Azərbaycanın BMT-də yeni quruma üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun parlaq göstəricisidir

Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və tam müstəqil siyasəti sayəsində respublikamız son illərdə sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. Yeni neft strategiyasının nəticəsi olaraq Azərbaycan nəinki enerji müstəqilliyini təmin edib,   eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilib.

Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu daha da yüksəlib. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçilməsi də məhz bunun bariz nümunəsidir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası 2011-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə öz namizədliyini irəli sürmüşdü. ECOSOC BMT-nin əsas orqanlarından biri olaraq, BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir.

BMT-nin fəaliyyətində inkişaf məsələsinin əhəmiyyətinin getdikcə artması, o cümlədən, 2015-ci ildə qəbul edilmiş Davamlı İnkişaf Məqsədləri ECOSOC-un BMT sistemində və ümumiyyətlə, beynəlxalq münasibətlərdə rolu və nüfuzunu daha da yüksəldib.

Məlumatda daha sonra vurğulanır ki, ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. Azərbaycan Respublikası indiyədək bir dəfə - 2003-2005-ci illərdə ECOSOC-un üzvü olub.

Hazırda ECOSOC-un 54 üzvü var. Şura üzvlüyünə seçkilər BMT-nin Baş Assambleyasında regional qruplar üzrə üç il müddətinə gizli səsvermə ilə seçilir. Hər il 18 yeni üzv seçilir. Seçilmək üçün üzv dövlətlərin ən azı 2/3-nin, yəni, 129 dövlətin səsi tələb olunur.

2011-ci ildən etibarən ölkəmizin bu quruma namizədliyinə dəstəyin əldə edilməsi üçün fəal diplomatik iş aparılıb. Nəhayət, bu il iyun ayının 14-də BMT-nin Baş Assambleyasında keçirilən seçkilərdə səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-sının səsini əldə edən ölkəmiz Şuranın üzvü seçilib. Azərbaycan 2017-ci ilin yanvar ayının 1-dən 2019-cu il dekabr ayının 31-ədək ECOSOC-un üzvü olacaq.

Mətbuat xidmətinin məlumatının sonunda qeyd edilir ki, BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma Azərbaycanın belə yüksək səslə üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisidir.

Azərbaycan Respublikası Şuraya üzvlüyü zamanı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək.

Azərbaycanın BMT-də yeni quruma üzv seçilməsi heç də xatırlatdığımız kimi, təsadüfi hadisə deyil. Bu, ölkəmizin sosial-iqtisadi sahələrdə həyata keçirdiyi düzgün inkişaf strategiyasının məntiqi nəticəsidir. Hazırda beynəlxalq əmtəə və maliyyə bazarlarında qeyri-müəyyən şəraitin hökm sürməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında müsbət dinamika nəzərə çarpır. Bu, həyata keçirilən və müsbət nəticələrlə müşahidə olunan sosial-iqtisadi islahatların məntiqi nəticəsidir. Başqa sözlə, Azərbaycan hökumətinin sosial- iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla reallaşdırması qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir göstərir. Məhz elə buna görə də bu il Azərbaycan iqtisadiyyatına 19,9 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılıb. Daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 34,8 faiz, xarici investisiyaların payı isə 65,2 faiz həddində gözlənilir. Cəlb edilən investisiyaların 40,3 faizinin qeyri-neft sektoruna yönəldilməsi proqnozlaşdırılır ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edəcək. 2016-cı ildə dövlət investisiyaları 6,5 milyard manat olmaqla ümumi investisiyaların 32,7 faizini təşkil edəcək.

Dünyada hökm sürən maliyyə böhranı şəraitində Azərbaycan hökuməti neft amilini ikinci plana çıxararaq, qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun inkişafına mühüm önəm verir. Bu il may ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyətini qəbul edərkən bu barədə deyib: “Biz Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafına yönələn iqtisadi islahatları həyata keçiririk. Son illər ərzində, fikrimcə, iqtisadi nailiyyətlər böyük təəssürat bağışlayır. Biz bir çox sosial məsələlərin həllinə nail olduq. Yoxsulluğu 5 faizə qədər azaltdıq, işsizlik demək olar ki, eyni səviyyədədir və ölkəmizdə münbit sərmayə şəraiti mövcuddur. Son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb. Həmin investisiyaların yarısı xarici sərmayələrdir. Düzdür, xarici sərmayələrin əksər hissəsi neft və qaz sektoruna yatırılmışdır. Hazırda isə iqtisadiyyatın digər sahələrinə daha çox diqqət yetirilməlidir. Birmənalı olaraq, neft qiymətləri ilə bağlı vəziyyət iqtisadiyyatımıza mənfi təsir göstərmişdir. Bu, əsasən əvvəllər əldə etdiyimiz gəlirlərlə bağlıdır. İndi isə qiymətlərin üç-dörd dəfə aşağı düşdüyü dövrdə gəlirlərimiz də müvafiq olaraq üç-dörd dəfə azalmışdır. Biz bunu islahatların daha fəal qaydada həyata keçirilməsi ilə əvəzləmək və qeyri-neft sektoruna daha çox diqqət yönəltmək istəyirik. Bu sektor hazırda ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir və hesab edirəm ki, bu, şaxələndirmənin yaxşı göstəricisidir... Hazırda maliyyə vəziyyəti sabitdir. Eyni zamanda, büdcə gəlirləri yaxşı səviyyədədir. 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq...”.

