir.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.