Azərbaycan bu gün ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Son illərdə bu sahədə müsbət nəticələr əldə edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı görüşləri bu işə güclü təkan verib.
Diqqətəlayiq haldır ki, respublikamızın beynəlxalq əlaqələrinin coğrafiyası da ildən-ilə genişlənir. Ölkəmiz təkcə Avropa və Asiya ölkələri ilə deyil, həm də Latın Amerikası, Mərkəzi Amerika və Afrika dövlətləri ilə ikitərəfli əməkdaşlığa xüsusi diqqət yetirir.
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən rəsmi Bakı ikitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələrin inkişafına xüsusi diqqət yetirib, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə səyini əsirgəməyib. Bu fikri Türkiyənin timsalında nəzərdən keçirək. Qardaş və dost Türkiyə ilə əlaqələr daim yüksələn xətlə inkişaf edir. Həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən Cənubi Qafqaz enerji dəhlizi, ilk növbədə, Azərbaycan və Türkiyənin siyasi iradəsi ilə gerçəkləşib. Hazırda bu dəhlizi daha da gücləndirmək üçün yeni bir layihəyə başlanılıb. Başqa sözlə, Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədi ilə boru xəttinin inşasını nəzərdə tutan TANAP layihəsinə start verilib. Həmçinin bu gün Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması da uğurla davam edir. Heç bir xarici şirkətin və beynəlxalq maliyyə təşkilatının iştirakı olmadan məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə Şərq-Qərb nəqliyyat dəhlizinin fəallaşmasına, yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına və nəticə etibarilə regonal inkişafın sürətlənməsinə gətirib çıxaracaq. Eləcə də bununla Azərbaycan qardaş Türkiyənin iqtisadiyyatına böyük həcmdə investisiya qoyur. Başqa sözlə, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu ildən-ilə möhkəmlənir, bu tendensiya dönməz xarakter alır.
Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülən strategiyaya əsaslanır, ölkəmizin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Respublikamızda mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılan münbit şərait, ən başlıcası isə Azərbaycanın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.
Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildiririk ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artıb. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə güclənir. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev deyib: “Bir neçə il bundan qabaq mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülüb. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır-həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.
Artıq rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş verib. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarıb, hətta bəzi hallarda ixraca da yönəldilib. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır.
Azərbaycan hökuməti yerli sahibkarları kreditlə təmin etməklə bərabər, xarici sahibkarları da Azərbaycan iqtisadiyyatına kapital qoyuluşuna maraqlandırır. Bu məqsədlə artıq ölkəmizdə qanunvericilik bazası dünya standartlarına uyğunlaşdırılıb. Nəticədə xarici şirkətlərdə Azərbaycana inam güclənib. Məhz elə buna görə də hazırda Azərbaycan MDB məkanında ən çox xarici kapital qoyulan ölkəyə çevrilib. Bu, beynəlxalq təşkilatların Azərbaycana dair hesabatlarında da öz təsdiqini tapıb. Başqa sözlə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycandakı əlverişli investisiya mühitinin təsdiqi ölkəmizə daha çox xarici kapitalın axmasına imkan yaradır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 5 milyard 44 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 2 milyard 449 milyon dollarını (48,6 faizi) ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 594 milyon dollarını (51,4 faiz) isə idxal məhsullarının dəyəri təşkil edib. Ticarət dövriyyəsinin 40,9 faizi Avropa İttifaqı ölkələrinin, 13,6 faizi MDB üzvü ölkələrinin, 45,5 faizi isə digər ölkələrin payına düşüb.
İdxal olunmuş məhsulların 28 faizi Avropa İttifaqı ölkələrinin, 20,2 faizi MDB üzvü ölkələrinin, 51,8 faizi isə digər ölkələrin payına düşüb. İxrac edilən məhsulların isə 54,6 faizi Avropa İttifaqı ölkələrinə, 6,7 faizi MDB üzvü ölkələrinə, 38,7 faizi isə digər ölkələrə göndərilib. Cari ilin yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 39,5 faiz azalaraq 334,7 milyon dollar təşkil edib. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı 74,9 faiz artıb.