Dövlətimizin başçısı daha sonra bildirib ki, qeyri-neft sektorunun sürətli inkişafına yönələn tədbirlər sırasında özəl bölmənin tərəqqisinə xüsusi önəm verilir. Məsələn, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamalar məhdudlaşdırılıb. Belə ki, əgər  ötən ilin birinci rübündə 20 min yoxlama aparılmışdısa, 2016-cı ilin müvafiq dövründə həmin rəqəm cəmi 30-dan artıq olub.

Yeri gəlmişkən, xatırladaq ki, Prezident İlham Əliyev 2016-cı ilin islahatlar ili olacağını da bəyan edib. Bu baxımdan sosial-iqtisadi sahələrdə gerçəkləşdirilən islahatlar (iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların, eləcə də ixracın təşviqi, idarəetmənin təkmilləşdirilməsi) nəticəsində cari ilin birinci rübündə qeyri-neft sənayesi, kənd təsərrüfatı və bir sıra digər sahələrdə artım davam edib, 37 min yeni iş yeri yaradılıb.

Dövlətimizin başçısı tərəfindən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ilin yekunlarına görə, iqtisadi artıma nail olmaq mühüm vəzifə kimi qarşıya qoyulub. Bununla yanaşı, ölkə rəhbəri sözügedən iclasda qeyri-neft sektorunun inkişafı və ixracın strukturunda bu sahənin xüsusi çəkisinin artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü istehsal sahələrinin təşkili, xarici sərmayələrin cəlb edilməsi, ənənəvi kənd təsərrüfatı sahələrinin tərəqqisi, regionlarda ümumi dəyəri 2 milyard manata yaxın olan layihələrin icrası, rayonlarda sənaye zonalarının yaradılması, qazlaşdırma, elektrik və su təchizatının yaxşılaşdırılması, kənd yollarının tikintisi, yeni iş yerlərinin açılması, işsizlik səviyyəsinin aşağı salınması, nəqliyyat dəhlizləri üzrə tədbirlərin reallaşdırılması, tranzit yüklərin cəlb edilməsi üçün səmərəli tarif siyasətinin aparılması və s. tapşırıqlar verib.

Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, bu ilin ötən aylarında qeyri-neft sənayesində müasir və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Hazırda Sumqayıt, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər davam etdirilir. Üçü bu ilin birinci rübündə olmaqla, 7 şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib ki, bu rezidentlərin layihələri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcək. Bu yaxınlarda daha bir neçə şirkətin rezidentliyə qəbul edilməsi məsələsinə baxılacaq. Eyni zamanda, hazırda yerli potensial nəzərə alınmaqla, digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır, ənənəvi sənaye sahələrinin, o cümlədən xalçaçılığın inkişafı məqsədi ilə tədbirlər həyata keçirilir. Bundan başqa, Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlər görülür.

Azərbaycan Prezidenti tərəfindən kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, məhsuldarlığın artırılması, istifadəsiz torpaq sahələri ilə bağlı tədbirlərin görülməsi, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün və çayçılığın inkişafı istiqamətində bir sıra tapşırıqlar verilib. Hazırda həmin tapşırıqların icrasına  mühüm önəm verilir. Belə ki, ənənəvi sahələrdən olan pambıqçılığın və tütünçülüyün inkişaf etdirilməsi məqsədilə stimulaşdırma tədbirləri həyata keçirilir, bu sahədə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, fermerlərdən pambıq və tütünün alış qiymətləri artırılır. Bundan başqa, pambıq və tütün, eləcə də digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların problemləri və təklifləri öyrənilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Aparılan iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması məhz bunun bariz ifadəsidir.

Azərbaycan Prezidentinin iqtisadi islahatlar paketinin əsas istiqamətlərindən olan ölkədə investisiya fəaliyyətinin genişləndirilməsində “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının mühüm əhəmiyyəti də xüsusi qeyd edilməlidir.  Xatırladaq ki,  investisiya təşviqi sənədinin verilməsi qaydalarının layihəsi artıq hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. Bu tədbirlər sahibkarlar tərəfindən ölkə iqtisadiyyatına, o cümlədən regionlara yeni investisiyaların cəlb olunmasını daha da stimullaşdıracaq.

Bu gün ölkə rəhbərinin investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə mexanizminə, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsinə və s. qaydaların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır.    Lisenziyalaşdırma sisteminin tətbiqindən sonra 946-sı 2016-cı ilin I rübündə olmaqla, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 1344 lisenziya verilməsi məhz bunun əyani təzahürüdür.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında