Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş “Şahdəniz” yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair sazişin imzalanmasının 20-ci ili tamam olur. Xatırladaq ki, “Şahdəniz” yatağı ilə bağlı saziş 1996-cı il iyun ayının 4-də Bakıda keçirilən 3-cü beynəlxalq “Xəzər neft-qaz” sərgi-konfransının gedişi zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Böyük Britaniyanın “Britiş Petroleum”, Norveçin “Statoyl”, Türkiyənin TPAO, Rusiyanın “LUKoyl” Fransanın “Elf Akiten”, İranın NİKO şirkətləri arasında imzalanmışdır.
Bakıdakı “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində çıxış edən ulu öndər Heydər Əliyev demişdir: “Şahdəniz” yatağı Azərbaycanın geoloqları, alimləri, neftçiləri tərəfindən açılmış, kəşf edilmiş çox zəngin yataqlardan biridir. Bu yataq geoloqlarımıza, alimlərimizə hələ on illər bundan əvvəl məlum olmuş, 80-ci illərdə açılmışdır. Nəhayət, biz bu yataqdan əməli surətdə istifadə edilməsi üçün böyük bir adım atırıq".
Müqavilə qanun statusu aldıqdan sonra üç il ərzində “Şahdəniz”də qiymətləndirmə quyuları qazılmış və nəhayət, 1999-cu ilin yayında yatağın karbohidrogen ehtiyatları ilə zənginliyi tam sübuta yetirlmişdir. Belə ki, 1 trilyon kubmetr qaz ehtiyatı ilə “Şahdəniz” in dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olması təsdiqlənmişdir. Yeri gəlmişkən, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişən ərazidə yerləşən “Şahdəniz” yatağında kəşfiyyat işlərinin aparılması üçün 7300 metrdən çox dərinliyə quyu qazılmışdır ki, bu da Xəzər dənizi üçün rekord sayılır.
Bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan “Şahdəniz” qaz hasilatı və ixracı layihəsinin hazırkı iştirakçıları isə bp (operator - 28,8 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), Petronas (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz) və TPAO (19 faiz) şirkətləridir. “Şahdəniz” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin fevral ayında start verilmişdir. Məlumat üçün bildiririk ki, birinci mərhələdə “Şahdəniz” yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir.
“Şahdəniz” yatağının birinci işlənmə mərhələsi üzrə əməliyyatlara isə 2006-cı ildə başlanmışdır. bp şirkəti və tərəfdaşları tərəfindən “Şahdəniz-1" layihəsinə indiyədək 10 milyard ABŞ dollarından artıq məbləğdə investisiya yönəldilmişdir. bp-nin 2016-ci ilin birinci rübünün yekunlarına dair yaydığı hesabata əsasən isə, ilin ilk üç ayında ”Şahdəniz" layihəsi üzrə fəaliyyətlərə təqribən 116 milyon dollar əməliyyat və təqribən 928 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2" layihəsinə aid olmuşdur. Bu İlin yanvar-mart aylarında ”Şahdəniz" yatağından Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatı davam etdirilmişdir. Xatırladaq ki, “Şahdəniz” yatağının ilk işlənmə mərhələsi çərçivəsində çıxarılan qaz Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılır. Hesabat dövründə yataqdan 2,7 milyard kubmetr qaz və 0,6 milyon ton kondensat hasil edilmişdir. 2006-cı ilin dekabr ayında “Şahdəniz”də hasilata başlandığı vaxtdan cari ilin birinci rübünün sonunadək isə yataqdan 70 milyard kubmetr qaz və 18 milyon ton kondensat çıxarılmışdır. Həmin qazın təqribən 5 milyard kubmetrdi Gürcüstana, 39 milyard kubmetrdən çoxu isə Türkiyəyə ixrac olunmuşdur. Hazırda “Şahdəniz” layihəsi çərçivəsində istismar olunan qurğuların maksimum hasilat gücü gündə 29,5 milyon kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir.
2016-cı ilin ötən dövründə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qazma əməliyyatları uğurla davam etdirilmiş, müqavilə sahəsində iki hasilat quyusunun (SDA-09 və SDA-10) üst seksiyaları qazılmışdır. Yataqda qazma işlərini həyata keçirən “İstiqlal” qurğusu hazırda sertifikatlaşdırma və irihəcmli yenidənqurma işləri üçün tərsanədədir. Sözügedən işlərin ilin ikinci rübündə başa çatdırılaçağı gözlənilir. “Heydər Əliyev” qazma qurğusu isə birinci rüb ərzində SDG-02 quyusunun 10 düymlük kəmər quyruğunadək olan seksiyasını qazmış, sonra isə SDG-04 quyusunda həmin seksiyanı qazmağa keçmişdir. Bu iki qazma qurğusu vasitəsilə ötən müddətdə ilk qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində doqquz hasilat quyusu qazılmışdır. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
Bu ilin ilk rübündə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində çıxarılan qazı xarici bazarlara ixrac edən Cənubi Qafqaz boru kəmərinin fəaliyyəti də uğurlu olmuşdur. Azərbaycan qazının ixracını həyata keçirən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilmişdir. Kəmər Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz-1" qazını çatdırır. 2016-cı ilin yanvar-mart aylarında kəmərin gündəlik orta ötürücülüyü 21,6 milyon kubmetr təşkil etmişdir. İlin ilk üç ayında Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 6 milyon dollar əməliyyat və 236 milyon dollar əsaslı xərclər sərf edilmişdir. Cənubi Qafqaz boru kəmərinin obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru bp şirkəti, biznes icrası üzrə məsul kommersiya operatoru isə Azərbaycan Dövlət Neft Şirkətidir.
Məlum olduğu kimi, “Şahdəniz” layihəsinin ikinci işlənmə layihəsi çərçivəsində hasil ediləcək qazın Avropa bazarlarına ixracı üçün hazırda mövcud Cənubi Qafqaz boru kəməri genişləndirilir. 2013-cü il dekabrın 17-də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı qəbul edildikdən bəri layihə üzrə mühüm müqavilələr imzalanmişdır. Həmin müqavilələrə Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisi, kəmərin üzlənməsi, sözügedən layihə çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsi, layihənin Gürcüstandakı hissəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri, Azərbaycandakı hissəsi üçün beş çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması, iki çay keçidi üçün şaxta və tunelin tikintisi və boru kəmərinin quraşdırılması işləri daxildir.
2016-cı ilin ötən dövründə Azərbaycan və Gürcüstanda Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə mühüm işlər həyata keçirilmişdir. Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri çərçivəsində təqribən 83 kilometr uzunluğunda borular qaynaq edilmiş, 57 kilometr boru örtüklənmiş və 36 kilometr boru xəndəyə endirilmişdir. Hazırda xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri davam edir. Ağsu kanalının altından ilk üfüqi istiqamətdə qazma işləri tamamlanmış və Göyçayda ikinci qazma əməliyyatı üçün hazırlıq işləri gedir. Bundan əlavə, kəmərin Azərbaycan hissəsi üçün lazım olan boruların 80 faizindən çoxu artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrinə gətirilmişdir.
Birinci rübdə Gürcüstanda xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri başlanmışdır. Kəmər xəttinin inşası üzrə tikinti işləri də sürətlənmiş, 34 kilometrə yaxın boru qaynaq edilmiş, 10 kilometrdən çox boru isə örtüklənmişdir. Bununla yanaşı, kompressor stansiyalarında tikinti-quraşdırma işləri davam etdirilmiş, birinci və ikinci kompressor stansiyalarında işlər müvafiq olaraq 42 faiz və 12 faiz tamamlanmışdır. Ölçmə stansiyasının tikintisi ilə bağlı işlərin 26 faizi yekunlaşmışdır. Bütövlükdə isə stansiyanın tikintisinin 2018-ci ildədək yekunlaşdırılması nəzərdə tutulur.
2016-cı ilin birinci rübündə “Şahdəniz-2” layihəsi üzrə işlər də uğurla davam etdirilmişdir. Bütövlükdə isə layihə üzrə təchizat və tikinti tədbirləri də daxil olmaqla mühəndis işlərinin 70 faizindən çox tamamlanmışdır. Bu da sözügedən layihə çərçivəsində ilk qazın 2018-ci ildə əldə edilməsi planına tam uyğundur. Hazırda ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində – həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK-Tekfen-Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər həyata keçirilir. Artıq “İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə 32 düyümlük sualtı nəql kəmərinin 40 kilometrə yaxın hissəsi quraşdırılmışdır. 2016-cı ilin birinci rübündə ATA sahəsində “Şahdəniz-2” platformasının üst modullarının istismara verilməsinə başlanılmış, 50 yaşayış modulunun hamısı yaşayış və texniki emal platformasında quraşdırılmışdır. “Xankəndi” sualtı tikinti gəmisinin gövdə seksiyaları ilə burun hissəsinin birləşdirilməsi işləri də tamamlanmış və bu yaxınlarda sözügedən gəmi Bakı Gəmiqayırma Zavodunda yenidən suya endirilmişdir. Ümumi inşası bitdikdən sonra gəmi “Şahdəniz-2” sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək. “Şahdəniz-2” layihəsi çərçivəsində nəzərdə tutulan tikinti-quraşdırma işlərinin həyata keçirilməsində yerli işçi qüvvəsinin gücündən geniş istifadə olunur. 2016-cı ilin birinci rübündə Azərbaycanda bütün əsas müqavilələr üzrə tikinti işlərinə 22 min nəfərdən artıq insan cəlb olunmuşdu ki, onların da 80 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır.
Sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyümlük yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.
Yeri gəlmişkən, müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan Respublikası artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır. Artıq “Şahdəniz” qazının uzun məsafə qət edərək gələcəkdə Balkanlara, hətta Rumıniya, Macarıstan və Avstriyaya qədər gedib çıxması də gündəmdə olan məsələlərdəndir. Buna isə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində nail olunacaq. Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 28 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir. İkinci mərhələ çərçivəsində hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qazın Gürcüstan və Türkiyəyə nəqli 2018-ci ilin sonlarına nəzərdə tutulur. Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
Göründüyü kimi, Azərbaycanın zəngin qaz ölkəsi olduğunu sübut edən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində işlər sürətlə davam etdirilir. Qeyd etdiyimiz kimi, 2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumu tərəfindən ikinci işlənmə mərhələsi üçün yekun investisiya qərarı təsdiq olunduqdan sonra “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi həlledici mərhələyə qədəm qoymuşdur. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə), Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir “Cənub” qaz dəhlizi açacaq. Xatırladaq ki, qazın satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.
“Cənub” qaz dəhlizinin əsas seqmentlərindən sayılan Trans-Anadolu boru kəmərinin (TANAP) inşası hazırda uğurla davam etdirilir. Xatırladaq ki, “Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qazı Türkiyə bazarına çatdıracaq TANAP-ın uzunluğu 1848 kilometr təşkil edir. Bu ilin birinci rübünün sonunadək boruların 938 kilometri istehsal olunmuş, 720 kilometri tikinti sahəsinə gətirilmiş, 281 kilometri isə qaynaq edilmişdir.
Avropanın təbii qaza olan tələbatının ödənilməsində mühüm rol oynayacaq “Cənub” qaz dəhlizinin sonuncu hissəsi sayılan Trans-Adriatik (TAP) bori kəməri layihəsi də artıq tikinti mərhələsinə qədəm qoymuşdur. May ayının 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilmişdir. Xatırladaq ki, TAP layihəsi Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.
Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı isə nikbin proqnozlar üçün əsas verir. Belə ki, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları təqribən 3 milyard kubmetrə yaxındır. 2025-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə Azərbaycanın regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaqdır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.