Son vaxtlar Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədilə mühüm işlər görülüb. Belə ki, qanunvericilik bazası təkmilləşdirilib, ixrac mallarının istehsalı stimullaşdırılıb, ixracın infrastruktur təminatı yaxşılaşdırılıb. Sənaye şəhərciklərinin, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması sözügedən istiqamətdə görülən mühüm işlər sırasındadır.
Azərbaycan məhsulları xarici ölkələrdə təşkil olunan sərgilərdə də uğurla nümayiş etdirilir və böyük maraqla qarşılanır. Son vaxtlar Almaniyanın Berlin, Fransanın Leql, Belçikanın Brüssel, Rusiyanın Moskva və Həştərxan şəhərlərində keçirilən sərgilərdə ölkəmiz geniş çeşidli məhsullarla təmsil olunub.
Azərbaycanın xarici siyasətdə çevik fəaliyyət göstərməklə digər dövlətlərlə ikitərəfli münasibətlərin formatına yeni çalarlar verməsinin nəticəsidir ki, son 13 ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı hazırda 7 mini ötüb. Həmin şirkətlərin təqribən 30 faizi Türkiyəyə məxsusdur.
Azərbaycanda Rusiya, Böyük Britaniya, ABŞ və Fransaya məxsus investisiyalı müəssisələrin sayı da kifayət qədərdir. Koreya Respublikası, Yaponiya, İran, Belarus, Litva, Latviya, İtaliya və digər ölkələrin şirkətlərinin sayında artım qeydə alınıb. Azərbaycanda xarici şirkətlərin daha çox maraq göstərdikləri sahələr qeyri-neft - sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sektorlarıdır.
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı ilə davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Bu münasibətlərin əsası 1996-cı ildə imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. 2009-cu ildə Azərbaycanın qoşulduğu Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlərin imzalanması, həmçinin enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə əlaqələrin daha da genişlənməsinə zəmin yaradıb.
İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bildirilir ki, hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 47 faiz, 2016-cı ilin I rübündə isə 43 faiz olub. Son 10 ildə isə Avropa İttifaqı ölkələrinin Azərbaycanda əsas kapitala yönələn və qeyri-neft sektoruna qoyulan birbaşa investisiyalarının ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 45,6 faiz və 35 faiz təşkil edib.
Avropa İttifaqının 23 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya, 2 ölkə ilə İşçi Qrupu yaradılıb. 2012-ci ildən indiyədək Avropa İttifaqı ölkələri ilə 100-ə yaxın biznes forum və müxtəlif tədbirlər təşkil edilib. Bir müddət bundan əvvəl isə Niderlandla keçirilən biznes forumda sənaye parkları, elmi araşdırma, İKT startap, aqrobiznes xidmətləri, təşviqat sahələrində 5 memorandum imzalanıb.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır və bu sahədə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı strateji əhəmiyyət daşıyır. “Cənub” Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir və bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilib.
Azərbaycan ilə Avropa İttifaqı ölkələri investisiya, tranzit, turizm, İKT, maliyyə, əczaçılıq və tibbi avadanlıqların istehsalı, ətraf mühitin mühafizəsi, qeyri-neft məhsullarının istehsalı, qablaşdırılması və ixracı və s. sahələrdə əməkdaşlıq edə bilərlər.
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrinin güclənməsinə son zamanlar iqtisadiyyatda aparılan islahatlar çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması, gömrük prosedurlarının sadələşdirilməsi, Apelyasiya Şuralarının yaradılması, maliyyə bazarlarına nəzarətin gücləndirilməsi, tranzit daşımaları üzrə Koordinasiya Şurasının yaradılması və “ASAN xidmət”in Azərbaycan brendinə çevrilməsidir.
Aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlıdır. İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilirlər. Ölkə ərazisində sənaye parkları və məhəlləri, aqroparklar yaradılır ki, burada dövlət tərəfindən sahibkarlar üçün hər cür şərait yaradılır. Ələtdə yaradılan azad ticarət zonası da Avropalı iş adamlarına əməkdaşlıq üçü yeni imkanlar açacaqdır. Bütün bunlar isə ölkə iqtisadiyyatına investisiya qoyuluşunu və iş adamları arasında əlaqələrin genişləndirilməsini stimullaşdırır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.