Azərbaycanda aparılan sosial - iqtisadi islahatlar davamlı xarakter daşıyır

Ölkəmizdə son illər həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafında müsbət nəticələr əldə edilir. Bu, yoxsulluğun azaldılmasında, əhalinin etibarlı sosial müdafiəsinin təmin olunmasında özünü daha çox büruzə verir.   

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyətini qəbul edərkən bu barədə deyib: “Biz Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafına yönələn iqtisadi islahatları həyata keçiririk. Son illər ərzində, fikrimcə, iqtisadi nailiyyətlər böyük təəssürat bağışlayır. Biz bir çox sosial məsələlərin həllinə nail olduq. Yoxsulluğu 5 faizə qədər azaltdıq, işsizlik demək olar ki, eyni səviyyədədir və ölkəmizdə münbit sərmayə şəraiti mövcuddur. Son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb. Həmin investisiyaların yarısı xarici sərmayələrdir. Düzdür, xarici sərmayələrin əksər hissəsi neft və qaz sektoruna yatırılmışdır. Hazırda isə iqtisadiyyatın digər sahələrinə daha çox diqqət yetirilməlidir. Birmənalı olaraq, neft qiymətləri ilə bağlı vəziyyət iqtisadiyyatımıza mənfi təsir göstərmişdir. Bu, əsasən əvvəllər əldə etdiyimiz gəlirlərlə bağlıdır. İndi isə qiymətlərin üç-dörd dəfə aşağı düşdüyü dövrdə gəlirlərimiz də müvafiq olaraq üç-dörd dəfə azalmışdır. Biz bunu islahatların daha fəal qaydada həyata keçirilməsi ilə əvəzləmək və qeyri-neft sektoruna daha çox diqqət yönəltmək istəyirik. Bu sektor hazırda ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir və hesab edirəm ki, bu, şaxələndirmənin yaxşı göstəricisidir... Hazırda maliyyə vəziyyəti sabitdir. Eyni zamanda, büdcə gəlirləri yaxşı səviyyədədir. 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq...”.

Dövlətimizin başçısı daha sonra bildirib ki, qeyri-neft sektorunun sürətli inkişafına yönələn tədbirlər sırasında özəl bölmənin tərəqqisinə xüsusi önəm verilir. Məsələn, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamalar məhdudlaşdırılıb. Belə ki, əgər  ötən ilin birinci rübündə 20 min yoxlama aparılmışdısa, 2016-cı ilin müvafiq dövründə həmin rəqəm cəmi 30-dan artıq olub.

Bu gün gerçəkləşdirilən sosial-iqtisadi islahatların əsasını əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması təşkil edir. Bununla bağlı yoxsulluğun azaldılması sahəsində dövlət siyasəti uğurla icra olunur. Görülən işlərin nəticəsi olaraq, hazırda respublikamızda yoxsulluğun səviyyəsi 4,9 faiz, işsizliyin səviyyəsi 5 faiz təşkil edir.

Azərbaycanda 2004-cü ildən indiyədək 73 mindən çox yeni müəssisə fəaliyyətə başlayıb, 1,5 milyondan çox yeni iş yeri açılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əhalinin həssas qruplarına, xüsusilə qaçqın və məcburi köçkün sahibkarlara güzəştli kreditlər verilib, bu layihələr hesabına yeni iş yerləri yaradılıb, ölkənin regionlarında biznes inkubatorlar təşkil olunaraq yeni biznesə başlayanlara zəruri bilik və bacarıqlar öyrədilib.

Azərbaycanın əldə etdiyi digər iqtisadi uğurlar da ürəkaçandır. Belə ki, son 10 ildə ÜDM istehsalı 2,3 dəfə, dövlət büdcəsinin gəlirləri 8,3 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, strateji valyuta ehtiyatları 16,3 dəfə artıb, qeyri-neft sektorunun ÜDM-də payı 69,3 faizə çatıb.

Azərbaycanda əlverişli biznes və investisiya mühiti mövcuddur. Bu isə xarici investisiyaların və investorların mənafelərinin qorunmasını şərtləndirən ən mühüm amildir. Məhz elə bunun nəticəsidir ki, təkcə 2015-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar, son 10 ildə  isə 220 milyard dollardan çox investisiya qoyulub.

Ölkəmizin iqtisadi inkişafına müsbət təsir göstərən  investisiya  qoyuluşlarına mühüm önəm verilməsi təsadüfi deyil. Çünki əvvəla Azərbaycanda makroiqtisadi sabitlik bu amillə daha çox bağlıdır, ikincisi, respublikamız əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və belə bir şəraitdə investisiya layihələri nəzərdə tutulan vaxtda reallaşdırılır.

Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə çevrilib. Son illərdə ölkəmiz öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanıb və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Bu il də uğurlarımız daha böyük olacaqdır. Azərbaycan

Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, respublikamız  özünü yenə də dünyaya müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir.

Xatırladaq ki, bu gün bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə respublikamızda investisiya  qoyuluşlarına mühüm önəm verilməsi müsbət bir haldır. Etiraf edək ki, ölkə regionlarında əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli istifadəsi daxili istehsalın təşviq edilməsi ilə şərtlənir.

Azərbaycanda hazırda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində   sistemli tədbirlər həyata keçirilir. Ölkə başçısının müvafiq fərmanları ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir və bu parklarda rezidentlərin səmərəli fəaliyyəti üçün güzəştli rejim yaradılır.

Sumqayıt Kimya Sənaye Parkının artıq 8 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 1,1 milyard  dollardan çox investisiyanın yatırılması və 2200 iş yerinin yaradılması gözlənilir. Sumqayıt Kimya Sənaye Parkının növbəti - 9-cu rezidentinin qeydiyyata alınması üçün işlər görülür. Neftçala Sənaye Məhəlləsində son tamamlama işləri aparılır və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək.

Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilib. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaq.

Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir və ilkin hesabalamalara əsasən bura 100 milyon   dollardan çox investisiyanın yatırılması və 2 min iş yerinin açılması nəzərdə tutulur. Gəncədə də sənaye parkının yaradılması istiqamətində  işlər aparılır.

Azərbaycan Prezidenti tərəfindən kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, məhsuldarlığın artırılması, istifadəsiz torpaq sahələri ilə bağlı tədbirlərin görülməsi, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün və çayçılığın inkişafı istiqamətində bir sıra tapşırıqlar verilib. Hazırda həmin tapşırıqların icrasına mühüm önəm verilir. Belə ki, ənənəvi sahələrdən olan pambıqçılığın və tütünçülüyün inkişaf etdirilməsi məqsədilə stimulaşdırma tədbirləri həyata keçirilir, bu sahədə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, fermerlərdən pambıq və tütünün alış qiymətləri artırılır. Bundan başqa, pambıq və tütün, eləcə də digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların problemləri, təklifləri öyrənilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 13 ilə yaxın bir müddətdə  iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri olan sahibkarlığın inkişafına daim önəm verib. Məhz elə buna görə də biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşıb, müvafiq qanunvericilik bazası təkmilləşdirilib, inzibati prosedurlar sadələşdirilib. Vergi güzəştlərinin tətbiqi, iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin daha da gücləndirilməsi nəticəsində ölkəmizdə güclü sahibkarlar ordusu formalaşıb, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib. Sahibkarlara güzəştli kreditlər verilməsi diqqət mərkəzində saxlanılıb. Məsələn, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən cari ilin ötən dövründə 1209 sahibkara 66 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlərdən istifadə etməklə 2800-dən çox yeni iş yerinin yaradılması  nəzərdə tutulub.

Yeri gəlmişkən, xatırladaq ki, güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin qurulması sahibkarlığın inkişafında mühüm rol oynamaqla yanaşı, ərzaq və sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsində, ölkənin ixrac potensialının artırılmasında böyük əhəmiyyətə malikdir.

Azərbaycan Prezidentinin iqtisadi islahatlar paketinin əsas istiqamətlərindən olan ölkədə investisiya fəaliyyətinin genişləndirilməsində “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının mühüm əhəmiyyəti də xüsusi qeyd edilməlidir.  Xatırladaq ki,  investisiya təşviqi sənədinin verilməsi qaydalarının layihəsi artıq hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. Bu tədbirlər sahibkarlar tərəfindən ölkə iqtisadiyyatına, o cümlədən regionlara yeni investisiyaların cəlb olunmasını daha da stimullaşdıracaq.

Bu gün ölkə rəhbərinin investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə mexanizminə, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsinə və s. qaydaların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Hazırda logistik imkanların genişləndirilməsi məqsədi ilə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində Azərbaycanın növbəti Logistik Mərkəzinin yaradılmasına dair işlər aparılır.

Sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır.    Lisenziyalaşdırma sisteminin tətbiqindən sonra 946-sı 2016-cı ilin I rübündə olmaqla, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 1344 lisenziya verilməsi məhz bunun əyani təzahürüdür.  

Bu gün elektron lisenziya portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir. Xatırladaq ki, bu portalın istifadəyə verilməsi ilə lisenziyaların və icazələrin alınması prosesi tamamilə elektronlaşdırılacaq, vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsinin təmin edilməsi mümkün olacaq.  Prezident İlham Əliyevin sosial-iqtisadi  islahatlar paketi çərçivəsində ötən ilin sonlarından başlanan tədbirlər hazırda uğurla davam etdirilir. Bu, bir sıra sahələrlə yanaşı, dövlət orqanlarının fəaliyyətində, şəffaflığın artırılmasında  özünü qabarıq büruzə verir.  Yeri gəlmişkən, bu məsələ “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nında qarşıya mühüm vəzifə kimi qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev 27 aprel 2016-cı il tarixli sərəncamı ilə açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib. Adı çəkilən milli fəaliyyət planında Azərbaycanda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi mühüm vəzifələr kimi qarşıya qoyulub. Bütün bunlar isə təsadüfi deyil. Belə ki, son illər ərzində Azərbaycan Respublikası düzgün idarəçiliyin təşviqi üzrə bir sıra beynəlxalq təşəbbüslərə, eləcə də şəffaflığın artırılması, habelə açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübə mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini vermək üçün 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Bundan əvvəl isə açıq hökumətin təşviqi prinsipinə uyğun olaraq, 2007-2011-ci illər ərzində dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanı reallaşdırıb. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında